Bizim yaylağa köçməyimiz, o taylı qaçaqlar... Cavan Əhmədalının bir toğlunu tək yeməyi, Nuru dayımın törətdiyi işlər və onun acıq eləyib arana qayıtmağı
Səhifə 2 / 4 · 25%
– O biri tərəfdə bir bina görünür, yəqin çayxanadı, gedək ora.
Fatma nənəm bayaqdan bəri birinci dəfə dillənib dedi:
– Bəs Nuru nə biləcək biz ordayıq?
Faytonçu cavab verdi ki, «yəqin o atlılar həmin evi tanıyırlar. Görsələr burada yoxuq, ora dəyməmiş olmazlar». Biz qızmar günəş altında zəbanə çəkən düzün ortasında torpaq yolun üstündəki balaca kərpic çayxanaya çataraq faytondan tökülüşüb girdik içəri. Şüşələri hisdən saralmış tək pəncərədən işıq güclə sızdığı üçün içəri yarıqaranlıq da olsa, sərin idi. Torpaq döşəməyə təzəcə su çiləmişdilər, başlarında tüklü qoyun dərisindən basma papaq, əyinlərində şal çuxa, ayaqlarında yun corabla çarıq olan iki kəndli skamyanın üstündə oturub tər tökə-tökə çay içirdi. Bu istidə onların bu cür geyinməyi məni heyrətləndirirdi. Bacım Mahtaba su içirdib özünə gətirəndə qız iri su parçını qucaqlayıb heç kəsə vermirdi. Biz doyunca su içib sərinləyəndən sonra döşəndik çaya. Bu zaman dayımgil girdilər içəri.
Dayıma kömək eləyənlərin başçısı anama dedi:
– Xoş gördük, bacı.
– Xoş günün olsun, Xanmurad, Allah səni lap vaxtında yetirdi, yoxsa iranlılar bizi qıracaqdılar.
His basmış pəncərədən sızan zəif işıqda Qaçaq Xanmuradın yaraşıqlı sifəti çox solğun görünürdü. O, xəfifcə gülümsəyib dedi:
– Nuru kimi oğul olan yerdə onlar bir qələt eləyə bilməzdi.
Sonra qaşlarını çatıb əlavə etdi:
– Sizə görə qayıtdıq, yoxsa onların birini də sağ buraxmazdıq.
Nuru dayım mis parç dolusu su içib nəşə ilə dedi:
– Mən vurduğum, deyəsən, başçıları idi, amma bilmədim sağ qaldı, yoxsa...
Qaçaq Xanmurad dedi:
– Deyəsən, sağ idi, çünki yoldaşlarının tərkində iki adam oturmuşdu: biri atı vurulan, biri də yəqin güllə dəyən...
Nuru dayım eyni nəşə ilə əlavə etdi:
– Qəsdən adama atmırdım... Yoxsa bir-bir hamısını dənləyərdim.
Çay içən kəndlilərdən biri dayıma dedi:
– Adama atmamaqda yaxşı eləmisən, bala, axı onlar da bizim kimi türkdülər dayna.
Qaçaq Xanmurad dedi:
– Nə təhər – türkdürlər ki, keçib bu taya çapovulçuluğa gəlirlər?
Kişi:
– Ay Xanmurad, – dedi, – keflərindən gəlmirlər ha. Odey, biri sən özün, bəyəm, durduğun yerdə qaçaq olmusan?!
Qaçaq Xanmurad qaşqabaqlı cavab verdi:
– Mən padşahın ucbatından qaçaq olmuşam.
Kişi dedi:
– Onlar da İran şahının ucbatından dərələrə düşürlər.
Qaçaq Xanmurad dedi:
– Mən heç vaxt kasıb-kusuba, arvad xeylağına dəyməmişəm...
Kişi dərindən nəfəs alıb dedi:
– Hər yerdə mərd də var, namərd də...
Elə bu zaman bayırda at ayağının tappıltısı eşidildi, sonra atam içəri girib salam verdi. Qaçaq Xanmurad onu tanıyıb gülümsədi:
– Bu necə işdi, qardaşlıq, sən niyə köçdən ayrı düşmüşdün?
