Qatarda
Səhifə 2 / 4 · 25%
– Bayaq gördüm “Avrora” çəkirsən. Sənə yaraşan siqaret deyil. Bunnan çək.
Dadaşovun əlindəki “Kent” qutusuna baxa-baxa Sabit Mirzə başını buladı.
– “Avrora”ya öyrəşmişəm, – dedi. – Sağ olun.
– Mən çəkən deyiləm, hərdən, kefim duranda fısqırdıram. Cana da ziyandı, cibə də... – Üzünü öz kupesinə tərəf tutub çağırdı: – Fətulla!
Kupenin qapısında qırmızısifət, gödək bir kişi göründü. Dadaşov “Kent” qutusunu ona uzatdı.
– Bunu qoy yerinə.
Kişi siqaret qutusunu alıb, kupeyə girdi. Sabit Mirzə utandığından gözlərini döşəməyə zillədi. Kimdən utandığını özü də bilmirdi: qırmızısifət kişidənmi, Dadaşovdanmı, özündənmi? “Bu Dadaşov, deyəsən, çox ədəbsiz adamdı”.
Sabit Mirzə başını qaldırıb Dadaşovun üzünə məzəmmətlə baxdı. Dadaşov gülümsəyirdi.
Bələdçi çəkic, kəlbətin gətirib. Sabit Mirzənin kupesində taqqaturuq salmışdı və Sabit Mirzəyə elə gəlirdi ki, Dadaşov o taqqaturuqdan zövq aldığı üçün, özünün gücünə, hökmünə bir daha inandığı üçün gülümsəyir. Ancaq Sabit Mirzə onun iri gözlərində adamın ürəyini hərarətlə, sevinclə dolduran bir işıq gördü, ağımtıl üzündə nurlu, mülayim bir təbəssüm gördü və indicə Dadaşov barədə pis fikrə düşməyinə peşman oldu.
Dadaşov təbəssümü qədər ilıq, mülayim olan səslə dedi:
– Saçın tez tökülüb. Heyf... Yaşda mənnən kiçik olarsan.
Dadaşovun səsində elə canıyananlıq, elə mərhəmətlilik vardı ki, Sabit Mirzə onu cavabsız qoya bilmədi.
– Qırx yaşın içindəyəm, – dedi.
– Mənnən yeddi yaş balacasan. Özü də səhnədə çox boylubuxunlu görünürsən, amma, sən demə, o qədər də ucaboy deyilsənmiş.
Sabit Mirzə özünü alçaqboy hesab eləmirdi, ancaq indi baxıb gördü ki, başı Dadaşovun çənəsi bərabərindədir. Birdən ağlına gəldi ki, Dadaşov boynunun ucalığı ilə öyünür, qürrələnir. Elə bil zənninde yanılıb-yanılmadığını dürüstləşdirmək üçün diqqətlə Dadaşovun üzünə baxdı. Dadaşovun sıx, dalğalı saçı səliqəylə arxaya daranmışdı. Gicgahlarına dən düşmüşdü. Gözləri də iri idi, burnu da. Qapqara qaşlarının tükü uzun idi, buruq-buruq idi. Qalın, dördbucaq bığı vardı.
Bələdçi qan-tər içində kupedən çıxıb çəkic-kəlbətini Dadaşova göstərə-göstərə dedi:
– Düzəldi... Başqa nə qulluğunuz var?
Dadaşovun üz-gözündən bayaqkı ilıq təbəssümdən əsər-əlamət qalmadı. Bircə saniyənin içində sifətinin ifadəsi dəyişdi, ciddiləşdi.
– Qulluğum olanda çağırdıraram səni, – dedi.
Bələdçi boyun-boğazının tərini silə-silə getdi.
Qırmızısifət kişi başını kupedən çıxardıb:
– Yoldaş Dadaşov, – dedi, – yatmaq – Yoldaş Dadaşov, – dedi, – yatmaq istəyirsinizsə, yorğan-döşəyinizi salım.
– Salmağına sal, ancaq hələ yatmıram. – Dadaşov başının işarəsiylə uzunsaç oğlanı göstərib: – Qoy uşaq-muşaq indidən yatsın, – dedi.
