Bu xatirə yenə Əcəmi dilindəndir
Səhifə 1 / 3
“...Yetim böyümüşəm, rəhmətlik İbrahim, ha budu, mənə həm ata olub, həm də qardaş. Özümün isə bəxtimi allahtala əzəli gündən qara yazıb... Bir gün gəldi ki, xalam oğluna nişanladılar məni. Əslində mən getmək istəmirdim, qardaşım tək-tənha qalırdı, o halında... Amma sözündən çıxa bilmədim. Xalam oğlu da, ha budu, dinc bala deyildi. “Vur ölüm, haqqımı ver”in biriydi. Gedib qoşuldu qaçaq-quçağa. Toyumuz olmamış vurub öldürdülər... Yazıq hələ əlimdən də tutmamışdı, üz-üzə durub bir kəlmə belə kəsməmişdik... Bizim kənddə də, ha budu, adət var: hansı qızın toyu olmamış nişanlısını başına bir qəzavü-qədər gəldi, o qızın adını daha heç bir oğlan dilinə gətirməz. Gətirsə də, ata-anası razı olmaz... Deyər qarabəxtdi... O ki, qaldı Şahab meydanında gördüyün övrətə, rəhmətlik anamın siğə bacısıdı. Gözümü açandan Xəzangül arvadı özümə doğma xala bilmişəm. Körpə də, ha budu, onun nəvəsiydi... “Qızlar bulağı”na su gətirməyə məni İbrahim göndərmişdi... İndi bəxtimdən ha budu, yüz kərə, min kərə razıyam. Görüm Cəmil qardaş da, Zəhra bacı da “neynim, necə eləyim” deməsinlər. Məni sənə ürcah elədiklərinə görə işləri həmişə avand olsun...”
Şəhdigülün nisgilli taleyindən, cavan yaşında başına gələn müsibətlərdən hali olandan sonra bu sadə, ürəyi açıq qıza məhəbbətim birə-on qat artmışdı. Artmışdı deyəndə ki, bu məhəbbəti aramızda, əslində, rəhmətlik bənnanın bacısı özü yaratmışdı. Onun qayğısı, mehribanlığı, uşaq kimi sadəliyi, qəlbinin güzgü kimi təmizliyi, üstəlik, gözəl səliqə-sahmanı məni ona elə bağlamışdı ki, görən deyərdi biz neçə illərin ər-arvadıyıq. Dəryanurdan sonra qəlbimdə yaranan boşluğu özüm də hiss etmədən pünhan-pünhan, qətrə-qətrə doldururdu Şəhdigül.
¹ Nigah kağızı Yavaş-yavaş başa düşürdüm ki, adamlar bir-birinə isnişəndə, öyrəşəndə, bağlananda nə yaşa baxırlar, nə rəngə fikir verirlər, nə də gözəlliyin, çirkinliyin fərqinə varırlar... Bir də adamlar zahirən cavan, yaxud ixtiyar görünürlər. Əsl cavanlıq, ixtiyarlıq ürəklə ölçülür. Ürək necə ki, döyünür — cavandır. Onun sevməyə də, sevilməyə də haqqı çatır. Özünü neçə yaşında hiss edirsənsə elə o yaşdasan... Bir dəfə sözarası Şəhdigül mənə dedi: “Sən sevilməyə layiq kişisən, elə qız, elə gəlin tapmaq olmaz ki, sənə vurulmasın, sən onun ürəyinə yatmayasan, xoşuna gəlməyəsən. Onlardan biri də mənəm. O xoşbəxt özüməm...” Bu sözlərdən sonra özümü tamam başqa aləmdə hiss etdim. Ürkək duruşlu, xoş təbəssümlü, məsum baxışlı, şirin dilli bir kəndli qızı mənə yenidən həyat eşqi bəxş etmişdi...
Onu da deyim ki, mən də onun bir sözünü iki eləmirdim. Eləmirdim deyəndə ki, ürəyimdən gəlmirdi. Fikirləşirdim: bir sözünü yerə salsam, ürəyi istəyəni eləməsəm, böyük günahlara bataram, elə günaha ki, sonralar onu heç vəchlə yuya bilmərəm.
Nə gözəl, nə ülvi nemət imiş dünyada həyat eşqi, ilahi!..
