Böyük ipək çadır. İbrahim xan və Ağabəyim ağa.

İbrahim xan

Sən nə üçün gələcəyini qabaqcadan xəbər verməmisən, qızım. Biz səni Araz qırağında şahın baş hərəminə layiq təntənə ilə qarşılardıq.

Ağabəyim ağa

Mən Gəncə qalasında həlak olan şəhidlərin məzarını ziyarətə gəlmişəm, xan ata. Onların yası içində mənə təntənə lazım deyil.

Ağır pauza.

İbrahim xan

Cavad xan özü təqsirkar oldu, qızım, mənim məsləhətimə baxmadı.

Ağabəyim ağa

Cavad xan sizin məsləhətinizə baxıb, rus padşahına tabe ola bilməzdi.

İbrahim xan

Başqa yol yox idi.

Ağabəyim ağa

Yox, xan ata. Yol var idi. Əgər siz və sizin təsiriniz altında olan xanlar birləşsəydiniz...

İbrahim xan (onun sözünü kəsir)

«Birləşsəydiniz...» (Qışqırır). Birləşmək istəmirdilər! Başa düşürsənmi, istəmirdilər!

Ağabəyim ağa

Xan ata, siz məni öldürə də bilərsiniz. Amma mən həqiqəti deməyə bilmirəm. Əgər şəxsən siz, birinci olaraq, əvvəl general Zubovu, sonra da cəllad Sisyanovu duz-çörəklə qarşılamağa, igidlərin mindiyi Azərbaycan atlarını onlara hədiyyə verməyə qədər tənəzzül etməsəydiniz, xanları birliyə, qəti mübarizəyə çağırsaydınız, onlar sizi eşidərdilər. Siz İrəvan hakimi Məhəmməd xana, Naxçıvan hakimi Kəlbəli xana məsləhət görmüşdünüz ki, onlar da çara tabe olsunlar. Onlar da Sisyanovla tabe olmaq barədə müqavilə bağladılar. Ancaq tezliklə səhvlərini başa düşüb bu əhdnaməni pozaraq, Sisyanovla vuruşub onu məğlub etdilər.

İbrahim xan

Mən bilirəm, hiss edirəm ki, sən Fətəli şahın siyasətilə danışırsan. (Qəzəblə). Mən Fətəli şahın Azərbaycan türklərini adam hesab eləməyən, onlara yuxarıdan aşağı baxan siyasətini qəbul eləyə bilmərəm. Əgər Fətəli şah səni bunun üçün bura göndəribsə, nahaq zəhmət çəkmisən.

Ağabəyim ağa

Xan ata, ərz elədim ki, mən rus generalının topa tutduğu şəhidlərin məzarını ziyarətə gəlmişəm və bu gün Gəncəyə gedəcəyəm. Ancaq, xan ata, Fətəli şah da, Nadir şah da Qacar kimi Azərbaycanı şimal padşahının istilasından qorumaq istəyir. Onlar özləri də türkdürlər.

İbrahim xan

Fars təsiri onlarda türklükdən əsər qoymayıb.

Ağabəyim ağa

Düz deyil, ata. Şah İsmayıl Xətaini xatırlayın. Nə üçün unudursunuz ki, İran xalqının yarıdan çoxu türkdür. Xan ata, cəsarət edirəm soruşmağa, əgər cənabınız Fətəli şaha ürək qızdırmırdısa, nə üçün... nə üçün mənim məhəbbətimi onunla izdivacıma qurban verdiniz?

İbrahim xan

Zənn edirəm ki, izdivac sənin üçün uğursuz olmayıbdır. İran şahının hərəmini indi bütün dünya tanıyır. Onun siyasətə müdaxiləsilə böyük diplomatlar maraqlanır. Kraliçalar onunla dostluq yaratmağı arzu edirlər...

