Biz evə gələndə Zinyət xəbər verdi ki, Abdulla Əfəndi nökərilə gəlib, atlarını tövlədə qoyub, ağa ilə (yəni mənim atamla) çıxıblar şəhərə. Atamın əmisi Abdulla Əfəndi İstanbulda təhsil almışdı. Qar kimi ağ, uzunsaqqallı, nurlu bir kişi idi. Qarabağın cənub tərəfindəki sünnilərin çox hörmətli ruhanisi idi. Artırmada qırmızı güllü bir xurcun, yanında da divara söykənmiş gödək bir beşaçılan tüfəng vardı. Mən bilirdim ki, xurcun Əfəndi babanındır. Zinyətdən soruşdum:

– Bəs bu tüfəng kimindir? Əfəndi babanın nökərinindir?

– Yox, – dedi, – Əfəndi babanın özününküdü.

Mən təəccüblə anamdan soruşdum:

– Əfəndi baba tüfəng niyə götürür?

Anam dedi:

– Çünki dədəngilin kəndində Əfəndi uşağıyla Hacı Vəli uşağının arasında qanlılıq var. Əfəndi baban yoldan ehtiyat eləyir.

– Məgər düşmənləri ilə qabaqlaşsalar, Əfəndi baba da atışacaq?!

– Əlbəttə!

– O cür qoca adam?..

– Qocalığına nə baxırsan? Zirək kişidi baba.

Bir azdan əynində tünd şal parçadan tikilmiş çuxanın altında tünd rəngli, zərif parçadan uzun arxalıq, arxalığın üstündən ağ ipək qurşaq, başında qaragül dəridən uzun papaq, ayaqlarında şibilit çəkmə olan Əfəndi baba cavan nökərinin və atamın müşayiətilə yaşının səksəni adlamasına baxmayaraq, çevik hərəkətlə pilləkəni qalxıb, anama:

– Xoş gördük bala – deyərək mənim və bacımın üzündən öpdü.

Onun nökəri dərhal mis aftafanı su ilə doldurub pilləkənin başında hazır durdu, Əfəndi baba da çuxasını, corablarını çıxarıb, ayaqlarını yuyub dəstəmaz alandan sonra bizim qonaq otağımıza gedib xalının üstündə namaza başladı. Anam mənə və bacıma tapşırdı ki, səs salmayaq. Mən pəncərənin qabağında dayanıb babamın namaz qılmağına tamaşa eləyirdim, onun pıçıltı ilə nələr dediyi mənə məlum olmasa da, bəzən yarıqapalı, bəzən tavana zillənən gözlərində, uzun, ağsaqqallı üzündə duyduğum sakit, işıqlı ifadə mənim üçün sirli bir aləm idi. Mən öz-özümə deyirdim: «Baba Allahla danışır...» Fatma nənəm deyir ki, Allah gözəgörünməzdir. Bəs nə üçün Əfəndi baba tez-tez göyə baxaraq danışır? Orada nə görür?

Mən onu da başa düşmürdüm ki, nə üçün şiə olan Fatma nənəm namaz qılarkən əllərini yanına salır, amma sünni olan Əfəndi baba əllərini döşündə bir-birinin üstünə qoyur? Bunların mənası nədir? Və nə üçün yaşı səksəni keçmiş Əfəndi baba hər namazda bu qədər əyilib-qalxır? Əlləriylə bu cür hərəkətlər eləyir?

Sonra Əfəndi baba sakit, xoş bir avazla Quran oxudu, sonra salavat çevirərək qalxıb ipək döşəkcənin üstündə əyləşdi. Atam da gəlib onun yanında, döşəkcənin üstündə oturdu. Cavan nökər o saat xurcundan balaca, ağ bir süfrə çıxararaq gətirib babamın qabağına saldı, sonra yenə oradan armudu bir stəkan çıxarıb, aşağı başda dızıldayan samovardan tünd çay tökərək gətirib qoydu babanın qabağına. Əfəndi baba atamla söhbət eləyə-eləyə iki stəkan çay içəndən sonra həmin oğlan heç nə soruşmadan xurcundan acıtmalı çörək, soyutma toyuq, yumurta, pendir çıxararaq gətirib düzdü babanın qabağına.

Əfəndi babanın qabaqkı gəlişlərindən mənə məlum idi ki, anam şiə olduğu üçün o bizdə xörək yemir.

Mənim anam vasvasılıq dərəcəsində təmizlik sevən bir qadın idi. Niyə, hansı səbəbə görə Əfəndi baba onun əli dəyən xörəyi yeməyi günah hesab edirdi? Və bu günah nədən ibarət idi? Madam ki, anamı da, Əfəndi babanı da bir Allah yaradıb, bəs bu ayrı-seçkilik nə üçündür? Orası da qəribə idi ki, Əfəndi babanın bu hərəkəti anamın xətrinə dəymirdi, elə bil ki, o bunu təbii şey hesab edirdi. Mənim üçün bir də o çox maraqlı idi ki, atam Əfəndi babanın yanında özünü xalis bir xidmətçi kimi aparırdı, onun yanında papiros da çəkmirdi, onunla ehtiyatla danışırdı.

