Nəsrin xatundan söz düşəndə qaravaşlar da, cariyələr də, “aman, aman!” deyə az qala sinələrin yırtıb tökürdülər. Nəsrin xatunun işi-peşəsi yatıb-durandan, yeyib-içəndən, bəzənib-düzənəndən sonra gah bir cariyənin, gah da o kənizin qarasınca deyinmək, gah bu tacirin, gah o tacirin arvadının qeybətini qırmaq, gah bu məlikin, gah o məlikin övrətinə loqaz qoşmaq və imanı ərşə çəkiləndə də onun – bunun babalını yumaq idi...

Qəribə də xasiyyəti var idi rəis övrətinin. Özündən çirkin qızgəlinə qarşı insaflı, mülayim idi, özündən gözəl övrətlərə qarşı isə insafsız, qəddar. Camalca göyçək, yarlı-yaraşıqlı, mütonasib əndamlı bir gəlin görəndə elə bil qəfəsdə ilan görürdü Nəsrin xatun. Bircə Zahidə xatuna “dişi bata” bilmirdi... Bir də hardan bata bilərdi? O, hökmdar övrəti, bu rəis övrəti. Özü də get-gedə xanədanda nüfuzunu itirən bu rəisin övrəti... Mələkə barədə təkcə öz-özünə deyinməklə, qarasına qarğımaqla, onun yaşadığı otağa saata hərdənbir boğma basmaqla özünü ovundurardı... Son vaxtlarda isə min bir fənd işlədib Zahidə xatunun yanına ayaq açması ilə təskinlik tapırdı...

Nədənsə Cahan Pəhləvana yaxınlıq etməyi ağlına belə gətirmirdi rəisin övrəti. Bu barədə fikri dolanan kimi elə bil qəfildən bir səs gəlirdi qulaqlarına: “Gül camalına, göz-qaşına, sir-sifətinə, sinə-göbəyinə o qədər də arxalanma...” Buna baxmayaraq yenə tərəddüd edirdi: “Kişiləri tanımaq olmaz. Bir də baxırsan elə şux qamətli, sifətinə baxanda huşu başdan aparan bir kişi elə bivec bir övrətə vurulur ki, matın-qutun quruyur... Görünür, o bivec hesab elədiyimiz övrətin elə naz-qəmzəsi, elə rəftarı, elə mehribanlığı var ki, kişinin ağlı əlindən alır, iradəsini qırır...” Belə vaxtlarda Şərur məliki Oğuzun bir sözü yadına düşərdi: “Deyirlər, açıq-aşkarda mülayim görünən bəzi gəlinlər yatağa girəndə çılğın olurlar...”

Bu müəmmalara baxmayaraq, ürəyinin dərinliyində Zahidə xatuna yaxınlıq etmək həvəsinin tez-tez baş qaldırmasından özü də baş aça bilmirdi.

Elə bu axşam da onu mələkinin istirahət otağına çəkib gətirən həmin müəmmalı həvəs idi...

Uzun-uzadı söhbətini ona çatdırıb belə dedi Nəsrin xatun:

– Anam atamdan nəyisə rica edəndə kişi hirslənib deyərdi: “İllah Həvvanı cənnətdə bir alma ilə aldadıb yoldan çıxarmadı? Onun ucbatından da Adəm kimi abırlı, cəfakeş bir peyğəmbəri cənnətdən qovmadılar? Sizin hamınız elə ulu nənəniz kimi nəfsəksiz. Vəssalam”

– Qəhqəhə çəkib güldü.

Zahidə xatunun sifətində ötəri bir təbəssüm göründü. Cəlaliyyə isə ilk görüşdən xoşlamadığı bu “sırtıq xatun”a gözaltı baxa-baxa dodağını büzdü və anasının tapşırığına əməl edərək bir kəlmə də kəsmədi.

– Mən ananızın yerinə olsaydım atanızın dedikləri ilə razılaşmazdım... Çünki atanızın zəndi yanlışdı. Axı hamısı nəfsək olmur... Bir də bədnəfs kimi sağalmayan ikinci bir azar yoxdu dünyada. Zənən xeylağı üçün isə nəfsibütünlük ilkin gözəllikdir. – Zahidə xatun rəis övrətinin bugünkü söhbətindən razı qalmadığını dərhal büruzə verdi. O, qonağın inciçiçəyini nəzərə alaraq onun qarşısındakı nəlbəkiyə əlavə badam içi, səbzə qoydu. Bayaqdan ağzı işləyən Nəsrin xatun daha heç nəyə əl vurmadı, alçaq mizin üstündəki badəni götürüb bir-iki qurtum tərxun şərbəti içdi.

– Amma mən atamı haqlı bilirdim, mələkə...