...Gecədən şərtləşdiyimiz kimi, sübhdən durdum. Söz vermişdim ki, cümə günü Şəhdigülü anasının kəndinə aparım. Anası yuxuda gileygüzar eləmişdi ki, kəndimizə gəlmirsən, qəbrimi ziyarət eləmirsən. Atanın kəndinə — Yurdçuya gedirsən, amma məni yada salmırsan... Dağlara tərəf qalxmağa özümün də həvəsim çoxalmışdı. Baharın, Şəhdigül deyən kimi, ha budu, bakirə vaxtı idi. Dağların zirvəsində ara-sıra qar talaları görünsə də, döşləri, yolları ağ libasını çoxdan soyunub yaşıl donunu geymişdi. Otların, güllərin, çiçəklərin biri ovxarlanıb tökülür, digəri hələ təzə-təzə yaşıllaşıb, əlvanlaşırdı...
Bundan əlavə, rəis təvəqqə etmişdi, Əlincə ətrafındakı dağlarda Əli Şimşəyi tapım və onunla görüşüm. Bəlkə onu da yola gətirə bildim ki, qaçaqlıqdan əl çəksin. Divanla ağac-ağac qoymasın. Rəisə kimsə demişdi ki, Əli Şimşək eşitsə bir Əcəmini eşidər...
Qalxıb yerimin içində oturdum. Məşriqdə Günəşin özü görünsə də, şəfəqləri Elalnı dağının arxasından ağlı-qızıllı örpək asmışdı. Yadıma bir neçə il əvvəl eşitdiyim bayatı düşdü: “Əzizinəm, Elanlı, açıq olur el alnı. Burda bir dağımız var, çağırırlar Elanlı...”
Günəşin nazik zolağı döşəməyə sancılıb, yanğından sonra təzəcə ağardılan balaca otağımızı işıqlandırırdı. Şəhdigül həmişəki kimi xumarlana-xumarlana yatırdı. Yanımda uyuyan, mənim balaca kasıb evimdə özünə həm isti yuva, həm də etibarlı pasiban tapan göyərçin timsallı bu kəndli qızına xeyli müddət maddım-maddım baxdım. Birdən ona həm yazığım gəldi, həm də qanım qaynadı. Ürəyimdən səs gəldi elə bil: “Ay münəccimlər, ay üləmalar, illərlə baş sındırıb göylərə baxırsınız, ayın, ulduzların sirlərini öyrənməyə təlaş edirsiniz. Amma sizinlə bir evdə, bir həyətdə, bir kənddə, bir şəhərdə bu torpaq üstündə yaşayan həmcinsləriniz barədə hələ çox şeyləri bilmirsiz. İnsanı öyrənmirsiz, onun həyat eşqini araşdırmırsız. Bilmirsiz ki, insan niyə kədərlənir, niyə sevinir, niyə gülür, niyə ağlayır... Niyə nifrət edir, niyə sevir bəni-Adəm? Bax, elə uzağa getməyək, götürək rəhmətlik bənna İbrahimin bacısını, bu ufacıq göyərçini... Nədir onu mənə bağlayan?..
Ey insan, ey təbiətin ulu mösüzəsi, yaradanın şah əsəri! Necə oldu ki, sən bu torpaq üstə ayaq açdın, sonra ayaq tutub yeridin, bu torpaq üstünə haradan gəldin, bələdçin kim oldu? Bir qətrə sudan, bir qırtıq qandan nə böyük bir vücud yarana bilərmiş?.. Nədir bu sirr? Nədir bu sirrin açarı?..
Birdən dostum Asiman Mirzə ilə bir vaxt eşitdiyimiz söhbət yadıma düşdü:
“Heç bilirsən həyat eşqi nədir? Yadımdadı, babam doxsan yaşında Təbrizdən xanım-xatın bir övrət siğə eləyib gətirdi. Onun ehtiramını elə saxlayırdı, onun qayğısına elə qalırdı ki, deyərdin bəs otuz-otuz beş yaşındadırlar... Mən hələ o vaxt qət elədim ki, babamda həyat eşqi güclüdür. Babamın bir sözü indi də yadımdadı. O deyərdi: “İnsanı bu fani dünyaya dağlayan yalnız həyat eşqidir. O olmasa insan ağlı kəsən günü özünü ya asar, ya da intihar edər... onu da deyim ki, babam həmin övrətlə düz bircə il yaşayıb rəhmətə getdi...”