Əfəndi baba ilə atamın söhbətindən başa düşürdüm ki, kəndimizdəki ədavət padşah hökumətinin yıxılması ilə indi hökm sürən «hürriyyətliklə» əlaqədar olaraq daha da qorxulu olmuşdur. Tez-tez tayfalar arasında atışmalar olur, kəndin bu tərəfindən o biri tərəfinə keçmək mümkün deyil. Əfəndi baba neçə dəfə barışıq eləmək istəyibsə də, bir nəticəsi olmayıb. Yenə də açıq və ya gizlin şəkildə adam vurmaq davam edir. İş o dərəcəyə çatıb ki, qənd-çay, ayın-oyun almaq üçün Əfəndi baba özü gəlməyə məcbur olub, oğlanlarını göndərməyə ürək eləməyib.

Sonra Əfəndi baba atama tapşırdı ki, o da sərvaxt olsun. Gecə artırmada çıraq işığında oturmasın.

Səhər atam Əfəndi babanın bazara getməsinə razı olmayaraq, özü gedib hər nə lazımdısa aldı. Əfəndi baba anama razılıq eləyərək nökərilə yola düşüb getdi. Mən də babamgilə qaçdım. Fatma nənəm artırmada, taxtın üstündə bikef-bikef oturub qarşısına baxırdı. Müştüyü əlində tüstülənirdi. Mən təəccüb edirdim ki, dayım Şuşada olanda nənəm gecə-gündüz ona dua elədiyi halda, bəs niyə indi onun gəlişinə sevinmir? Əgər sevinirsə, niyə bunu izhar eləyə bilmir? Niyə ondan çəkinir? Elə bil ki, arvad eyzən bir xof içindəydi.

Mən onlara gedəndə dayım evdə yox idi. İmaş bağda, bostanda işləyirdi. Güllü evləri silib yığışdırırdı. Birdən dayım tələsik gəlib mənə də əhəmiyyət vermədən nənəmdən pul istədi. Arvad da evdən iki kağız pul gətirib verdi. Dayım pulları alıb dedi:

– Bu azdır, yeri yenə gətir.

Nənəm gedib bir kağız pul da gətirdi. Dayım bu pulu da alıb arvadın üstünə qışqırdı:

– Niyə qəpik-qəpik gətirirsən? Qıymırsan mənə? Yeri yenə gətir!

Nənəm and içdi ki:

– Ta yoxdu.

Dayım arvada acı sözlər deyərək iti addımlarla getdi və bu hadisə mənə o qədər pis təsir elədi ki, uzun zaman nənəmin gözlərinə baxa bilmədim, ancaq arvad taxtın üstündə oturaraq müştüyünü tez-tez dərindən sümürürdü, üzündə də elə bir ifadə vardı ki, elə bil, heç nə olmamışdı. Mən ona bir söz deməyərək qaçdım bağa, İmaşın yanına. İmaş ağacların dibini belləyir, balaca arxların içini təmizləyirdi. Dayım gələndən bəri o da tutqun olmuşdu. Mənə soyuq bir nəzər salıb soruşdu:

– Nə olub, qaqaş, dayın niyə acıqlanırdı?

Nə üçünsə mən özümü günahkar hiss edərək yavaş səslə dedim:

– Pul istəyirdi.

İmaş daha heç nə demədi. Birdən mən ondan soruşdum:

– Axı dayım pulu neyləyir? Evdə yeməyə hər şeyi var, pal-paltarı da bəsdi deyincədi.

İmaş gözləri işində olduğu halda dərindən nəfəs alıb:

– Necə neyləyir, qaqaş? – dedi, – cavan ağadı, şəhərdə gözəl malakan qızları var, gözəl restoranlar var...

Mən hərarətlə soruşdum:

– Qızlara niyə pul verir?

Deyəsən, İmaş dediyinə peşman oldu:

– Zarafat eləyirəm, qaqaş... Sən uşaqsan, böyüklərin işinə qarışma, yaxşısı budu atana de, sənə dəftər-karandaş alsın, gətir sənə oxuyub-yazmaq öyrədim.

Mən İmaşa cavab verməyərək uzaqlaşdım. Dayımın nənəmə acıqlanmağı mənə o qədər ağır gəlirdi ki, qayıdıb arvadın yanına gedə bilmirdim. Həyətdə veyillənir və aralıdan gözaltı nənəmə tamaşa edirdim, o, hey papiros çəkir və öz-özünə danışırdı.

Sonra nənəm mənə dedi:

– Get evinizə, axşam düşür.

Nənəm mənə heç vaxt deməzdi «get evinizə», ancaq indi deməyinə də pərt olmadım. Mən dərk edirdim ki, arvad bunu məhz Nuru dayım burada olduğu üçün deyir. Nənəm hiss edir ki, dayımın gəlişilə burada yaranan ab-hava məni sıxır.

