Qəfil küləklər əsəndə
Səhifə 2 / 2 · 50%
– Bu qızı mənim istirahət otağıma apar... Xəlifə əl-Mükafatı məni bircə gün öz otağında saxladı. Özü də elə bil məndən intiqam alırdı...
Təkcə məndən yox, mənə süd verən anamdan, palanduz atamdan, padşahla üz-üzə dayanaraq başını onun qılıncının altına verən bacımdan intiqam alırdı... Mən o gecə hər şeyə nifrət etdim... Xilafətə də, xəlifəyə də, hətta adı onların üstündə olan Məhəmmədə də, kölgəsi onların üstündə olan Allahın özünə də... Nə başını ağrıdım, səhərisi xəlifə mənim qulağıma heydəri saldırıb heyvərə bir zindan gözətçisinə bağışladı. Həm də ona dönə-dönə tapşırdı ki, nəbada-nəbada bunu zindandan kənara buraxasan! Buraxsan, həmin gün başını bədəninin üstündə görməyəcəksən... Beləliklə də həm bədnam oldum, həm də zindan dustağı. Ömrümün düz on altı ilini beləcə zindanda keçirdim. Neçə dəfə cəhd göstərdimsə zindandan qaça bilmədim, özümü öldürmək istədim, gürsət düşmədi. əvəzində cəzalandım, təhqir olundum... Bir gün zindançı ağır xəstələndi, məni də ona qoşub zindandan buraxdılar, amma üstümüzə elə göz qoydular ki, bir addım kənara ata bilmədik.
Bir gün gəldi ki, xəlifə cəhənnəmə vasil oldu. Zindançı da elə bil onu gözləyirdi, ömrünü sənə bağışladı.
Qaldım onun bu komasında tək-tənha. Əvvəllər bilmədim nə eləyim... Sonralar yavaş-yavaş əlimi yığdım başıma, xırda-xuruş alver etdim. Bir neçə ildi şatırçılıq edirəm. Axşamlar səngək bişirib səhərlər satıram... Bu vəfasız dünyaya niyə gəlmişəm, bilmirəm... niyə yaşayıram, onu da bilmirəm...”
Əcəmi qara nərin zınqırovlarının səsinə xəyaldan ayrıldı. Yanyörəsinə baxıb təzədən mürgüləməyə başladı. Bu dəfə də öz başına gələnləri Dəryanura danışmasını yadına salmaq istədi, ancaq bacarmadı. Bacarmadı deyəndə ki, Dəryanurun hönkür-hönkür ağlaması, avazla ağı deməsi yadına düşdü, bədənindən bir gizilti keçdi.
Vidalaşanda etdikləri söhbət qulaqlarında səsləndi:
“– Razı ol sənə kömək edim...”
“– Çox sağ ol, Əcəmi!”
“– Heç olmasa yüz dinar...”
“– Bu niyyətini bilsəydim, özümü tanış verməzdim...”
“– Ötən illər ərzində hara getmişəm gözüm səni gəzib... Təbrizdə də axtarmışam, Bağdadda da... Amma heç gözləmədiyim halda gəlib Xorasanda tapmışam... Gəl səni də Naxçıvana aparım”.
“– Mən daha o tərəfə ayaq basmaram...”
“– Peşman olmazsan...”
“– Yox, Əcəmi!. Bircə ona sevinirəm ki, bir-birimizdən qiyamət gününə kimi nigaran qalmadıq... Sən yolundan qalma, get... vətəncüda¹ olmaq ağır dərddir... Bir də sənin ata-baba yurdunda əziz yadigarların var. Sənə yaxşı yol. Sağ-salamat gedib çatasan... Cavan vaxtların xatırlayanda məni də yad eləsən, elə bəsimdir... Allah amanında!..”
...Qafilə Şahab meydanında dayandı. Əcəmi dəvədən enəndə və sərbana razılıq edəndən sonra yorğun olmasına baxmayaraq əvvəlcə Yusif ibn Küseyrin sərdabəsinə gəldi, onun başına hərləndi, içəri girib tələsik ziyarətnamə oxudu. Şəhdigülü yad etdi. Onu ilk dəfə burada gördüyü çağları xatırladı. Şahab meydanından keçib Yəzd-kürd qalasına tərəf getdi, dar küçələrdən keçib sağa buruldu, Atabəylər meydanına çıxdı. Mömünə xatun ananın abidəsini görəndə özün saxlaya bilmədi, əlindəki səndəl ağacını yol kənarındakı qələmələrdən birinə söykəyib doluxsundu. Ürəyindən qəribə hisslər keçdi. “Ey qələmə ağacları, gələn mənəm, Əcəmiyəm... Bir vaxtı sizi əkib-becərən Əcəmi... Sizsiz darıxan, sizin həsrətinizi çəkən Əcəmi!.. Siz yazda yaşıla bürünürsünüz, qışda çılpaq olursuz. Mən Əcəmi isə daha yarpaqlayıb yaşıllaşan deyiləm...
