Qatarda
Səhifə 1 / 4
Dostum Həsənağa Turabova ithaf
Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.
Stansiyada adam az idi. Vaqona oxşayan bircə uzun bina vardı burda. Sabit çölü içindən işıqlı olan bu binada xeyli aralıda, skamyada təktənha oturub siqaret çəkirdi və burda adda-budda gəzişən cavanların gözlərinə görünməməyə çalışırdı. Bu rayon cavanlarının pis bir xasiyyətləri vardı: tanımadıqları adamın üzünə elə zəndlə baxırdılar ki, adam başını soxmağa yer axtarırdı. Sabit çəkinirdi onlardan. Bircəciyi gördümü – bəsdi – o birilərini də duyuq salacaqdı: “Əyə, sən ölÉsən, Sabit Mirzədi bu. Artist... Kinoda oynayır haa...” Vəssalam! Yığışacaqlar Sabit Mirzənin başına, qoymayacaqlar fikirləriylə təkbətək qalsın, siqaretin arın-arxayın çəksin, yan-yörəyə gözləri dolusu baxsın...
Qatar vaxtında gəldi. Sabit vaqona qalxa-qalxa arxaya baxdı; ondan savayı bu vaqona minən yox idi. Qapının ağzında dayanan vaqon bələdçisi Sabitə çox zəndlə diqqət yetirirdi, deyəsən, tanımışdı onu. Sabitin kişi bələdçilərdən xoşu gəlmirdi – kişi parovoz sürər, təyyarə sürər, deyirdi, day kupelərdə döşəkağı paylamaz. Başını aşağı salıb bələdçinin yanından ötmək istədi, ancaq bələdçi onun sağ əlini qamarlayıb köhnə tanışlar kimi.
– Sabit müəllim, xoş gördük, – dedi. – Siz hara, bura hara?
Sabit dodaqlarının altında nəsə mızıldadı, ancaq bu mızıltıdan nə özü bir şey anladı, nə də bələdçi.
Bələdçi ortayaşlı, dolubədənli, qarabığ, qarabəniz bir kişi idi. Bu qəfil görüşün sevincindən dəyirmi, qırmızımtıl gözləri tamburun zəif işığında par-par parıldayırdı. Sabitin əlini bir az da bərk sıxdı.
– Heç ağlıma da gəlməzdi ki, burda rastlaşarıq, – dedi. – Gör haa... gör ha... işə bir bax...
Sabit dayanıb gözləyirdi ki, bələdçi onun əlini buraxsın, amma bələdçi, deyəsən, ondan qopmaq fikrində deyildi, Sabitin üzünə elə məhəbbətlə baxırdı ki, deyirdin bəs uzun illər həsrətini çəkdiyi əziz dostunu indicə bu balaca stansiyada tapıb.
Sabit razılıqla başını yellədi, bu görüşdən özünün də məmnun olduğunu bildirməkçün gülümsədi və əlini bələdçinin iri ovcundan yarıxoş, yarızor çıxarıb içəri keçdi. Deyəsən, vaqonda seyrəklik idi, səs-küy zad eşidilmirdi. Sabitin kupesində arıq bir kişi vardı. Əynindəki tor maykanın yaxası sallanıb sinəsindən aşağı düşmüşdü, elə bil balaca uşağa canlı-cəsədli adamın maykasını geyindirmişdilər.
Sabit bir ayağı çöldə, bir ayağı kupedə:
– Axşamınız xeyir, – dedi və kişinin hülqumlu, nazik boğazına baxa-baxa fikirləşdi: “Görəsən xoruldamır ki, bu?”
Kişi tor maykasının az qala dirsəyinəcən sürüşmüş bir çiynini yuxarı dartıb:
– Aqibətiniz xeyir, – dedi.