Şəhdigül hənirtimi hiss edən kimi qımıldandı, gərnəşdi. Ətli çiyinləri silkələndi, sinəsi daha da qabardı. Gözlərini bir an açdı və yumdu. Axı o bilirdi ki, səhərlər onun gözlərini, yanaqlarını, boynunu, sinəsini öpüşlərə qərq etməyi, onun qara zülflərini iyləməyi çox xoşlayıram.
Bu gün də bu xasiyyətimə xilaf olmadım. O, nazlandı, əzildi... Mən da başımı sinəsinə doğru əydim, belini qucaqladım...
– Qolların nə uzundu...
– Səni bərk-bərk qucaqlamaq üçün...
– Gözlərin nə iridi...
– Səni... yaxşı görmək üçün.
– Dodaqların nə istidi.
– Səni... hərarətlə öpmək üçün.
– Sinən nə genişdi...
– Səni... – Onu bərk-bərk qucaqladım.
Şəhdigül mənə sarıldı. Bir müddət beləcə qaldıq. Elə bil hər ikimiz sərçələrin haray-həşirinə qulaq kəsildik. Sərçələr birdən susdular, sonra “pırr” eləyib budaqlardan qalxdılar, pəncərənin üstündən keçib evin arxasında gözdən itdilər.
Şəhdigülün isti dodaqları sinəmdə gəzdi...
Bir az sonra ikimiz də həyətdəydik. Şəhdigülün arzusu ilə yolumuza götürmək üçün xoruz kəsməyə hazırlaşırdım.
– Sən bilirsən peyğəmbər pəridar barədə nə deyib?
– Pəridar kimdi, Əcəmi?
– Pəridar bax, bu xoruzdur.
Şəhdigül uğunub getdi.
– Peyğəmbər deyib ki, xoruz ən əziz quşdu, çünki o səhərin açılmasını xəbər verir... İndicə biz onun başını kəsmək istəyirik.
– Səndəl ağacını qurşağından çıxarıb ona verdim.
– Onda kəsmə, Əcəmi! – Şəhdigül xoruzu əlimdən almaq istədi.
– Zarafat edirəm, ay qız. – dedim. – Yer üzündə nə varsa insan üçündür, bizim üçündür. – Bıçağı xoruzun boğazına dirədim.
– Üzünü qibləyə tut.
– Tutmuşam.
– Hanı?
– Ən yaxşı qiblə Günəşdi, Şəhdi... Bizə həyat verən odu... Sən də sev Günəşi, Şəhdi.
– Mən... səni sevirəm.
– Nə olar, məni sev... Sonra ikiləşək... Sonra da ikilikdə Günəşi sevək. Bu, Günəşin də xoşuna gələr, mənim şirin dillim!
Şəhdigül mənə xeyli baxandan sonra səndəl ağacını mənə uzatdı, xoruzu əlimdən aldı, qanı süzə-süzə götürüb yan damına tərəf qaçdı. Birdən əhvalım dəyişdi, axı indiyə kimi bir quşun belə başını üzməmişdim, bir toyuğun başını kəsməmişdim. Edam mərasimləri keçiriləndə isə iki-üç gün şəhərdən çıxıb getmişdim...
Bunları gizlətdim, istəmədim ki, təzəcə gəlin olan Şəhdigül bilsin.
* * *
Saraya məxsus ilxıdan ayrılan sarı kürən şəhərdən xeyli aralanıb Əshab-kəhf tərəfə gedən cığırla yuxarı qalxmağa başladı. Mən nəzərlərimi uzaqlara zilləmişdim. Elalnıya baxıb fikrə gedir, gah Əlincəyə nəzər yetirib xəyala dalırdım. Gözlərimi uzaqdan çəkib ətrafıma baxanda isə az qala möst olurdum. Atın yüyənini çəkib düşmək istəyirdim, özümü güllərin, çiçəklərin içərisinə atıb onların min bir ətrini, rayihəsini sinəmə çəkmək istəyirdim. Bir az sonra başqa bir cığıra düşüb yaşıl vadiyə endim, atı dayaz çaya vurub o biri sahilə adladım. Elə bil birdən hava da dəyişildi, anlaşılmaz, insan ürəyində müxtəlif xoş hisslər oyadan qəribə bir sərinlik duydum. Ayırd edə bilmədim ki, bu əsrarəngiz gözəllik köçüb gedən qışın qalığıdır, yoxsa dağlara, dərələrə sığal çəkən baharın ilk müjdəsi, ilk ətridir...
