Çarvadar Həbib
Bayram babam bu söhbətin üstündən keçərək zarafatyana soruşdu:
– Həbib, yenə dörd aşıqla aran sazdı?
Həbib güldü:
– Bəy, məni utandırırsınız...
Mən atamgildən eşitmişdim ki, Çarvadar Həbib bərk qumarbazdı. Özü də toylarda məzəli oyunları ilə məşhurdur. Onu da bilirdim ki, atam anamı götürüb qaçanda həmin bu Həbibin faytonunda (bəlkə də elə bu faytonda) gediblər.
Bir vaxt Həbibin üç faytonu var imiş. Onda adına «Çarvadar Həbib» deyərmişlər. İndi faytonun ikisini atları ilə uduzmuşdu, qalmışdı biri. Ona görə də indi adına aradabir «Faytonçu Həbib» deyirdilər.
Biz sükut içində yolumuza davam edirdik. Ucsuz-bucaqsız Qarabağ çölləri ilə faytonda getmək mənə ləzzət verirdi. Bayram babam dedi:
– Həbib, deyirlər, sənin pəsdən yaxşı oxumağın var, yavaş-yavaş de gəlsin.
– Mənə sataşırlar, bəy, oxuyan deyiləm.
Mən başa düşdüm ki, Həbib babamın yanında təvazökarlıq eləyərək belə deyir.
Babam dedi:
– Yaxşı... Yaxşı... Bir-iki ağız de görək.
Həbib pəsdən oxumağa başladı:
Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı,
Nə də bu aləm dil müğəyyədi-qəm olaydı.
Doğrusu, bu qədər həzin, bu qədər təsirli oxumaq faytonçu Həbibin uzun burnuna, bir az pörttə gözlərinə, atların cilovundan yapışan, günəşdən, ayazdan yanıb qaralmış iri əllərinə heç yaraşmırdı.
Yönü o yana olduğu üçün mən onun üzünün indi nə cür ifadə aldığını görmürdüm. Amma onun ürəyindən gələn kədəri, qəmi hiss edirdim. Bu kədərlə, onun toylarda məzəli hərəkətlərlə oynayıb tay-tuşunu güldürməyi mənim xəyalımda anlaşılmaz bir mənzərə təşkil edirdi. Mən onu da anlaya bilmirdim ki, faytonçu Həbibin bu qədər qəmli, bu qədər həzin oxumasına səbəb nədir?
O, oxuyub qurtaranda babam soruşdu:
– Deyəsən, Xurşidbanunun sözləridi...
Həbib dərindən nəfəs alıb dedi:
– Bəli, Xan qızının sözləridi... Allah rəhmət eləsin... Mənim atam onun mehtəri olmuşdu. Atamın yeddi qızı var idi. Hamısını Xan qızı özü cer-cehizlə ərə verdi. Onun sayəsində hərəsi bir ev-eşik sahibi oldu. Yoxsa rəhmətlik atamın nəyi vardı ki?
Həbib şallağını havada şaqqıldadaraq atları tərpədib sözünə davam etdi:
– Mən balaca uşaq idim, hər bayramda Xan qızı hərəsi səkkiz-doqquz vedrə su tutan böyük mis qazanlarda zəfəranlı plov paylayardı. Novruz bayramında yoxsulların evinə un, düyü, şirniyyat göndərərdi. Allah rəhmət eləsin, bu sözdən deyildi Xan qızı. Atam danışardı ki, Xan qızı o suyu Şuşa qalasına çəkdirənə qədər camaat şirin suya həsrət idi.
Babam dedi:
– Deyirlər, Xan qızı cavanlıqda çox gözəlmiş.
– Bəli, atam danışardı ki, çox zərif zənən idi.
Lotuluqda, qumarbazlıqda ad çıxaran Çarvadar Həbibin şairə haqqında bu cür hərarətlə, ədəblə danışması sonralar (yəni mən şeirin nə demək olduğunu anlayanda) yadıma düşəndə mənə çox təsir eləyirdi, mən hiss edirdim ki, ömrü bu tozlu yollarda fayton sürməklə, atlara arpa-saman verməklə keçən Çarvadar Həbibin ürəyində heç onun özünün də dərk etmədiyi, bir dərdmi deyim, sirmi deyim, var və bu dərd, bu sirr bütün insanlara məxsusdur. Yoxsa bizim muğamlarımızda, dahi bəstəkarlarımızın əsərlərindəki o anlaşılmaz, əbədi kədər haradandı? Son dərəcə gözəl, şən bir oğlan olan məşhur xanəndə Xanın səsindəki o nəhayətsiz, o əsrarəngiz kədər, həsrət haradandı? Nə üçün təbiətin şən bir qadını olan anam dan üzü xoruzun banladığını eşidəndə qüssələnir? Nə üçün atam Quran oxuyanda üzü o qədər həlim, dərdli ifadə alır? Axı o, təbiətən çox sərt bir adamdır! İncə-mincə işlərlə də arası yoxdur. Necə olur ki, atın qızğın qaçarağında bir gülləyə iki ceyran vuran Bayram babam Çarvadar Həbibin astadan oxuduğu həzin muğama qulaq asanda o cür qəmli görünür? Mən öz qapalı, balaca həyatımda bunları hiss edirdim və bu anlaşılmazlıqlar mənim təbiətimdəki məyusluğu artırırdı. Anamın dediyi kimi, məni «cümləqayğı» edirdi, ancaq bu sözün nə demək olduğunu bilmirdim, bilmirdim ki, anam nəyə görə mənə «cümləqayğı» deyir? Mən sonralar, böyüyəndə, bu qəribə ifadənin dürüst mənasını bilməsəm də, başa düşürdüm ki, məsələ heç də təkcə mənim təbiətimdəki qəribəlikdə və ya hər kədərli hadisədən mütəəssir olmağımda deyil. Məsələ, bizim qəlbimizin harasındasa, hansı səbəbdənsə yaranmış gizli, anlaşılmaz əbədi kədərdə idi...
