Qəribcan
Səhifə 1 / 3
Mən Səriyyənin gətirdiyi tor köynəklərdən birini geyərkən özümdə qeyri-adi bir fərəh hiss elədim. Səriyyə bizim iş yoldaşımızdır. Bizim briqadanın üzvüdür. O, ayağımı kəsilməyə qoymayaraq, məni götürüb Bakıya qaçdığı kimi, burada mənə lazım olan şeyləri də alıb gətirə bilərdi. Burada təəccüblü heç nə yox idi. Bununla bərabər, tor köynəyi geyərkən mən özümdə qeyri-adi bir fərəh hiss elədim. Elə bil ki, mənə fövqəladə səadət üz vermişdi. Elə bil ki, mən daha xoşbəxt bir dünyaya qədəm qoymuşdum. Tor köynəyin təması məndə tamam yeni bir duyğunun yaranmasına səbəb olurdu.
Mən xəstə yoldaşlarımla gülür, zarafat edir, tez-tez yaralı ayağıma toxunaraq, ağrıyıb-ağrımamasını bilmək istəyirdim.
Bir dəfə Zoğallı körpüdə, Səriyyə öz paltarları ilə bərabər bizim də əl yaylıqlarımızı yumuşdu. Bir dəfə də mənim köynəyimin düyməsini tikmişdi. Sonra bir dəfə də həmin köynəyi özü yuyub ütüləmişdi. Lakin o zaman bütün bunlar məni kədərləndirmişdi. Məndə anlaşılmaz bir ümidsizlik doğurmuşdu. Mən yaylıqlarımı, köynəklərimi gecələr xəlvətcə özüm yuyub qurudurdum. Mən Səriyyənin onlara toxunmasını istəmirdim. Çünki onun yuyub ütülədiyi köynəyi geymək məni çox qüssələndirirdi. O köynəyin içində mən özümü həyatda hər şeyi itirmiş adamlar kimi bədbəxt hiss edirdim. Mənim ona da, özümə də acığım tuturdu.
İndisə onun tor köynəyi məni oxşayırdı. Məni fərəhləndirirdi. Mənə təravətli, xoş bir sərinlik verirdi. Məni mehriban, üzügülər edirdi. Mən onun içində, ayağımın tez sağalmasını, həyata, Zoğallı körpüyə tez qayıtmağımı istəyirdim. Mən, biz dörd yoldaşın – Soltanın, Kərəmxanın, Qəribcanın və Səriyyənin adlarının yazılıb Zoğallı körpünün bünövrəsinə qoyulmuş o kağızı yüz dəfə, min dəfə xatırlayırdım. Biz dörd yoldaşın tikdiyi o balaca körpü gündə yüz dəfə gözlərim qarşısında canlanırdı. O zaman yoldaşlarım o körpünü «bizim körpəmiz» adlandıranda mənim acığım tuturdu. «Körpəmiz» sözü məni əsəbiləşdirirdi. İndisə bu sözdən acığım gəlmir. «Körpəmiz» sözünü dilimə gətirmək istəmirdimsə də, acığım da tutmurdu.
Biz xəstələr söhbətdən yorulduğumuz zaman mən gözlərimi yumub Zoğallı körpü haqqında düşünürdüm və onun hissələri tamam bir aydınlıqla xəyalımdan gəlib-keçirdi. Sonra mən körpü texniki Səriyyənin göstərişlərini bütün detallarına qədər xatırlayırdım. Onun təcrübəsizlikdən elədiyi səhvləri, məsələn, Soltanın necə zarafatyana düzəltdiyini, Səriyyənin heç də pərt olmayaraq, onun sözlərini təsdiq etdiyini və belə hallarda yalnız mənim təbəssümümdən dilxor olduğunu yadıma salıb gülümsəyirdim. Bir dəfə çadırların qabağından keçirdim... (Mən onların çadırlarının yanından yalnız ikicə dəfə keçmişdim). Səriyyə qapıda oturub kitab oxuyurdu. Yanında qələm-kağız da var idi. Mən cildindən kitabı tanıdım. Bu, Azərbaycan mühəndislərindən birinin körpü salmaq haqqında tədris kitabı idi.
Səriyyə başını qaldırıb məni gördü və dərhal kitabı örtüb adının görünməməsi üçün əllərini üstünə qoydu. Mən gülümsəyərək keçdim. Həmin gün iş üstündə o məni məzəmmət edərək:
– Bayaq niyə gülürdünüz? – dedi. – Öyrənmək eyib deyil. Mən unutduğum şeyləri yadıma salmaq istəyirdim.