Uzunsaç oğlan əvvəlki yerində – pəncərənin qabağında dayanıb siqaret çəkirdi. Üzünü çölə tutsa da, bir gözünün ucu ilə Dadaşova baxırdı. Elə bil qulaqları səsdə idi, bu dəqiqə Dadaşovun çağıracağını, təzə buyruq verəcəyini gözləyirdi.
Sabit Mirzə:
– Bir az dincəlim. Yorğunam... – dedi və kupeyə girib arıq kişiylə üzbəüz oturdu.
Kişi dedi:
– Çox sağ olun. Siz olmasaydınız pəncərə qışacan bağlı qalacaqdı.
İçəriyə gurhagurla ilıq meh dolurdu, meh pəncərənin sarımtıl pərdələrini şaphaşapla yellədirdi. Kupe daha əvvəlki kimi bürkü-boğanaq deyildi.
Sabit Mirzə kürəyini arakəsməyə söykəyib.
– Dadaşov təşəkkür eləyin, pəncərəni o açdırıb, – dedi və kişinin key-key baxmağından anladı ki, kişi Dadaşovun varlığından, kimliyindən bixəbərdir. Sabit Mirzə üzbəüz arakəsməyə işarə eləyəndən sonra arıq kişiyə agah oldu ki, “Dadaşov” deyilən şəxs qonşu kupedədir və şübhəsiz, bu Dadaşov bir sözü iki olan adamlardan deyil.
Arıq kişi gözlərini Sabit Mirzənin üzünə zillədi.
– Yaxşı ki, səni üzbəsurət gördüm, – dedi. – Sən televizora çıxanda bütün külfət yığışır televizorun başına. Səni hamımız çox istəyirik.
Bu sözlərin müqabilində Sabit Mirzə nəsə deməli idi.
– Təşəkkür eləyirəm, – dedi.
Elə bu dəm Dadaşov içəri girdi. Arıq kişi əvvəlcə yerindən tərpənmək istəmədi, sonra ürəyinə damdı ki, ucaboy bu adam elə Dadaşov özüdür ki var. Kişi qapıya tərəf sürüşüb, yerini Dadaşova verdi.
Dadaşov, Sabit Mirzəylə qabaq-qənşər oturub, dalğalı saçını barmaqlarıyla daraqlaya-daraqlaya arıq kişidən soruşdu:
– Adın nədi, əşi?
Kişi:
– Adım Qasımdı, – dedi.
– Yatanda səsin çıxmır ki?
Kişi başa düşmədi.
– Nə buyurdunuz? – dedi.
– Deyirəm, yatanda xoruldamırsan ki?
Kişi Sabit Mirzənin üzünə baxıb, günahını boynuna alan adam kimi dedi:
– Deyilənə görə, hərdən xoruldayıram... yorğun olanda...
Dadaşov nəzərlərini kişinin hülqumlu, nazik boğazına dikdi.
– Yorğun niyə olursan? Daş-zad daşımırsan ha.
Kişi utancaq uşaq təkin gülümsədi.
– Elə daş daşıyıram, – dedi, – sement daşıyıram, qum daşıyıram... tikintidə işləyirəm... Samosval sürürəm... Gedirəm Bakıdan təzə samosval gətirməyə.
Dadaşov başını buladı.
– Bu can-cəsədnən samosvala necə gücün çatır? Səni samosval bu kökə salıb, ay yazıq. Səhər-səhər bal ye, qaymaq ye, nehrə yağı ye. Skeletə oxşayırsan lap.
Kişi qaşqabağını salladıb susdu, amma Dadaşov əl çəkmədi ondan.
– Əşi, xoruldayacaqsansa, səni keçirdək ayrı kupeyə, – dedi. – Sabit müəllimi narahat eləyərsən burda.
Kişi pərt-pərt, güclə eşidiləcək bir səslə:
– Narahat eləmərəm, – dedi. – Nəyimiz olmasa da, qanacağımız var.
Sabit Mirzə başa düşürdü ki, Dadaşov bu arıq kişini ələ salır. Başa düşürdü, ancaq dilini tərpədib onu yerində otuzdura bilmirdi. Elə bil Dadaşovun qəlbinə dəymÉkdən ehtiyat eləyirdi. Bu acizliyinə görə Sabit Mirzə özü özündən utandı və mənasız sorğu-suala son qoymaq üçün söhbəti dəyişdi.
– Bakıya saat neçədə çatacağıq? – dedi.
