Qatarda
Səhifə 4 / 4 · 75%
– Bura bax, – dedi, – özüm özünə borcluyam, yoxsa dədəm dədənə borcludu?! Səninçün hambalam, nəyəm mən?! Böyük adamsan deyə ayaqlarının altında torpaq olmalıyıq biz?! Birini ora buyurursan, birin bura buyurursan, birinə ağzından çıxanı deyirsən! Nə ağsaqqal saya salırsan, nə qarasaqqal! Dur, çıx burdan! Tez!
Elə bil bayaqdan Sabit Mirzənin ürəyinə bir tikan sancılmışdı və Qasım kişi indicə o tikanı ehmalca çıxartdı ordan. Qasım kişinin gözləri böyümüşdü, amma Dadaşovun bir tükü də tərpənmirdi. Dadaşov, heç nə olmayıbmış kimi, gülümsəyə-gülümsəyə, sakit-sakit dedi:
– Özündən çıxma, əşi, peşman olarsan.
Qasım kişi səsini bir az da qaldırdı:
– Neynəyəcəksən mənə?!
Dadaşov mənalı bir ahənglə:
– İstəsəm, pislik eləyərəm, – dedi. – Şoferin də işində əngəl tapmaq olar. Barmağımın bircə işarəsi kifayətdi ki, səni çəksinlər ortalığa.
Qasım kişi səsini bir az saldı aşağı:
– Neynəmişəm axı mən?
Dadaşov bayaqkı təmkinlə:
– Lazım gəlsə, sübut eləyərəm, – dedi. – Dilləşmə mənnən...
Qasım kişi birdən-birə sustaldı. Sanki özünü yox, Dadaşovu sakitləşdirmək üçün səsinin səbbini alıb dedi:
– Böyük adam olanda nə olar ey? Biz də özümüzə görə bir kişiyik də.
– Asta-asta qalxdı. Bu söz-söhbətdən peşman olubmuş kimi başını buladı. – Gedirəm şampanski gətirməyə, – dedi, – amma elə bilməyin ki, qorxumdan gedirəm.
Qasım kişi çıxandan sonra Sabit Mirzənin əlinə fürsət düşdü. Kinli-kinli Dadaşova baxdı.
– Bəlkə məni də bir işə buyurasan... – İstədi “ay zırrama” desin, amma sözü dilinin ucunda saxladı, çünki Dadaşovun iri gözlərində bircə dəfə gördüyü ilıq, mülayim, tanış təbəssümü yenə gördü.
Dadaşovun üzündən nur yağırdı, elə bil bircə anın içində dəyişib tamam başqa adam olmuşdu.
– Bilirəm, məndən zəhlən gedir, – dedi. – Hamınızı dilxor eləmişəm. Özümü yekəxana aparıram, heç kim ürək eləyib soruşmur ki, “axı sən kimsən, ay Dadaşov?”
Sabit Mirzə acığını güclə boğub soruşdu:
– Axı sən kimsən?
Dadaşov gülümsəyə-gülümsəyə:
– Mən çəkməçiyəm, – dedi. – Yırtıq ayaqqabılara yamaq vururam. Vaqona minəndən sonra ürəyimdən keçdi ki, özümü böyük adam kimi aparım. O kişi var ha, – Fətulla – o elədi. Boy-buxunuma, bazburtuma baxıb, familiyamı soruşdu. Adımı yox ha, familiyamı... Başa düşdüm ki, məni vəzifəli, ixtiyarlı adam hesab eləyir. Soruşub öyrəndim ki, Bakıda ticarət işində qulluqdadı. Yerevandan gəlir, mal dalınca gedibmiş. Başa düşdüm ki, bu kişi böyük adamlara qulluq göstərmək üçün əldən-ayaqdan gedir. Başladım onu buyurmağa... Gələk o birisinə... uzunsaç oğlana... Bizim rayona gəlib gedir, o məni tanımır, mən onu tanıyıram. Bilirəm ki, rayonda neçə adama kafel, parket filan satıb... Bir balaca işarə vurdum, səsi batdı, çünki gözükölgəlidi. Qorxdu ki, mən doğrudan da böyük adam olaram, işin içindən iş çıxardaram... Qaldı bu şofer – Qasım kişi... Xoşuma gəlir, amma onun da dilini gödək eləyən şeylər var. Tikintidə şoferdi, ikimərtəbəli ev tikdirib, dəmir darvaza-filan. Elə bilirsən maşınında ona-buna daş, sement, nə bilim nə, daşımayıb? Elə bilirsən satmayıb? Vallah daşıyıb, vallah satıb! Sabit qardaş, satışda darvaza dəmiri olmur. Bəs hardan alıb dəmiri o?.. Qatar rəisi, konduktor... elə bilirsən haram tikə yeməyiblər? Gördün ki, günah özlərindədi? Kimin ki özünə inamı yoxdu, kim ki özündən şübhəlidi, ona xoş gəl, dili topuq çalacaq. Xain xoflu olar, deyiblər. Canları çıxsın, təmiz yaşasınlar. Bax belə... Amma familiyam, doğrudan da Dadaşovdu.
Sabit Mirzə çaş-baş qalmışdı.
– Axı, özünüzü belə aparmağın nə mənası var? – dedi.
