Ən çox xətrini istədiyim adamlardan biri də doktor İvan Sergeyeviç Quliyev idi. Ona görə ki, anamı həmişə o, müalicə edirdi. Özünün də, deyirdilər ki, ayağı sayalıdır. Doğrudan da, o, müalicəyə başlayan kimi anam sağalırdı. Ortaboylu, çənəsində balaca saqqalı olan, həmişə yaxşı geyinən, xoşsifət bir kişi idi, hələ mən bu dünyaya gəlməmiş Bayram babamın dostu imiş. Anamı, Nuru dayımı lap uşaqlıqdan o, müalicə edərmiş. Ona görə də anam, hətta Fatma nənəm də ona ev adamı kimi baxırdılar. O, Qarabulaqda çoxdan yaşadığı üçün azərbaycanca təmiz bilirdi. Həmişə bizə gələndə, mənə də, bacıma da, ya balaca oyuncaq, ya konfet gətirərdi. Bizim bayramımızda anam da həmişə öz bişirdiyi şirin şeylərdən doktora göndərərdi. Kürdobadan, ya babam naçalnik olduğu yerdən bizə ceyran, kəklik, turac gələndə, anam mütləq doktor üçün də pay göndərərdi...

Anam bərk xəstə olanda doktor Quliyev gəlib mənimlə, bacımla zarafatlaşa-zarafatlaşa anamı müayinə eləyib deyərdi:

– Bir şey yoxdur, bir az soyuq dəyib... Dörd-beş günəcən keçib gedər.

Onda, elə bil, mən dünyaya təzədən gəlirdim. Mən inanırdım ki, anam sağalacaq. Bir də doktor Quliyevi mən ona görə ürəyimdə çox istəyirdim ki, həmişə bizə gələndə qızıl eynəyi ardından mənə baxıb, gülümsəyərək:

– Yaqut xanım, – deyirdi, – sizin bu oğlunuzun necə ağıllı gözləri var.

Həmişə də doktorun bu sözü ürəyimi kövrəldirdi, çünki mənə elə gəlirdi ki, atam məni səfeh hesab eləyir. Anamın ən yaxın rəfiqəsi Məhbub xanım da həmişə anama deyərdi ki, «Muradın gözləri elə bil səninkidir». Həmişə atam «fərsiz, heç zadın otu» deyib məni danlayanda, mən doktor Quliyevin və Məhbub xanımın sözlərini xatırlayardım və bu da mənə gizlin bir təsəlli olardı.

Nikolay padşahın taxtdan salındığı günlərdə doktor Quliyev həyəcanla bizə gəlib atamgilə dedi:

– Bəlkə siz mənə kömək eləyəsiniz, çıxım gedim Rusiyaya.

Atam soruşdu:

– Nə üçün, doktor?

Həkim dedi:

– Sizin camaat çarın əlindən çox acıqlıdır, mən də ki rus, qorxuram...

Atam onun sözünü yarımçıq kəsib dedi:

– Nə danışırsınız, doktor? Siz hara, çarın çinovnikləri hara?.. Bəyəm çarı taxtdan yıxan elə rusların özü döyül?!

Anam da əlavə etdi ki:

– Nə üçün ürəyinizə heylə şey gəlir, doktor? Bizim camaat sizə öz doğma adamı kimi baxır, sizin xətrinizi istəyir.

Atam dedi:

– İstəyirsiniz, köçün bizim evlərin birinə...

Doktor dərindən nəfəs alıb dedi:

– Mən özüm də bilirəm ki, xalq məni sevir, ancaq dedim... birdən...

Atam dedi:

– O barədə ürəyiniz buz kimi olsun, doktor, sizə toxunmaq heç kəsin ağlına da gəlməz.

Anam dedi:

– Siz heç kasıblardan pul-zad almırsınız.

Doktor dedi:

– Mən sizin xalqınızı sevirəm.

Anam dedi:

– Buna heç kəsin şübhəsi olmaz, özünüz görürsünüz ki, burada olan malakanlara heç qaçaq-quldur da toxunmur, çünki biz onlardan pislik görməmişik, camaata hər nə eləyib naçalniklər, pristavlar eləyib.