Mən təkrar gülümsəyərək, cavab vermədim və bu onu daha da acıqlandırdı.
– Keçmə bu oğlanın dişini ağartmağından... – deyib, məndən uzaqlaşdı.
Belə hallar çox olurdu və mən indi xəstəxanada, bu istidə onları xatırlamaqdan dərin bir zövq duyurdum. Onun bütün zarafatları, mənə sataşmaları, incitmələri yadımdaydı. Tor köynəklərlə yaylıqları gətirəndən sonra o, iki gün nə gəldi, nə də zəng etdi. Mən bərk darıxmağa başladım. Mən həyatımda heç bir zaman bu qədər darıxmamışdım. Üçüncü gün o gəldi. Qız yanında yox idi. Bizim üçün meyvə və papiros gətirmişdi. Rəngi azca qaçmışdı.
– Nə olub, – dedim, – xəstə-zad deyilsən ki?..
– Yox. Mən heç vaxt xəstələnməmişəm. Bu haradan ağlına gəldi?!
– Elə-belə. Maşın hələ də buradadır?
– Yox, apardılar.
– Kim apardı?
– Mən aparıb Adilə verdim.
– Bəyəm sən rayona getmişdin?
– Yox, Adil özü bura gəlmişdi.
Biz xeyli susduq.
– Adil getdi?
– Bilmirəm.
– Necə yəni bilmirəm?
– Mən maşını aparıb öz evimizdə qoyub qayıtmışam. Daha ondan sonra Adili görməmişəm.
O bu sözləri, gözləri mənim çarpayımın qabağındakı tumboçkada olduğu halda, yavaş səslə dedi. Sonra başını qaldırıb pəncərədən bayıra baxdı. Mən papiros yandırdım. Sükut.
– Yaran necədir? – deyə o, üzünü pəncərədən döndərib, eyni yavaş səslə məndən soruşdu.
– Yaxşıdır! Professor bu gündən ağacla gəzməyə icazə verib. Ancaq mən elə-belə, ağacsız da gəzə bilərəm.
– Bəs niyə zəng eləmirdin?
– Telefon nömrəsini bilmirdim.
– Mən qızgilin telefonunu Cavahir xanıma vermişdim.
– Mənə deməyib. Yəqin yadından çıxıb. Desəydi, zəng edərdim.
– Nə vaxt çıxırsan?
– Üç-dörd gündən sonra. Bəlkə sən tez getmək istəyirsən?
O, «yox» mənasında başını buladı.
– Onda bir yerdə gedərik.
O, nəzərlərini endirib cavab vermədi. Xəstələr nə hiss etmişdilərsə, bizə tərəf baxmırdılar. Rus qəzet oxuyurdu. Cavan mühəndis bu səhər nişanlısının gətirdiyi rəngli jurnala baxırdı. Yaşlı xəstə isə gözlərini pəncərədən görünən şəhərə zilləyib papiros çəkirdi.
– Görəsən, Zoğallıda nə var-nə yox? – deyə mən zarafatyana soruşdum.
– Xəbərim yoxdur.
O, təkrar pəncərədən bayıra baxdı. Sükut.
– Bizim çadırın yanından axan bulaq indi burada olaydı...
– Susamısan?
– Yox, elə-belə deyirəm. Təbiətin də qəribə işləri var. Bir yeri o cür sərin, səfalı, soyuq bulaqlı yaradır... bir yeri də bu cür...
O mənə baxaraq, birdən gülümsədi:
– Nə yaxşı natiq olmusan... Zoğallı körpüdə danışmağa ağzından kirə istəyirdin...
– Hər zamanın bir hökmü var. Deyəsən, indi də sən danışmaq istəmirsən...
O, göz qapaqlarını endirərək cavab vermədi. Mən dedim:
– Professor icazə versəydi, sabah çıxardım.
– Lazım deyil! Nə vaxt deyib, o vaxt da çıxarsan.
Mən papirosumdan dərin bir qullab alaraq ona baxdım. O, üzünü pəncərəyə tərəf döndərdi.
– Bu gün çox istidir. Axşam çıxın Dağüstü parka.
– İstəmirəm!
– Qızgilin evi sərin olur?
