Səkkizinci şəkil
İranda Fətəli şahın iqamətgahı. Ağabəyim ağanın otağı. Ağabəyim ağa həyəcanla səhnəyə daxil olaraq, pəncərənin pərdəsini qaldırıb bayıra baxır.
Yarın gecə vaxtında xoş əhvalını gördüm,
Vurmuşdu könül şişəsinə balını gördüm.
Naz eyləməyin hər cürə minvalını gördüm,
Açdım sinəsin, sinədəki xalını gördüm.
Yasər bu imiş, bəs, niyə aləm Həccə getdi,
Əfsus ki, yarım gecə gəldi, gecə getdi,
Heç bilmədim ömrüm necə gəldi, necə getdi.
Ağabəyim ağa (pıçıltı ilə)
Odur, Saday bəy... Bu nə deməkdir, ilahi, bu gecə mən o oğlanı yuxumda görmüşdüm... İndisə özünü barigahda görürəm... O nə üçün gəlmişdir? Ey böyük Allah, mənim onu yuxuda görməyimi ərimə xəyanət hesab etmə. Sənə əyandır ki, mən həmişə onun haqqında düşünməməyə çalışıram. Ərimlə aramızda heç bir gizli sirr qalmasın deyə, mən vaxtilə o oğlanı sevdiyimi şaha bəyan etdim. Şah alicənab insandır, gülümsəyib dedi ki: «Eybi yoxdur. Qız vaxtı belə hallar olar...» Ey böyük Allah. O oğlan barədə heç bir fikrin, heç bir hissin mənim qəlbimə yol tapmamasına kömək elə.
Saday bəy daxil olur və Ağabəyim ağanın qarşısında diz çökərək təzim edir.
Ağabəyim ağa
Qalx, Saday bəy. Mən bu gecə səni yuxumda görmüşdüm. İndi sarayda sağ-salamat gördüyümə çox şadam. Əyləş. Azərbaycandan, Qarabağdan həyəcanlı xəbərlər alırıq, Saday bəy... Deyir, çar generalı Sisyanov gəlib Azərbaycan sərhədinə çatıb...
Saday bəy
Sisyanov sərhədimizi keçib, Gəncə qalasının açarını və Cavad xanın rus çarına tabe olmasını tələb edir.
Ağabəyim ağa
Cavad xan nə cavab verir?
Saday bəy
Cavad xan Sisyanovun tələbini qəzəblə rədd edərək, onunla vuruşmaq üçün hökmdarımız İbrahim xandan kömək istədi...
Ağabəyim ağa (səbrsiz halda)
Nə cavab verdi xan atam?
Saday bəy (soyuq tərzdə)
İbrahim xan üstüörtülü bildirib ki, rus padşahına tabe olmaq lazımdır...
Ağabəyim ağa (əsəbi halda)
Ola bilməz! Daima bütün xanlıqları birləşdirib müstəqil Azərbaycan dövləti yaratmaq və bu işdə İran şahlığına arxalanmaq fikrilə hərəkət edən xan atam necə oldu ki, birdən-birə rus çarına tabe olmaq qərarına gəldi? Ola bilməz! Ola bilməz!
Saday bəy
Təəssüf ki, həqiqətən, belədir. Mənim bura gəlməkdə məqsədim sizin köməyinizlə Fətəli şah həzrətlərindən kömək istəməkdir. Biz Qaradağ atlıları da Cavad xanın köməyinə gedirik. Cavad xan nə qədər ağıllı, igid olsa da, ağır silahlı, top-tüfənglə silahlanmış, sayca çox olan çar qoşununun qabağını kəsə bilməz. Biz Cavad xanla birlikdə son nəfəsimizə qədər vuruşacağıq. Biz şimaldan gəlib, vətənimizə, torpağımıza hakim olmaq istəyən rus çarına kölə ola bilmərik.
Ağabəyim ağa
Saday bəy, biz mənim xan atamın iradəsilə canımızdan əziz olan məhəbbətimizi vətənimizin azadlığına, onun arxasız, tək qalmamasına qurban vermişik. Fətəli şah həzrətləri bunu bilir. Mən hər şeyi ona danışmışam. Fətəli şah namərd hökmdar deyil. O, Azərbaycana kömək edəcəkdir. O, bunu mənə vəd etmişdir.
Saday bəy
Bu kömək böyük İran dövlətinin özünə də çox vacibdir.
Ağabəyim ağa
Fətəli şah bunu da bilir. Fətəli şah rus çarının şimaldan gəlib İranın qapıbir, dinbir qonşusu olan Azərbaycana hakim olmasına yol verməz.
Əbülfət xan həyəcanlı halda gəlir.
Əbülfət xan (Saday bəyi görərək)
O... Saday bəy, səni gördüyümə çox şadam. (Ağabəyim ağaya). Bu saat Azərbaycandan mənim yanıma təcili qasid gəlib xəbər verdi ki, çar generalı Sisyanov Gəncə qalasını mühasirəyə alıb, Cavad xandan açarı tələb edir.
Ağabəyim ağa (qızğın)
Və bizim hökmdar atamız İbrahim xan Cavad xana kömək etmək istəmir.
Saday bəy
Bəli, istəmir. O biri xanlar da, yəqin ki, əlahəzrət hökmdarımıza baxdılar... (Ağabəyimə). Ağabəyim ağa, icazənizlə mən getdim. Atlılarım məni gözləyirlər. Gəldim hər şeyi olduğu kimi sizə çatdırım. Biz bilirik ki, sizin fikriniz şah həzrətləri üçün qiymətlidir. (Təzim edərək çıxır).
Ağabəyim ağa
Əbülfət xan, qardaşım, xan atamız çox böyük, tarixi səhv edir. Azərbaycanı rus çarının hakimiyyətinə vermək... bu dəhşətdir, qardaşım, gələcək nəsillər bizi lənətləyəcəklər.
Əbülfət ağa
Buna görə mən təcili sənin yanına gəlmişəm. Şah həzrətləri ilə tez danışmaq lazımdır. Bir dəqiqə gecikmədən şah Azərbaycana kömək üçün qoşun göndərməlidir.
Ağabəyim ağa
Sən də mənimlə gedək şahın hüzuruna. (Gedirlər).
İşıq sönür.
Kitabxana.az · https://kitabxana.az/works/ilyas-efendiyev-hokmdar-ve-qizi-sekkizinci-sekil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sisyanovun qərargahı. General Sisyanov Şəki hakimi Səlimxan və üç nəfər əyanın müşayiətilə gələn İbrahim xanı təntənə və hörmətlə qarşılayır.*Sisyanov**
İyirmi birinci şəkilSisyanov böyük ipək çadırda tək var-gəl edir. Mayor Lisaneviç daxil olur.*Sisyanov**
İyirmi ikinci şəkilBöyük ipək çadır. İbrahim xan və Ağabəyim ağa.*İbrahim xan**
İyirmi üçüncü şəkilVanyanın evi. Vanya güzgü qabağında özünü keşiş qiyafəsinə salır. Haykanuş gəlir.*Haykanuş**
Başqa şairlərin şeirləri
Ey ağalar sizə tərif eyliyim,Çəkduğum zəhməti sizə söyliyem,
Xoş ol zaman ki, xalq yatıb bizəban idiXoş ol zaman ki, xalq yatıb bizəban idi,Bəzmim pilov, çay ilə rəşki-cinan idi,
Əcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb tabanƏcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb taban,Əcəb qüdrət, əcəb sane, əcəb xaliq, əcəb sübhan.
Pet qəpikFəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik