Bu xatirə yenə Əcəmi dilindəndir
Səhifə 2 / 3 · 33%
Şəhdigül diksinib yanağını kürəyimdən qaldırmasaydı və “ha budu, az qaldım yıxılam...” deməsəydi, az qala onun tərkimdə olmasını da unudacaqdım.
– Yoxsa yatmısan, Şəhdi?
– Yatmışam da sözdü... hələ, ha budu, yuxu da görürdüm...
– Elə atın üstündə?
– Atın üstü niyə olur? Sənin kürəyində... Deyirsən bə mən elə yuxunu, ha budu, sənin qoynuna girəndə görürəm?..
Qoltuğumun altında uzanıb ürəyimin üstünə qoyulan incə əlini mehribanlıqla sığalladım. Bu nəvazişi görən Şəhdigül sinəsini daha bərk-bərk kürəyimə sıxdı.
– Yaxşı, de görüm nə yuxu görürdün?
– Elə atın... üstündə deyim?..
– Deyirsən düşək bir az dincələk?
– Özün ha bilən yaxşıdı. – Şəhdigül əsnədi.
Əvvəlcə atdan özüm düşdüm, sonra Şəhdigülü yəhərin arxasına bağlanmış kiçik güllü döşəkçənin üstündən qollarımın üstünə aşırdım, qucaqlayıb ehtiyatla yerə qoydum... Şəhdigül qırış-qırış olan tumanını sığalladı, özünü düzəldib sol əlini alnına apardı, iri gözlərini azacıq qıyıb Elalnı tərəfə baxdı.
– Nə gözəl yerlərdi, ilahi! – deyib uşaq kimi sevindi. Sonra qollarını yana açdı, köks dolusu nəfəs aldı. Elə bil birdən sinəsində həyat eşqi, gənclik ehtirası, cavanlıq arzuları qaynayıb daşdı. Atılıb boynumu qucaqladı, o üzümdən bu üzümdən öpdü, əlimdən tutub bulağa tərəf çəkdi. Məxmər küləcəsinin cibindən sümük darağı çıxarıb mənə uzatdı, yanları mavi haşiyəli kəlağayısını başından götürüb çiyninə aşırdı, alnına, yanaqlarına tökülən tellərini yana sığalladı.
Sarı kürən suya tərəf dartındı, qolumun bükümünə keçirdiyim yüyəni buraxdım. At özünü suyun üstünə salıb acgözlüklə içməyə başladı. Şəhdigül ona baxıb ucadan güldü. Mənə elə gəldi ki, qayada kəklik qaqqıldadı...
– Yazıx, ha budu, əlindən alan yoxdu ki, bir az toxtaya-toxtaya iç da! – Sözü sarı kürənə deyə-deyə mənə göz vurdu.
– Görünür dayana bilmir, – dedim. – Ürək istəyəndə heç nə gözə gəlmir.
– Əcəmi, adamlar da ata oxşayır? – Şəhdigül məndən soruşdu.
– Necə ki?.. Heyvanların içində insana ən çox vəfalısı bir atdı, bir də it. – dedim.
– İti demirəm... sən də bilirsən ki, ha budu, sənə at kimi vəfalıyam... Mənim axı, yer üzündə səndən başqa heç kimim yoxdur. – Şəhdigülün birdən dodaqları səyridi, dupduru sifətində kədərlə sevincin qarışığından yaranan qəribə cizgilər göründü, gözlərinə anlaşılmaz kölgə düşdü. Narahat oldum, tez soruşdum:
– Sənə nə oldu, Şəhdi?
– Tapdım, – dedi, – bu cığır, ha budu, anamın kəndinə gedir...
Onun əlindən tutub bulağın gözünə tərəf çəkdim, çöməldim, onu da yanıma dartdım. Bulağın suyundan ovcuma doldurub uşağın üzünü yuyan kimi Şəhdigülün üzünü yudum, hətta burnunu da sildim. Bu qayğım xoşuna gəldiyi üçün etiraz etmədi, diş donduran suyun sərinliyi canına yayıldı, yorğunluğu bir anda yox oldu. Yaş əllərimi əllərinə alıb tez-tez öpdü. Mən də onu bulaq başında bağrıma basıb yaş yanağını, sulu dodaqlarını oxşadım...
