Şahların, padşahların sarayları başqa bir aləmdir. Gərək o saraylara düşəsən ki, görəsən orada nələr olur, nə sirlər gizlənir, hansı möcüzələr baş verir.

Saraylarda adamlar da müxtəlifdir. Müxtəlifdir xasiyyətlər də, əməllər də. Müxtəlifdir iştahlar da, əxlaqlar da. Bu saraylar görəsən nə vaxt, nədən ötrü peyda olublar əzəl-axır məkanımız Xak üzərində, onlara kim daşıyıb şəffaf-şəffaf Abı, ocaqlarında kim yandırıb qızmar-qızmar Atəşi, kim gətirib onların işığlı-qaranlığlı küçələrinə həzin-gur Badı?.. Bu saraylarda adamlar öz mənliklərini, öz izzəti-nəfslərini itirdikləri kimi adlarını da itirirlər. Birinə hökmdar deyirlər, birinə vəzir; birinə mələkə deyirlər, birinə cariyə; birinə əş-şeyx ər-rəis deyirlər, birinə qazi; birinə münadi deyirlər, birinə nədim; birinə məşşatə deyirlər, birinə kəniz; birinə mühafiz deyirlər, birinə dərban; birinə qulam deyirlər, birinə pərdədar...

Məni isə hamı dəbir kimi tanıyır. Neçə illərdi əsl adımı bir dəfə çağıran, bir dəfə dilinə gətirən olmayıb. Az qalır adım öz yadımdan da çıxa, əslini axtarsanız çıxıb da!.. Belədi sarayların işləri, əməlləri əzəli gündən. Mənim işim isə bura düşən gündən hökmdar Nüsrətəddin ibn Şəmsəddinin – Cahan Pəhləvanın əmrlərini, hökmlərini, fərmanlarını tərtib edib yazmaqdır, cüng bağlamaqdır, şəcərə düzəltməkdir... Boş vaxtlarımda sarayda görüb şahidi olduğum hadisələri, orda-burda eşitdiyim xəbərləri, sənətinə həmişə pərəstiş etdiyim Əcəmi ibn Əbubəkrin ara-sıra nəql etdiklərini səliqəylə qələmə alıb bəyaz Səmərqənd kağızından düzəltdiyim dəftərlərimə köçürməyə də vaxt tapmışam.

Beynimə qan, gözlərimə işıq, qollarıma güc, ürəyimə hərarət verənə həmişə sidq ilə ibadət etmişəm. Günəş hər dəfə Məşriqdən doğanda da, Məğribdə batanda da mərhum anamın bir kəlamını təkrar edib demişəm: “Xudaya biləndi və pəsti tuyi...”¹

Ey məndən sonra Yer üzünə, bizim bu işıqlı dünyamıza gələcək həmvətənim, səndən bir ricam var: mənim yazdıqlarımı da sən bir az saf-çürük eləyib, bir az da bəzək-düzək verib özündən sonra gələn nəvələrimizə, nəticələrimizə, kötükcələrimizə... çatdır.

¹ Ey Allah, göydə də yerdə də sənsən (fars.)

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Allah, Peyğəmbər, Xəlifə

Məhəmməd öləndən sonra onun varisləri xeyli fikirləşməli, götür-qoy etməli oldular. Əhmədi-mürsəlin, Qasimi rəhmətin¹ adını yazmaq, irsini qorumaq, buyurduğu qayda-qanunları hifz edib saxlamaq lazım idi. Doğrudur, daha meraca² gedib-gələn yox idi, amma rəsullahın³ xətəmun-nəbiyin⁴ yer üzərində kölgəsi daim gəzir, ruhu gecə-gündüz dolanır, nəfəsi bir addımda duyulur, Qüreyşi övladları vaxtlı-vaxtında boy atıb böyüyürdülər...Götür-qoy çox çəkmədi, baş sındırmaq da bir o qədər lazım olmadı: varisləri özlərini “xəlifə” elan etdilər, dövlətlərinə isə “xilafət” adı qoydular. Əllərinə Allahın müqəddəs kitabını – Quranı alıb başlarının üstünə İslamın yaşıl ələmini tutub atlarını dördnala obadan-obaya,

