Oğul
– Görəsən bu uşaq harada qaldı?
Arvad cavab əvəzinə köksünü ötürdü. Fərrux yorğanı üstündən atıb dikəldi. Ayaqlarını çarpayıdan salladı. Xeyli sükutdan sonra üzünü yanında uzanmış arvadına tutdu:
– Əminə, sən də bilmirsən Tahir bu vaxtacan haralarda gəzir?
Əminə yorğanın altında büzüşüb böyrü üstə çevrildi.
– Bilmirəm, kişi, bilmirəm.
– Bəs niyə xəbər almırsan?
– Deyir, yoldaşlarımnan imtahana hazırlaşıram.
Fərrux başını buladı. Otağa süzülən ayın solğun işığı onun qansız sifətinə bir sarılıq da yaymışdı. O, əllərini çarpayıya dayayıb qalxdı. Sol ayağını döşəmədə sürüyə-sürüyə pəncərəyə tərəf getdi. Alnını şüşəyə dirəyib boş, sakit küçəyə baxdı. “Naxoş olmasaydım gedib Tahiri axtarardım, – deyə düşündü. – Axı, bu iflic məni haradan tapdı? Bəlkə mən xəstə olduğum üçün Tahir istədiyini eləyir, məni gücsüz görüb daha qorxmur, çəkinmir?..”. O, özünü doğrudan da gərəksiz bir adam zənn etdi. Bu fikirdən Fərruxun qəlbində özünə qarşı acıq dolu bir narazılıq yarandı. O, bütün bəlaların səbəbini sürünən sol qıçında gördü və əsəbiləşdi. Həkimin sözlərini xatırladı. “Sizə əsəbiləşmək olmaz, qətiyyən olmaz”. Fərrux ürəyini toxtatmağa çalışdı. “Tahir belə özbaşınalıq eləməzdi. Evə gec gəlməzdi. İcazəsiz bir yerə getməzdi. Bəs indi nə oldu? Bir aydır, evə vaxtlı-vaxtında qayıtmır. Bilmir ki, bəyəm, mən xəstəyəm, narahatam?..”.
Fərrux pəncərədən aralandı. Gəlib çarpayının küncündə əyləşdi.
– Gör saat neçədir, – deyə yatağının içində fikrə getmiş arvadına yenidən müraciət etdi. Əminə durub işığı yandırdı. Ərinin stolun üstündəki qol saatına baxdı. Yuxusuzluqdan kallaşmış səslə dedi:
– İkidir, üçdən beş dəqiqə işləyib...
Fərrux qızarmış gözlərini oğlunun divardan asılmış şəklinə zillədi, dərindən köksünü ötürdü. Onun hüznlü baxışında, tutqun sifətində açıqaydın bir sual oxunurdu: “Haradasan, Tahir? Axı, mən nigaranam, oğul!”.
Fərrux güclə nəfəs alırdı. Əminə işığı söndürdü. Yorğanı götürüb ərinin çiyninə saldı. Kişi astadan, qırıq-qırıq danışdı.
– Əminə, mən ona söz deməyə utanıram. Yekə kişi olub, bığ saxlayır, üzünə ülgüc vurdurur. Daha uşaq deyil. Sən anasan, onunla açıq danış. Mənim adımdan de ki, belə olmaz, dərslərini oxusun. Hələ institutu qurtarmağına iki il var.
– Ay Fərrux, bəlkə elə Tahir doğrudan da dərs oxuyur. Səbirsizlik eləmə, indicə gələr.
– Elə bilirsən onun haralarda gəzməyindən xəbərim yoxdur? Başa düşürəm harda ləngiyir, amma deməyə dilim gəlmir... Əminə, qorxuram uşaq bir para cavanlara qoşulmuş ola.
– Tahir pis yola getməz, Fərrux
– Nə bilirsən?
– Deyirsən, yəni bir qıza-zada ilişib?
– Qıza ilişsə yaxşıdı. Mən qorxuram bir yanı-qoduqluya dadanmış ola, sonra düşə əngələ, dərsdən soyuya. Bu saat onun beyninin qan vaxtıdı. Heç nəyin ağına-bozuna baxmır.
Ağlım kəsmir, – deyə Əminə inamla dilləndi. Amma bir azdan Fərruxun narahatlığı ona da keçdi. – Deyirsən, yəni...
– Ayrı nə ola bilər? Bu qız məsələsi deyil. Ağlı başında olan qız bu vaxta qədər küçədə qalmaz. İmtahana hazırlaşmağı deyirsənsə, ona da inanmıram. İndiyəcən belə hazırlaşmaq görmüşdün?..
– Uşağın babalını yuma.
– Məni hövsələdən çıxarma, Əminə. Burda sən bilən şey yoxdur. Oğlunun tənbehini ver, yoxsa...
– Bir səbrin olsun, a kişi...
– Necə səbir eləyim, rəhmətliyin qızı? Biz gözümüzü açınca nəf qudurub mayanı yeyəcək... Onun nə vaxtıdır ki, bildiyini edir?! Atanı saymır, ananı vecinə almır.