Dadaşovun dodaqları qaçdı, ağappaq, sapsağlam dişləri göründü.
– Eh, Sabit müəllim, – dedi. – Ömründə bircə dəfə rola girmişəm, onu da mənə çox görürsən. Amma sən hər gecə səhnədə rola girirsən... Özü də min adamın cildinə girirsən.
Qasım kişi hər əlində bir şampan butulkası içəri girdi. Stolun üstündə yer yox idi, butulkaları oturacağa qoydu.
Dadaşov qalxdı. Cibindən bir onluq çıxardıb Qasım kişiyə verdi.
– Al, əşi, – dedi, – şampanskilərin puludu. İçmirəm. Sağ olun. Gecəniz xeyrə qalsın!
Dadaşov getdi. Qasım kişi mat-mat Sabit Mirzənin üzünə baxdı.
– Qəribə adamdı bu, – dedi. – Kimdi bu, nəçidi?
Sabit Mirzə bərkdən dedi:
– Çəkməçi! Pinəçi!
Qasım kişi kupenin qapısını tələsik çəkib örtdü.
– Yavaş, sən allah, birdən eşidər, – dedi. Sonra Sabit Mirzəylə üzbəüz oturdu, özü gətirdiyi şampan butulkalarına baxdı. Dadaşovun eşidə biləcəyindən ehtiyat edirmiş kimi astadan dedi: – Yəqin mənim bozarmağımdan inciyib getdi, hə?
Sabit Mirzə cavab vermədi. Başını pəncərənin qırağına söykəyib, təkərlərin taqqıltısına qulaq asa-asa ürəyində: “allah sənə rəhmət eləsin, Məmməd Qaya” – dedi.
Kitabxana.az · https://kitabxana.az/works/isi-melikzade-qatarda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
– Görəsən bu uşaq harada qaldı?Arvad cavab əvəzinə köksünü ötürdü. Fərrux yorğanı üstündən atıb dikəldi. Ayaqlarını çarpayıdan salladı. Xeyli sükutdan sonra üzünü yanında uzanmış arvadına tutdu:
DuzSeymur paltosunu geyinib qapının ağzında dayandı. Anası balaca qara çamadanı və içi dolu həsir zənbili gətirib onun qarşısına qoydu. Oğlan şeylərə tərəf baxmadı. Gözlərini anasının yanına sallanmış damarlı, quru əllərinə zillədi. Sonra onu umacaqlı baxışla süzdü. Firuzə oğlunun fikrini anlayıb gülümsədi. Əlini dirsəkdən ilməsi qaçmış sarımtıl, nimdaş jaketinin cibinə saldı.– Al, hələlik bunu xərclə...
TalismanAğarəhim Borçalıda cəmi-cümlətani bircə gecə qaldı. Bu da işdir sən allah, dünən gəl, bu gün qayıt. Gərək, heç olmasa, üç-dörd gün gəzəydi burda, üç-dörd gün Bakının basabasından səs-küyündən uzaq olaydı. Borcalının “qaymaq” havasından udaydı, “bal” suyundan içəydi. Ağarəhim könülsüz-könülsüz “Jiquli”yə oturanda qayınanası yalvardı ki, “qal, getmə”. Ağarəhimin əvəzinə arvadı Pərvanə cavab verdi: “Getməlidi, – dedi, gərək ponidelnik işdə olsun”. Ağarəhim ürəyində: “Tüpürüm ponidelnikə”, – deyib maşını tərpətdi, amma başa düşdü ki, “ponidelnikə” tüpürə bilməz, çünki “ponidelnik” institutda olmalıdı, axşam şöbəsinin tələbələrindən imtahan götürməlidi...Sağ-solunda yastı, bomboz təpələr görəndə Ağarəhim anladı ki, maşında tək-tənha uzaq yol getmək müsibətdir. Gələndə arvad-uşağı yanında idi və onda elə bil buralar belə bozumtul, belə qərib deyildi, yol belə əyri-üyrü, dolanbac deyildi, asfalt adamın gözünün toyşunu aparmırdı. Gələndə təkərlərin səsi eşidilmirdi, amma indi şırıltıya qulaq as; elə bil şəlalə şırıltısıdı, adama layla çalır, mürgü gətirir. Ağarəhim fikirləşəndə ki, hələ qabaqda dörd yüz kilometrdən çox yol var, başladı darıxmağa, təntiməyə və o dəqiqə də başa düşdü ki, bu qədər yolu darıxa-darıxa getmək olmaz – adamın bağrı partlayar, vallah. Özünə ürək-dirək verdi, toxtaq olmağa çalışdı. Cəhənnəm olsun yolun ağlığı da, uzaqlığı da. Təptəzə “Jiquli”nin əlində dörd yüz kilometr yol nədir ki? Qaldı təklik məsələsi – onun da çarəsi var. Radioqəbuledicini aç, səsi gəlsin, ya da maqnitofonu işə sal, kefin nə qədər istəyir, oxusun səninçün. Bəs maqnitofonu nədən ötrü almısan, atam-qardaşım, Yapon maqnitofonu üçün alverçiyə min manatı niyə vermisən?
Şehli çəmənlərin işığıAltmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?
Başqa şairlərin şeirləri
Ey aləm, Şəki, arif, QırağTəmam əhli-ərş sakin Bozdağ
EylərEy ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,