Cəlaliyyə daha özünü saxlaya bilmədi. Nəsrin xatunun bayaqdan çərənləməsinə yekun vurmaq qəsdilə anasının dediyi sözlərin üstünə qayıtdı:

– Mərhəba, ana! – dedi. – Sözlərindən Böyük xanımın rübailərinin ətri gəlir? – Cəlaliyyəyə birdən agah oldu ki, rəisin övrəti kimə işarə edilməsini başa düşməyəcək və sual verəcək. Bu sual-cavab olmasın deyə elə oradaca əlavə etdi: – Yəni Məhsəti Gəncəvinin... Şairə deyir ki, qız-gəlini “qənaət əzizlər, tamah xar edər...” Tamahın ikinci adı o dediyin nəsfdir, ana...

Nəsrin xatun pərt olsa da, özünü onda qoymadı. Ayağa durub Cəlaliyyəyə tərəf gəldi, onun boynunu qucaqlayıb üzündən öpdü.

– Maşallah! Mələkə, qızınız gözəl olduğu qədər də ağıllıdır! – bir də qucaqladı. Cəlaliyyəyə elə gəldi ki, gümrah bir zənən xeylağının qolları arasında yox, adamın tüklərini ürpəşdirən, cır-cındırından cinşeytan hürkən dilənçi övrətlərdən kimsə onu qucaqladı. Çünki balaca xatun rəisin arvadından nə isə diksinirdi... Səbəbini isə hələ özü də bilmirdi. Bəlkə də bu, həddi-büluğa təzə-təzə çatan bir qız uşağının ürəyində həyatın gərdişindən, qadınlar aləminin müxtəlif əndişələrindən yaranan naşılıq müəmması idi? Buna görə də Nəsrin xatun mələkənin görüşünə gələndə, bir bəhanə tapıb özünü onların yanına salan Cəlaliyyənin çox səksəkəli qəlbində müxtəlif suallar baş qaldırırdı. O, bu sualların heç birinə cavab tapa bilmirdi və xeyli ölçüb-biçsə də, anasına hələlik bir şey demirdi.

Nəsrin xatun Cəlaliyyənin özünə qarşı laqeydliyini görüb, bir dəfə şair Kəmaləddin Naxçıvaninin ona dediyi və yaddaşında bərk-bərk həkk elədiyi sözləri bu gün balaca xatunun ünvanına yönəldib təkrar etməyi özünə lazım bildi:

– Mən gülləri çox sevirəm, mələkə. Otağımda da güllər saxlayıram, özü də müxtəlif ahəngli gülləri: ağ, qırmızı, sarı... Gecələr hüznlü, pərişan, qəmgin görünən bu güllər sübh olan kimi Günəşə tərəf boylanırlar. Gün günorta yerinə dayananda isə görürəm ki, güllərin ən gözəli – inciçiçəyi düz günəşə baxır. Özü də şən, şad, xürrəm... lap canlı kimi, həddi-buluğa çatan gözəl, göyçək, təravətli, ətirli bir qız kimi... Qızımız Cəlaliyyə lap inciçiçəyinə bənzəyir.

– Məni gülə bənzətməyin. – Cəlaliyyə üz-gözünü turşutdu. Gülün ömrü az olur...

– Allah eləməsin! – Nəsrin xatun alındı.

Ana-bala bir-birinə baxdılar.

Nəsrin xatun birdən Cəlaliyyənin əlindəki kitabı gördü. Söhbəti dəyişmək qəsdi ilə əlini uzadıb kitabı ondan aldı, xeyli baxdı.

– Yoxsa usta Əcəminin düzəltdiyi kitab budur?..

– Hə, budur... Məhsəti xanımın rübailəridir.

– Cəlaliyyənin cavab vermədiyini görən mələkə rəisin övrətinin dediklərini təsdiq etdi.

– Cariyyəm neçə dəfə bu kitabı tərifləyib...

– Bu nədi ki, ustad Əcəminin əlində?.. Onun tikdiyi abidəyə bu gün-sabah dünya heyran qalacaq.

Nəsrin xatun kitabı sağa-sola vərəqləyib Cəlaliyyəyə qaytardı.

– Əcəmi də bir kişi deyil! – Nəsrin xatun birdən əllərini qoşalayıb böyrünə boğma basdı. – Avara-avara gəzməyi var. Görmədiz bir kəndli qızını da axıra kimi qoruyub saxlaya bilmədi... Özünə umac ova bilmir, başqasına əriştə kəsir... Əlindən bircə naxış-maxış vurmaq gəlir.

Nəsrin xatunun adlı-sanlı bir kişi, şəhərin baş memarı, Möminə xatun ananın abidəsi kimi gözəl sənət əsərinin yaradıcısı barədə birdən belə bədgüman olması mələkədən çox Cəlaliyyəyə yer elədi. Bəlkə də buna görəydi ki, balaca xatun yenə özünü saxlaya bilməyib az qala hücuma keçdi:

– Ustad Əcəmi heç nəyə adi naxış-maxış vurmur! Onun vurduğu naxışlar “maxış” deyil. Ustad Əcəmi lal naxışları xoşlamır.