Doktoru mən özümüzə o qədər yaxın bilirdim ki, indi onun bizim adamlar sarıdan təşvişə düşməsini anlaya bilmirdim. Mən dilimizin, dinimizin ayrı olduğunu bilsəm də, xalqların – azərbaycanlıların, rusların, gürcülərin, daha nə bilim, kimlərin bir-birindən tamam ayrı olduqları barədə heç zaman düşünməmişdim.

Mən heç vəchlə bizim camaat arasında doktor İvan Sergeyeviçi incidəcək adam təsəvvür eləyə bilmirdim. Mən «sizin xalq», «bizim xalq» sözlərini birinci dəfə eşidirdim. Zehnimdəki bu qarmaqarışıqlığa baxmayaraq, atamgillə söhbətindən sonra doktorun rahat nəfəs aldığını hiss eləyib çox sevindim. Doktor gedəndə atam ona təkrar dedi:

– İvan Sergeyeviç, ürəyiniz lap arxayın olsun. Heç kəsin sizinlə işi olmaz.

Atamın bu sözləri məni fərəhləndirdi. Atamın bu sözləri möhkəm inamla, doktoru ürəkdən istəyərək dediyini mən hiss edirdim.

Doktor arxayın halda qalxıb getdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Narahat qocaların məşvərəti

Həmin bu vaxtlarda Bayram babam öz bağlarında tikdirməyə hazırlaşdığı evin işi üçün gəlmişdi. (Özü faytonda əyləşmişdi, iki nəfər strajnik və Qızılbaşoğlu onu müşayiət edirdi). Babam istəyirdi ki, indiki birmərtəbəli evi sökdürüb yerində ikimərtəbəli, böyük evlər tikdirsin. Bunun üçün qapıya guşə daşı, qum daşınırdı. Bayram babamın gəldiyini eşidib qazı ağa ilə şəhərimizdə məhkəmə sədri olan Balaş bəy görüşə gəlmişdilər. Onlar yeni hökumətin taleyi ilə maraqlanırdılar. Söhbət bu barədə gedəndə Bayram babamın üzü qayğılı göründü və o, papiros yandıraraq dedi:– Bilirsiniz, əgər xaricdən kömək olmasa, Müsavat hökumətinin işi çətin olacaq. Düzdür, indi biz əsgər toplayırıq, qoşun təşkil edirik, ancaq bununla iş qurtarmır. Qoşuna silah lazımdı, hərbi işi yaxşı bilən adamlar lazımdı. Bu saat biz köməksiz uşaq kimiyik.

2 dəq
Yolda yaxalanmış naməlum şəhərli

Bayram babam Qarabulağa gəlməsindən istifadə eləyərək indi qışlaqda olan anası Səkinəni gedib görmək istədi. Mən həvəsə düşərək babama yalvardım ki, qoysun mən də gedim, babam heç bir zaman mənim sözümü, xahişimi rədd etməzdi. Dedi:– Yaxşı, gedək.

3 dəq
Çarvadar Həbib

Bayram babam bu söhbətin üstündən keçərək zarafatyana soruşdu:– Həbib, yenə dörd aşıqla aran sazdı?

3 dəq
Qara damın vahiməsi

Biz Kürdoba qışlağına çatanda toran qovuşurdu, yeraltı damların qapılarında qalanmış ocaqlardan gərmə tüstüsünün iyi duyulurdu. Mal-qara kəndə qayıdırdı, inəklərin, buzovların səsi bir-birinə qarışmışdı, itlər hürüşürdü. Qışlağın böyründəki sarıtikanlı düzdə çılpaq dəvələr otlayırdı. Qoyun-quzu isə, yəqin ki, qışlaqdan on beş-iyirmi kilometr aralıdakı Haramılarda idi.Fayton babamgilin dədə-baba damına çatıb dayandı. İtlər qəzəblə hürə-hürə faytonu dövrəyə aldı. Eyvaz əmigilin alabaşı Bayram babamı tanıyıb, quyruğunu buladı. Eyvaz əmi və qonşu damlardakı kişilər yüyürüb: «Ay it! Ay it!» – deyə itləri qovdular. Səkinə qoca da, Fatma nənəm də, Eyvaz əminin arvadı da, tanımadığım başqa yaşmaqlı qonşu gəlinləri də mənim üzümdən öpdülər.

15 dəq

Başqa şairlərin şeirləri