Seymur paltosunu geyinib qapının ağzında dayandı. Anası balaca qara çamadanı və içi dolu həsir zənbili gətirib onun qarşısına qoydu. Oğlan şeylərə tərəf baxmadı. Gözlərini anasının yanına sallanmış damarlı, quru əllərinə zillədi. Sonra onu umacaqlı baxışla süzdü. Firuzə oğlunun fikrini anlayıb gülümsədi. Əlini dirsəkdən ilməsi qaçmış sarımtıl, nimdaş jaketinin cibinə saldı.

– Al, hələlik bunu xərclə...

Seymur səliqə ilə bükülmüş pulun arasını açdı. Üç dənə qırmızı onluğu görüb qaşqabağını tökdü. Gah ovcundakı pula, gah da anasına baxdı. Ayrılıq dəqiqələrində ürəyini sarmış kövrəklik əriyib getdi. Deyəcəyi vida sözləri qırılmış zəncir halqaları kimi beynində dağıldı, pərən-pərən düşdü. Gözucu anasının ciblərinə baxdı. “Bəlkə yenə verdi?.. Bəlkə...”

Firuzə sanki oğlunun titrəyən barmaqlarını görməmək üçün üzünü döndərdi. Baxışları həsir zənbilin üstündə dolandı:

– Maşın küçədə səni gözləyir.

Seymur qırmızı onluqları ovcunda sıxıb yumruladı:

– Otuz manatla hara gedim?

Firuzə istədi oğlunun hirsini dağıtsın, könlünü alsın. Gülümsədi. Və tez də peşman oldu; anladı ki, bu təbəssüm Seymurun olan-qalan səbrini çalxaladı, daşdırdı.

Oğlan pulu stolun üstünə atdı:

– Bilsəydim belə olacaq, heç qış tətilinə gəlməzdim. Başqaları öz uşaqlarını ağıllı-başlı yola salırlar.

Ana köks ötürdü.

– Bizim də gücümüz buna çatır.

– Elə bilirsiniz tələbə olmaq asandır? Şəhərdə dolanmaq asandır?

Seymurun səsi də titrədi, dodaqları da. Atası ilk dəfə onun nəzərində adiləşdi, balacalaşdı. “O da gedib özünə sənət tapıb. Poçtalyonluqdan nə çıxar? Otuz ildir onun-bunun qapısına məktub daşıyır. Cibləri də boş”.

Firuzə istəmirdi ki, Seymur evdən narazı getsin. İstəmirdi ki, bu vida dəqiqələri sonralar ağır daş olub ürəyindən asılsın. Ana oğlunu məhəbbətlə süzdü. “Arıqlayıb Seymur. Rəngi də ağarıb. Ağız-burnu nəcimləşib. Yəqin çətinlik çəkir, doyunca yemir. Neynəsin, yanında anası yox, bacısı yox”.

Ana ayrılığın, həsrətin dad-tamını bilirdi. Altı aydan bəri gecəli-gündüzlü bütün fikri-zikri oğlunun yanında olmuşdu. Bircə qismət çörək yeyəndə də, bircə içim su içəndə də Seymuru xatırlamışdı: Görəydim günləri necə keçir balamın!”.

Seymurun tətildə olduğu müddətdə ana onunla üz-üzə çox oturmuşdu; doymamışdı. Firuzə bu ayrılıq anını qorxa-qorxa gözləmişdi. Özünə söz vermişdi ki, Seymur yola düşəndə ağlamasın. “Uşaq birdən könlü qırıq gedər”.

– Bacarmırsınız, oxutmayın. Hələ birinci kursu qurtarmamışam. Bəs beş il məni necə dolandıracaqsınız?!

Firuzə cavab verə bilmədi. Ürəyində ərinin qarasına deyindi: “Heç olmasa gəlib uşağı yola da salmadı. Bu yağışlı gündə çantasını atıb getməsəydi dünya dağılmazdı ki!”