Atam dedi:
– Mənim bir balaca işim var idi.
Sonra Qaçaq Xanmurad qalxaraq anama dedi:
– Bacı, tay biz mürəxxəs olaq. Buradan o yana ehtiyat eləməyin, Gorusa az qalıb.
Fatma nənəm dedi:
– Sağ ol, Xanmurad, ömrün uzun olsun.
Qaçaq Xanmurad atlanıb yoldaşları ilə getdi, lakin mən bütün yolboyu onun haqqında düşünürdüm. Anam atama qoşulub qaçanda Pirağbulaq dərəsində ona necə rast gəldiklərini və Qaçaq Xanmuradın anama boygörüncəyi üzük də bağışladığını Möhnət qarı danışmışdı, bunu anam rəfiqələrinə nağıl eləyəndə də eşitmişdim. Həmin üzük indi də anamın barmağında idi. Qaçaq Xanmuradın həyatı mənim üçün bir müəmma idi. Özü də cazibədar müəmma idi. İndi bizdən ayrılanda da mənə elə gəlirdi ki, o, hara isə əfsanəvi bir aləmə gedir və o aləmdə onu, kim bilir, nələr gözləyir... Qaçaqların ardınca biz də çayxanadan çıxıb yolumuza davam etdik. İndi atam da atını faytonun yanınca sürürdü, özü də heç kiminlə kəlmə də kəsmirdi. Faytonçu Cümşüd iranlılarla olan əhvalatı, bizim azmağımızı ona danışanda, atamın üzündə istehzalı bir təbəssüm yarandı. Bu, o demək idi ki, əgər dayım tərslik eləməyib onun sözünə baxsaydı və biz ümumi köç yolu ilə getsəydik, başımıza bu əhvalatlar gəlməzdi.
Çəkdiyimiz əziyyətlərə baxmayaraq, köç yolu ilə gəlmədiyimizə mən təəssüf eləmirdim. Od tutub yanan Gəyən düzü ilə gəlməyimiz də, iranlı quldurlarla rastlaşmağımız da, dayımın onlarla o cür atışması da, sonra Qaçaq Xanmuradın öz dəstəsilə gəlib bizim harayımıza çatması da məndə qəribə bir qürur hissi doğururdu. Elə bil ki, bütün bu hadisələrdə mən özüm də mühüm bir rol oynamışdım, elə bil ki, Qaçaq Xanmuradda, nə isə, mənə yaxın, doğma olan bir şey var idi. Onun yaraşıqlı üzünün solğunluğu, gülərkən görünən ağappaq dişləri, gilənar rəngli diaqonal çuxası, qırmızı ağac qoburlu onatılan tapançası məndə söz ilə ifadə edə bilmədiyim şairanə hisslər yaradırdı. Qaçaq Xanmurad gedəndən sonra atam da, dayım da mənə soyuq, yapışıqsız, hətta yad kimi görünürdülər. Mən istəyirdim ki, anam eyzən onun haqqında danışsın. Hiss edirdim ki, anam onun xətrini istəyir. Mənim duyğularımı anam da duyur. Əlbəttə, mən bütün bunları təhtəlşüur hiss edirdim, yəni bu hisslərim barədə aydın heç nə deyə bilməzdim.
Biz dağlar arasındakı balaca Gorus şəhərinə çatdıqda, Cümşüd şəhərin girəcəyində qolbənd edilib otlağa buraxılan bir neçə yəhərli at görüb faytonu dayandırdı. Yəhərli atların yanında uzanan iki oğlan qalxıb bizə tərəf yüyürdü. Dayım ortaboylu, enlikürək, qumral bığlı oğlandan soruşdu:
– Əhmədalı, çoxdan burdasınız?
Əhmədalı dedi:
– Çoxdan, bir az da gec gəlsəydiniz, gedəcəydik qabağınıza, dedik görən nə olub.