Ağabəyim ağa (dərin kədərlə)

Xan ata, hüzurunuzda belə açıq danışmağımı əfv buyurun. Əgər vətənimizin taleyilə bağlı olduğuna inanmasaydım... Məhəbbətimizi yüz belə şahzadəliyə dəyişməzdim. Ancaq siz məni inandırmışdınız.

İbrahim xan (mülayim)

Nə etməli, qızım... siyasət gündə yüz dəfə istiqamətini dəyişən küləyə bənzəyir...

Ağabəyim ağa

Bəlkə də elədir... Ancaq mən Cavad xan kimi xalq qəhrəmanını, yenilməz azəri igidlərini, arvadları, körpə uşaqları top atəşinə tutub gülləbaran etdirən cəllad bir generalın görüşünə getməyi, onun şadlıq məclisində iştirak etməyi Azərbaycan xalqına qarşı dəhşətli bir xəyanət hesab edirəm. İlahi, vətənimiz bu həqarətə necə dözdü? Nə üçün ildırımlar çaxıb o şadyanalıq məclisini kül eləmədi? (Qışqırır). Gələcək nəsillər siz xanlara lənətlər oxuyacaq! Sizin ruhlarınız ədalət məngənəsində daima əzab çəkəcək! Sizin nəsilləriniz Azərbaycan analarının üzlərinə baxa bilməyəcəklər!

İbrahim xan (qəzəblə)

Rədd ol! Rədd ol burdan!

Ağabəyim ağa

Vurdur mənim boynumu, xan ata! Hər halda, bu, bütün bir xalqı yadelli bir qəsbkarın çəngəlinə keçirmək qədər ağır cinayət deyil!

İbrahim xan (qəzəblə)

Sus!

Ağabəyim ağa

Yox, xan ata! Susmayacağam! Gələcək nəsillərin bizə lənətlərlə verəcəyi dəhşətli ittihamı eşidirəm. Onlar sizə deyirlər ki, siz, şəxsən siz, İbrahim xan, Azərbaycanda şahlıq səviyyəsində qüdrətli bir hökmdar idiniz. Qarabağ, Gəncə, Şəki, İrəvan, Lənkəran, Naxçıvan, Qaradağ, Təbriz, Xoy, Ərdəbil, Marağa sizin hökmünüzə tabe olan varlı xanlıqlar idi. Siz qırxillik hakimiyyətiniz müddətində mükəmməl silahlanmış güclü bir ordu yarada bilərdiniz. Buna nümunə Türkiyə, İran kimi mükəmməl orduya malik dövlətlər var idi. Nəhayət, siz, heç olmazsa, rus padşahı Yekaterinanın Qafqazı istila üçün göndərdiyi ilk generalın Azərbaycana doğru hərəkət etdiyini eşidən kimi bütün Azərbaycan xalqını ayağa qaldıra bilərdiniz. O zaman qəhrəman ləzgi, çeçen, inquş xalqları da sizə qoşulacaq idi. Siz bunu etmədiniz. Siz Azərbaycanı, gözəl Qarabağı müstəmləkə etməyə gələn rus generallarını duz-çörəklə qarşıladınız. Siz dünyanın müxtəlif yerlərinə səpələnmiş paxıl, qorxaq bir tayfa olan erməniləri töhfə təbərciyi eləyib, Azərbaycanın mənzərəli torpaqlarını onlara bağışladınız. Ermənilər isə o yerlərdə kənd salıb ruslara casusluq etdilər. Ax, xan ata. Gələcək nəsillər Gəncəni, qəhrəman Cavad xanı top atəşinə tutan cəllad rus generalının sizə, oğlanlarınıza general rütbələri verməsini, sizin bunu minnətdarlıqla qəbul etmənizi həqarətlə xatırlayacaqlar.

İbrahim xan (birdən ölgün səsilə)

Yaxşı, kifayətdir. (Ağabəyim ağa kəskin hərəkətlə çıxır. Ağır pauza). Doğrudanmı, mən Azərbaycana xəyanət edirəm? Mənim bu ağıllı qızım nə haqla mənə bu qədər ağır ittiham verir? (Qışqırır). Nə haqla? Doğrudanmı, mən xalqıma xəyanət etmişəm?