Küçədə maşın siqnal verdi. Ana stolun üstündən əzik pulları götürüb Seymura uzatdı:

– Al, bala, dəlilik eləmə.

– İstəmirəm!

– Axı təqaüd də alırsan.

– Ondan sizə nə?! Aldığım ayın başına çatmır. Ac qalanda kimin qapısına gedim?! Elə bilirsiniz yeməkdən savayı xərclərim yoxdu?

– Biz də atanın maaşı ilə dolanırıq, bala. Axı səndən başqa evdə iki bacın da var.

– Məni adam yerinə qoymursunuz. Şəhərdə batsam da vecinizə gəlməz.

Maşın uzun-uzadı siqnal verdi. Seymur şəhadət barmağını çiyni üstdən qapıya tuşladı:

– Uşaq oxudan elə olar. Oğlunu öz maşınında stansiyaya göndərir. Mən də onun qoltuğuna qısılmışam. Mənim atam...

Firuzənin ərinə yazığı gəldi. Cansız-cəsədsiz kişinin bu yağışlı, küləkli gündə palçığa batıb qalacağından qorxdu. Naxoşlayıb yatağa düşəcəyindən qorxdu. “Pay-piyada nə qədər gəzmək olar?” Ayaq döyməkdən bədbəxtin canının suyu da quruyub. Bir dəridir, bir sümük... Gör neçə ildir... Gör ha”.

Yenə siqnal səsi eşidildi, dalbadal, əsəbi. Seymur çamadanın qulpundan yapışdı. Ana yalvardı:

– Ağrın mənə gəlsin, pulu al. Yenə tapıb göndərərik. Bir az... qənaətlə xərclə, israfçılıq eləmə.

– Yoxsa bu vaxta qədər gen-bol xərcləmişəm?! Bilirsən borc almaq nə deməkdir?! Şəhərdə olmusan? Bir stəkan suyu da pulsuz vermirlər.

– Al, bala.

– İstəmirəm! – Oğlan zənbili də götürdü.

Firuzə əzilib yumrulanmış pulu Seymurun paltosunun yan cibinə saldı.

– Dərdin mənə gəlsin.

Oğlan anasının ağarmış, xəstəhal çöhrəsinə baxdı. Titrəyən qansız dodaqlarına baxdı. Onun gözlərindəki nəmi sezmədi. Ürəyinin ağrılı-acılı döyüntüsünü eşitmədi. Qapını itələyib çıxdı.

Küləyin əydiyi çəpəki yağış ananın üzünə, sinəsinə nöqtə-nöqtə çırpırdı...

“QAZ-69” tərpəndi. Seymur yanındakı yoldaşının adda-budda suallarını cavabsız buraxdı. Gözlərini maşının aramla, xışıltı ilə işləyən şüşətəmizləyəninə dikib fikirləşdi: “Dedilər, orta məktəbi qurtaranda sənə bahalı kostyum alacağıq. Əvəzində altmış manatlıq ucuz kostyumu aldılar. Dedilər, instituta girsən sənə qızıl saat alacağıq. Almadılar. Saat üçün cəmi-cümlətani iyirmi beş manat göndərdilər. İndi də... Pulları yoxdur, mənə nə? Haradan tapırlar-tapsınlar. Nə vaxta qədər qorxa-qorxa, qənaətlə xərcləyəcəyəm?.. Atam məni ötürməyə də gəlmədi... Verdikləri otuz manatı Bakıya çatan kimi poçtla geri göndərəcəyəm”.

Maşın dikə dırmaşan palçıqlı yolu güclə çıxdı. Üzbəüz gələn bir kişi əl qaldırdı, sonra dərənin dibini göstərib nəsə qışqırdı. Sürücü maşını saxladı. Qapını açıb aşağıya baxdı.

– Seymur, deyəsən, anandır, dalımızca yüyürür.