Mən evimizə gələrək dayımın nənəmə acıqlandığını anama danışdım. Anam əsəbiləşdi:

– Təqsir arvadın özündədir, – dedi, – niyə onun törətdiyi işləri kişiyə demir? Niyə gizlədir? Nə qədər deyirdim, – bunu az ərköyün elə, elədiyi işləri dədəmə de, qoy qabağını alsın, – hesabı içəri verirdi.

Mən dedim:

– Fatma nənəm dayımdan qorxur.

Anam dedi:

– İndi, əlbəttə, qorxar, gərək uşağın vaxtında qabağını alasan.

Birdən fikrimə gəldi ki, bəlkə atam buna görə mənimlə həmişə sərt rəftar edir, hər şeydən ötrü məni danlayır? Ancaq mən heç bir pis iş görmürdüm. Mən onu da heç cürə təsəvvür eləyə bilmirdim ki, bir zamanlar mən də anamı söyə bilərəm. Anam heç zaman məni öpüb-oxşamazdı, məni nazlandırmazdı. Ancaq bununla bərabər, ürəyimin dərinliklərində mənim üçün ondan əziz adam yox idi. Mən bir də Bayram babamı çox istəyirdim. Lakin Bayram babamsız aylarla qalırdım, anamdan dörd-beş gün ayrı qalmağı ağlıma gətirə bilmirdim. Son vaxtlar anam tez-tez xəstələnirdi, bu da mənə gizli bir dərd olmuşdu. Anamın titrətməsi, Zinyətin yorğanları onun üstünə tökməsi, sonra qızdırmaya düşüb gözlərinin alışıb-yanması, üzünün qızarıb pörtməsi, bəzən sayıqlaması mənim həyatımın ən qüssəli, ən sıxıntılı anları idi. Mən bir küncdə qısılıb anamın qızdırmadan necə əzab çəkdiyinə tamaşa eləyə-eləyə göz yaşı tökürdüm və çalışırdım ki, bu göz yaşlarımı heç kəs, birinci növbədə, atam görməsin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Yolda yaxalanmış naməlum şəhərli

Bayram babam Qarabulağa gəlməsindən istifadə eləyərək indi qışlaqda olan anası Səkinəni gedib görmək istədi. Mən həvəsə düşərək babama yalvardım ki, qoysun mən də gedim, babam heç bir zaman mənim sözümü, xahişimi rədd etməzdi. Dedi:– Yaxşı, gedək.

3 dəq
Çarvadar Həbib

Bayram babam bu söhbətin üstündən keçərək zarafatyana soruşdu:– Həbib, yenə dörd aşıqla aran sazdı?

3 dəq
Qara damın vahiməsi

Biz Kürdoba qışlağına çatanda toran qovuşurdu, yeraltı damların qapılarında qalanmış ocaqlardan gərmə tüstüsünün iyi duyulurdu. Mal-qara kəndə qayıdırdı, inəklərin, buzovların səsi bir-birinə qarışmışdı, itlər hürüşürdü. Qışlağın böyründəki sarıtikanlı düzdə çılpaq dəvələr otlayırdı. Qoyun-quzu isə, yəqin ki, qışlaqdan on beş-iyirmi kilometr aralıdakı Haramılarda idi.Fayton babamgilin dədə-baba damına çatıb dayandı. İtlər qəzəblə hürə-hürə faytonu dövrəyə aldı. Eyvaz əmigilin alabaşı Bayram babamı tanıyıb, quyruğunu buladı. Eyvaz əmi və qonşu damlardakı kişilər yüyürüb: «Ay it! Ay it!» – deyə itləri qovdular. Səkinə qoca da, Fatma nənəm də, Eyvaz əminin arvadı da, tanımadığım başqa yaşmaqlı qonşu gəlinləri də mənim üzümdən öpdülər.

15 dəq
Nuru dayımın qəribə macərası

Anamın bişirdiyi cücəli plovu, ətirli dovğanı böyük bir iştaha ilə, ləzzət çəkə-çəkə yeyəndən sonra dayım, balaca armudu stəkandakı çayın rənginə zövq ilə nəzər yetirib anamla, atamla danışmağa başladı:– Biz, yəni mən və dostum Alay müsavat ordusunun hesabına ələ keçirdiyimiz tüfəngləri, patronları, tapançaları aparıb İranda satmaq qərarına gəldik. Bunu bizə İranda yaşayan kontrabandaçı bir türkmən məsləhət gördü. Onun xüsusi qayığı vardı. Bakıya, Həştərxana, İrana gizli mal aparıb gətirirdi. Bizi inandırdı ki, onun köməyi ilə bütün silahları xatasız, əngəlsiz aparıb İran kürdlərinə sata bilərik.

20 dəq

Başqa şairlərin şeirləri