Onun sualına cavab verən olmadı.
Qasım kişi fikrə getmişdi, Dadaşov isə buruq-buruq qaşlarını çatıb dəhlizdən gələn səsə qulaq asırdı.
– Nar! Nar! Gülöyşə nar! Mələs nar!
Cavan bir oğlan həsir zənbili qabağında ikiəlli tutub kupedəkilərə baxdı.
– Nar istəyirsiniz?
Dadaşov barmağının işarəsiylə oğlanı içəri çağırdı. Zənbildən beş iri nar seçdi.
– Üstümdə pul yoxdu, – dedi, pencəyin cibindədi. Bu narları ver qonşu kupedəki kişiyə, denən, Dadaşov seçib... denən, pulunu versin.
Dadaşov sözlərinin təsirini yoxlayırmış kimi Sabit Mirzəyə baxdı, ancaq Sabit Mirzə onun təkəbbür yağan baxışlarından acıqlanmadı. Bəyənmədiyi tamaşaya maraq ucbatından axıracan baxan tamaşaçı kimi səbrini basdı və zənn elədi ki, bu darısqal kupe balaca bir səhnədir, Dadaşov da bu səhnədə bədahətən oynanılan pyesin baş qəhrəmanıdır. Belə zənn eləməsən, Dadaşovun hoqqalarına dözmək müşkül məsələdir. Sabit Mirzənin yadına mərhum müəllimi Məmməd Qaya düşdü. Məmməd Qaya vaxtilə ortabab aktyor olmuşdu, ortabab olduğuna inanandan sonra səhnənin daşını atıb, lövbərini salmışdı instituta. Sevdiyi kəlamları vardı ki, dönə-dönə deməkdən yorulmurdu. “Aktyor üçün ən yaxşı məktəb – həyatdır. Gördüyünüz, rastlaşdığınız adamların yanından laqeyd ötməyin ö adamların danışığına, davranışına fikir verin. Hərəsindən bir jeyst, ştrix götürün! Tip axtarın! Tip doludu, tip hər yanda var, onları görmək hünərdi”. Dadaşovun özündən razı, tox sifətinə baxa-baxa Sabit Mirzə ürəyində dedi: “Qəbrin nurla dolsun, Məmməd Qaya”.
Qırmızısifət kişi qapının ağzında göründü. Əlində bürmələdiyi yaylıqla boynunun tərini silə-silə dedi:
– Narların hamısını götürdüm, yoldaş Dadaşov... zənbili zadlı...
Dadaşov əllərini yana açıb, süni təəccüblə:
– Bir zənbil nar nəyimə lazımdı? – dedi. – Mən beşini seçmişdim...
Qırmızısifət kişi yaylığı alnında gəzdirdi.
– Lazımınız olar... uşaqlara, filana... nardı də...
Dadaşov ona yer göstərdi.
– Gəl otur, Fətulla.
Arıq kişi qapıya tərəf bir az da çəkildi. Fətulla yaylığı ovcunda xışmalaya-xışmalaya keçib Dadaşov elə bildi ki, Fətulla cibindən papiros çıxardır. Başını bulaya-bulaya:
– Burda papiros çəkməyi qadağan eləyirəm, – dedi.
– Mən tüstüdə otura bilmirəm.
Fətullanın qırmızı sifəti bir az da allandı. Əlindəki yaylığı Dadaşova göstərib gülümsədi.
– Anadəngəlmə çəkən deyiləm, – dedi.
Bu dəm uzunsaç oğlan kupenin qabağında göründü və öthaötdə başını döndərib içəridəkilərə ani, ürkək bir nəzər saldı.
Dadaşov:
– Ay oğlan! – dedi.
Uzunsaç oğlan qayıdıb qapının ağzında dayandı.
Dadaşov onu təpədən dırnağa süzdü. Sözünü deməyə tələsmirdi və Sabit Mirzə ovcunun içi kimi bilirdi ki, Dadaşov qəsdən susur, bu uzunsaç oğlanı nigaran saxlamaqdan zövq alır. Axırı ki, Dadaşov dilləndi:
– Bayaqdan səni “oğlan” deyib çağırıram. Adın nədi sənin?
Oğlan çiynini qapıya söykədi.
– Adım Vəzirdi, – dedi.
Dadaşovun qalın dodaqları dartıldı, ağappaq, sapsağlam dişləri göründü.
– Hansı padşahın vəzirisən, ə? – dedi. – Dədən bir fərli ad tapmırdı sənə qoymağa?
Uzunsaç oğlan göyümtül gözlərini dirəmişdi Dadaşovun ağappaq dişlərinə, amma deyəsən, heç nə görmürdü. Gözlərində çaşqın bir ifadə dolanırdı. Bilmirdi gülümsəsin, yoxsa acıqlansın. Oğlanın elə bil sacda qovurmuşdular: üzünün dərisi qapqara idi. Yarımqol köynək geyinmişdi, köynəyin rənginə düşməyən qalstuk bağlamışdı.
Kitabxana.az · https://kitabxana.az/works/isi-melikzade-qatarda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
– Görəsən bu uşaq harada qaldı?Arvad cavab əvəzinə köksünü ötürdü. Fərrux yorğanı üstündən atıb dikəldi. Ayaqlarını çarpayıdan salladı. Xeyli sükutdan sonra üzünü yanında uzanmış arvadına tutdu:
DuzSeymur paltosunu geyinib qapının ağzında dayandı. Anası balaca qara çamadanı və içi dolu həsir zənbili gətirib onun qarşısına qoydu. Oğlan şeylərə tərəf baxmadı. Gözlərini anasının yanına sallanmış damarlı, quru əllərinə zillədi. Sonra onu umacaqlı baxışla süzdü. Firuzə oğlunun fikrini anlayıb gülümsədi. Əlini dirsəkdən ilməsi qaçmış sarımtıl, nimdaş jaketinin cibinə saldı.– Al, hələlik bunu xərclə...
TalismanAğarəhim Borçalıda cəmi-cümlətani bircə gecə qaldı. Bu da işdir sən allah, dünən gəl, bu gün qayıt. Gərək, heç olmasa, üç-dörd gün gəzəydi burda, üç-dörd gün Bakının basabasından səs-küyündən uzaq olaydı. Borcalının “qaymaq” havasından udaydı, “bal” suyundan içəydi. Ağarəhim könülsüz-könülsüz “Jiquli”yə oturanda qayınanası yalvardı ki, “qal, getmə”. Ağarəhimin əvəzinə arvadı Pərvanə cavab verdi: “Getməlidi, – dedi, gərək ponidelnik işdə olsun”. Ağarəhim ürəyində: “Tüpürüm ponidelnikə”, – deyib maşını tərpətdi, amma başa düşdü ki, “ponidelnikə” tüpürə bilməz, çünki “ponidelnik” institutda olmalıdı, axşam şöbəsinin tələbələrindən imtahan götürməlidi...Sağ-solunda yastı, bomboz təpələr görəndə Ağarəhim anladı ki, maşında tək-tənha uzaq yol getmək müsibətdir. Gələndə arvad-uşağı yanında idi və onda elə bil buralar belə bozumtul, belə qərib deyildi, yol belə əyri-üyrü, dolanbac deyildi, asfalt adamın gözünün toyşunu aparmırdı. Gələndə təkərlərin səsi eşidilmirdi, amma indi şırıltıya qulaq as; elə bil şəlalə şırıltısıdı, adama layla çalır, mürgü gətirir. Ağarəhim fikirləşəndə ki, hələ qabaqda dörd yüz kilometrdən çox yol var, başladı darıxmağa, təntiməyə və o dəqiqə də başa düşdü ki, bu qədər yolu darıxa-darıxa getmək olmaz – adamın bağrı partlayar, vallah. Özünə ürək-dirək verdi, toxtaq olmağa çalışdı. Cəhənnəm olsun yolun ağlığı da, uzaqlığı da. Təptəzə “Jiquli”nin əlində dörd yüz kilometr yol nədir ki? Qaldı təklik məsələsi – onun da çarəsi var. Radioqəbuledicini aç, səsi gəlsin, ya da maqnitofonu işə sal, kefin nə qədər istəyir, oxusun səninçün. Bəs maqnitofonu nədən ötrü almısan, atam-qardaşım, Yapon maqnitofonu üçün alverçiyə min manatı niyə vermisən?
Şehli çəmənlərin işığıAltmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?
Başqa şairlərin şeirləri
Ey aləm, Şəki, arif, QırağTəmam əhli-ərş sakin Bozdağ
EylərEy ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,