– Sən bulağın bu dikinə dirsəklən, mən də sənə, ha budu, bir dəstə gül yığıb gətirim.
– Sənin özün elə gülsən də, Şəhdi... Sənin ətrin heç bir güldə yoxdur... Sənin şəhdindən heç bir güldə olmaz. – Sinəsinə işarə elədim, ufalanıb başını aşağı saldı, yanaqları pörtdü. – Özün də başdan-ayağa şəhdsən, sinən də şəhddi, yanağın da, dodağın da şəhddi... Çənəsindən tutub yuxarı qaldırdım, qoşa xalına, yanlara gərilmiş qaşlarına, Şahab bulağının suları kimi qaynar gözlərinə, qırmızı yanaqlarına, gilas kimi parlaq dodaqlarına baxdım, baxdım...
– Ha budu, lap şair kimi danışırsan!..
– Memar şair olmasa naxış vura bilməz, Şəhdi. Çünki ən böyük şair təbiətdi.
– Təbiət kimdi?
– Təbiət? – Güldüm. – Təbiət bax, bu gördüklərin... Bu dağlar, bu dərələr, bu çöllər, bulaqlar çaylar, güllər, çiçəklər... başa düşdün?
– Düşdüm, ya düşmədim, nə fərqi?.. Ha budu, sən danışırsan, mən qulaq asıram, elə bəsimdi... Təki səsini eşidim, nəfəsini duyum... bir yerə getsən yola salıb dalınca su atım, xeyir-dua verim... Bir səfərdən qayıdanda qabağına çıxım, xoşgəldin eləyim...
– Sonra?
– Sonra da səni qucaqlayıb üzündən-gözündən öpüm...
– Sonra?
Şəhdigül cavab vermədi, ayağa durdu, gedib atın yəhərindəki döşəkçəni və xurcunu gətirdi. Xurcunu görən kimi soruşdum:
– Hələ acmamısan?
– Yox.
Şəhdigül balaca uşaqlar kimi hoppana-hoppana bulaqdan uzaqlaşdı.
– Uzağa getmə ha, Şəhdi!
– Yox, elə ha budu, buradan yığıram...
Bir az keçməmiş Şəhdigülün xoş zümzüməsi axıb qulaqlarıma doldu. Bildim ki, uşaqlığı kənd yerində keçən, çöllərin ən yaxşı çiçəklərini, güllərini bir-bir dərib əlinə yığmayınca, onlardan dəstə bağlayıb tər sinəsinə sıxmayınca qayıdan deyil. Və ona da inandım ki, onun zümzüməsi bir az sonra mahnıya çevriləcək. Qoy çevrilsin, axı Şəhdigülün oxumasını hələ eşitməmişdim. Qardaşının nisgilli ölümündən sonra o, necə həvəsə gəlib oxuya bilərdi? Amma indi oxuyurdu: “Aşığam yar dilini, rəqibin yar dilini. Gədalar söz anlamaz, Yar bilər yar dilini...
Nə gözəl səsi var idi, Şəhdigülün! Arxası üstə otluğa uzandım, gözlərimi aydın səmaya dikdim. Şəhdigülün incə səsi bulağın həzin səsinə qarışıb qulaqlarıma axdı. “Mən aşiq, sənə gözüm. Səyyir sənə gözüm. Birdən ayrılıq olar. Qoy baxsın sənə gözüm...” Bu səslər birləşib ürəyimdə qəribə, anlaşılmaz hisslər oyatdı...
Birdən məni huş apardı, Şəhdigülün son sözlərini kəsik-kəsik eşitdim. Sonra bildim ki, xatirə günlərimdən biri başında mürgülədiyim bulağın suyu kimi axıb yuxuma girib:
...”Elə bax bugünkü kimi baharın bakirə çağı idi. Həyətimizin divarı üstündə oturub uzaqlara baxırdım. Marağaya gedən atamı gözləyirdim. Atam bir ay olardı ki, bu şəhərdə bir tacirə karvansara tikirdi. Anam narazı olsa da, atam dediyindən dönmədi. Anam dedi: “Bilmirəm bu məğərənin¹ nəyinə vurulmusan?.. Atına, ya eşşəyinə?.. Kişi imarət tikər, qəsr bina edər...” Atam isə əməl-hacatını heybəsinə yığdı, atının belinə qalxıb yoluna düzəldi. İşi belə görən anam heç onun dalınca su da atmadı. Amma öz-özünə deyindi: “Başı-daşlı getməsin nə eləsin. Bir parça çörək qazanmaq olub müşkül iş... Nə bənnasının xoş günü var, nə xarratının, nə palanduzunun, nə də...”