İçəridə təndir havası vardı, tərs kimi kupenin pəncərəsi də bağlı idi. Sabit yaxınlaşıb əlini qoşa laylı pəncərənin dəstəyinə atanda kişi sakitcə dedi:
– Zəhmət çəkməyin, fələyin bağladığı qapı kimi bir şeydi bu; iki saatdı əlləşirəm, aça bilmirəm. Bizim poyezdləri həmişə belə görmüşəm: pəncərələri yayda mıxlı olar, qışda sınıq-salxaq. – Kişi başını buladı və maykasının çiyni yenə dirsəyinəcən sürüşdü. – Lüt soyunmaqdan başqa çarə yoxdu, – dedi.
Sabit kupedən çıxdı. Siqaret yandırdı, ancaq birinci qullabdan sonra hiss elədi ki, ürəyi siqaret istəmir; qatarı gözləyəndə bu zəqqutun tüstüdən çox udmuşdu.
Qatar taqqaturuqla, yüyəni buraxılmış at kimi yorğa-yorğa gedirdi. Sabit də kip bağlanmış qoşa laylı pəncərədən qaranlıq çölə baxırdı: Pəncərədən düşən ağ işıq zolağı qatarın böyrüncə yeri yalaya-yalaya qaçırdı. İşıq zolağından o yana heç nə görünmürdü, deyəsən. düzü-biyabanlıq idi buralar. Sabit düzənlik zənn elədiyi o qaranlığa çox baxa bilmədi – bələdçi yanladı onu. Bələdçinin bir əlində qalın stəkan vardı, bir əlində butulka.
– Mineralnı sudu, – dedi, – ürəyiniz yananda içərsiniz.
Bələdçi butulka-stəkanı kupeyə qoyub, maykalı kişiyə dedi:
– Bilirsən yoldaşın kimdi?.. Sabit Mirzə!.. Artist!
Maykalı kişi oturduğu yerdəcə boynunu uzadıb kupenin qapısından dəhlizə tərəf baxdı və sözlərini pəncərənin qabağında dayanmış Sabit Mirzəyə çatdırmaq üçün səsini qaldırdı:
– Deyirəm, axı, mən bunu kimə oxşadıram! Bayaqdan oturub fikirləşirəm ki, əşi bu adamı harda görmüşəm?! – Kişi qalxdı, kupenin üst taxtına tulladığı köynəyini tələm-tələsik əyninə keçirtdi. – Bunu televizorda çox görmüşəm, – dedi.
Bələdçi də sözlərini Sabit Mirzəyə çatdırmaq üçün səsini qaldırdı:
– Mən ölüm, bir nömrəli artesimizdi! Allah canını sağ eləsin! – Sonra kupedən çıxıb, Sabit Mirzənin böyründə dayandı. – Nə lazım olsa, mən hazır – dedi.
– Çox sağ olun, heç nə lazım deyil. Təkcə... bu pəncərəni açmaq mümkün olsaydı... içəridə nəfəs almaq olmur...
Bələdçi bir əlini sinəsinə qoyub:
– Acizəm, – dedi. – Mənlik iş döyül bu. Onu elə bağlamayıblar ki, bir də açılsın. Beş-altı yerdən mıxlayıblar.
Bələdçi getdi. Sabit Mirzə təzədən üzünü pəncərəyə çevirmək istədi, ancaq çevirə bilmədi: ucaboylu bir kişi qonşu kupenin qapısı ağzında dayanıb adamı deşib keçən bir nəzərlə ona baxırdı. Elə baxırdı, elə bil Sabit Mirzənin iç-içalatını görmək istəyirdi. Sabit bu baxışdan özünü itirdi, az qaldı kişiyə salam versin. Fikirləşdi ki, ucaboylu bu adam beləcə zəndlə baxacaq və birdən gülümsəyəcək. Amma ucaboylu adam, gülümsədi, gözlərini Sabit Mirzənin gözlərinə zilləyib, iki barmağının arasında tutduğu siqareti dodaqlarına apardı.
– Yandırmaq olar? – dedi və razılıq gözləmədən yaxınlaşıb siqaretini Sabit Mirzənin siqaretinin oduna yandırdı, təzədən gözlərini Sabit Mirzənin gözlərinə zillədi. – Prokuror rolunu oynamağın xoşuma gəlmir, – dedi. – Pis oynayırsan...
