Gümüşgöl əfsanəsi
Səhifə 1 / 17
Eldar Quliyeva ithaf
Çalğıçılar restorana bir haray-həşir salmışdılar ki, gəl görəsən. Elə bil bir-birini üstələməkçün bütün alətlər bəhsə girmişdi: heç hansı öz dilində, öz xanasında “danışmırdı”. Sağanağından ağ şunur sallanan elektrik gitarası deyirdin bəs odlu silahdı, adamların üstünə partapart güllə yağdırır. Zərb alətindən gah top gurultusu qopur, gah zindan cingiltisi. Təkcə pianonun “nitqi” batmışdı burda. Sarıbəniz cavan oğlan barmaqlarının bütün gücü ilə şirmayı dilləri ha döyəcləyirdi, özünü kətilə ha çırpırdı – pianonun səsi eşidilmirdi ki, eşidilmirdi. Orxan bir ara fikirləşdi ki, sarıbəniz oğlan heç nə çalmır, yalandan ərəsət eləyir ki, özünü.
Orxan Yavərlə qabaq-qənşər oturmuşdu, onun gülə-gülə dodaq tərpətdiyini görürdü, ancaq sözlərini eşitmirdi. Heç çiyin-çiyinə əyləşdiyi Səfanın da dediklərini eşitmirdi. Qız bircə kəlmə söz soruşmaq üçün ağzını oğlanın qulağına dirəyirdi. Orxan da bircə kəlməyə cavab verməkçün ağzını qızın qulağına dirəməli olurdu... Belə qulaq söhbətindən Orxanın yavaş-yavaş zəhləsi getməyə başladı. Orxan səsartıran gümüşü qutulara baxdı, sonra mikrofonu az qala ağzına soxub, arıq can-cüssəsinə uyuşmayan yoğun səslə hansı əcnəbi dildəsə mahnı oxuyan ağ kostyumlu oğlana baxdı. Ona elə gəldi ki, ağ kostyumlu oğlanın qulaqları partladan avazı, bax, bu gümüşü qutularda alətlərin gurultusu ilə toqquşub, səslərin davasına, mərəkəsinə çevrilir və “Azərbaycan” mehmanxanasının on ikinci mərtəbəsində qopan bu hay-küy bütün dünyaya yayılır.
Musiqi birdən kəsildi. Orxan üzünü Yavərə tutub:
– Yer tapdın də, bizi gətirməyə, – dedi və öz sözlərini eşitmədi: hələ qulaqlarında uğultu vardı, elə bil qulaqlarına nazik borularla isti hava vurmuşdular.
Yavər başı ilə ağ kostyumlu müğənniyə işarə eləyib:
– Bu oğlan erməni balasıdı, – dedi. – Əsl adı Robertdi, hamı ona “Alen” deyir, çünki Alen Delona oxşayır... Zalım bizim mahnıları qiyamət oxuyur.
Orxan balaca estradada təkəbbürlə dayanmış müğənniyə baxdı. Bu cavan, yaraşıqlı oğlan səsindən çox, deyəsən, Alen Delona oxşamağı ilə qürrələnirdi. Yayın bu vədəsində bürkülü salonda kostyum geymişdi. Saçı rəngində – qapqara köynək vardı əynində. Kostyumuna düşən ağ qalstuk bağlamışdı. Üzündə tər-zad görünmürdü. Orxan fikirləşdi ki, yəqin ürəyi çox sağlamdı Alen bəxtəvərin. Onu da fikirləşdi ki, Səfa bayaqdan bəri bu qəşəng müğənniyə bircə dəfə də nəzər yetirməyib. Səfa üçün bu dünyada Alen-filan yoxdu, Səfanın xoşladığı bir kişi var yer üzündə, o da Orxandı.
– Roberti tanımırsan? – dedi Yavər.
Orxan başını buladı. Bura axırıncı dəfə nə vaxt gəldiyini də yadına sala bilmədi. Bu mehmanxana tikiləndən cəmi iki-üç dəfə qalxmışdı on ikinci mərtəbəyə. Hərdən Səfayla aşağıya – kafeyə gəlirdilər, saatlarla oturardılar orda. Orxan gününü restoranlarda keçirən oğlanlardan deyildi; artıq pulu olanda, ya da dost-tanışlar dəvət eləyəndə gedirdi. Əvvəllər bu boyda Bakıda bəyəndiyi bircə yer vardı: köhnə “İnturist”. Süfrələrin ağlığından tutmuş, xidmətçi oğlanların geyiminə qədər, burda hər şey xoş gəlirdi ona. Sonra Dağüstü parkın yanında “Moskva” mehmanxanası tikdilər və bu mehmanxananın restoranına ayaq basdığı gündən köhnə “İnturist” Orxanın gözündən düşdü. Zalın genişliyi, bəzək-düzəyi, qəndillərin böyüklüyü və yemək-içməyin qiyməti “Moskva” restoranını əzəmətli göstərirdi. Burda oturanda Orxanın özünün özünə hörməti artırdı.
Yavər Səfaya baxa-baxa:
– İndi oxudarıq Aleni, – dedi və qalxıb musiqiçilərin yanına getdi, sarıbəniz oğlanla əl verib köhnə tanış kimi görüşdü. Deyəsən, doğrudan da tanış idilər: pianoçu oğlan Yavəri çox məhrəm qarşıladı, gülümsəyə-gülümsəyə nəsə dedi ona. Orxanın ürəyində həsədə oxşayan bir hiss baş qaldırdı. Adamın da bu qədər tanışı olarmı? Civə kimi qaynaşan balacaboy Yavəri bütün Bakı tanıyır. Bununla küçədə yol getmək müsibət işdi: on addımdan bir saxlayırlar, salam verirlər, hal-əhval tuturlar. Dükan-bazarda, restoranlarda, institutlarda, teatrlarda, xəstəxanalarda, lap hamamlarda da dost-tanışı var. Deyirlər, dostu çox olan adamın dərdqəmi olmaz. Yəqin ona görə Yavər həmişə gümrahdı, şəndi, gözlərindən işıq, dodaqlarından təbəssüm əskik olmur bunun.
Yavər pianoçu oğlanın ovcuna pul basıb qayıtdı.
– İndi Alenin əsl oxumağını eşidərsiniz, – dedi. – Bayaq oxuduqlarına bir qoz.
Sarıbəniz oğlan barmaqlarını pianonun dilləri üstündə xırda-xırda gəzdirdi və Orxan heyrətindən yerində dondu. Sarıbəniz oğlan muğama oxşar bir şey çalırdı və Orxan onun adını doğru-dürüst bilməsə də fikirləşirdi ki, təkcə bunu eşitmək üçün bu gecə “Azərbaycan” mehmanxanasının on ikinci mərtəbəsinə lap piyada qalxmağa dəyərdi. Oğlanın barmaqlarından alaqaranlıq, tüstülü restorana dupduru bulaq suyunun şırıltısını andıran həzinlik süzülürdü. Oğlan yarıayıq-yarıkefli zala layla çalırdı. O biri musiqiçilər dinməzcə dayanıb pianoçu oğlanın xanalarda “gəzişməyinə” qulaq asırdılar.
Alen Delona oxşayan müğənni pianoçunu çox çalmağa qoymadı, mikrofonu dodaqlarına yaxınlaşdırıb, Yavərə təbəssümlə baxa-baxa oxudu:
Tut ağacı boyunca,
Tut yemədim doyunca...
Yavər başını mahnının ahənginə uyğun yellədə-yellədə:
– Can, ay can! – dedi.
Orxanın diqqəti pianodan qopan sədaların yanında idi. Piano elə bil müğənni ilə danışırdı, onun sözlərinə qüvvət verirdi. Zərb aləti daha əvvəlki təki guruldamırdı, elektrik gitarası partıltı qoparmırdı. İndi meydan pianonun idi, o biri alətlər səslərini boğub onun avazına dəm tuturdular.
Yavər müğənniyə qoşulub zümzüməylə oxudu:
Yarı xəlvətdə gördüm,
Danışmadım doyunca...