– Ə, eşitmirsən? Sənnən deyiləm?
– Məni çağırırsan, ana? – dedim.
– Ə, bəs kimi çağırıram? Sənnən başqa da həyətdə adam var?
– Bu saat gəldim. – Divardan sıçrayıb düşdüm, həyətin yuxarı başında divara söykənəli hananın yanına gəldim. Anam toxuduğu xalçanı az qala yarıya çatdırmışdı.
– Nə deyirsən? – Mən soruşdum.
– Get, evdən o teşdəki yumaqları bura gətir. Dayanıb heyran-heyran yarımçıq xalçaya tamaşa etməyə başladım. Bilirdim ki, anam gözəl xalçalar toxumağı bacarır. Bu dəfəkinə isə söz ola bilməzdi... Neçə gündü başım oynamağa, ağaclara çıxmağa, həyətimizin aşağısından çıxan çayın başında palçıqdan evcik düzəltməyə qarışdığı üçün anama məhəl qoymamışdım. Bekarlayan kimi də divarların üstünə çıxıb Naxçıvan-Culfa yoluna baxmaqdan başqa məşğələm yox idi.
– Ə, niyə getmirsən? – Anam əl saxlayıb mənə baxdı.
– Ana... bir dayan... – Nəzərlərim xalçanın naxışlarına dikilib qalmışdı.
– Niyə elə baxırsan, oğul? – Soruşdu anam.
– Ana... – Bir az da yaxına gəldim.
– Nədi, başına dönüm? – Anamın səsi mülayimləşdi.
– Ana... sənin əllərin qızıl imiş ki! – Birdən anamın əllərini sinəmə qaldırıb öpməyə başladım.
– Bıy, başıma xeyir! – Anam oturduğu yerdən ayağa qalxdı, boynumu qucaqladı: – Sənə nə olub, Əcəmi?!
– Heç nə! – Hanaya yaxınlaşdım, yarımçıq xalçanın naxışlarını ehtiyatla oxşamağa başladım:
¹ İlxı saxlanan yer
– Bunlar nədi, ana?
– Naxışdı, ağrın alım... Niyə, birinci dəfədi görürsən?
– Hə... birinci dəfədi... heç fikir verməmişəm... Naxış nədi? Ana?
– Naxış nədi? – Anam fikrə getdi. – Hər şeyin bir naxışı olur, bala... Bu naxışı ona yaradan vurur, yaradan bəxş edir. Bir az fikirləşəndə görürsən ki, yer üzündə bu qədər ki, məxluqat var, hərəsinə bir naxış vurulub... İpək naxışına görə bəyənilir, atlas, xatay naxışına görə ürəyə yatır. Çini qabları biz naxışlarına görə seçib alırıq. Xalça-xalıya isə naxış daha çox lazımdı. Xalça-xalının naxışı nə qədər gözəl olsa o qədər ürəyə yatımlı olur.
– Ana, bir dağlara bax, onların da hərəsinin bir naxışı var. Ağacların da hərəsinin bir naxışı var... güllərin də, çiçəklərin də, otların, hətta heyvanların da, quşların da!.. Düzdür, ana?..
– Düz deyirsən, oğul. Biz analar, nənələr elə həmin naxışları bir-bir xalçalara köçürürük. O şeyə ki, insan gözü baxır, o şeyi ki, insan görür, o şeyi ki, insan sevib hiss edir, onun naxışları da gözəl olmalıdı, oğul!