O biri qarabığ, qarasaç, nazik oğlan dayımdan soruşdu:
– Qağa, patrondaşların niyə qabaqdan boşalıb?
Dayım dedi:
– İran qaçaqları ilə davaya düşmüşdüm, Hacı.
Hacı dedi:
– Gərək lap aranacan gələydik qabağınıza.
Dayım nəşə ilə dedi:
– Onsuz da, vaylarını verdik, əvvəl tək özüm bir saat vuruşub qabaqlarını saxlamışdım. Ancaq qəfil Qaçaq Xanmurad dəstəsilə gəlib çıxdı. Mən başçılarını, birinin də atını vurmuşdum.
Hacının gözləri parladı:
– Deməli, qağa, möhkəm atışmısınız...
– Möhkəm. Başıkəsik günbəzəcən qovmuşuq. Uşaqlar günün qabağında qalmasaydı, əl çəkən deyildik.
Əhmədalı soruşdu:
– Neçə nəfər idilər?
Dayım dedi:
– Səkkiz.
Hacı dedi:
– Heyif, orada olmamışıq.
Əhmədalı da, Hacı da tüfəngli, patrondaşlı idilər, ikisinin də ayaqlarında uzunboğaz çəkmə, əyinlərində tərəkəmə arvadlarının əldə toxuduqları yun şaldan pencək, şalvar, başlarında buxara papaq vardı. İkisinin də yaşı iyirmi beşdən artıq olmazdı. Daha Gorusdan Kürdoba yaylağına, ümumiyyətlə, yaylaqlara fayton yolu yox idi, ona görə də, Bayram babamın qardaşı Eyvaz əmi qabağımıza at göndərmişdi.
Atam faytonçu Cümşüdün haqqını verəndən sonra fayton Gorusa getdi ki, gecəni karvansarada qalıb səhər qayıtsın geri.
Biz çəmənlikdə bir qədər dincələndən sonra qalxdıq. Əhmədalı üstündə yumşaq yastıqlı qazağı yəhər olan kəhər madyanı Fatma nənəmin yanına çəkərək bir əli ilə cilovdan, digər əli ilə üzəngidən yapışıb dedi:
– Gəl, bibi!
(Əhmədalı Bayram babamın uzaq qohumu idi. Ona görə nənəmə «xanım» əvəzinə «bibi» deyirdi). Fatma nənəmin ata minməyi həmişə mənə maraqlı görünürdü, elə bil ki, arvadın hey öz-özü ilə danışmağı, dayımdan qorxmağı bu anda yox olub gedirdi, elə bil ki, birdən-birə cavanlaşırdı, zirək olurdu. Nənəm ayağının birini üzəngiyə qoyub, ondan gözlənilməyən yüngüllüklə qalxdı atın belinə.
Hacı da belində təzə ingilis yəhəri olan ürgəni anamın yanına çəkərək dedi:
– Gəl, bacı!
(Hacı da Bayram babamgilin qohumlarından idi. Ona görə «Yaqut xanım» əvəzinə «bacı» deyirdi.) Sonra Əhmədalı atını minib, məni aldı qucağına. Hacı da bacım Mahtabı götürdü və biz Gorusun qabağındakı qəlbi dağın dolaylarını qalxmağa başladıq.
Biz bu dağı qalxdıqca, Möhnət qocanın «Gorusun qaşı» haqqında, Qaçaq Nəbi haqqında danışdığı əhvalatı xatırlayırdım. Mən Əyriqayanın üstündə dayanıb, aynalı tüfəngi əlində silkələyərək üzüaşağı Gorusa tərəf qışqırıb naçalniki hədələyən, qara bığları eşmə-eşmə olan Qaçaq Nəbini görürdüm! Əyriqayadan bir qartal qalxıb Gorusun üzərində dövrə vurdu, mən qartalı göstərib, Əhmədalıdan soruşdum:
– Sən onu buradan güllə ilə vura bilərsən?
Əhmədalı ağ buludların altında dövrə vuran quşa bir neçə saniyə baxıb dedi:
– Mən qartala güllə atmaram, qaqaş!
– Niyə?
– İgid quşdur. İgidə güllə atmağa adamın əli gəlmir.
Mən dedim:
– Nəbi də igid idi, amma Möhnət qoca deyirdi ki, yoldaşı onu yatdığı yerdə vurub.
Əhmədalı kinli-kinli dedi:
– Çünki yoldaşı tülkü kimi qorxaq, mərdimazar köpəkoğlunun biri idi.
Biz dolayları çıxa-çıxa mən soruşdum:
Kitabxana.az · https://kitabxana.az/works/ilyas-efendiyev-bizim-yaylaga-kocmeyimiz-o-tayli-qacaqlar-cavan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir gün atam bazardan həyəcanla gəlib dedi:– Təzə hökumət qurulub, adına da «müsavat hökuməti» deyirlər.
Bayram babama güllə atılması və qoca qaçaqAtamın ticarət işləri də gündən-günə tərəqqi etməkdəydi. O, mal gətirmək və ya mal aparmaq üçün tez-tez Bakıya gedib-gəlirdi.Həmin bu dövrdə anamın malyariyası yenə də başlamışdı. Hər gün bərk titrədib-qızdırırdı. Vurulan iynələrin yerləri də çirk eləmişdi. Həmin yaralar sağalandan sonra doktor Quliyev məsləhət gördü ki, anam bir-iki ay kəndə gedib havasını dəyişsin. Bizim kənd də havası, suyu yaxşı olan, yaylaqsayaq bir yer idi.
Güney Güzdəkdə nələr düşünürdüm...Mən ürəyimin dərinliklərində Qaçaq Xanmurad kimi bir qəhrəman olmağı arzulayırdım. Gecələr yerimə girəndən sonra da bu barədə uzun xəyallara dalırdım. Özümü, neçə atlı-tüfəngli adamı təkbaşına qoyun sürüsünün içindən çıxmağa məcbur eləyən Qaçaq Xanmurad kimi bir igid təsəvvür edirdim. Lakin Qaçaq Xanmuradın bu dəfə anama danışdığı bir əhvalat mənim bu şirin xəyallarımı alt-üst elədi. Qaçaq Xanmurad o tayda (yəni Arazın o tayında) bir düşmənindən necə qisas aldığını nağıl edirdi. O, nəşə ilə danışırdı ki, çiskinli, qaranlıq bir gecədə öz dəstəsilə qəfildən həmin düşməninin alaçığını mühasirəyə alaraq, uşaqdan böyüyə hamını necə gülləbaran eləyib qırıblar...Anam həssas qadın idi. Kiçik bir sarsıntı onun bənizini dərhal soldururdu. İndi bu əhvalatı eşidəndə də rəngi ağardı və o, həyəcanla soruşdu:
Yenə şəhərdəBir neçə gündən sonra babam anamgilə xəbər verdi ki, onu «A» qəzasına rəis təyin eləyiblər. Ona görə də köçüb getdik şəhərə, evimizə...Sonra Bayram babam kürkünün üstündən iki patrondaş çəkdi, gödək beşatılanını doldurdu, ağac qoburlu onatılanını belinə bağlayaraq məşhur kəhər atına minib, Qızılbaşoğlu Alının müşayiətilə «A» qəzasına yollandı. Fatma nənəm babamın ardınca su atdı. Babamı yola salmağa atamla anam da gəlmişdilər. Novruz bayramından keçməsinə baxmayaraq, çöllər hələ ki, qar idi. Anam babamın ardınca baxaraq dedi:
Başqa şairlərin şeirləri
Neçə şərt ilə ölçülərsə camal,Şərt-əvvəldir hüsnə əqlü kamal.
Di gəlsinSənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,
Məlahət gülşənində bir güli-həmrayə həsbəndəmMəlahət gülşənində bir güli-həmrayə həsbəndəm,Fəsahət kişvərində bülbüli-şeydayə həsbəndəm,
Mənə DilbərQız, belə gəzməyin aşıq öldürür,Telindən tel ayır sat mənə, Dilbər!