O, «yox» mənasında başını buladı.
– Bəs niyə parka çıxmaq istəmirsən?
– Sonra o günkü qırmızısifət oğlanla yenə vuruşmalı olarıq... – deyə o gülümsədi.
– Nə olar, lazım gələr, vuruşarsınız...
O, stolun üstündəki boş badamlı şüşələrinə işarə ilə soruşdu:
– Bunları kim gətirib?
– Xidmətçi qadından xahiş eləmişəm, o alıb gətirib.
– Burada soyuducu var?
– Var.
– Sizin istifadə eləməyinizə icazə verirlər?
– Verirlər.
Səriyyə gedəndən üç-dörd saat sonra günün lap isti vaxtında xidmətçi qadın beşlitrlik böyük bir termos gətirib:
– Bunu sizin üçün göndəriblər, – dedi.
Mən bərk susadığım üçün dərhal termosu açdım. İçəridən pıqqıltı ilə qaz çıxdı. Buz kimi soyuq mədən suyundan dalbadal iki stəkan töküb içdim. Sonra xidmətçi qadından xahiş etdim ki, sudan xəstə yoldaşlarıma da versin.
Qriqori İvanoviç dolu stəkanı başına çəkib yerə qoyandan sonra gülümsəyib dedi:
– Ona umnisa...
Mən özümü bilməməzliyə vuraraq rusca zarafatyana soruşdum:
– Kimi deyirsiniz?
– Bu suyu kim göndərib?
– Bilmirəm.
– Yox, bilmirsən...
– Bir stəkan da için.
Yaşlı xəstə ilə gənc mühəndis də hərəsi bir stəkan içdilər. Bizim heç birimizin hərarəti yox idi. Lakin hava çox isti keçdiyindən, suyu suya yetirmirdik.
Xidmətçi qadın termosun ağzını bağlayıb stolun üstünə qoydu. Sonra mənə müraciətlə:
– Səriyyə xanım tapşırdı ki, termos boşalanda göndərəsiniz qalsın növbətçinin yanında. Özü gəlib, aparıb dolduracaq.
Səhər həkim gəlib-gedəndən sonra mən qalxıb axsaya-axsaya arakəsməyə çıxdım və qızgilin nömrəsinə zəng elədim. Dəstəyi dərhal Səriyyə götürdü.
– Deyəsən, sən elə zəng gözləyirmişsən? – deyib, onunla üzbəüz danışırammış kimi gülümsədim.
– Qərib... – deyə o, həyəcanla səslənib susdu.
Mən də susdum. Mən onu görürdüm... O, birinci dəfə idi ki, mənim əsl adımı bu cür ciddi və həyəcanla söyləyirdi.
Mən onu görürdüm. Nəhayət, o, sakit və yavaş səslə soruşdu:
– Ayağın necədir?
– İstəyirsən lap «Tərəkəmə» oynayım.
O, telefonda güldü.
– Nə yaxşı zarafatcıl olmusan...
– Dünən Dağüstü parka getdiniz?
– Dedim ki, getməyəcəyik.
– Qız necədir?
– Salamı var. Termosu növbətçinin yanına göndərdin?
– Yox.
– Nə üçün?
– Əziyyət olar... Bu istidə bizə su daşımayacaqsan ki...
– Termosu göndər növbətçinin yanına! Eşitdin?
– Eşitdim... Qaçmaq istəyirəm. Bura yaman isti olur.
– Onsuz da üç gündən sonra özləri səni buraxacaqlar.
– Nə bildin?
– Professor Möhsünzadə dedi.
Kitabxana.az · https://kitabxana.az/works/ilyas-efendiyev-qeribcan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Eyni məkan. Ağabəyim ağa ilə Saday bəy.*Ağabəyim ağa**
Yeddinci şəkilİbrahim xanın iqamətgahı. İbrahim xan taxtda əyləşib. Mirmöhsün ağa da buradadır. Xidmətçi daxil olur.*Xidmətçi**
Səkkizinci şəkilİranda Fətəli şahın iqamətgahı. Ağabəyim ağanın otağı. Ağabəyim ağa həyəcanla səhnəyə daxil olaraq, pəncərənin pərdəsini qaldırıb bayıra baxır.*Yarın gecə vaxtında xoş əhvalını gördüm,
Doqquzuncu şəkilİbrahim xanın iqamətgahı. Vanya daxil olur.*İbrahim xan**