¹ Qürbətdə yaşayan
Getdi Əcəminin yarpaqlayıb yaşıllaşması!.. Kəsdi Əcəminin başı üstünü payızın qalın-qalın, boz-boz buludları!.. Düz demirəm Elalnı?.. Düz demirəm Araz?.. Düz demirəm ülya-mələkə Mömünə xatun?..”
Birdən bədənindən qəribə bir üşütmə keçdi, ayaqlarının altı, əllərinin içi göynədi, çiyinlərindən soyuq bir sızıltı axıb barmaqlarının uclarına doldu. Elə bil boğurdular onu... Dərindən nəfəs ala-ala yola düzəldi, abidəyə çatan kimi kövrəldi, nə kövrəldi!.. Sümükləri çıxan qollarını yanlara açıb “Mömünə xatun”u qucaqladı, üzünü kitabələrə sürtə-sürtə başına dolandı, dolandı:
– Salam, mənim suheylim!.. Sədi-əkbərim!..¹
Özünü saxlaya bilmədi, sürüşüb abidənin səkisinə yıxıldı...
Qoca bir kişi iki əli ilə onu silkələyib ayıltdı, uzandığı yerdən qaldırıb oturdu.
Əcəmi ağarmış başını yavaş-yavaş qaldırıb dumanlı gözlərini qənşərində dayanan qocaya dikdi. Sir-sifəti dəyişilsə də gözləri, xoş təbəssümü yerində idi qocanın. Xeyli baxışdılar, birdən Əcəmi qollarını yanlara açıb onu bərk-bərk qucaqladı:
– Cəmil!
– Əcəmi!..
– ...Səni soraqlamağa başladım. – deyə Cəmil evinin balaca eyvanındakı taxta çarpayının üstündə yatağa uzanan Əcəmiyə olub keçənləri nəql edirdi: – Məndən də çox, bax, bu narahat idi. – Kənarda dayanan Zəhranı göstərdi. – Elə oturub-durub deyirdi ki, sən necə dostsan, bəs adamı bir ayırıb-axtarmazlar? Amma mənim ürəyim rahat idi... Elə hey eşidirdim ki, Bağdadda bir bənna görüblər, lap Əbubəkr oğluymuş ki, durmuşmuş. Marağada bir məqbərə tikiblər, naxışlarını elə bil Əcəmi əlləri vurub... Xorasanda söz gəzir ki, Cahan Pəhləvanın şeyxülmühəndisi sağdır...
– Hə, – Əcəmi dərindən köks ötürdü. – Mən hələ sağam. Amma Əlini hifz edib saxlaya bilmədiniz... Bir gün Bağdadda bir adama rast gəldim.
¹ Günəşə ən yaxın olan ulduz Söhbətindən məlum oldu ki, xanəgahlıdır... Məni tanımadı, dedim ki, bir dəfə Əlincəyə gəlmişəm. – Öskürdü, bir an gözlərini yumdu, sonra söhbətinə davam etdi: – Xanəgahda da olmuşam. Tanıdığım adamları ondan soruşdum, o da bildiklərini danışdı... Mən bilirdim ki, axırı belə olacaq... Ancaq heyf Əlidən, həqiqətən şimşək idi, çaxdı və söndü... Bəşər övladı üç baladan qaçıb qurtara bilməz... Bunun biri pis övladdır... Mən bundan azadam... Biri qocalıqdır, biri də ölüm... Bunların hər ikisi məni haqlayıb... Gedirəm... Yaxşı ki, yer üzündə yadigarlarım var... Onlara baxıb məni yada salarsız...
– Sənin qədrini bilmədilər, Əcəmi! – Cəmil onun başının altına əlavə bir balış qoydu.
– Saraylardan bundan artıq nə gözləmək olardı?.. İnsan oğlu yüz illərdi... min illərdi ədalət axtarır, amma tapmır. Min-min il də axtarsa tapmayacaq... Bu arzu qiyamətə kimi ürəklərdə qalacaq. – Əcəmi bir müddət yenə öskürdü, sakitləşəndən sonra gözlərini bir müddət səmanın dərinliyinə dikib dayandı. Birdən nəyəsə qulaq kəsildi. Cəmilə elə gəldi ki, o nəsə eşidib qulaq asır. Yanılmamışdı. Əcəminin qulağına yenə ud səsi gəlirdi, çalan Kor Əhsən idi... Udda muğam çalırdı, qədim bir muğam...