Tanımadığı adamdan belə qəfil tənbeh gözləmədiyi üçün Sabit Mirzə nə cavab versin. İki il idi ki, o əsəri repertuardan çıxartmışdılar. Sabit Mirzə yanıb qurtarmaqda olan siqaretini pəncərənin altına vurulmuş dəmir külqabıya basıb əzdi.
– Day prokuror rolu oynamıram, – dedi.
Ucaboylu adam dodaqlarını dəyirmilədib tüstünü tavana üfürdü.
– Lap yaxşı eləyirsən, – dedi. – Yalan oynamaqdansa, oynamamaq məsləhətdi.
Bu adamın yekəxana danışığı xoşuna gəlməsə də, Sabit Mirzə acığını boğdu; tamaşaçı fikrinə qulaq asmağın nə ziyanı var? Bəlkə ağıllı bir söz deyəcək, ağıllı bir məsləhət verəcək?
– Mənim prokurorum niyə sizin xoşunuza gəlmir? – dedi.
Ucaboy adam dəhlizin o biri başına nəzər saldı. O tərəfdə saçları az qala çiyninə tökülmüş bir oğlan dayanmışdı. Ucaboy adam həmin uzunsaç oğlana baxa-baxa dedi:
– Sən səhnədə prokurordan çox xeyirxah bir müəllimə oxşayırsan. Prokurorlar sənin oynadığın kimi olmurlar. Prokurorlar elə danışmırlar. – Gözlərini uzunsaç oğlandan çəkdi. – Nəyi də bilməsəm, o sahəyə bələdəm, – dedi və bayaqdan bəri ilk dəfə üzündə təbəssümə oxşar bir ifadə dolandı.
Sabit Mirzə onun yuxarıdan iki düyməsi açıq olan ağappaq köynəyinə baxdı: “yəqin hansı rayonunsa prokurorudu bu.”
Ucaboy adam səsinin ahəngini yumşaldıb, mərhəmətcəsinə soruşdu:
– Nə əcəb güzarın bu yerlərə düşüb?
Sabit Mirzə onun səsinin ahəngini dəyişməyindən çox, mövzunu dəyişməyindən xoşhallanıb cavab verdi:
– Qastroldaydım, Truppamız qaldı. Mən sabah Bakıda olmalıyam, təzə filmə çəkilirəm... Deyəsən, yorğun-ağrın çatacam Bakıya; bu kupedə uzanmaq, dincəlmək mümkün deyil, pəncərəsi açılmır, içəri yaman istidi.
Ucaboy adam üzünü dəhlizin o başındakı uzunsaç oğlana tutub çağırdı:
– Ay oğlan! Ay bala!
Oğlan dönüb baxdı; çox da cavan deyildi. Ucaboy adam bərkdən dedi:
Uzunsaç oğlan tərəddüd içində baxa-baxa qaldı; getsin, getməsin? Görəsən belə hökmlə danışan, onu uşaq kimi buyuran bu adam kimdi?
Ucaboy adam səsinə bir az acıq da qatdı.
– Denən, yoldaş Dadaşov çağırır!
“Yoldaş Dadaşov” sözü, deyəsən, oğlanın tərəddüdünə son qoydu: oğlan getdi bələdçini axtarmağa.
Ucaboy adam siqaretini qapaqlı dəmir külqabıya atdı.
– Düzələr, – dedi.
Bələdçi tələsik addımlarla gəlib ucaboy adamın qabağında dayandı.
– Eşidirəm, yoldaş Dadaşov!
Dadaşov sakit, ancaq hökmlə dedi:
– Bu kişinin kupesindəki pəncərə açılmadı... Beş dəqiqə vaxt verirəm sənə...
Bələdçi, Sabit Mirzəyə baxıb, üzrxahlıq eləyirmiş kimi dedi:
– Beş dəqiqəyə aça bilmərəm, vallah.
Dadaşov:
– Olsun on dəqiqə! – dedi və öz kupesinə girdi.
Sabit Mirzənin daha şübhə yeri qalmadı: “Bu, kimdirsə, hər yerdə sözü keçən adamdı”. Donuxub qalmış bələdçidən soruşdu:
– Bu yoldaş kimdi?
