Bu əhvalatdan üç il sonra Qara Əmrah Xanımın ən gözəl qızı Fatmaya elçi göndərdi. Qara Əmrah sayılan nəsildən deyildi. Özünün də bir qatırla, beş-on keçidən başqa heç nəyi yox idi. Ona görə də Xanımı od götürdü, elçiləri söyüb qapıdan qovdu, ancaq Qara Əmrah bir könüldən min könülə qıza aşiq idi, dedi öldü var, döndü yoxdu! Cavan tay-tuşlarını başına yığıb bir gün qız bulaqdan qayıtdığı zaman onu götürüb qaçdı. Bir ildən sonra Fatmanın bir oğlu oldu, adını qoydular Cəlil.

Ancaq Xanım sakit olmurdu ki, olmurdu. Hər gün Fatmanı xəlvəti çağırtdırıb öyrədirdi ki, boşan o qara köpək oğlundan, gözəl-göyçək qızsan, yüz müştərin olacaq.

Axırda Fatma uşağı da götürüb gəldi, oturdu evlərində. Amma Qara Əmrah Fatmanı boşamaq istəmədi. Xanım arvad papirosunu tüstülədə-tüstülədə divan-dərəni qatdı bir-birinə və axır ki, Fatmanı boşatdırdı.

Bu əhvalatdan iki il sonra yay vaxtı Fatma Şuşaya, bacısı Bəyazgilə qonaq getdi. Axund da baldızının gəlişinə çox şad oldu, onun üçün Ay-ulduz çarqat, qızıl boyunbağı, zərxara paltarlıq aldı. Bəyaz da bu parçaları şəhərsayağı tikdirdi, gözəl əndamlı, alagözlü, qıvrımsaçlı Fatma geyinib-gecinib bacısıyla Cıdır düzünə gəzməyə çıxanda handa bir bəy qızı ona həsəd aparırdı. Cıdır düzü qız-gəlinlərin, oğlanların seyr-səfa yeri idi. Qız-oğlan bəyənmək istəyənlər Cıdır düzünə çıxardılar. Cıdır düzünün bir tərəfi şəhər, o biri tərəfi «Xəzinə qayası» deyilən dərin uçurum idi. Uçurumun dibilə Daşaltı çayı axırdı. Cıdır düzündən üzüaşağı baxanda çayın qırağındakı adamlar güclə seçilirdi. Çaydan o tərəfdə – ta uzaqlarda gümüşü duman içində görünən Ziyarət, Kirs dağlarına qədər qalın meşələr uzanıb gedirdi. Daşaltı çayının qırağında, sıldırım qayaların arasında qədim bir qalaça vardı. Deyilənə görə, bu qalaçanı Qarabağ hakimi İbrahim xan tikdirib ki, yadelli şahlar güc gələndə xan köçüb orada sakin olsun. Qalaçanın gizli yeraltı yolu vardı ki, ondan savayı başqa yerdən ora girmək mümkün deyildi. Şuşa qalasının o biri tərəfində, Arana gedən yolun üstündə qədim qala hasarının yanında başqa bir gəzmək yeri də vardı. Bura «Ərimgəldi» deyirdilər. Ona görə «Ərimgəldi» deyirdilər ki, yayda aran kişiləri arvad-uşaqlarını gətirib dünyanın ən səfalı yaylaqlarından olan Şuşa qalasında qoyub, əkin-biçinlərini yığıb-yığışdırmaq üçün, kimi də ticarət işləri üçün arana qayıdardı. Cavan gəlinlər də axşamçağı Ərimgəldidə oturub göz işlədikcə uzanıb gedən arana tamaşa eləyə-eləyə ərlərinin yolunu gözləyərdilər.

Qarabağ xanəndələr, sazəndələr yurdudur. Yayda Şuşa qalasının hər gəzməli yerində bir dəstə sazəndə çalıb-oxuyurdu. Onda görərdin ki, Xəzinə qayasının ən uca zirvəsi olan Üçmıxdan kimsə zil səslə bir «Qatar» oxudu. Buna cavab olaraq, Ərimgəldidən kimsə bir şikəstə çağırdı. Qulaq asardın, deyərdin, bəs, bu səslər dünyanın o tayından, yəni bizə məlum olmayan ayrı bir dünyadan gəlir. Özü də nə qədər möhkəm adam olsaydı, ürəyini yumşaldıb muma döndərərdi. Eh... sizi inandırıram ki, Xəzinə qayasının uçurumunda, Topxana meşəsində, Ərimgəldiyə gələn aran yollarında o səslər hələ də durur... Bəli... bəli, durur! Mən o səsləri zaman-zaman eşidirəm.