15 dəq
Şəhdigül

...Pəncşənbə günü idi. Əcəmi tezdən durub iş yoldaşlarının təzədən düzəltdikləri evinə, həyətinə nəzər yetirdi. Sərdabədə işi dayandırıb gecə-gündüz bilmədən tikib-quran, təmir aparan həmkarlarının ünvanına ürəyində də olsa dönə-dönə xoş sözlər dedi. Hamıdan çox əziyyət çəkən Cəmilin ata-anasına rəhmət oxudu, bütün qab-qacağın yuyub təmizləyən, pal-paltarını təzələyən Zəhraya xoşbəxtlik arzuladı. Və yenə də sevindi ki, yaxşı olub darvazaya xətər toxunmayıb... Yanğın tez söndürülməsəydi, alov yəqin ki, onu da qarsacaqdı, üstündəki naxışları korlayacaqdı. Hamı da fikirləşəcəkdi, hökmdarın ayağı düşmədi... Şəmsəddin oğlu nəzərlədi Əbubəkr oğlunu...Əcəmi bunları fikirləşə-fikriləşə həyətində bir az qurdalandı, sonra bazara getdi. Məqsədi qonşu uşağı Rəşidin şikəst nənəsi Xədicə qarıya qovun, üzüm alıb gətirmək idi. Alıb evə qayıtdı. Rəşidi səsləyib aldıqlarını ona verdi, sonra tut ağacının altındakı yanı qarsalmış kötüyün üstündə oturub dincini almaq istədi. Anası Badisəba yadına düşdü.

7 dəq
Bu xatirə yenə Əcəmi dilindəndir

“...Yetim böyümüşəm, rəhmətlik İbrahim, ha budu, mənə həm ata olub, həm də qardaş. Özümün isə bəxtimi allahtala əzəli gündən qara yazıb... Bir gün gəldi ki, xalam oğluna nişanladılar məni. Əslində mən getmək istəmirdim, qardaşım tək-tənha qalırdı, o halında... Amma sözündən çıxa bilmədim. Xalam oğlu da, ha budu, dinc bala deyildi. “Vur ölüm, haqqımı ver”in biriydi. Gedib qoşuldu qaçaq-quçağa. Toyumuz olmamış vurub öldürdülər... Yazıq hələ əlimdən də tutmamışdı, üz-üzə durub bir kəlmə belə kəsməmişdik... Bizim kənddə də, ha budu, adət var: hansı qızın toyu olmamış nişanlısını başına bir qəzavü-qədər gəldi, o qızın adını daha heç bir oğlan dilinə gətirməz. Gətirsə də, ata-anası razı olmaz... Deyər qarabəxtdi... O ki, qaldı Şahab meydanında gördüyün övrətə, rəhmətlik anamın siğə bacısıdı. Gözümü açandan Xəzangül arvadı özümə doğma xala bilmişəm. Körpə də, ha budu, onun nəvəsiydi... “Qızlar bulağı”na su gətirməyə məni İbrahim göndərmişdi... İndi bəxtimdən ha budu, yüz kərə, min kərə razıyam. Görüm Cəmil qardaş da, Zəhra bacı da “neynim, necə eləyim” deməsinlər. Məni sənə ürcah elədiklərinə görə işləri həmişə avand olsun...”Şəhdigülün nisgilli taleyindən, cavan yaşında başına gələn müsibətlərdən hali olandan sonra bu sadə, ürəyi açıq qıza məhəbbətim birə-on qat artmışdı. Artmışdı deyəndə ki, bu məhəbbəti aramızda, əslində, rəhmətlik bənnanın bacısı özü yaratmışdı. Onun qayğısı, mehribanlığı, uşaq kimi sadəliyi, qəlbinin güzgü kimi təmizliyi, üstəlik, gözəl səliqə-sahmanı məni ona elə bağlamışdı ki, görən deyərdi biz neçə illərin ər-arvadıyıq. Dəryanurdan sonra qəlbimdə yaranan boşluğu özüm də hiss etmədən pünhan-pünhan, qətrə-qətrə doldururdu Şəhdigül.

18 dəq
Əli Şimşək

Əcəmi Şəhdigülü qaynanasının siğə bacısı Xəzangül arvadın yanında qoyub rəisin tapşırığını yerinə yetirmək üçün atını dağlara sarı sürdü, özü də elə yerlərdən sürdü ki, tez-tez bulağa rast gəlsin. Əcəmi hələ cavanlıq çağlarından bilirdi ki, Əlincə silsiləsinə gedən cığırların, yolların kənarlarında suyu diş donduran neçə-neçə bulaqlar çağlayır... Onun isə uşaq vaxtından bulaqlardan xoşu gələrdi, buludların göz yaşından, gül-çiçəyin, şəbnəmindən yaranıb gah bu daşın altından qaynayan, gah o qayanın dibindən pıqqıldayan bulaqlardan... Dizini yerə qoyub bulaqların göz yaşı kimi duru suyundan içəndə, pıçıltısına qulaq asanda ürəyinə xoş arzular dolardı.İndi də bulaqlara baş çəkə-çəkə, dupduru sularından içə-içə gəlib çıxdı Əlincənin ətəklərinə. Sal qayanın altından çıxan Xanəgah bulağının başında atını əylədi, səndəl ağacını qurşağına keçirib süfrə açdı. Şəhdigülün dəsmala bükdüyü pendir və çörəyi iştahla yedi. Amma bulaqdan ayrılmaq istəmirdi. Sal daşın üstündə əyləşdi. Nəzərləri uzaqlara zilləndi. Uzaqda dumana bürünmüş Əlincə qalası görünürdü.

17 dəq

Başqa şairlərin şeirləri