– Odur... yenə çalır... Mərhəba, eloğlu!..
Cəmil qulaq asdısa da, heç nə eşitmədi.
– Kim çalır, Əcəmi... Nə çalır?!
– Eşitmirsən... Əhsəndi çalan...
Cəmil sınıb məyus oldu.
– Sənə... sənə elə gəlir, Əcəmi... Əhsən keçən il rəhmətə gedib...
Cəmilin bu sözündən sonra Əcəminin “qulağına gələn səs” xırp kəsildi.
Eşitdiyi bir əhvalatı yadına düşdü: Əhsən şərab nuş edib rəisin qabağını kəsir. Rəis soruşur: “Niyə içmisən?” Əhsən deyir: “Sənin zülmünə, bəd əməllərinə dözmək üçün gərək yarıayıq, yarıxumar olasan...” Rəisin onun başına endirdiyi zərbə ani olur. Əhsən yıxılır, ayılanda dünya onun nəzərində artıq zülmət idi...
– Heyf!.. Qəbri nurla boyansın... Yaxşı sənətkar idi. Onun udunu heç kim çala bilməzdi... İndi elə qulaq asardım!..
Cəmil Zəhraya baxdı. Ev sahibəsi heç nə demədi, başını aşağı salıb içəri keçdi, ud səsləndi.
– Sən... sən mənim sözümü niyə qəribliyə salırsan... Axı kimsə ud çalır... özü də lap yaxında.
– Hə... çalırlar. Cəmil qəhərləndi. – Zəhra çalır... O, bu evə ayaq basandan uda əl vurmamışdı. Udunu Cəlaləddinə bağışlamışdı. Cəlaləddinin ölüm xəbəri gələndən sonra udu qırıb parçalamaq istədi, qoymadım. Amma bu gün sənin xatirindən keçə bilmədik...
– Mərhaba!..
Əcəmi gözlərini yumub bu sözü kəsik-kəsik təkrar etdi. Dəryanuru xatırladı... Udda çalınan təranə də dəyişildi. İlk dəfə Hatib ibn Mübarəkin həyətinin yanından keçəndə cariyə qızın – o vaxtkı dəcəl, deyib-gülən cavan Zəhranın çaldığı mahnı ilə əvəz olundu...
Əcəmi yavaş-yavaş dikəldi, sinəsi üstə qoyduğu səndəl ağacını götürdü və əlini Ağrı dağına tərəf uzadıb nəsə demək istədi, lakin nəfəsi gedib-gəldiyindən dili bir müddət söz tutmadı. O, handan-hana sakitləşdi və qırıq-qırıq danışmağa başladı:
– Ehe... heyyy!!!
– Kimi çağırırsan, Əcəmi?..
– Cavanlığımı...
– O uzaqdadı, qardaş... çox uzaqdadı... Ona daha əl çatmaz, ün yetməz...
Əcəmi bir az fikrə getdi, gözlərini yumub dinmədi. Sonra handan-hana qırıq-qırıq danışdı:
– Düz deyirsən Cəmil... Elə buna görədə uzun-uzun yollar... keçib gəlmişəm ki, ata-baba... yurdumu... övladlarımı... Şeyx Yusifin məqbərəsini... Mömünə xatunun abidəsini yaxından görüm... Yoxsa bu torpaq... məni öz qoynuna... halallıqla qəbul etməz. – Əcəmini yenidən öskürək tutdu. Cəmil ev sahibəsini çağırdı. Udun səsi kəsildi.
– Su gətir...
Zəhra əlində cam gəldi. Cəmil bir-iki qurtum suyu ona zorla içirdi.
– Məni... yerə uzat...
– Bu saat
Onun xahişini yerinə yetirdilər, hər ikisi gözlərini ağzına dikib nə deyəcəyini gözlədilər. Əcəmi bir-iki ağız da öskürüb güclə sözünə davam etdi:
– Dostum Nizami deyib: “Həme momkenol-vocudi rəqəme-həlak darəd...”¹
¹ Əcəldən heç kim yaxa qurtara bilməz. (fars.)
Cəmili qəhər boğdu:
– Dostun axı bunu da deyib: “To ke, vacebol-vocudi... əzəlo əbəd... bemani”¹
– Hə... düz deyirsən...
– Özün dedin ki, Naxçıvana əbədi bir möhür vurmaqdır məramım. Qoy bu mahir gələcək nəsillər desin: “Bu yerlər bizim ata-baba yurdumuzdur... Başqaları bura göz dikməsinlər...”