Hə... Deyəsən, mətləbdən uzaq düşdüm.

Gözəl bir yay axşamında, yəni gün Ziyarətin üstündən o tərəfə aşanda, Fatma da, bacısı Bəyaz da zərxara geyən, müşk-ənbər saçan qız-gəlinlə Cıdır düzündə seyrə çıxmışdı. Bir də gördü ki, vallah, ucaboylu kəhər ürgənin üstündə bir oğlan gəlir, yemə, içmə, tamaşasına dur. Ayaqlarında güzgü kimi parıldayan uzunboğaz çəkmə, əynində qızıl vəznəli sürməyi çuxa, belində gümüş xəncər, başında sur dərisindən papaq, sağ yanağında qoşa xal, qumralbığlı, qumralsaçlı bir oğlan... Fatma ürəyində dedi: «İlahi! Bu, Həzrət Yusifdi, kimdi?..»

Oğlan gəlib yanlarından keçəndə Fatma qanavuz çarşabının yaxasını açıb, alagözlü, qələmqaşlı üzünü oğlana göstərib gülümsədi. Oğlan ona baxıb ürəyində dedi: «İlahi, bu buluddan çıxan Aydı, nədi?..»

Oğlan kəhər ürgəni neçə dəfə dolandırıb alagözlü, qələmqaşlı gözəlin yanından keçdi. Hər dəfə də gəlin üzünü açıb ona göstərdi. Şuşa balaca şəhərdi. Hamı bir-birini tanıyırdı. Bəyaz dedi:

– Bu oğlan Arazqıraxlıdı. Adı Bayram bəydi. Özü də nəçərnikin idarəsində qulluq eləyir. – Sonra gülümsəyib əlavə elədi:

– Keçən yay Şuşaya yaylağa gələn gürcü knyazın qızı Tamara buna bənd olmuşdu. Gecə-gündüz oğlana dinclik vermirdi.

Conra Fatma öyrəndi ki, oğlan Hacı Axundgilin məhəlləsində Zarıslı Cavadın evində olur.

Bayram bəy də öyrənib bildi ki, bu alagözlü, qələmqaşlı, qıvrımsaçlı gözəl Hacı Axundun baldızıdır, özü də duldur. Sonra Bayram bəy dul gəlinləri cavan oğlanlara, cavan qızları dul kişilərə calayan, aradüzəldən, sözgəzdirən Güllübəyimi salışdırdı Fatmanın üstünə. Dedi ki, «gecə adamlar yatandan sonra çıxsın Cıdır düzünə, söhbət eləyək». Güllübəyim yağlı dilini işə salıb nə qədər elədisə, Fatma dedi:

– Yox, iki dünya bir ola, biri də heç, mən naməhrəmlə görüşmərəm. Məni istəyirsə, Hacı Şükürün yanına elçi göndərsin.

Fatmanın eşqi Bayramı Kərəmdən də betər günə salmışdı, bir gün onu görməyəndə dəli olurdu, odur ki, Kürdobaya sifariş elədi ki, evlənirəm, anam gəlsin.

Səkinə bir dəvə yükü sovqat götürdü, kəhər madyanı özü mindi, kəhər atı da oğlu Eyvaz, gəldilər Şuşaya. Səkinə əvvəl Fatmanın cins nəsildən, özü də Hacı Şükürün baldızı olduğunu eşidib şad oldu. Ancaq biləndə ki, duldur, hələ üstəlik o biri kişidən bir oğlu da var, az qaldı dünyanı dağıtsın: «Xanların, bəylərin, hampaların qızları Bayramın həsrətindədi, küçəyə çıxanda tamaşasına dururlar... Heylə bir oğlan indi gəlib yanı küçüklü dul arvad alsın?!»

Ancaq Səkinə baxıb gördü ki, xeyr, bu alagözlü gəlin oğlanın ağlını yaman oğurlayıb, oğlan ondan əl çəkməyəcək, ona görə də Səkinə acıq eləyib qayıtdı Kürdobaya. İş belə olanda Bayram Şuşadakı dostunun atasını iki ağsaqqalla Hacı Şükürün yanına elçi göndərdi və bir aydan sonra kürd qızı Fatma oldu Bayram bəyin haqq-halal arvadı.

... Sonra onların bir qızı oldu, adını qoydular Yaqut, sonra da bir oğulları oldu, adını qoydular Nuru.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri