Səhifə 3 / 4 · 50%

Dadaşov hiss elədi ki, zarafatı oğlanın xoşuna gəlmədi.

– Nə acıqlı baxırsan? – dedi. – Minnətin olsun ki, sənnən zarafat eləyirəm... Tanıyıram səni... Beş barmağım kimi... Prorabsan... Kantorunuz Bakıdadı, amma sənin briqadan rayonda işləyir. Peşə-texniki məktəbini təmir eləyirsiniz. Bilirəm necə təmir eləyirsiniz. Düz demirəm?

Uzunsaç oğlan çiynini qapıdan araladı.

– Məni hardan tanıyırsınız? – dedi.

Dadaşov gileyli səslə cavab verdi:

– Əvvəlcə sən məni tanımalıydın.

Fətulla yaylığını cibindən çıxara-çıxara;

– Cavandı, – dedi, səhvini düzəlder.

Oğlan ovsunlanmış kimi nəzərlərini Dadaşovdan çəkmirdi. Göyümtül gözlərində daha çaşqınlıq ifadəsi yox idi: nigaran baxırdı və bu nigaran baxışlardan hiss olunurdu ki, oğlanın ürəyində yumşalmağa, mülayimləşməyə meyl, həvəs var. Bunu, deyəsən, Dadaşov da duymuşdu, ona görə də uşaqların qəbahətindən keçməyi bacaran yaşlı adam ədasıyla:

– Vaqon-restoran burdan çox uzaqdı? – dedi.

Oğlan duruxa-duruxa:

– Burdan... ora... üç vaqonluq yoldu, – dedi.

Dadaşov da eynən oğlan təkin duruxa-duruxa.

– Sənə zəhmət... mənə xəcalət. – dedi. – Gedərsən ora... Üç-dörd butulka limonad götürürsən... Denən, Dadaşova lazımdı, sərinindən versinlər.

Oğlan gülümsədi, amma gülümsəməyində güclə seziləcək soyuqluq, qorxaqlıq vardı. Naəlac qalmış adam kimi çiynini çəkdi.

– Baş üstə! – deyib getdi.

Qırx illik ömründə Sabit Mirzə yolları çox ölçmüşdü, təyyarədə, avtobusda çox adamla rastlaşmışdı, ancaq indi yadında qalanları barmaqla saya bilərdi. Elə adam var ki; onunla iki gün yol yoldaşı olursan, yaxud mehmanxanada bir otaqda qalırsan, di gəl ki, xudahafizləşib ayrılandan sonra elə oradaca unudursan onu. Bu görüşdən, olsa-olsa, qəlbində ala-tala yuxu kimi tez dağılan, seyrək bir xatirə qalır. Elə adam da var ki, yarımca saatlıq ünsiyyətdən sonra həmişəlik həkk olur beyninə. Yaxşımı, pismi cəhətiylə – fərqi yoxdu – istədiyin an, istədiyin dəqiqə apaydınca xatırlaya bilirsən onu; bütün cizgilərlə gəlib durur gözlərinin qabağında: Sabit Mirzə inanırdı ki, vəzifəsiylə qürrələnən, yekəxana adam görən kimi yadına Dadaşov düşəcək. Kupedə, deyəsən, Dadaşovdan savayı heç kim danışmaq istəmirdi. Sabit Mirzənin danışmaq həvəsini Dadaşov ilk dəqiqədən öldürmüşdü, həm də Sabit Mirzə əmin idi ki, burdakıların danışığı, söhbəti Dadaşov üçün milçək vızıltısı kimi bir şeydi. Burda əsas söz Dadaşovundu.

Dadaşov küncdə büzüşüb oturmuşdu. Qasım kişini dindirdi.

– Uşaqdan-zaddan nəyin var, əşi? Evin, eşiyin...

Dadaşovun sualında saymazyanalıq vardı, sanki müttəhimi sorğuya çəkirdi. Qasım kişi özünü müttəhim yerinə qoymaq istəmədi, o da saymazyana, bir az da istehzayla cavab verdi:

– Yuvada-zadda yaşamırıq ha. Ev-eşiyimiz də var, arvad-uşağım da. Kubik daşdan ikimərtəbəli ev tikdirmişəm. Həyətim, bağ-bağçam... Dəmirdən elə darvaza saldırmışam ki, rayonda tayı-bərabəri yoxdu.

Dadaşov soruşdu:

– Uşaqların işləyəni var?

– Xeyr

– O ev-eşiyi, dəm-dəstgahı samosvalda işləməknən düzəltdirmisən?

Qasım kişi tərs-tərs Dadaşova baxdı:

– Mən elə cavanlığımdan şofer işləmişəm, – dedi və gördü ki, bu sorğu-sual doğrudan da, müstəntiqlə müttəhimin sorğu-sualına oxşayır.