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-ibrahimov-esrin-onda-biri-bu-xatire-yene-ecemi-dilindendir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Şahların, padşahların sarayları başqa bir aləmdir. Gərək o saraylara düşəsən ki, görəsən orada nələr olur, nə sirlər gizlənir, hansı möcüzələr baş verir.Saraylarda adamlar da müxtəlifdir. Müxtəlifdir xasiyyətlər də, əməllər də. Müxtəlifdir iştahlar da, əxlaqlar da. Bu saraylar görəsən nə vaxt, nədən ötrü peyda olublar əzəl-axır məkanımız Xak üzərində, onlara kim daşıyıb şəffaf-şəffaf Abı, ocaqlarında kim yandırıb qızmar-qızmar Atəşi, kim gətirib onların işığlı-qaranlığlı küçələrinə həzin-gur Badı?.. Bu saraylarda adamlar öz mənliklərini, öz izzəti-nəfslərini itirdikləri kimi adlarını da itirirlər. Birinə hökmdar deyirlər, birinə vəzir; birinə mələkə deyirlər, birinə cariyə; birinə əş-şeyx ər-rəis deyirlər, birinə qazi; birinə münadi deyirlər, birinə nədim; birinə məşşatə deyirlər, birinə kəniz; birinə mühafiz deyirlər, birinə dərban; birinə qulam deyirlər, birinə pərdədar...
Yollar, yollar...Pəncşənbə günü idi. Səhər yenicə açılırdı.Tutqun üfüqün boz yanağına təzə-təzə narıncı xal düşür, qədim Həmədanın üzərinə sallanan qatı bulud karvanı şəhərin söykəndiyi Əlvənd dağlarına tərəf sürünür, sonra göy qübbəsinin ətəklərində çin-çin olur bir-birinin üstünə qalanırdı. Məğribin zülmət örpəyi çoxdan pardaxlanmışdı...
Xufdən söhbətiNaxçıvan şəhərinin rəisi içəri girəndə baş şeyx Hatib ibn Mübarək başdan-ayağa xalı döşənmiş otağın ortasında əyləşib, qarşısındakı rəhilin¹ üstünə qoyulan qalın kitabın növbəti vərəqini əlfəcinlə çevirdi, onu öpüb gözlərinin üstünə qoydu, sonra öz-özünə “Əşhədü ənna lailahə illəllah, əşədü ənna Muhəmmədən rəsul Allah” deyib pıçıldadı. O, rəisə özünü elə göstərmək istədi ki, guya Quran oxuyur. Əslində rəhilin üstündəki “Vis və Ramin”² idi.Rəis başını tərpədib salamlaşdı, baş şeyx mane olmasın deyə ehtiyatla keçib yuxarı başda, pəncərənin önünə qoyulan və üstünə kiçik güllü xalça salınan dibacədə³ əyləşdi.
Bu xatirə Əcəmi dilindəndirGecə pis yatmışdım. Son vaxtlar belə hallarım tez-tez olurdu. Bəlkə də buna görəydi ki, tək-tənha ömür sürürdüm. Anam sağlığında dönə-dönə eşitdirsə də, evlənmək istəmirdim. Bir də fikirləşirdim ki, adamlar bəzən özünə peşə seçən günü daim subay qalacaqlarını da qət edirlər. Bu gün burada, sabah orda işləyənə hansı qız ərə gəlib övrət olar? Mənim peşəm də belə idi. İlk məhəbbətim üzüdönük çıxandan sonra isə adamlardan uzaq gəzməyə, qadın xeylağından birdəfəlik kənar qaçmağa çalışırdım. İki-üç il olardı ki, rəhmətlik atam Əbubəkr kişi kimi dulusçuluğu atıb bənnalığa başlamışdım. Amma qarşıma məqsəd qoymuşdum ki, axıra kimi bənna olub qalmayam. Axı oğullar atalardan, atalar babalardan irəli getməsələr, millət tərəqqi etməz... İnsan övladı da qəribə məxluqdur. Hərəsi bir şeyin vurğunudu əzəli gündən. Biri gülün, biri çiçəyin, biri də ömür-gün sirdaşı bir göyçəyin, bir mələyin... Mən də ağlım kəsəndən kərpicə, daşa vuruldum, meylimi onlara saldım. Axı daş bizim ulu babalarımızın, nənələrimizin ilk evi, ilk