Səhifə 1 / 2

Günəş məşriqdən neçə dəfə çıxıb məğribdə neçə dəfə doğub qürub etdi – heç kəs hesablamadı, neçə-neçə bulaqlar birləşib çaylara qovuşdu, heç kim baş açmadı, dəryalara nə qədər təzə sular axdı – heç kim fərqinə varmadı, neçə-neçə gündüz gecəni qovdu, neçə-neçə gündüzün gecə üzünə zülmət pərdəsi çəkdi – heç kim bilmədi.

Əcəmi də günəşin doğub batmasına tamaşa edə-edə, bulaqlardan su içə-içə, çaylardan adlayıb neçə-neçə gecəni gündüzə, gündüzü gecəyə qata-qata, nağıllarda deyilən kimi, neçə-neçə yollardan keçdi, aşırımlar aşdı, keçdikcə də, aşdıqca da saçlarına düşən dən çoxaldı, illər çin-çin olub yaşının üstünə qalandı...

Bir də gördü ki, cavan çağlarında ürəyində baş qaldıran ülvi hisslər get-gedə azalır, dizlərinin kirdarı zəifləyir, gözləri işıqdan düşür, əvvəllər böyük həvəs göstərdiyi işlər üçün kahallığı artır. Ətalət ayaq açıb onun kölgəsi ilə yanaşı addımlayır, gecələdiyi yerlərdə ona yoldaş, sirdaş olmasa can atır.

Ətalət... Şərqliləri min illərlə geriyə atan ətalət! Bir sıra böyük-böyük kəşfləri şərqlilərin əlindən alıb səxavətlə qərblilərə bəxş edən ətalət!..

* * *

Əcəmi bu qarmaqarışıq fikirlər içində Xorasan bazarına gəldi. Bazar hələ bağlı idi. Arıq-arğaz dəvələr divarların dibində xıxıb ləzzətlə kövşək vururdular. Hərdənbir də başlarını silkələyərək zınqırovlarını səsləndirirdilər.

Bir az keçəndən sonra bazarın darvazası önünə təbil çalındı. Qapılar açıldı... Hərə öz matahını içəri sürdü, münasib yer tapmaq, gətirdiyini tez satmaq üçün səy göstərdi.

Əcəmi adamların, yan-yana xıxlanmış dəvələrin, bir-birinə çatılmış ulaq-qatırın yanından keçib yuxarı başa tərəf addımladı. Çörəksatanın yanına gəldi, cibindən naxışlı kisəsini çıxartdı, götürdüyü pulu ona uzatdı.

– Nə istəyirsən, qoca... Qalın, ya səngək?

– Hansı təzədirsə ondan ver... yol gedəcəyəm...

– Nə hərcayı-hərcayı danışırsan? Təzə olmamış köhnə olacaq? Pah atonnan, hamı olub şərbaz! Bilmirəm bu Mühəmməd ümmətinin şərşamatadan niyə xoşu gəlir? – Çörəkçi birdən özündən çıxdı. – A kişilər, qandırın da məni... Bəlkə mən qanmazam... Bu da ixtiyar məxluq! – Müştəriyə təpindi: – Qoca, xeyir-dua vermək əvəzinə bazarımı korlama. Çəkil get! Heç sənə çörək satmıram, sənin pulun da mənə lazım deyil. Vəssalam!

– Pulu onun üstünə tulladı.

– Bağışla, bəradəzi-əziz, – Əcəmi çörəksatanın yersiz əsəbliyini azaltmaq istədi. – Bilirsən, uzaq yol gəlmişəm... Yorulmuşam... Bağdaddan gələn qafiləmiz bir az bundan əvvəl Xorasana çatıb... Aclığım var... hirslənmə, mən təzəsindən deyəndə yumşağın demək istədim. – Əlindəki quruşlardan bir neçəsini təzədən ona uzatdı. – Götür, neçəsi lazımdırsa, bir az da artıq götür... Mənə təzə çörək lazımdır, karvan sabah, sübhdən yola düşəcək... Naxçıvana gedib çatana kimi...

Çörəkçi onun söznün ağzında qoydu:

– Gözlərim aydın! Kişi Naxçıvana gedəcək!.. Qoca kişisən qaxıl otur evində, bu qafilədən ayrılıb o birisinə qoşulmaq, bu dəvədən düşüb o birisinə minmək xoşuna gəlir? – Çörəksatan yenə qızışmaq istədi.

Əcəmi onun uzun gedəcəyini görüb dedi:

– Bəradəri-əziz, evindən-eşiyindən sərgərdan düşənlərin nəsibi əzəli gündən karvanlar olub, qafilələr olub, yollar olub... Bu yollar da ki, uzandıqca uzanır, nə əvvəli var, nə də sonu...

Çörəkçi qocanın ağ saqqalına, əlindəki səndəl ağacına xeyli baxandan sonra istehza ilə soruşdu:

– Qoca, yoxsa məlikülhacsan?¹ – Əlini əlinə çırpıb şit-şit güldü.

Əcəmi fikirləşdi: “Həyatda təzada bax ha? Gözəl-gözəl gülləri bəzən kifir-kifir adamlar satar... Çörək kimi əziz-ləziz nəməti də belə-belə heyvərələr...”

Əcəmi çörəksatana baxıb başını buladı, ovcundakı pulu qaytarıb kisəsinə qoydu, bazardan çıxmaq istədi. Elə bu vaxt adamların içərisindən başı çarşablı bir zənən xeylağı onun boy-buxununa, sonra başındakı ağ çalmasına, əynindəki xaki rəngli mahud çuxasına, çuxanın altından geydiyi tünd sarı ipək köynəyinə, köynəyin yaxasında buta-buta naxışlara diqqətlə baxdı. Nəzərləri bir anlığa onun mütənasib sifətində, tamam ağarmış topa saqqalında gəzdi və nəhayət, hələ də diri görünən qayğılı gözlərində ilişib qaldı. Sonra qurşağına keçirdiyi səndəl ağacından bir müddət nəzərlərini çəkmədi. “Özüdür... odur... amma yaman qocalıb...” deyib öz-özünə pıçıldadı.

¹ Ziyarətə gedənlərin bələdçisi

Əcəmi isə yerindəcə donub qalmışdı. Fikirləşirdi: “Görəsən məni kimə oxşadır?..”

Zənən xeylağı nəhayət dilə gəlib dedi:

– Gəlin bura... məndən alın... Səngək məndə var... özüm bişirmişəm... təzədi, yumşaqdı...

Müştərisinə zənən xeylağının müştəri çıxması çörəkçinin xoşuna gəlmədi.

– Hə, get, get! O bihəyanın müştərisi ol... Səngəyi də özü kimi yumşaqdı. Misir pambığı kimi... Nişapur mütrüblərinin göbəyi kimi! – Ucadan qəhqəhə çəkib güldü. Ağız deyəni qulaq eşitməyən səs-küylü Xorasan bazarında çörəkçinin qəh-qəhəsini çoxu eşitdi.

– Bir az ədəbli olun, bəradəri-əziz...

– Bəradəri-əziz, bəradəri-əziz! – Çörəkçi Əcəmini yamsıladı. – Qoca, səni mənlə görəsən kim qardaş elədi? Əcəlin mayallaq vurmasın, rədd ol!..

Əcəmi kor-kobud çörəkçiyə baxıb xeyli başını buladı.

– Çox şükür ki, qardaş deyilik...

– Əlbəttə, çox şükür!

Çörəkçi Əcəminin sözlərini başa düşmədiyi üçün razılaşdı və birdən yenə qəhqəhə çəkib güldü və gülə-gülə də dediyi sözləri bir neçə dəfə təkrar etdi:

– Əlbəttə, çox şükür, əlbəttə, çox şükür.

Zənən xeylağı Əcəminin qolundan tutub onu yana çəkə-çəkə dedi:

– Baş qoşma ona... Adam deyil, əzrayıldı... Tünbətün Hatib ibn Mübarəkin tayfasındandır... Bəri gəl.

Əcəmi Hatib ibn Mübarək adını eşidəndə, üstəlik onun ölümünə işarə vurulanda ayaqları yerə yapışdı. Demək, zənən xeylağı kimdisə, onu tanıyıb...

– Sən... sən kimsən, bacı?!

– Gəl... gəl...