– Qocanın qocaya təskinlik verməsi əbəsdir... Yadından çıxarma mənim sözlərimi... dünyada acı olmasa şirin... yaman olmasa yaxşı, nadan olmasa arif, kədər olmasa sevinc yada düşməz... Bəşər övladı düşmənə görə dostun, namərdə görə mərdin, qürbətə görə vətənin qədir-qiymətini bilib... Deyirlər Şərqdə təbabətin tacı sayılan... “Əlqanunu fitibb” kimi bir kitab bağlayan... min bir dərdə əlacın yolların göstərən... Hüseyn Əbuəli² öz dərdinə dərman tapa bilmədi...
Əcəmi gözlərini yumdu...
Cəmil mütəəssir oldu. “Elə bil ölümə yox, şirin yuxuya gedir...” Zəhra hönkürüb yaylığının ucunu gözlərinə sıxdı... Yəzdi-kürd tərəfdən qəfil küləkləri əsməyə başladı...
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-ibrahimov-esrin-onda-biri-qefil-kulekler-esende
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bütün şəhər əhli Şahab meydanına cəm olmuşdu. Adam əlindən küçələrdən keçmək mümkün deyildi. Burada varlı da var idi, yoxsul da; qoca da var idi, cavan da: anasının qucağında mışıl-mışıl yatan körpə də... Bütün şəhər əhli, bütün əsnaf əhli, bütün əhli-ürfan burada idi.Hərənin də ağzından bir avaz gəlirdi, üstəlik, ağız deyəni də qulaq eşitmirdi...
Düşənbə günüCahan Pəhləvan anası Möminə xatunun xüsusi kərpicdən hörülmüş hasarın içərisindəki məzarını ziyarət etdikdən sonra saraya təşrif gətirdi və yuyunub dincəldi. İlk sərəncamı bu oldu ki, Naxçıvan əhli gərək atabəy-əzəmə təzədən üç gün matəm saxlasın. O, bunu bir hökmdar kimi deyil, bir oğul kimi özünə borc bildi. Və şəhər rəisindən, saray ərkanından hökmdar kimi deyil, bir Eldəgəz övladı kimi, dünənki hakimin vəliəhdi kimi rica edir ki, bunu şəhər əhlinə başa salmaq, onlara izah etmək üçün lazımi adamlara tapşırıq versin. Qoy şəhər camaatından bilməyənlər də bilsinlər və agah olsunlar ki, Şəmsəddin Eldəgəz qəfləfən vəfat edəndə onun böyük oğlu Reydə olub, dövlətin mühüm tapşırığını yerinə yetirməyi yarımçıq qoyub Naxçıvana qayıda bilməyib.¹ Naxçıvanda indi Qurdlar məhəlləsi kimi tanınır.
Baş şəhərCahan Pəhləvan Eldəgəzlər xanədanına tabe olan bütün şəhərlərdən ən çox Naxçıvanı xoşlayırdı. Doğrudur, onun üçün Təbriz də doğma idi, Gəncə də, Beyləqan da əziz idi, Həmədan da, Ərdəbil də gözəl idi, Şabran da... ancaq Naxçıvana xüsusi diqqət yetirirdi.Böyüyəndən sonra onu da bilmişdi ki, bu yerlər çox-çox qədimdən insan məskəni olub. Bəzi din xadimlərinin fikrincə Nuh peyğəmbər bir vaxtı buranı özünə dayanacaq edib, hələ deyirlər ki, buralara Zərdüştün ayağı dəyib, Dədə Qorqudun buralarda ayaq izləri qalır... Onu da öyrənmişdi ki, Naxçıvanı Sasani hökmdarı Xosrov Əlişirəvan bina edib, şah Bəhram Gur abadlaşdırıb, Turan hakimi Əfrasiyab isə onu şəhərlər cərgəsinə qoşub. Bundan sonra Naxçıvan “Beşinci iqlim şəhəri” kimi tanınıb, yunanlar ona Naksuana, ərəblər Nəxcəvan deyiblər. Bəhram Sasani isə bu yerləri “Şikargah”¹ adlandırıb.
Söz sözü gətirər...Əcəmi evə çox yorğun gəlmişdi. Müəzzinlər şəhər camaatını məscidlərə günorta namazına dəvət edəndə o da evə qayıtmışdı.Bir az keçməmiş dəbir darvazanı açıb həyətə girdi. Salamlaşdılar. Ev sahibi yanındakı qamış kətili dəbirə tərəf itələdi, o da əyləşdi.
Başqa şairlərin şeirləri
Yaxşı olur qövm ü qardaşEl başına dönim sənin
Tutsam şərabı gər ləbinə tay, haramdırTutsam şərabı gər ləbinə tay, haramdır,Gər nöğrə söyləsəm təninə, hərfi-xamdır.
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
Gözəl qızSallana-sallana gedən gözəl qız,Ay qız, bu güzarın bulağadırmı?