Adil
Səhifə 2 / 2 · 50%
– İndi necə qalıram?
– İndi mənimlə qalırsan.
– Sən gedəndə də yoldaşlarım çadırlarını söküb gətirib burada, mənim qonşuluğumda qurarlar. Briqada məni tək qoymaz. Burada çətin nə var ki?
– Çətin bir şey yoxdur. Ancaq sən elə danışırsan ki, elə bil, indicə ayrı bir planetdən gəlmisən.
– Ola bilər.
– Bəlkə sən daha mənimlə yaşamaq istəmirsən?
– O barədə fikirləşməmişəm, Adil. Səndən xahiş edirəm, əgər mümkündürsə, hələlik bu haqda məndən heç nə soruşmayasan.
– Demək, hələlik...
– Bəli, hələlik!
– Baş üstə, soruşmaram.
– Çox sağ ol, Adil! Nahara nə bişirəcəyəm?
– Hər nə istəyirsən.
– Onda ətin bir hissəsini xörək asım, qalanını da gəlib qızardaram.
– Sən hara gedəcəksən ki?
– İki-üç saatlığa rayon mərkəzinə dəyəcəyəm. İmtahanlara hazırlaşmaq üçün lazım olan kitabları almağı briqada mənə tapşırıb.
– Madam ki, briqada tapşırıb, gərək yerinə yetirəsən.
– Ancaq sən hərdən bax, xörəyin suyu çəkilməsin.
– Narahat olma, əti bişəndən sonra götürüb qoyaram yerə. Qalan şeyini özün gəlib düzəldərsən.
– Yaxşı!
O, neft plitəsini yandıraraq, xörək qazanını rahatlayıb üstünə qoyandan sonra cəld əl-üzünü yuyub paltarını dəyişdi. Sonra «QAZ-69»a əyləşib getdi.
Mən onun ardınca baxaraq, «briqada... briqada» deyə pıçıldadım. Şəhərdə keçirdiyimiz o sakit günlərdə mən onu bu qədər istədiyimi bilmirdim. Heç mən bu barədə düşünmürdüm də. İşdən gəlib stolun üstünü səliqə ilə düzəlmiş görərək, paltarımı dəyişir, yuyunur, sonra onunla birlikdə nahar edirdim. Nahardan sonra isə, divanda uzanıb qəzetə baxırdım. Hər şeydə bir rahatlıq, bir arxayınlıq var idi. İndisə bütün həyatımı daim irəliyə, əbədiyyətə sövq edən məhəbbətin yaz seli kimi qopub gəldiyi bir zamanda mən onu həmişəlik itirmək qorxusu qarşısında idim. Birdən mənim ağlıma qəribə bir fikir gəldi. O, maşını bərk sürür. Ola bilər ki, yolda qəzaya uğrayıb maşınla birlikdə dərəyə yuvarlansın. Bu yolda elə qorxulu uçurumlar var ki... Onun heç tikəsi də tapılmaz. Bəlkə o zaman mən... mən onun bu həyatda olmadığını və bir zaman olmayacağını, başqası ilə deyib-gülməyəcəyini düşünüb təsəlli tapa bilərəm! Yoxsa, əgər biz ayrılırıqsa, ikimizin də bu dünyada yaşamağımız mənim üçün dəhşət olar...
Lakin bu vəhşi arzunun zühuru yalnız bir an çəkdi. Sonra mən həmin qorxulu uçurumu öz daxilimdə hiss elədim. Məni həyatla bağlayan duyğular sanki ağır bir cismə çevrilib, içərimdə dibsiz bir boşluğa yuvarlanmaqda idi.
O dediyi kimi, düz dörd saatdan sonra qayıdıb gəldi. Kitab bağlamasını maşından çıxardıb çadırın qabağına qoyan kimi paltarını dəyişib xörəklə məşğul oldu. Kartofu doğraya-doğraya:
– Manikürçü qadının əlindən güclə qurtarmışam, – deyə gülümsədi, – buraxmırdı. Deyirdi, axşamçağı gedərsən.
– Nə olardı ki, qalıb axşamçağı gələydin!
– Xörəyi bişirib getsəydim, qalardım.