Oxuya-oxuya gözlərini zillədi Orxanın enli alnına, elə bil mahnının sözləri orda yazılmışdı. Yavər nəzərlərini açıq-aşkar həsədlə Orxanın üzündə gəzdirdi. Hərdən özünü unudub, bax, beləcə süzürdü onu. Sanki özünün bu boy-buxunda, bu yaraşıqda olmadığına heyfsilənirdi. Orxan qarabəniz idi. Qəşəng deyildi, ancaq suyişirin idi. Dərində olan iri gözləri doğmaya da, yada da həmişə istehza ilə baxırdı... Yavər nəzərlərini onun qalın dodaqlarında, enli çiynində, qabarıq sinəsində gəzdirdi və yüngülcə bir ah çəkdi. Sonra üzünü yana döndərib, o da pianoçuya baxdı.
Saçı qabaq tərəfdən seyrəlməyə başlamış pianoçu, deyəsən, restoranda olduğunu unutmuşdu: gözlərini yumub şövqlə çalırdı. Onun bütün görkəmindən sevinc yağırdı, elə bil ürəyini boşaltmağa məqam tapdığı üçün özünü bu dünyanın ən xoşbəxt adamı sanırdı. Sən demə, ürəyi doluymuş bu sarıbəniz oğlanın. Sən demə, yanındakı insafsızlar, heyvərələr hay-küyləri ilə əlini, dilini bağlayıblarmış, səsini, harayını batırıblarmış onun.
Mahnı qurtaran kimi Yavər əl çaldı. Yan-yörədən ona qoşulanlar da oldu. Müğənni zaldakılara baş əydi. Orxan qan-tər içində gülümsəyə-gülümsəyə adamlara nəzər salan, baxışlarından yüngüllük, arxayınlıq, bir az yorğunluq yağan sarıbəniz oğlana əl çalırdı. Pianoçu onu görmürdü, deyəsən, heç kimi görmürdü, kim bilir, indi onun fikri haralarda dolanırdı.
Musiqiçilər səhnədən düşüb lap yaxınlıqdakı stolun arxasında oturdular. Yavər xörəkpaylayan oğlanı yanına çağırdı, musiqiçiləri göstərib:
– Onlara bir butulka konyak, bir şampan, iki plitka şokolad ver, – dedi.
Xörəkpaylayan oğlan gedəndən sonra Yavər üzünü Orxana tutub:
– Bugünkü əhvalın xoşuma gəlmir, – dedi. – Nə fərli yeyirsən, nə içirsən.
Orxan badəsini götürdü.
– İçək!
Yavər də badəsini götürdü:
– Sağlıq de, içək.
Orxan başını buladı.
– Bilirsən ki, sağlıq deməyi bacarmıram. Genə özün yaxşısan.
Sanki Yavər bu sözə bənd idi; badəsini çənəsi bərabərinə qaldırıb:
– Dostlar! – dedi. – İyirmi yeddi, iyirmi səkkiz yaşın içindəyik. Papağımızı fırladanacan otuz gəlib çatacaq. Qocalırıq, tələsin... Bizim taytuşlarımızın iki-üç uşağı var. Məni gecikdirən səbəblər ayrıdır, mənə fikir verməyin. Bircə ana ümidinə qalmışam. Kənddən yüngülcə yay paltarında gəlmişəm Bakıya. İnstitut, yataqxana, filan... İndi də kirayədə oluram. Nəsə, söhbət məndən getmir. Dəmiri gərək isti-isti döyəsən. Gərək məqamı ötürməyəsən. Bir sözlə, mən sizin toy gününüzü səbirsizliklə gözləyirəm, çünki o məclisin tamadası olmaq arzusundayam.
Orxan badəsini Yavərin badəsinə toxundurub:
– Tamadanın sağlığına! – dedi.
Yavər başını bulaya-bulaya:
– Yox, – dedi, – hələ mənim sağlığıma içmək vaxtı deyil... İcazə ver... Axı, söz mənimdi.
Orxan yenə:
– Tamadanın sağlığına! – deyib içdi.
Yavər gah Səfaya baxdı, gah əlindəki badəyə baxdı, çiynini çəkib, narazı-narazı içdi.
Səfa badəni dodaqlarına toxundurub süfrəyə qoydu, pərt-pərt Orxana baxdı, gördü ki, Orxan da pərtdir.