silahı olub. Adəm Həvvaya rast gələndə, yəqinimdir ki, dünyanın ilk kişisi kimi gəlin otağını daşdan hörüb, palçıqdan çatıb. Arvad qeydinə qalanda, övlad qayğısı çəkəndə əlinə daş alıb ov dalınca gedib. Sonra daşdan dəstər, yemək qab-qacaq düzəldib, ocaq çatmaq üçün çaxmaq itiləyib. Bəlkə elə bu işıqlı aləmin ilk övrəti Həvva üçün ilk bəzək şeylərini də daşdan yonub bizim min-min yaşlı, min-min dərdli-sərli babamız Adəm... Demək, bəşər övladının ürəyində ilk məhəbbət elə torpağa, daşa oyanıb. Daş olmasaydı biz ulu-ulu əcdadımızdan da, qədim-qədim sələflərimizdən də xəbər tuta bilməzdik, onların əməlindən agah ola bilməzdik. Daşdan tikdikləri kar qalalara, kor bürclərə baxıb onların ürəyindən keçənlərdən xəbər tuturuq, yaxşıları yamanlardan, mərdləri namərdlərdən, igidləri qorxaqlardan ayırd edirik həmişə. Axı xeyirxahlar daşdan, palçıqdan öz bildikləri kimi, namərdlər də öz tikdikləri kimi istifadə ediblər. Bəziləri gözoxşayan saraylar, qəsrlər tikiblər, bəziləri qan çanağı, ölüm teşti olan zindanlar, həbsxanalar... Lal daşlar bəzən insan övladına bərli-bəzəkli gəlin otağı olub, bəzən də qaranlıq sərdabə... Belədi yaşı bəlli olmayan bu qoca dünyanın gərdişi ilk yaranışdan, ilk binadan. Nə eybi, qoy ədiblər gördüklərini, şahidi olduqlarını, sevdiklərini, nifrət etdiklərini əşara çevirib nəzmə çəksinlər, alimlər təbiəti gizli-gizli öyrənsinlər, mənsə ürəyimdən keçənləri daş kitabələrə köçürtdüm, dilsiz daşlara həkk etdim – bir çoxuna imarətlər inşa etdim, qəbirlər üzərində sərdabələr tikdim, axırda isə şəhərimizin ən mötəbər şəxsi, böyük şeyx Yusifə öz borcumu ödədim......Elalnının arxasında Günəş şəfəq atan kimi durub geyindim, həyətə endim. Səhərə yaxın azacıq yağış çiləmişdi. Havada mülayim bir sərinlik var idi. Darvazadan çıxdım, dar küçə ilə üzüyuxarı qalxıb, Pir Osman meydanına gəldim. Saraydan əlavə məscid-minarələrin, qala divarlarının üzərində də ipək bayraqlar dalğalanırdı. Amma dəmirçixanalardan, misgər, nalbənd, xarrat dükanlarından çəkic-zindan səsləri gəlmirdi, dulus emalatxanalarının bacalarından tüstü çıxmırdı, küçələrdə halva, saqqız, göyərti satanların cır səsləri qulaqlara dolub beyinlərə işləmirdi... Şəhərin üzərinə çökmüş sükutu az sonra məscidlərin minarələrinə qalxıb camaatı səhər namazına dəvət edən müəzzinlərin “Allahu əkbər” sədaları pozmağa başladı... Məscidlərdə isə öz işlərində idi mollalar. Onlar əş-şeyx ər-rəis Hatib ibn Mübarəkin tapşırığına əməl edərək Eldəgəzlər sülaləsinin ayrı-ayrı şəxslərinin ünvanlarına təriflər deyir, nimdaş xirgə geymiş, əli kəşküllü, təbərzinli dərvişlər küçələrdə qəsidələr söyləyir, təsbehli, göy qurşaqlı seyidlər atabəy-əzəmdən sonra taxta əyləşən Cahan Pəhləvanı bir hökmdar kimi, bir sərkərdə kimi, bir insan kimi tərifləyib göyə qaldırırdılar...
Başqa şairlərin şeirləri
On il qulluq etdim mən Ələsgərə,Sidqimi bağladım etiqadına.
DolanırGətirməz dünyada kəsıbın işi,Nə olsun hər yanda uzaq dolanar.
Ya dalaİbtida əlifdən dərsim alanda,“Əlif’dən oxuyub gəldim ya “dal”a.
Gəraylı: Ləvhəş-Allah, xaliqi-canLəvhəş-Allah, xaliqi-can,Nə gözəl insan yaradıb,