– Başa düşmədim, balaca xatun?

– Burada başa düşməməli nə var ki, böyük xatun! – Cəlaliyyə yerindəcə irad tutdu, mələkəyə baxdı, onun sifətindəki xoş təbəssümü görən kimi əlavə etdi: – Ustad Əcəminin vurduğu naxışlar danışan naxışlardı: musiqi kimi, əşr kimi. Çünki memar da şairdir. Belə olmasa ürəyindən keçənləri bizdən sonra gələnlərə necə danışa bilər?.. Deyirlər ustad Əcəminin vurduğu naxışlarla neçə kərə danışan görüblər. Hələ deyirlər bir şagirdi ondan soruşub: “Kiminlə danışırsız, ustad?” Ustad Əcəmi də belə cavab verib: “Bu xasiyyət mənə anamdan qalıb. Anamı toxuduğu xalçalara vurduğu naxışlarla danışan görmüşəm. İndi də mən naxışlarımla danışıram. Mənim naxışlarım təkcə mənimlə yox, ona tamaşa edənlərlə də danışmalıdır...” Ustad Əcəmi düz deyir. Mən də Möminə xatun nənənin abidəsinə baxanda naxışlarla danışıram.

Balaca xatunun “bizdən sonra gələnlər” ifadəsindən Nəsrin xatunun əti ürpəşdi, özünü birtəhər ələ alıb narahat-narahat mələkəyə baxdı. Zahidə xatun isə qızına çox sakitcə qulaq asırdı. Əvvəllər qızından eşitdiyi bu sözləri istəyirdi ki, indi də rəisin arvadı eşitsin. Və yadında qalsa Əcəmidən bədgüman olan ərinə danışsın, həm də desin: “Kişi, heç bilirsən hökmdar ailəsi Əbubəkr oğlu barədə nə yüksək fikirdədir...” Ancaq mələkə də, balaca xatun da işin mahiyyətindən xəbərdar deyildilər. Axı onlar hardan biləydilər ki, Nəsrin xatun Əbubəkr oğlundan yanıqlıdır... Və ondan da xəbərsiz idilər ki, neçə dəfə fürsət düşəndə rəisin arvadı Əcəmiyə yaxınlıq etmək istəmişdi, ancaq Əbubəkr oğlu ona gözünün ucuyla da baxmamışdı...

Nəsrin xatun danışmağa daha başqa söz tapmadı. Buna görə də əvvəlki sözlərin təkrar etdi:

– Maşallah! Mələkə, qızınız gözəl olduğu qədər ağıllıdır. – Ancaq bu dəfə Cəlaliyyəni qolları arasına alıb qucaqlamamışdı. – Gecəniz xeyrə qalsın. – deyib getmək istədiyini bildirdi. – Deyəsən çox başağrısı verdim... Bir də niyə axı ey! Adam nə qədər çox danışarsa, bir o qədər yüngülləşir... Ələlxüsus, biz zənən xeylaqları...

Rəisin arvadının yenə təzə-təzə həddi-büluğa çatan balaca xatunu da özlərinə qatıb “zənən xeylağı” adlandırması nə ananın, nə də qızın xoşuna gəldi...

Nəsrin xatun gedəndən sonra Cəlaliyyə anasına dedi:

– Ana... Mənim nə rəisin özündən xoşun gəlir, nə də arvadından... Xatunu bizə gələndə isə iştaham tamam qaçır... Bu dəfə isə birdəfəlik sidqim sıyrıldı bu sırtıq xatundan...

– Niyə, qızım?

– Ustad Əcəmi barədə bədgüman olması heç xoşuma gəlmədi. Bir bax, ha! Gör, kim kimi bəyənmir... Bir də razılıq vermə o bizə gəlsin...

– Qonağı qovmaq olmaz, qızım.

– Yaxşı, qovmaq olmaz. – Cəlaliyyə razılaşdı. – Bəs soruşmaq da olmaz ki, niyə gəlmisən? Bax, bu gün niyə gəlmişdi?

– Gəlmişdi ki, sən ona tövbə verəsən...

– Deyəsən verdim axı tövbəni. – Cəlaliyyə qəhqəhə çəkib güldü. Onun şaqraq gülüşü bərli-bəzəkli otağın gözəlliyin elə bil bir az da artırdı.

– Tənəli söz belələrinin ovqatını korlaya bilmir. Görürəm rəisin xatunu xoşuna gəlmir. bu, mənim də ürəyimdəndir... Çünki ağlım kəsəndən sırtıq qız-gəlini xoşlamamışam. Amma zənən xeylağıdı deyə heç birinin də xətrinə dəyməmişəm.