Xan dəhşət içində qapıya tərəf addımlayır. Birdən gözünə ölmüş qızı Səltənət bəyim görünür.

Səltənət bəyimin xəyalı

Mən səndən incimişəm, ata. Axı mən sənin sevimli qızın idim. Sən həmişə mənə gözəl hədiyyələr bəxş edərdin... Nə üçün mənim cavan nişanlımın atası Cavad xana kömək eləmədin? Cavad xan igidlər içində bir igid idi. Əgər sən də ona kömək eləsəydin, namərd düşmən ona qalib gələ bilməzdi. Mən də səndən, gözəl Qarabağdan belə uzaq düşməzdim. Burada cavan nişanlım Hüseynqulu xanı hey axtarıram, tapa bilmirəm...

İbrahim xan (qışqırır)

Mən aldanmışam, qızım! Yox, dayan! Getmə!

İşıq sönür.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Adil

O bu dəfə tennis oyunundan qəribə əhvali-ruhiyyə ilə qayıtmışdı. Elə bil, nə isə itirmişdi, nəyi isə xatırlamağa çalışırdı... Mənim suallarıma fikri dağınıq halda cavab verir, bunun xətrimə dəyə biləcəyini, yəqin ki, düşünmürdü. Buraya gəldiyimiz gündən bəri mən birinci dəfə idi ki, aramızda soyuq, qaranlıq bir divarın yavaş-yavaş qalxdığını aydınca hiss edirdim.Əli yanan ağzına təpər. Mən qəzəbin, acığın, gücün mənasız olduğunu anlayaraq gülür, zarafat edir, onun xoşuna gələcək sözlər danışmağa çalışırdım. Mən qapıda stolun dalında oturmuşdum. O da yanımda dayanıb sağ əlinin qeyri-iradi, yavaş hərəkəti ilə saçını darayır və uçurum üzərində hərlənən ağ qartala baxırdı.

11 dəq
Səriyyə

... Onun son vaxtlar mənə həddindən artıq qayğı göstərdiyini, hər cür vəziyyətdən istifadə edərək mənə xoş sözlər deməyə çalışdığını hiss edirdim... Bu isə məni hər şeydən çox acıqlandırırdı. Çünki mən uşaqlıqdan ikiüzlülüyə, qorxaqlığa nifrət edirəm... Biz körpüsalanlar öz kiçik briqadamızda söz qoymuşduq ki, ürəyimizdən keçənləri bir-birimizdən gizlətməyək.Bəs ər-arvad necə?

57 dəq
Qəribcan

Mən Səriyyənin gətirdiyi tor köynəklərdən birini geyərkən özümdə qeyri-adi bir fərəh hiss elədim. Səriyyə bizim iş yoldaşımızdır. Bizim briqadanın üzvüdür. O, ayağımı kəsilməyə qoymayaraq, məni götürüb Bakıya qaçdığı kimi, burada mənə lazım olan şeyləri də alıb gətirə bilərdi. Burada təəccüblü heç nə yox idi. Bununla bərabər, tor köynəyi geyərkən mən özümdə qeyri-adi bir fərəh hiss elədim. Elə bil ki, mənə fövqəladə səadət üz vermişdi. Elə bil ki, mən daha xoşbəxt bir dünyaya qədəm qoymuşdum. Tor köynəyin təması məndə tamam yeni bir duyğunun yaranmasına səbəb olurdu.Mən xəstə yoldaşlarımla gülür, zarafat edir, tez-tez yaralı ayağıma toxunaraq, ağrıyıb-ağrımamasını bilmək istəyirdim.

15 dəq
Sən həmişə mənimləsən, yaxud "Boy çiçəyi"

İştirak edirlərHəsənzadə – zavod direktoru*

19631 saat 25 dəq

Başqa şairlərin şeirləri