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-ibrahimov-esrin-onda-biri-bu-xatire-yene-ecemi-dilindendir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Şahların, padşahların sarayları başqa bir aləmdir. Gərək o saraylara düşəsən ki, görəsən orada nələr olur, nə sirlər gizlənir, hansı möcüzələr baş verir.Saraylarda adamlar da müxtəlifdir. Müxtəlifdir xasiyyətlər də, əməllər də. Müxtəlifdir iştahlar da, əxlaqlar da. Bu saraylar görəsən nə vaxt, nədən ötrü peyda olublar əzəl-axır məkanımız Xak üzərində, onlara kim daşıyıb şəffaf-şəffaf Abı, ocaqlarında kim yandırıb qızmar-qızmar Atəşi, kim gətirib onların işığlı-qaranlığlı küçələrinə həzin-gur Badı?.. Bu saraylarda adamlar öz mənliklərini, öz izzəti-nəfslərini itirdikləri kimi adlarını da itirirlər. Birinə hökmdar deyirlər, birinə vəzir; birinə mələkə deyirlər, birinə cariyə; birinə əş-şeyx ər-rəis deyirlər, birinə qazi; birinə münadi deyirlər, birinə nədim; birinə məşşatə deyirlər, birinə kəniz; birinə mühafiz deyirlər, birinə dərban; birinə qulam deyirlər, birinə pərdədar...
Yollar, yollar...Pəncşənbə günü idi. Səhər yenicə açılırdı.Tutqun üfüqün boz yanağına təzə-təzə narıncı xal düşür, qədim Həmədanın üzərinə sallanan qatı bulud karvanı şəhərin söykəndiyi Əlvənd dağlarına tərəf sürünür, sonra göy qübbəsinin ətəklərində çin-çin olur bir-birinin üstünə qalanırdı. Məğribin zülmət örpəyi çoxdan pardaxlanmışdı...
Xufdən söhbətiNaxçıvan şəhərinin rəisi içəri girəndə baş şeyx Hatib ibn Mübarək başdan-ayağa xalı döşənmiş otağın ortasında əyləşib, qarşısındakı rəhilin¹ üstünə qoyulan qalın kitabın növbəti vərəqini əlfəcinlə çevirdi, onu öpüb gözlərinin üstünə qoydu, sonra öz-özünə “Əşhədü ənna lailahə illəllah, əşədü ənna Muhəmmədən rəsul Allah” deyib pıçıldadı. O, rəisə özünü elə göstərmək istədi ki, guya Quran oxuyur. Əslində rəhilin üstündəki “Vis və Ramin”² idi.Rəis başını tərpədib salamlaşdı, baş şeyx mane olmasın deyə ehtiyatla keçib yuxarı başda, pəncərənin önünə qoyulan və üstünə kiçik güllü xalça salınan dibacədə³ əyləşdi.
Bu xatirə Əcəmi dilindəndirGecə pis yatmışdım. Son vaxtlar belə hallarım tez-tez olurdu. Bəlkə də buna görəydi ki, tək-tənha ömür sürürdüm. Anam sağlığında dönə-dönə eşitdirsə də, evlənmək istəmirdim. Bir də fikirləşirdim ki, adamlar bəzən özünə peşə seçən günü daim subay qalacaqlarını da qət edirlər. Bu gün burada, sabah orda işləyənə hansı qız ərə gəlib övrət olar? Mənim peşəm də belə idi. İlk məhəbbətim üzüdönük çıxandan sonra isə adamlardan uzaq gəzməyə, qadın xeylağından birdəfəlik kənar qaçmağa çalışırdım. İki-üç il olardı ki, rəhmətlik atam Əbubəkr kişi kimi dulusçuluğu atıb bənnalığa başlamışdım. Amma qarşıma məqsəd qoymuşdum ki, axıra kimi bənna olub qalmayam. Axı oğullar atalardan, atalar babalardan irəli getməsələr, millət tərəqqi etməz... İnsan övladı da qəribə məxluqdur. Hərəsi bir şeyin vurğunudu əzəli gündən. Biri gülün, biri çiçəyin, biri də ömür-gün sirdaşı bir göyçəyin, bir mələyin... Mən də ağlım kəsəndən kərpicə, daşa vuruldum, meylimi onlara saldım. Axı daş bizim ulu babalarımızın, nənələrimizin ilk evi, ilk silahı olub. Adəm Həvvaya rast gələndə, yəqinimdir ki, dünyanın ilk kişisi kimi gəlin otağını daşdan hörüb, palçıqdan çatıb. Arvad qeydinə qalanda, övlad qayğısı çəkəndə əlinə daş alıb ov dalınca gedib. Sonra daşdan dəstər, yemək qab-qacaq düzəldib, ocaq çatmaq üçün çaxmaq itiləyib. Bəlkə elə bu işıqlı aləmin ilk övrəti Həvva üçün ilk bəzək şeylərini də daşdan yonub bizim min-min yaşlı, min-min dərdli-sərli babamız Adəm... Demək, bəşər övladının ürəyində ilk məhəbbət elə torpağa, daşa oyanıb. Daş olmasaydı biz ulu-ulu əcdadımızdan da, qədim-qədim sələflərimizdən də xəbər tuta bilməzdik, onların əməlindən agah ola bilməzdik. Daşdan tikdikləri kar qalalara, kor bürclərə baxıb onların ürəyindən keçənlərdən xəbər tuturuq, yaxşıları yamanlardan, mərdləri namərdlərdən, igidləri qorxaqlardan ayırd edirik həmişə. Axı xeyirxahlar daşdan, palçıqdan öz bildikləri kimi, namərdlər də öz tikdikləri kimi istifadə ediblər. Bəziləri gözoxşayan saraylar, qəsrlər tikiblər, bəziləri qan çanağı, ölüm teşti olan zindanlar, həbsxanalar... Lal daşlar bəzən insan övladına bərli-bəzəkli gəlin otağı olub, bəzən də qaranlıq sərdabə... Belədi yaşı bəlli olmayan bu qoca dünyanın gərdişi ilk yaranışdan, ilk binadan. Nə eybi, qoy ədiblər gördüklərini, şahidi olduqlarını, sevdiklərini, nifrət etdiklərini əşara çevirib nəzmə çəksinlər, alimlər təbiəti gizli-gizli öyrənsinlər, mənsə ürəyimdən keçənləri daş kitabələrə köçürtdüm, dilsiz daşlara həkk etdim – bir çoxuna imarətlər inşa etdim, qəbirlər üzərində sərdabələr tikdim, axırda isə şəhərimizin ən mötəbər şəxsi, böyük şeyx Yusifə öz borcumu ödədim......Elalnının arxasında Günəş şəfəq atan kimi durub geyindim, həyətə endim. Səhərə yaxın azacıq yağış çiləmişdi. Havada mülayim bir sərinlik var idi. Darvazadan çıxdım, dar küçə ilə üzüyuxarı qalxıb, Pir Osman meydanına gəldim. Saraydan əlavə məscid-minarələrin, qala divarlarının üzərində də ipək bayraqlar dalğalanırdı. Amma dəmirçixanalardan, misgər, nalbənd, xarrat dükanlarından çəkic-zindan səsləri gəlmirdi, dulus emalatxanalarının bacalarından tüstü çıxmırdı, küçələrdə halva, saqqız, göyərti satanların cır səsləri qulaqlara dolub beyinlərə işləmirdi... Şəhərin üzərinə çökmüş sükutu az sonra məscidlərin minarələrinə qalxıb camaatı səhər namazına dəvət edən müəzzinlərin “Allahu əkbər” sədaları pozmağa başladı... Məscidlərdə isə öz işlərində idi mollalar. Onlar əş-şeyx ər-rəis Hatib ibn Mübarəkin tapşırığına əməl edərək Eldəgəzlər sülaləsinin ayrı-ayrı şəxslərinin ünvanlarına təriflər deyir, nimdaş xirgə geymiş, əli kəşküllü, təbərzinli dərvişlər küçələrdə qəsidələr söyləyir, təsbehli, göy qurşaqlı seyidlər atabəy-əzəmdən sonra taxta əyləşən Cahan Pəhləvanı bir hökmdar kimi, bir sərkərdə kimi, bir insan kimi tərifləyib göyə qaldırırdılar...
Başqa şairlərin şeirləri
On il qulluq etdim mən Ələsgərə,Sidqimi bağladım etiqadına.
DolanırGətirməz dünyada kəsıbın işi,Nə olsun hər yanda uzaq dolanar.
Ya dalaİbtida əlifdən dərsim alanda,“Əlif’dən oxuyub gəldim ya “dal”a.
Gəraylı: Ləvhəş-Allah, xaliqi-canLəvhəş-Allah, xaliqi-can,Nə gözəl insan yaradıb,