Kitabxana.az · https://kitabxana.az/works/ilyas-efendiyev-carvadar-hebib
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mən Səriyyənin gətirdiyi tor köynəklərdən birini geyərkən özümdə qeyri-adi bir fərəh hiss elədim. Səriyyə bizim iş yoldaşımızdır. Bizim briqadanın üzvüdür. O, ayağımı kəsilməyə qoymayaraq, məni götürüb Bakıya qaçdığı kimi, burada mənə lazım olan şeyləri də alıb gətirə bilərdi. Burada təəccüblü heç nə yox idi. Bununla bərabər, tor köynəyi geyərkən mən özümdə qeyri-adi bir fərəh hiss elədim. Elə bil ki, mənə fövqəladə səadət üz vermişdi. Elə bil ki, mən daha xoşbəxt bir dünyaya qədəm qoymuşdum. Tor köynəyin təması məndə tamam yeni bir duyğunun yaranmasına səbəb olurdu.Mən xəstə yoldaşlarımla gülür, zarafat edir, tez-tez yaralı ayağıma toxunaraq, ağrıyıb-ağrımamasını bilmək istəyirdim.
Sən həmişə mənimləsən, yaxud "Boy çiçəyi"İştirak edirlərHəsənzadə – zavod direktoru*
Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılıÜçüncü yay gecəsi idi ki, şəhərin sakitliyi içində Xan qızı Gülsənubər tarda çalınan o muğamı eşidirdi. Və üçüncü yay gecəsi idi ki, Xan qızı Gülsənubərin yuxusu göyə çəkilmişdi. O tarçalan oğlanın gözlərindəki qəribə ifadə ilə çaldığı muğamın söylədiyi hekayət arasında ayrılmaz bir bənzərlik var idi. O hekayətin nədən ibarət olduğunu qız dərk eləyə bilmirdi. Lakin hiss edirdi ki, bu, nə isə, uzaqlarda və uzaq zamanlarda olub getmiş bir hekayət idi. Bəs, onda nə üçün o əhvalatı indi tarında hekayə edərkən oğlanın baxışları bu qədər pərişan, bu qədər əlacsız olurdu? Qız onu da hiss edirdi ki, muğamın danışdığı o əhvalatda nəhayətsiz bir kədər, bəlkə də, dünyada heç kəsin duya bilmədiyi bir nisgil var. Və indi bu cavan tarzən o pərişan, o nisgilli əhvalatı çaldığı muğamın gücü ilə hamıya nəql etmək istəyirdi. O qəmli əhvalatın sirri, yəqin ki, bu oğlana aydın idi. Yoxsa böyük Allahın onun gözlərinə bəxş etdiyi işıq muğamı çalmağa başladığı zaman birdən-birə bu qədər gözəl, bu qədər cazibədar, bu qədər dərin görünə bilməzdi.Güllərin, çiçəklərin ətriylə dolu bu aylı gecənin nəhayətsizliyi harada, hansı yalçın qayalıqda isə qurtarırdı. Lakin cavan tarzənin gözlərindəki o işıqlı, anlaşılmaz dünya, muğamı çaldıqca, həm dərinləşir, həm də əsrarəngiz və qavranılmaz olurdu... Və qız, bütün bu düşündüklərinin, hiss etdiklərinin boş bir xəyal olduğuna özünü nə qədər inandırmaq istəyirdisə, ürəyini o aləmdən qoparıb, o cavan tarzəni özündən uzaqlaşdıra bilmirdi...
Atayevlər ailəsiİştirak edirlərXosrov Atayev*
Başqa şairlərin şeirləri
Çalın-çarpaz küçələr,düyün-düyün səkilər.
AğlaramSənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram
DeyirKim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir
Sahiba, gərçi varam zahirən həzrətdən uzaqSahiba, gərçi varam zahirən həzrətdən uzaq,Deyiləm batinən ixlasi-iradətdən uzaq.