– Yox! Gərək biləm, sonra... Zənən xeylağı onun qolundan dartışdıranda çarşabı başından siyrilib çiyinlərinə düşdü. Əcəmi ona diqqətlə baxdı, saçları gümüşə çalan, qırış-qırış olsa da, əvvəlki təravətini qismən hifz edib saxlayan sifət ona tanış gəldi...

Zənən xeylağı daha dözə bilmədi:

– Sən tanıya bilməzsən... Amma mən görən kimi tanıdım səni, Əcəmi!.. Bir... gözlərindən tanıdım... bir də... səndə!..

– Dəryanur!..

* * *

...Əcəmi gələn qafilə bir isfahanlı tacirin karvanı idi. Naxçıvandan xalça-xalı, dulusçuluq məmulatı yükləyib geri qayıdacaqdı. Əcəmi sarbana kifayət qədər pul verib onu Naxçıvana aparmağa razı sala bilmişdi.

Xorasandan aralanandan sonra qara nərin belinə bərkidilən arvanada mürgüləyə-mürgüləyə yol gedən Əcəmi gecə Dəryanurun ona danışdıqlarını bir-bir yadına salırdı...

...“Qüdsi-barigah” Bağdada varid olan günün səhərisi məni xəlifənin sarayına apardı. Xəlifə ipək pərdənin arxasında oturmuşdu. Özünü güclə görcək də, səsini yaxşı eşidirdik: “Hatib, illər yaman tez gəlib-gedir... Verdiyin vədə nə vaxt gəlib çatdı, boyun olduğun bu ceyran nə vaxt böyüyüb ərsəyə gəldi, heç bilmədim...

Amma ceyranın xoşuma gəlir, Naxçıvanda deyəsən belələri çoxdu, hə?..” Şeyx şit-şit gülüb dedi: “Əmirəlmöminin, bu ceyran Naxçıvan ceyranı deyil, Təbriz ceyranıdır. Bunlar iki bacı idilər. Bunun adı Dəryanurdur, kiçiyinin adı Cahannur idi... Palanduz qızıdırlar. Bunu mən alıb saxladım. Əhd elədim ki, böyüdüb, yetkin vaxtı hüzurunuza gətirim. Özünüzə hələ cavanlıqdan agahdı ki, mən borclu qalmağı xoşlamıram...”

Ağız-ağıza verib xeyli gülüşdülər, biri pərdənin bu tərəfində, biri də o biri tərəfində... handan-hana xəlifə özünü düzəldib dedi:

– Hatib, özündən az de, heç mən də borclu qalan oğul deyiləm... Nə demişəm, nəyə söz vermişəm mütləqa olacaq... Şeyx öz sözünü yerinə yetirəndə, xəlifə dünəndən yerinə yetirib...

Mən isə sakitcə bir tərəfə qısılıb dayanmışdım... Bütün bədənim əsirdi... Bu nə sövdələşməydi?.. Baş aça bilmirdim... Xəlifə soruşdu: “Dedin bunlar iki bacıydı?.. Bəs kiçiyi necə oldu?” Şeyx dedi: “Kiçiyi bir axşam evdən yoxa çıxdı... Dedilər ki, Təbriz hakimi Fələkəddinin adamları oğurlayıblar qızı... Bir həftə Fələkəddinin yanında qalan qızı qul kimi satmağa aparanda qaçıb, hər yeri ələk-vələk eləyiblər tapa bilməyiblər... heç bilirsiniz, həmin Cahannur sonralar harda peyda olub? Həmin qızdı ki, Cahan Pəhləvanı aldadıb oğlan adıynan onun məktubunu Ruindəj qalasında Təbriz hakiminə aparıb. Qəsdi də Fələkəddini öldürmək imiş. Bunu bilən hakim də onun boynunu vurdurub, atı ilə birlikdə başını Nüsrətəddin ibn Şəmsəddinə qaytarıb... Bəlkə də həmin qız olmasaydı, Cahan Pəhləvan bizim köhnə dostumuz Fələkəddin Əhmədin gözlərinə mil çəkdirməyi rəva bilməyəcəkdi...”

