Vanya yüzbaşının evinin yaşıl tənəklər arasında görünən eyvanı. Vanya libasını dəyişib, özünü azərbaycanlı kəndli şəklinə salıb. Güzgü qabağında dayanaraq, üzünə qoyduğu uzun saqqalı düzəldir. Arvadı Haykanuş daxil olur.

Vanya (gözünü güzgüdən çəkməyərək)

Ətrafda bir səs-səmir eşidilmir ki?

Haykanuş

Gecənin yarısıdır, hamı yuxudadır...

Vanya

Adam qaraltısı-zadı görünmür ki?

Haykanuş

Elə qaranlıqdır ki, göz-gözü görməz... Niyə demirsən ki, yenə hansı cəhənnəmə hazırlaşırsan?

Vanya

Haykanuş, sənə demişəm ki, Vanya yüzbaşı neyləyirsə, erməni xalqının gələcəyi üçün eləyir.

Haykanuş

Gah ruslara işləyirsən, gah türklərə, gah iranlılara. Bir gün də keçəcəksən türklərin cənginə, boğazını üzüb tullayacaqlar, kim bilir, hansı dərəyə. Axı türklər bizə neyləyir? Oturmuşuq arxayınca ev-eşiyimizdə... Heç kəs bizə gözün üstə qaşın var demir. İbrahim xan səni yüzbaşı elədi...

Vanya

Haykanuş, bilirəm xankəndli Hacı Mehdinin oğlu Xasaya aşiq olduğun üçün həmişə türklərin tərəfini saxlayırsan... Karapet keşiş olmasaydı, gedəcəydin ona ərə... Onlar da səni döndərib eləyəcəydi müsəlman...

Haykanuş (acıqla)

Lap yaxşı eləyərdim... Karapet keşişi Allah öldürsün.

Vanya

Mayor Lisaneviçin səndən yaman xoşu gəlir. Deyir, Vanya tvaya jena oçen vkusnaya... Mən də dedim «peşkəşdir sizə».

Haykanuş

Neynirəm onu, ağrım ürəyinə, donuza oxşayır.

Vanya (gülür)

Haykanuş, donuz ətinin kababını məndən çox yeyirsən, amma özünü pisləyirsən?

Haykanuş (nazlana-nazlana)

General olsaydı, başqa məsələ.

Vanya

Haykanuş, pillə-pillə də... Əvvəl mayor, sonra general. (Gülür).

Haykanuş

Kül başına, yaman da kişisən...

Vanya

Haykanuş, siyasət lazımdır, ruslar bizim dinbir köməyimizdir.

Haykanuş

Kim olurlarsa-olsunlar... Mənim o donuzsifət mayordan zəhləm gedir.

Vanya

Görürəm... İndi də Xasayı görəndə özünü itirirsən. Heç vəchlə səni başa sala bilmirəm ki, türklər bizim dədə-baba düşmənimizdir. Onu bil ki, mənim – banazurlu Vanyanın bu gün erməni xalqı barədə elədiyim işlər üçün iki yüz il bundan sonra gələn balalarımız dua eləyəcəklər. (Saata baxır). Yaxşı, Haykanuş, vaxt keçir, mən gedirəm.

Haykanuş (acıqlı)

Hara?

Vanya

Tuğa, Əbülfət xanın hüzuruna. Soruşan olsa, deyərsən, «gedib Qəcər kəndinə...». Di salamat qal. (Gedir.)

İşıq sönür.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Nadiri taxtda görmüş Kamırxan qarının əhvalatı və Bayram bəyin Qarabulağa gəlməsi

İndi sənə kimdən danışım, Kamırxan qarıdan...Qarabağda bir adamın çox yaşlı olduğunu bildirmək istəyəndə zarafatyana deyərdilər: «Filankəs Nadiri taxtda görüb». Amma Kamırxan qarı, doğrudan da, Nadiri taxtda görmüşdü, yəni Nadir şah Qarabağa hücum eləyəndə o, nişanlı qız imiş. Amma mən Kamırxanı görəndə qarı o qədər qocalmışdı ki, balacalaşıb olmuşdu bir tikə, gözləri də olmuşdu noxud boyda. Kamırxan qarıgil Güney Güzdək kəndində olurdular. Kənd Ərgünəş meşələrinin yaxınlığında idi. Kamırxan qarı nağıl eləyirdi ki: «Mən nişanlı qız idim, bir gün səs düşdü ki, İran şahı Nadir qoşun çəkib, gəlib Qarabağın üstünə, kəndləri dağıdır, adamları qılıncdan keçirir. Biz də ayın-oyunumuzu ata-eşşəyə yükləyib qaçdıq Ərgünəş meşəsinə. Mənim babam ağır xəstə idi. O bizə dedi ki, hamısı birdi, mən sizinlə gedə bilməyəcəm. Yanıma bir bardaq su, bir az da çörəkdən-zaddan qoyun, gedin.