«Mənim narazılığıma baxmayaraq, o yenə də manikürçülərlə görüşmüşdü və bunu məndən gizlətmədi... Bəlkə manikürçü qadın da, qızı da yaxşı adamlardır. Lakin, əgər mən öz arvadımın onlara getməsini istəmirəmsə, demək, o, bununla hesablaşmalı idi. İctimai həyatda olduğu kimi, ailədə də böyük-kiçik olmalıdır. «Nə üçün bu böyük məhz o yox, sən olmalısan?» deyə soruşa bilərdilər. İndi keçmiş patriarxal həyat-zad deyil ki?! Doğrudur. Amma ona görə mən olmalıyam ki, yaşım da, savadım da, düşüncəm də onunkundan artıqdır! Aydındırmı? Heç bir ağıllı kapitan sükanı təcrübəsiz, gənc bir adamın əlinə verməz. Lakin mən nahaq yerə əsəbiləşirəm. Mənim sükandan bərk-bərk yapışmağımın artıq bir qara qəpiklik əhəmiyyəti yoxdur. Həyat öz işini görməkdədir. Məndə gənc bir qadına lazım olan cəhətlərin hamısı: sağlam gənclik, gözəllik, ağıl, namuslu əmək qabiliyyəti var idi. Mən daha nə etməli idim?! Mən istəsəydim, Səriyyədən də yaxşısı ilə evlənə bilərdim, lakin bu «yaxşı» mənim üçün ancaq ondan, onun bütün varlığından ibarət idi. Əsl məsələ də burasında idi. Əgər mən bir çarə tapıb, bu lənətə gəlmiş hissi məhv edə bilsəydim, başqa dünyaya, şübhəsiz, yol tapardım. Əgər mən min bir gecə qəhrəmanları kimi dəmir qapıları sındırmaq, cadugərləri parçalamaq iqtidarında olsaydım, bu tilsimdən çıxa bilərdim. Təəssüf ki, bunların heç biri mümkün deyildi. Mən cəmi bir neçə il ömrü olacaq məlun bir hissə qalib gələ bilmirdim. Mən ona mehriban, şirin sözlər söyləməyə çalışdıqca, öz-özümə gülür, öz gücsüzlüyümə istehza edirdim. O, tamam sakit halda qaşıqla xörəkdən az-az götürüb ağzına apardıqca mən yanıb tökülürdüm... Onun hər hərəkəti cazibədar və amansız idi.
Nahardan sonra o soruşdu:
– Daha bir şey lazım deyil ki?
– Çox sağ ol, heç nə lazım deyil.
– Onda hələlik, – deyə rayon mərkəzindən gətirdiyi bağlamanı götürüb getdi.
Mən bilirdim ki, hər bir gənc adamın ictimai pillələri qalxması müəyyən dərəcədə onun ailə həyatı ilə əlaqədardır. Bilirdim ki, minlərlə ağıllı adamları cəmiyyət gözündən salan, onu yüksəlməyə qoymayan ailədə baş verən rəzalətlər olmuşdur. Ona görə də mümkün qədər soyuqqanlı hərəkət etmək, yüz ölçüb, bir biçmək, onun hər bir davranışını, hərəkətini dərindən təhlil edib dürüst nəticə çıxararaq, xəstəliyin qabağını vaxtında almaq lazım idi. Bu saat mənim üçün ən düzgün yol Səriyyədən rəsmi surətdə ayrılmaq idi. Lakin bu mümkün deyildi. Birincisi, ona görə ki, Səriyyə körpüsalanlardan ayrılıb getmək fikrində deyildi... İkincisi, ona görə ki, məndən ayrılandan sonra onun buldozerçi ilə nə münasibətdə olacağını bilmirdim. Üçüncüsü, ona görə ki, sadəcə olaraq, ondan əl çəkməyə gücüm çatmırdı.
Kitabxana.az · https://kitabxana.az/works/ilyas-efendiyev-adil-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bayram babam qəza milis rəisi olandan sonra Qızılbaşoğlu Alı kimi, Hacı kimi, Əhmədalı kimi atıb-vurmağı, yaxşı at minməyi bacaran igid oğlanlardan başına toplayıb dağlarda, meşələrdə yurd salan oğru-əyri qaçaqlarla mübarizəyə başlamışdı. İnqilabdan əvvəl bizdə iki cür qaçaq olurdu. O adamlar ki, hökumətin, yerli bəylərin, ağaların zülmündən qaçıb qaçaq olurdu, onların kasıb-kusubla, camaatla işi olmurdu. Əksinə, Nəbi kimi, Süleyman kimi qaçaqların, yeri gələndə, kasıblara köməkləri də dəyirdi. Amma elələri də olurdu ki, oğurluq üstündə, başqalarına haqsız ziyan vurmaq üstündə qorxub qaçaq olurdular. Belələrinə hamı nifrətlə baxırdı. Birinci növ qaçaqları babam sülhlə üzə çıxarmağa çalışırdı. İkinciləri isə dağda-dərədə hərləyib, nəhayət, tuturdular. Bir dəfə Bayram babam pul üstündə bir seyidi öldürdükləri üçün iki nəfəri tutub gətirmişdi. Sonra dedilər ki, onları camaatın qabağında güllələyəcəklər. Həmin gün Fatma nənəmlə birlikdə mən də getmişdim tamaşaya. Şəhərin ortasındakı meydana çoxlu adam yığılmışdı. Yeddi-səkkiz nəfər əlitüfəngli hazır dayanmışdı. Fatma nənəm arvadların içində, yerdə oturmuş qoca bir qarını göstərib dedi:– Həmin öldürülən seyidin anasıdı bu arvad.
Yenə də Nuru dayımBir yaz günü bir də gördük Nuru dayım üç tüfəngli milislə, atlı gəldilər bizə. Atam bazardaydı. Anam dayımı görəndə, yəqin ki, Bayram babama görə gözləri yaşardı. Nuru dayımın gözlərindən bir-iki damcı sakit halda üzüaşağı yuvarlanırdı. Mən yüyürüb dayımın gəldiyini Fatma nənəmə xəbər verdim. Arvad qılçaları bir-birinə dolaşa-dolaşa mənimlə gəldi bizə, Nuru dayımın bir neçə saniyə arvadın üstündə dayanan baxışlarında buz kimi soyuq bir şey hiss elədim. Yəqin buna görədir ki, arvad özünü itirib bir söz demədi. Oğlu da bir söz demədi. Mən pərt oldum. Fatma nənəmə yazığım gəldi. Dayımın «yaxşı qulluqda» olmağı da, üç atlı milislə, tüfəngli gəlməyi də gözümdən düşdü. Dayım mənə yad və qəddar göründü.Hamısından betəri də bu oldu ki, səhəri gün Fatma nənəmgilə gedəndə içəridə dayımın qəzəbli səsini eşidərək ayaq saxladım. O, nənəmə deyirdi:
Mənim cənnətimMən bu azca ömrümdə birinci dəfə olaraq insanların rəftarında, bu dünyaya gəlmələrində anlaşılmaz bir uyğunsuzluq və bu uyğunsuzluğu daim müşayiət eləyən acı, biganə bir kədər hiss edirdim. Və başa düşmürdüm ki, nə üçün adamların gülüşü, sevinci mənə süni görünür? Mənə sirayət eləmir?Mən bu aləmə qaynayıb-qarışa bilmirdim. İman kişi gündüz qonşulara kəhrizdən su daşıyıb, gecələr öz aləmi ilə məşğul olduğu kimi, mən də gündüz məktəbə gedir, dərslərimi öyrənir, anamla atamın söhbətlərinə qulaq asıb, gecələr öz otağımda tək qaldıqda öz aləmimlə məşğul olurdum. Bu aləm isə qəribə idi. Fatma nənəm mənə nağıl eləmişdi ki, Firon qərara gəlib ki, gərək yer üzündə də Allahın behişti kimi bir behişt düzəltsin. Firon həmin behiştin torpağını mirvari, ləl-cəvahirat elətdirir, meyvə ağaclarının yarpaqlarını qızıl elətdirir, ab-kövsər kimi şirin bulaq düzəltdirir. Bir sözlə, əsil cənnət yaradıb, dünyanın gözəl qızlarından da gətirdib, huri elətdirir. Və bu cənnət Allahın o qədər xoşuna gəlir ki, əmr edib onu göyə çəkdirir.
Səriyyə və dünyanın ən gözəl duyğularıVəziyyətimiz çətin keçirdi. Ancaq xüsusi ticarətə hökumət icazə verdikdə atam anamın üstündəki qızıl şeylərdən satıb əlində maya eləyərək yenə də xırda dəmir-dümür alverinə başladı. (Mən sonradan bildim ki, bu ticarətə-filana da icazə verilməsi yeni iqtisadi siyasətin nəticəsində imiş...)Vəziyyətimiz bir ara babatlaşdı. Mən dördüncü sinfə keçdiyim ilin yayı bərk isti olduğundan atam bizi Şuşa qalasına apardı. Fatma nənəm isə evimizdə qaldı. Biz anamın xalası Bəyaz xanımgilə düşdük.