Orxan Səfaya bağlılığını heç kimdən gizlətmirdi, ancaq onunla evlənəcəyi barədə də heç kimə bir söz demirdi. Orxan boynuna belə bir borc götürməmişdi, Səfa da Orxanın qarşısında belə tələb qoymamışdı... Səfanın pörtdüyünü görəndə Orxan düşündü ki, Yavərin artıq-əskik danışmağı yəqin onun da xoşuna gəlməyib... Bəlkə də gəlib?.. Bəlkə də sağlıq ürəyindən olduğu üçün Səfanın yanaqları bu təhər allanıb? Orxanı hirs boğdu. Bu gecədən az-çox aldığı zövq-ləzzət zəhər-zəqquma dönüb boğazına tıxandı. “Kimdi, axı, bu Yavər? Nə olsun ki, Səfayla bir yerdə işləyir? Yəni Səfanın həmkarları mənim qəlbimi ələk-vələk eləyib, ürəyimin içinə baxmalıdırlar?” Orxan istədi bir bəhanəylə Yavəri acılayıb getsin burdan. Səfanı da götürüb bu tüstülü, hay-küylü restorandan uzaqlaşsın. Şəhərin işıqlı, ancaq kimsəsiz guşəsinə getsinlər. Orda bir Səfa olsun, bir Orxan, bir də onların xırdaca sirləri...
Kitabxana.az · https://kitabxana.az/works/isi-melikzade-gumusgol-efsanesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ağarəhim Borçalıda cəmi-cümlətani bircə gecə qaldı. Bu da işdir sən allah, dünən gəl, bu gün qayıt. Gərək, heç olmasa, üç-dörd gün gəzəydi burda, üç-dörd gün Bakının basabasından səs-küyündən uzaq olaydı. Borcalının “qaymaq” havasından udaydı, “bal” suyundan içəydi. Ağarəhim könülsüz-könülsüz “Jiquli”yə oturanda qayınanası yalvardı ki, “qal, getmə”. Ağarəhimin əvəzinə arvadı Pərvanə cavab verdi: “Getməlidi, – dedi, gərək ponidelnik işdə olsun”. Ağarəhim ürəyində: “Tüpürüm ponidelnikə”, – deyib maşını tərpətdi, amma başa düşdü ki, “ponidelnikə” tüpürə bilməz, çünki “ponidelnik” institutda olmalıdı, axşam şöbəsinin tələbələrindən imtahan götürməlidi...Sağ-solunda yastı, bomboz təpələr görəndə Ağarəhim anladı ki, maşında tək-tənha uzaq yol getmək müsibətdir. Gələndə arvad-uşağı yanında idi və onda elə bil buralar belə bozumtul, belə qərib deyildi, yol belə əyri-üyrü, dolanbac deyildi, asfalt adamın gözünün toyşunu aparmırdı. Gələndə təkərlərin səsi eşidilmirdi, amma indi şırıltıya qulaq as; elə bil şəlalə şırıltısıdı, adama layla çalır, mürgü gətirir. Ağarəhim fikirləşəndə ki, hələ qabaqda dörd yüz kilometrdən çox yol var, başladı darıxmağa, təntiməyə və o dəqiqə də başa düşdü ki, bu qədər yolu darıxa-darıxa getmək olmaz – adamın bağrı partlayar, vallah. Özünə ürək-dirək verdi, toxtaq olmağa çalışdı. Cəhənnəm olsun yolun ağlığı da, uzaqlığı da. Təptəzə “Jiquli”nin əlində dörd yüz kilometr yol nədir ki? Qaldı təklik məsələsi – onun da çarəsi var. Radioqəbuledicini aç, səsi gəlsin, ya da maqnitofonu işə sal, kefin nə qədər istəyir, oxusun səninçün. Bəs maqnitofonu nədən ötrü almısan, atam-qardaşım, Yapon maqnitofonu üçün alverçiyə min manatı niyə vermisən?
QatardaDostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.
Şehli çəmənlərin işığıAltmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?
Evin kişisiÇəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...
Başqa şairlərin şeirləri
Kəndin laf eyliyib aşığam demə,Sən də olar bir gün dara düşərsən,
KəklikCanım kəklik gözüm kəklikYerişin yarıma bənzər
Ey sərvi-səhi, sən gələli seyr ilə bağəEy sərvi-səhi, sen gələli seyr ilə bağəSər çəkmədi ər-ər,
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?