Yenə şəhərdə
Bir neçə gündən sonra babam anamgilə xəbər verdi ki, onu «A» qəzasına rəis təyin eləyiblər. Ona görə də köçüb getdik şəhərə, evimizə...
Sonra Bayram babam kürkünün üstündən iki patrondaş çəkdi, gödək beşatılanını doldurdu, ağac qoburlu onatılanını belinə bağlayaraq məşhur kəhər atına minib, Qızılbaşoğlu Alının müşayiətilə «A» qəzasına yollandı. Fatma nənəm babamın ardınca su atdı. Babamı yola salmağa atamla anam da gəlmişdilər. Novruz bayramından keçməsinə baxmayaraq, çöllər hələ ki, qar idi. Anam babamın ardınca baxaraq dedi:
– Kişiyə soyuq olacaq.
Atam dedi:
– Soyuq olmaz. Kəhər at onu isti aparacaq, ancaq Allah eləsin ki, qaçaq-quldura rast gəlməsin.
Anam qayğısız cavab verdi:
– Dədəmlə Qızılbaşoğlu yüz adamın qabağıdırlar. Qaçaq-quldur nə qələt eləyə bilər?
Atamla ulduzu barışmayan Fatma nənəm də üzünü başqa səmtə çevirərək kinli-kinli dedi:
– Bəyəm, qaçaq-quldur Bayramı tanımır?!
Mən heç vaxt Bayram babamla Fatma nənəmin qabaq-qabağa oturub danışdıqlarını görməmişdim. Mənə elə gəlirdi ki, bu, elə belə də olmalıdır. Ona görə də, Fatma nənəmin indi babamın ardınca su atmağı mənə qəribə görünürdü.
... Bir azdan havalar qızdı, qar əridi. Çöllərdə yüz cürə çiçəklə dolu göy ot dizə çıxdı. Bizim şəhərin şimal tərəfindən axan Quruçay daşıb göylə getdi. Atam həmişə mənimlə sərt rəftar elədiyi üçün mən yenə də Fatma nənəmin yanında qalırdım. Mən özümü tamam sərbəst hiss elədiyim üçün nadincliyimlə Fatma nənəmi tez-tez cinləndirirdim. O, mənə qışqıraraq:
– Ay irtməkli köpəkoğlu, çıx get dədənin evinə dayna! – deyib əlinə keçəni mənə tolamaz atırdı. Mən də qəhqəhə ilə gülüb kənara qaçırdım. Ancaq yarım saatdan sonra arvadın hirsi sovuşurdu və mən onun dizinin dibini kəsdirərək yalvarırdım ki, nağıl desin. O da yüz dəfə dediyi nağıllardan birini yenə də danışmağa başlayırdı.
Nağıllar həmişə məni öz aləminə çəkib aparırdı. Mən gecələr Quruçayın qıjıltısına qulaq asaraq Məlikməmməd, Əmir Arslan, Koroğlu haqqında düşünürdüm. Əvvəllər daşmış Quruçayın hakim qıjıltısı bu qəhrəmanların mübarizəsindəki igidliyə sanki fövqəladə bir ahəng verirdi. Ancaq mən indi daha Qaçaq Xanmurad haqqında düşünmürdüm. Zərif, solğun təbəssümlü Qaçaq Xanmuradın anama danışdığı amansızlıqlar, arvad-uşağa rəhmsizcəsinə basqını – çadırı atəşə tutmağı onun igidliyini gözümdən salmışdı. Mən xilaskar qəhrəmanlar haqqında düşünürdüm. Mən belə qəhrəmanlar haqqında xəyala dalmaq üçün gecə tez yerimə girmək istəyirdim. Fatma nənəmin gecə-gündüz dua elədiyi Nuru dayımın şahidi olduğum igidlikləri indi məndə xoşagəlməz hisslər oyadırdı. Mən indi hər dəfə, məni dünyada hamıdan çox istəyən Bayram babam haqqında düşünərkən, onun döydürdüyü adamın dəhşətlə alacalanmış gözlərini görürdüm. «Beş körpə uşağım iki aydır pencərlə dolanır...» sözləri qulağımda aramsız səsilənirdi.
Bir dəfə Kəklik xalanın oğlu Həşimin toyu idi. Anam da ən gözəl paltarlarını geyib, qızıllarını, daş-qaşlarını taxaraq məclisdə, qız-gəlin arasında əyləşmişdi. Onun mirvari tacı altından çıxan xurmayı saçları, enli qızıl kəmər çəkilmiş incə beli, durna boynu kimi uzun, ağ boğazı mənə o qədər gözəl görünürdü ki, mən məclisdəki başqa qadınlara deyil, ancaq anama tamaşa edirdim. Bütün qadın toylarında qız-gəlini dartıb oyuna salan, qəribə qaravəllilər söyləyən, gülməli rəqslər eləyən Gülbəs xala anamı nə qədər oyuna çəkdisə də, anam qalxıb oynamadı. Sonra biz evə gələndə anam hirslənib məni o ki var danladı ki, nə üçün məclisdə eyzən ona tamaşa edirdim. «Xalqın uşaqları oynayıb-gülür, sən də oturub gözünü dikmisən mənə». Sonralar başa düşdüm ki, anam məhz mən ona tamaşa elədiyim üçün oynamayıb. Amma anamın o danlağı heç bir zaman yadımdan çıxmadı, çünki mənim heç kəsə məlum olmayan fərəhim təhqır olunmuşdu.
Kitabxana.az · https://kitabxana.az/works/ilyas-efendiyev-yene-seherde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Səhəri gün Nuru dayım Çarvadar Həbibin üçatlı faytonunda gəldi. Çarvadar Həbib dayımın çamadanlarını faytonun dalından götürüb yerə qoydu. İmaş yüyürüb dayıma «xoş gəldin, ağa» deyərək çamadanları qaldırıb apardı evə. Çarvadar Həbib Fatma nənəmə:– Xoş gördük, xanım! – deyib mənə baxaraq gülümsədi (güləndə onun uzunburunlu, bir az da pərtdəgözlü üzü çox gülməli görünürdü, elə bil ki, bu saat, nə isə komik bir hərəkət eləyəcəkdi).
Əfəndi baba və beşaçılan tüfəngBiz evə gələndə Zinyət xəbər verdi ki, Abdulla Əfəndi nökərilə gəlib, atlarını tövlədə qoyub, ağa ilə (yəni mənim atamla) çıxıblar şəhərə. Atamın əmisi Abdulla Əfəndi İstanbulda təhsil almışdı. Qar kimi ağ, uzunsaqqallı, nurlu bir kişi idi. Qarabağın cənub tərəfindəki sünnilərin çox hörmətli ruhanisi idi. Artırmada qırmızı güllü bir xurcun, yanında da divara söykənmiş gödək bir beşaçılan tüfəng vardı. Mən bilirdim ki, xurcun Əfəndi babanındır. Zinyətdən soruşdum:– Bəs bu tüfəng kimindir? Əfəndi babanın nökərinindir?
Doktor İvan Sergeyeviç QuliyevƏn çox xətrini istədiyim adamlardan biri də doktor İvan Sergeyeviç Quliyev idi. Ona görə ki, anamı həmişə o, müalicə edirdi. Özünün də, deyirdilər ki, ayağı sayalıdır. Doğrudan da, o, müalicəyə başlayan kimi anam sağalırdı. Ortaboylu, çənəsində balaca saqqalı olan, həmişə yaxşı geyinən, xoşsifət bir kişi idi, hələ mən bu dünyaya gəlməmiş Bayram babamın dostu imiş. Anamı, Nuru dayımı lap uşaqlıqdan o, müalicə edərmiş. Ona görə də anam, hətta Fatma nənəm də ona ev adamı kimi baxırdılar. O, Qarabulaqda çoxdan yaşadığı üçün azərbaycanca təmiz bilirdi. Həmişə bizə gələndə, mənə də, bacıma da, ya balaca oyuncaq, ya konfet gətirərdi. Bizim bayramımızda anam da həmişə öz bişirdiyi şirin şeylərdən doktora göndərərdi. Kürdobadan, ya babam naçalnik olduğu yerdən bizə ceyran, kəklik, turac gələndə, anam mütləq doktor üçün də pay göndərərdi...Anam bərk xəstə olanda doktor Quliyev gəlib mənimlə, bacımla zarafatlaşa-zarafatlaşa anamı müayinə eləyib deyərdi:
İmaşla Güllü necə qaçdılar...Dayım şəhərdən fışdırıq çala-çala kefikök gəldi, hətta mənə baxıb gülümsədi də. Sonra artırmada, stulda oturub:– Güllü, su gətir, – deyə çağırdı.