Bələdçi çiynini çəkib yavaşca cavab verdi:
– Nəçi olduğunu bilmirəm, amma... balaca adama oxşamır.
Bələdçi necə tələsik gəlmişdisə, eləcə də getdi.
Dadaşov kupedən çıxıb, Sabit Mirzəyə “Kent” qutusu uzatdı.
Kitabxana.az · https://kitabxana.az/works/isi-melikzade-qatarda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
– Görəsən bu uşaq harada qaldı?Arvad cavab əvəzinə köksünü ötürdü. Fərrux yorğanı üstündən atıb dikəldi. Ayaqlarını çarpayıdan salladı. Xeyli sükutdan sonra üzünü yanında uzanmış arvadına tutdu:
DuzSeymur paltosunu geyinib qapının ağzında dayandı. Anası balaca qara çamadanı və içi dolu həsir zənbili gətirib onun qarşısına qoydu. Oğlan şeylərə tərəf baxmadı. Gözlərini anasının yanına sallanmış damarlı, quru əllərinə zillədi. Sonra onu umacaqlı baxışla süzdü. Firuzə oğlunun fikrini anlayıb gülümsədi. Əlini dirsəkdən ilməsi qaçmış sarımtıl, nimdaş jaketinin cibinə saldı.– Al, hələlik bunu xərclə...
TalismanAğarəhim Borçalıda cəmi-cümlətani bircə gecə qaldı. Bu da işdir sən allah, dünən gəl, bu gün qayıt. Gərək, heç olmasa, üç-dörd gün gəzəydi burda, üç-dörd gün Bakının basabasından səs-küyündən uzaq olaydı. Borcalının “qaymaq” havasından udaydı, “bal” suyundan içəydi. Ağarəhim könülsüz-könülsüz “Jiquli”yə oturanda qayınanası yalvardı ki, “qal, getmə”. Ağarəhimin əvəzinə arvadı Pərvanə cavab verdi: “Getməlidi, – dedi, gərək ponidelnik işdə olsun”. Ağarəhim ürəyində: “Tüpürüm ponidelnikə”, – deyib maşını tərpətdi, amma başa düşdü ki, “ponidelnikə” tüpürə bilməz, çünki “ponidelnik” institutda olmalıdı, axşam şöbəsinin tələbələrindən imtahan götürməlidi...Sağ-solunda yastı, bomboz təpələr görəndə Ağarəhim anladı ki, maşında tək-tənha uzaq yol getmək müsibətdir. Gələndə arvad-uşağı yanında idi və onda elə bil buralar belə bozumtul, belə qərib deyildi, yol belə əyri-üyrü, dolanbac deyildi, asfalt adamın gözünün toyşunu aparmırdı. Gələndə təkərlərin səsi eşidilmirdi, amma indi şırıltıya qulaq as; elə bil şəlalə şırıltısıdı, adama layla çalır, mürgü gətirir. Ağarəhim fikirləşəndə ki, hələ qabaqda dörd yüz kilometrdən çox yol var, başladı darıxmağa, təntiməyə və o dəqiqə də başa düşdü ki, bu qədər yolu darıxa-darıxa getmək olmaz – adamın bağrı partlayar, vallah. Özünə ürək-dirək verdi, toxtaq olmağa çalışdı. Cəhənnəm olsun yolun ağlığı da, uzaqlığı da. Təptəzə “Jiquli”nin əlində dörd yüz kilometr yol nədir ki? Qaldı təklik məsələsi – onun da çarəsi var. Radioqəbuledicini aç, səsi gəlsin, ya da maqnitofonu işə sal, kefin nə qədər istəyir, oxusun səninçün. Bəs maqnitofonu nədən ötrü almısan, atam-qardaşım, Yapon maqnitofonu üçün alverçiyə min manatı niyə vermisən?
Şehli çəmənlərin işığıAltmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?
Başqa şairlərin şeirləri
Ey aləm, Şəki, arif, QırağTəmam əhli-ərş sakin Bozdağ
EylərEy ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,