Mən xəlifə ilə şeyxin söhbətindən sonra bildim ki, adı uzun müddət Naxçıvanda, Təbrizdə, Həmədanda xoş niyyətlə çəkilən, yad olunan Cahannur mənim bacım Cahannurmuş... Çox heyfsiləndim ki, bir neçə günlüyə Naxçıvana gətirilən bacım mənim orada olmağımı bilməyib... Heç məndə bilməmişəm... İstədim qışqıram, özümü şeyxin üstünə atıb üzünə tüpürəm, onu boğam, amma bacarmadım. Xəlifə də, şeyx də bir müddət dinmədilər... Birdən xəlifə sağ əlini üç dəfə sol əlinin ovcuna vurdu. Xidmətçi tez qapının dalından çıxıb özünü içəri saldı, əllərini sinəsində çarpazlayıb baş endirdi. Xəlifə əsəbi-əsəbi dedi:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Şahab meydanında

Bütün şəhər əhli Şahab meydanına cəm olmuşdu. Adam əlindən küçələrdən keçmək mümkün deyildi. Burada varlı da var idi, yoxsul da; qoca da var idi, cavan da: anasının qucağında mışıl-mışıl yatan körpə də... Bütün şəhər əhli, bütün əsnaf əhli, bütün əhli-ürfan burada idi.Hərənin də ağzından bir avaz gəlirdi, üstəlik, ağız deyəni də qulaq eşitmirdi...

7 dəq
Düşənbə günü

Cahan Pəhləvan anası Möminə xatunun xüsusi kərpicdən hörülmüş hasarın içərisindəki məzarını ziyarət etdikdən sonra saraya təşrif gətirdi və yuyunub dincəldi. İlk sərəncamı bu oldu ki, Naxçıvan əhli gərək atabəy-əzəmə təzədən üç gün matəm saxlasın. O, bunu bir hökmdar kimi deyil, bir oğul kimi özünə borc bildi. Və şəhər rəisindən, saray ərkanından hökmdar kimi deyil, bir Eldəgəz övladı kimi, dünənki hakimin vəliəhdi kimi rica edir ki, bunu şəhər əhlinə başa salmaq, onlara izah etmək üçün lazımi adamlara tapşırıq versin. Qoy şəhər camaatından bilməyənlər də bilsinlər və agah olsunlar ki, Şəmsəddin Eldəgəz qəfləfən vəfat edəndə onun böyük oğlu Reydə olub, dövlətin mühüm tapşırığını yerinə yetirməyi yarımçıq qoyub Naxçıvana qayıda bilməyib.¹ Naxçıvanda indi Qurdlar məhəlləsi kimi tanınır.

8 dəq
Baş şəhər

Cahan Pəhləvan Eldəgəzlər xanədanına tabe olan bütün şəhərlərdən ən çox Naxçıvanı xoşlayırdı. Doğrudur, onun üçün Təbriz də doğma idi, Gəncə də, Beyləqan da əziz idi, Həmədan da, Ərdəbil də gözəl idi, Şabran da... ancaq Naxçıvana xüsusi diqqət yetirirdi.Böyüyəndən sonra onu da bilmişdi ki, bu yerlər çox-çox qədimdən insan məskəni olub. Bəzi din xadimlərinin fikrincə Nuh peyğəmbər bir vaxtı buranı özünə dayanacaq edib, hələ deyirlər ki, buralara Zərdüştün ayağı dəyib, Dədə Qorqudun buralarda ayaq izləri qalır... Onu da öyrənmişdi ki, Naxçıvanı Sasani hökmdarı Xosrov Əlişirəvan bina edib, şah Bəhram Gur abadlaşdırıb, Turan hakimi Əfrasiyab isə onu şəhərlər cərgəsinə qoşub. Bundan sonra Naxçıvan “Beşinci iqlim şəhəri” kimi tanınıb, yunanlar ona Naksuana, ərəblər Nəxcəvan deyiblər. Bəhram Sasani isə bu yerləri “Şikargah”¹ adlandırıb.

20 dəq
Söz sözü gətirər...

Əcəmi evə çox yorğun gəlmişdi. Müəzzinlər şəhər camaatını məscidlərə günorta namazına dəvət edəndə o da evə qayıtmışdı.Bir az keçməmiş dəbir darvazanı açıb həyətə girdi. Salamlaşdılar. Ev sahibi yanındakı qamış kətili dəbirə tərəf itələdi, o da əyləşdi.

17 dəq

Başqa şairlərin şeirləri