5 dəq
Cavan tacirlə pristav qızının əhvalatı

Bayram bəyin qızı böyüyüb mina gərdənli, uzunsaçlı, bulaq suyu kimi şəffafgözlü bir gözəl olmuşdu. Qocası Səkinədən gələn bir xal qar kimi ağ boğazının yanına qonmuşdu. Müəllimlər gəlib ona evdə dərs vermişdilər. Kürdobalılarla yaylağa, arana köçəndə qız at minib oğlanlarla cıdıra çıxardı, nişana atardı, «Şahnamə»nin rəvayətlərini, Füzulinin, Natəvanın qəzəllərini oxuyardı. Anası Fatma xanımın tütünündən götürüb xəlvətcə çəkə-çəkə öyrənmişdi papirosa. Qulluqçularına o vaxtın ən bahalı papirosundan aldırıb atasından gizlədərdi, anası Fatma xanım qızının papiros çəkdiyini bilirdi, amma bir söz demirdi. Çünki özü də elə bu yaşlarında anası Xanımdan papiros çəkmək öyrənmişdi, özü də anası Xanım kimi əzazil deyildi, ürəyiyumşaq arvad idi. Bayram bəyin hər ay oğluna kifayət qədər pul göndərməsinə baxmayaraq, Fatma xanım da ərindən gizlin eyzən ona pul göndərərdi. Ucaboylu, alagözlü, Həzrət Yusif kimi gözəl bir oğlan olan Nuru bəy də pulları sağa-sola səpələyib kef çəkərdi. Şuşa qalasının ermənilər yaşayan hissəsində olan klublarda səhərəcən qızlarla rəqs edərdi...Yaquta hər tərəfdən elçilər gəlirdi, amma Bayram bəy anası Səkinənin, Kürdoba ağsaqqallarının məsləhətilə Muradxanlı obasından olan Hacı Hüseynin oğlu Məhərrəm üçün gələn elçilərə söz verdi. Hacı Hüseynin dörd-beş min qoyunu, neçə yüz atı, neçə dəvəsi var idi. Özü də tikanlı tayfadan idi. Obanın yarısı onun qohum-qardaşı olub, hamısı da sayılan, karlı adamlar idi. Hacı barmağını qaldırsaydı, yüz atlı, tüfəngli adam hazır olardı. Məhərrəm də at minib tüfəng tutan boy-buxunlu, yaraşıqlı bir oğlan idi. Neçə dəvə yükü yağ, motal, neçə qaradiş erkək, neçə mötəbər ağsaqqal gəldi, nə qədər qızıl, zinət, zərxara, parça gətirdilər. Yaquta nişan taxdılar.

43 dəq
Muradın söylədikləri

Madam ki, körpəlikdə məni «əllamə» adlandırırdılar, qoy indi də bu əsərdə yaşımdan əvvəl danışmaqda oxucu məni qınamasın. Düzünü deyim ki, lap iki-üç yaşında görüb-duyduqlarımı elə aydın xatırlayıram ki, elə bil, bu zaman mənim on üç-on dörd yaşım varmış... Və bu məni həmişə əsəbiləşdirirdi, çünki mən keçmişləri xatırlamaq istəmirdim. Ancaq bu keçmişlər hər yaşda məni təəccüblü bir aydınlıqla təqib edib, məndən əl çəkmirdi, o qəribə uşaqlıq haqqında bir adama danışmaq ehtiyacı Makedoniyalı İsgəndərin dəlləyi kimi məni rahat buraxmırdı.İndi soruşa bilərsiniz ki, nəyə görə mən, babalarım, qocalarım, atam-anam, dayım haqqındakı bu nağılları özüm haqqında yazdığım bu kədərli hekayətə daxil edirəm? Ona görə ki, mən nə üçünsə öz həyatımı onlardan təcrid olunmuş halda təsəvvür eləyə bilmirdim. Mən qapalı, daxili aləmimdə eyzən onları görürdüm və mənə elə gəlirdi ki, Kərbəlayı İbixanın, Səkinə qocanın, Xanım nənənin, Bayram babamın yaşamış olduqları hissləri, həyəcanları olduğu kimi duyuram və xüsusən kədərli vaxtlarımda bu mənə anlaşılmaz, şirin bir təskinlik olurdu. Mənə elə gəlirdi ki, onların hamısını daim görürəm, onların əhvalatları daim mənimlə yaşayır. Mən atamla anamın bir-birilə tez-tez dalaşmalarını, aylarla bir-birilə küsülü qalmalarını gördükdə, onların qoşulub qaçdıqları yollarda keçirdikləri xoşbəxt anları təəccüblü bir aydınlıqla xatırladıqda, həyatın nə üçün belə olduğuna, nə üçün Bayram babamın bir zaman aşiq olduğu alagözlü, qələmqaşlı Fatma nənəmi indi aylarla dindirmədiyinə cavab tapa bilmirdim və bu, mənimçün gizli bir qüssəyə çevrilirdi.

2 dəq
Elə isə gərək Yaqut xanımın gilasgöz oğlu ilə adi görünən bu həyat necə əlbəyaxa oldu...

Güclə yadıma divarları firuzə rəngində kürsülü bir ev gəlir. Biz bu evin iki balaca otağında olurduq. Evin geniş artırması, firuzə rəngli məhəccəri var idi. Məhəccərin üstünə içində qırmızı, sarı qərənfil bitmiş güldanlar qoyulmuşdu və bu qərənfillər mənim yadıma gələn ilk gördüyüm çiçəklər idi, bunlar təbiətin gözəlliyi ilə mənim ilk təmasım idi; bəlkə buna görə idi ki, sonralar da mənim ən çox sevdiyim çiçək qərənfil idi.Bizim Maral adlı on altı-on yeddi yaşlı bir qulluqçumuz vardı. Göyçək, şən bir qız idi, mən də, demək olar ki, anamdan çox mehrimi ona salmışdım. Bir gün başında tüklü, basma papaq, əynində köhnə yamaqlı çuxa, ayaqlarında çarıq bir kişi gəlib Maralı apardı. Mən gözlədim, Maral gəlmədi, gözlədim, gəlmədi. Sonra: «Maralı istəyirəm!» – deyə ağlamağa başladım. Atamla anam məni ovutmağa çalışaraq dedilər:

5 dəq

Başqa şairlərin şeirləri