– Sənin kimi anası olan qızın nə vecinə...

Zahidə xatun qızını özünü ağıllı aparmasından, dərrakəli sözlərindən, onu mədh etməsindən az qala məst olmuşdu. Birdən özündə qəribə bir fərəh hiss etdi. Bu elə bir fərəh hissi idi ki, ancaq gözəl, ağıllı, dərrakəli, ləyaqətli qız böyüdən anaların ürəyində baş qaldıra bilərdi... Öz-özünə dedi: “Mənim qızım Bərdə hökmdarı Nüşabə kimi hakim olacaq. Ağlına, kəlamına hamı qibtə edəcək... Nizamidən sonra dünyaya gələn böyük bir şair də onun barəsində dastan bağlayacaq... Bunu mənə ürəyim deyir. Mən ürəyimə inanıram... O, məni heç vaxt aldatmayıb...”

Ana gələcək barədə xoş arzuların qanadında təzəcə uçmağa başlamışdı ki, xidmətçi qız içəri girib dedi:

– Hökmdar təşrif gətirir, mələkə...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

El-oba naminə

Dağlar da insanlar kimi müxtəlif olur: alçaq-uca, mülayim-sərt... Naxçıvan dağlarının isə başqa bir xüsusiyyəti də budur ki, ilin müəyyən aylarında bir səhərlər, bir də axşamçağılar hərəsi bir rəngə çalır. Çox vaxt ayırd edə bilmirsən ki, bu qəribə rəngləri bu dağların üzünə hansı qəfil bir əl sürtür, onları kimin gözəgörünməz möcüzəli fırçası bu rənglərə boyayır. Elə dağ var, gələnə-gedənə sinəsi üstən cığır açır, yol verir. Elə dağ da var, qalaya-qəsrə çevrilib torpağa yad ayaq dəyməsinə, düşmən atlarının keçməsinə keçilməz sədd olur, qənim kəsilir, evindən-eşiyindən iraq düşən igidlərə havadarlıq edir, qoynunda daldanacaq verir.Əli Şimşəyin dəstəsi həmişə bu dağlardan ən gözəllərini özünə məskən seçərdi. Bu il də onlar çiyin-çiyinə verib bir-birinə söykənən, pəhləvanlar kimi əzəmətlə yan-yana dayanan Əlincə dağlarında məskən salmışdılar. Bu dağların döşündəki hamar düzənlik cıdır meydanına oxşayırdı. Səma aydın, dağlar çənsiz-dumansız olanda, bura qalxıb məğrib

6 dəq
Hamı gedən yol

Cahan Pəhləvan sərdabənin açılışından sonra xəstəliyindən Həmədana dönməmişdi. Şirazlı təbibi-xünkarın dedikləri düz çıxmamışdı: hökmdar bimarü-rəncur idi. Sarayda da, şəhərstanda da, söz-söhbət gəzirdi ki, şahın halı gün-gün xarablaşır.Hökmdarın xəstələnməsi, atabəy-əzəmdən sonra üz-gözləri öyrəşmiş vəliəhdin onları əbədilik tərk etməsi ehtimalı bir sıra məliklərin, sarayın xəlvətiyyəsinə yaxın olan varlıların ciddi narahatlığına səbəb olmuşdu. Sarayın daxilində də bayırında da söz-söhbətə bir an belə ara verilmirdi:

16 dəq
Dərban və mühafiz (qış söhbəti)

Böyük çillə təzəcə çıxmışdı. Kiçik çillə bütün gücünü toplayıb şəhər əhlinə öz zərbi-dəstini göstərirdi.Allahın elə ildə iki dəfə bu yerlərin sakinlərinə qəzəbi tuturdu: yayın ortalarında güclü istisi ilə, qışın ortalarında sərt soyuğu ilə.

9 dəq
Qəfil küləklər əsəndə

Günəş məşriqdən neçə dəfə çıxıb məğribdə neçə dəfə doğub qürub etdi – heç kəs hesablamadı, neçə-neçə bulaqlar birləşib çaylara qovuşdu, heç kim baş açmadı, dəryalara nə qədər təzə sular axdı – heç kim fərqinə varmadı, neçə-neçə gündüz gecəni qovdu, neçə-neçə gündüzün gecə üzünə zülmət pərdəsi çəkdi – heç kim bilmədi.Əcəmi də günəşin doğub batmasına tamaşa edə-edə, bulaqlardan su içə-içə, çaylardan adlayıb neçə-neçə gecəni gündüzə, gündüzü gecəyə qata-qata, nağıllarda deyilən kimi, neçə-neçə yollardan keçdi, aşırımlar aşdı, keçdikcə də, aşdıqca da saçlarına düşən dən çoxaldı, illər çin-çin olub yaşının üstünə qalandı...

14 dəq

Başqa şairlərin şeirləri