Bayaq pəncərənin qabağında dayanarkən onun ürəyini bir tikəyə döndərən qəzəb yenidən coşdu. Fərrux yumruğunu düyünləyib sağ dizinə çırpdı. Elə bil quru ağac parçaları bir-birinə dəyib şaqqıldadı.
– Məni saymır... Mən ona göstərərəm! Onda bilər ki...
Qapının zəngi çalındı. Kişinin bədəni gərildi. Əminə cəld ayağa qalxdı. İşığı yandırdı. Qapını ehmalca açdı. Tahirin gülümsəyən sifəti göründü.
Fərruxun uzun, sümüklü sağ qolu havada qolaylanıb astanada oğlanın üzünə çırpıldı. Qəflətən aldığı zərbədən Tahirin gözləri böyüdü. Kişi müvazinətini saxlaya bilməyib səndələdi. Tahir qüvvətli əlləri ilə atasının belindən yapışıb onu yıxılmağa qoymadı. Əminə özünü yetirdi.
– Fərrux, tifilin bağrını niyə yarırsan?
Kişi oğlunun qolları arasından çıxdı. Divardan tuta-tuta yataq otağına keçdi. Çarpayıya uzandı. Ürəyi az qalırdı yerindən çıxsın. Gicgah damarları hey atırdı. Sağ əlinin içində zoqqultu vardı. O, birdən-birə taqətdən düşdü. Elə bil canında olan-qalan güc oğluna vurduğu zərbə ilə qurtarmışdı. Yenə həkimin tövsiyəsini xatırladı. “Sizə əsəbləşmək olmaz...”
Fərrux xəyalən cavab verdi: “Bu mümkün deyil, həkim. “Görürsünüz ki, mümkün deyil...”
Mətbəxdə stəkan-nəlbəki cingildədi. Asta, həzin pıçıltılar eşidildi. Aradan xeyli keçmiş Əminə Fərruxun çarpayısına yaxınlaşdı.
– Onu niyə vurdun, Fərrux?
– ...
– Necə qıydın? – Əminənin səsi titrədi. Fərrux hiss etdi ki, arvadı ağlayır. – O, işdən qayıdırmış, Fərrux, biz bilməmişik...
Fərrux qulaqlarına inanmadı.
– Necə? – deyə soruşdu və səsi xırıldadı.
Əminənin əlində nəsə xışıldadı.
– Onun ilk maaşıdır. Sənin vəziyyətini belə görüb, işə girib... gecələr...
Əminə sözünün dalısını deyə bilmədi. Yatağına girib yorğanı başına çəkdi, yorğan titrədi.
Fərruxun heydən düşmüş bədənini tər basdı. Sağ əlindəki zoqqultu acı, ağır bir düyün olub ürəyinə keçdi. Sevinclə peşmançılığın qarışığından doğan qəhər onu da boğdu.
Kitabxana.az · https://kitabxana.az/works/isi-melikzade-ogul
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Altmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?
Evin kişisiÇəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...
Küçələrə su səpmişəm...Xəlil qapıdan girəndə arvadı təəccübləndi; Xəlilin vacib işi olmasaydı günortalar evə gəlməzdi. Teybə çox vaxt axşam xörəyindən saxlayıb çörəyin arasına qoyar, onu qəzetə yaxşı-yaxşı bükərdi. Xəlil də səhər evdən çıxanda həmin bükülünü qoltuğuna vurardı. Aparmaq üçün fərqli xörək olmayanda Xəlil günorta hamamın yanındakı yeməkxanaya gedərdi. Bir də ki, onun yeməyi nə idi? Uşaq kimi, dörd yarpaq dolması onu xirtdəyəcən doyuzdurardı. Teybə yeddi il idi ki, onunla bir damın altında yaşayırdı və bu yeddi ildə Xəlilin istirahət günlərindən başqa günortalar evdə tikə kəsdiyini görməmişdi.Teybə ərinə nəzər saldı və qorxdu. Xəlilin arıq, uzunsov sifəti bozarmışdı. Damağındakı “Kazbek”in islanmış kötüyünü çeynədikcə batıq ovurdları tərpənirdi. Qıyılmış xırda gözləri otağın künc-bucağında nəsə axtarırdı. O, papirosun kötüyünü dişləyib tüpürdü.
QuyuI**Umud gözlərini soğan, kartof qabıqları tökülmüş torpaq döşəməyə zilləyib, çirkli xalatının düymələrini yavaş-yavaş açmağa başladı. Neçə gündən bəri ürəyində ağır daş kimi gəzdirdiyi sözləri indi bərkdən dedi:
Başqa şairlərin şeirləri
A ş ı q Ə l ə s g ə rArpadan, buğdadan çıxmışdı əlim,
BuEy mənim canım alan, səndə nə adətdir bu?Göstərir şərhi-qaşın hər dəm, əlamətdir bu,
Baş qoyub dərgahına pabusdən etdi mültəməsBaş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.
Yar məniBir söz ilə mən duzağa tutuldum,Bu qərib ellərdə yaxdı yar məni,