“Görəsən nə olub? Məni neynəyir?” Seymur maşından düşdü. Təzə qəhvəyi tuflilərinin palçığa batacağından ehtiyat edib, təmiz yer seçə-seçə ayaqlarının ucunda təpənin üstünə gəldi. Qara şala bürünüb dikə dırmanan anasını gördü. Arvad kəsə yolla sürüşə-sürüşə qalxırdı. İki dəfə büdrəyib dizlərini yerə verdi. Sağ əlini tez-tez başının üstünə qaldırıb yelləyirdi.

Yağışın suyu oğlanın boynuna, bədəninə süzüldü. Əti çimçişdi. Silkələnib geri döndü. Ayaqlarını ehmalca qoya-qoya özünü maşına saldı. “Pul gətirir, qoy gətirsin”.

– Bəlkə qabağına gedək? – deyə yoldaşı soruşdu.

– Çatıb. – Seymur üzünü, boynunu yaylıqla sildi, sarı, tüklü papağını çıxarıb çırpdı.

Firuzə oğlu tərəfdəki açıq dal qapıya özünü güclə yetirdi. Bənizi ağappaq idi. Nəfəs aldıqca bütün bədəni uçunurdu. Qurumuş boğazını yaşlamaq üçün tez-tez udqunurdu. Seymur anasının hədəqədən çıxmış nursuz gözlərinə baxdı:

– Nə olub?

Arvad ovcunda tutduğu bükülü kağızı Seymura uzatdı. Oğlan kağızı əlinə alıb barmaqları ilə yoxladı:

Firuzə sanki son nəfəsini topladı:

– Sənə zənbildə... soyutma toyuq... yumurta qoymuşam... Duz yadımdan çıxmışdı. Elə yerə qoy... islanmasın.

Seymur ağzını geniş açıb ciyərdolusu hava udan anasının göyərmiş nazik burnuna baxdı. Onun üzündəki ifadəni yağış tellərinin arxasından sanki daha aydın görmək üçün gözlərini qıydı. “Bunlar məni dolayıblar. Bunlar məni adam saymırlar”.

Oğlan əlindəki kağız bükülüsünü yerə çırpıb, qapını zərblə çəkdi: Maşın tərpəndi. Təkərlərdən qopan horra palçıq yola səpilmiş narın ağ duzun üstünü tamam örtdü...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Şehli çəmənlərin işığı

Altmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?

198526 dəq
Evin kişisi

Çəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...

1 saat 10 dəq
Küçələrə su səpmişəm...

Xəlil qapıdan girəndə arvadı təəccübləndi; Xəlilin vacib işi olmasaydı günortalar evə gəlməzdi. Teybə çox vaxt axşam xörəyindən saxlayıb çörəyin arasına qoyar, onu qəzetə yaxşı-yaxşı bükərdi. Xəlil də səhər evdən çıxanda həmin bükülünü qoltuğuna vurardı. Aparmaq üçün fərqli xörək olmayanda Xəlil günorta hamamın yanındakı yeməkxanaya gedərdi. Bir də ki, onun yeməyi nə idi? Uşaq kimi, dörd yarpaq dolması onu xirtdəyəcən doyuzdurardı. Teybə yeddi il idi ki, onunla bir damın altında yaşayırdı və bu yeddi ildə Xəlilin istirahət günlərindən başqa günortalar evdə tikə kəsdiyini görməmişdi.Teybə ərinə nəzər saldı və qorxdu. Xəlilin arıq, uzunsov sifəti bozarmışdı. Damağındakı “Kazbek”in islanmış kötüyünü çeynədikcə batıq ovurdları tərpənirdi. Qıyılmış xırda gözləri otağın künc-bucağında nəsə axtarırdı. O, papirosun kötüyünü dişləyib tüpürdü.

197154 dəq
Quyu

I**Umud gözlərini soğan, kartof qabıqları tökülmüş torpaq döşəməyə zilləyib, çirkli xalatının düymələrini yavaş-yavaş açmağa başladı. Neçə gündən bəri ürəyində ağır daş kimi gəzdirdiyi sözləri indi bərkdən dedi:

19761 saat 25 dəq

Başqa şairlərin şeirləri