Qasım kişi incik görkəm alıb susdu. Qaş-qabağını sallatmağından hiss olunurdu ki, daha danışmağa həvəsi yoxdu və Dadaşovun bircə sualına da cavab vermək niyyətində deyil.

Uzunsaç oğlan üç butulka limonad gətirdi. Oğlan butulkaları qoyub çıxmaq istəyəndə Dadaşov dedi:

– Buralarda ol, bəlkə buyruğumuz oldu sənə.

Oğlan dinmədi. Heç ikicə addım atmamışdı ki, Dadaşov təzədən səslədi onu.

– Vəzir! Ay padşahın sağ əli!

Vəzir qayıdıb qapının ağzında dayandı. Taqətdən düşmüş adam təkin çiyinlərini salladıb Dadaşova baxdı.

Dadaşov dedi:

– O konduktoru çağır bura.

Bələdçini çağırmaq lazım olmadı. Bələdçi özü gəlib çıxdı, həm də qatar rəisi ilə birlikdə. Rəis kupeyə ötəri baxıb keçmək istəyirdi, Dadaşov saxladı onu.

– Qatarın rəisi sənsən? – dedi

Rəis gözlərini qıyıb Dadaşova baxdı, sanki bu adamı harda gördüyünü, hardan tanıdığını yadına salmaq istəyirdi. Dadaşov ona çox fikirləşməyə macal vermədi, bir az incik, bir az məzəmmətlə dedi:

– Bu qatara minməyimə peşman olmuşam. Bu nədi, əşi? Vaqonrestoranda ağıza qoymağa bir şey yoxdu.

Rəis də eynən bələdçi kimi ortayaşlı, dolubədənli kişi idi. Qaraqabaq adama oxşayırdı, elə bayaqdan zəndlə Dadaşova baxırdı, amma deyəsən, onu tanıyıb-tanımadığını anışdıra bilmirdi. Rəis təəssüf andıran səslə:

– Restoranı mən təchiz eləmirəm, – dedi. Yenə nəsə demək istəyirdi ki, bələdçi onu qabaqladı.

– Nə lazımdı, təşkil eləyərik, yoldaş Dadaşov.

Dadaşov başını buladı.

– Mən özümçün demirəm... Sərnişinlərin qayğısına qalmaq lazımdı. Yemək-içməyə ehtiyacım olsaydı, xəbər eləyərdim, hər stansiyada dəmdəstgahla gözləyərdilər məni. Xəlbət gedirəm ki, dost-tanışlar məni narahat eləməsinlər... Belə olmaz, sizin işinizdən razı qalmadım. – Özözünə danışırmış kimi əlavə elədi. – Sonra da deyəcəklər ki, Dadaşov pislik elədi bizə.

Dadaşov acıqlanmış təkin üzünü pəncərəyə tutdu. Qapının ağzında quruyub qalmış rəis indi onun bir qulağını görürdü. Elə baxırdı, elə baxırdı elə bil onu təəccübləndirən, çaşdıran Dadaşovun sözləri deyildi, tay qulağı idi. Bələdçi də Dadaşovun qulağına baxırdı: Rəislə bələdçinin baxışları Dadaşovun qulağında birləşdi, toqquşdu, sonra bir-birinə zilləndi... Bələdçi ürəkli-ürəkli dedi:

– Hər nə lazımdı...

Onun sözünü rəis tamamladı:

–... təşkil eləyərik.

Rəislə bələdçi gedəndən sonra Dadaşov Sabit Mirzədən soruşdu:

– Acmamısan ki?

Sabit Mirzə ac idi, amma:

– Yox, – dedi, – acmamışam.

Dadaşov əlini Fətullanın kürəyinə vurdu.

– Qalx... Dörd-beş nar seç, gətir.

Fətulla getdi o biri kupedən nar gətirməyə.

Sabit Mirzə başını pəncərənin qırağına söykəyib gözlərini yumdu. “Qəbrin nurla dolsun, Məmməd Qaya. Tip öz ayaqları ilə gəlib yanıma. Belə tipi sən heç yuxunda da görməmişdin.” Sabit Mirzə dilxor idi, Məmməd Qayanın tövsiyəsinə əməl eləyə bilmirdi, Dadaşovun arın-arxayın müşahidə eləməyə səbri çatmırdı. Ürəyinə dammışdı ki, bu kupedə axırı bir qalmaqal düşəcək, kimsə Dadaşovun payını verəcək və bu “kimsə”, bəlkə də Sabit Mirzə özü olacaq.

Fətulla dörd dənə nar gətirdi: adama biri...

Bələdçi, əlində dolu tor zənbil içəri girdi.

– Naçalnik göndərib, – dedi və zənbildəkiləri bir-bir yığdı Dadaşovun qabağına.

Soyutma toyuq, soyutma yumurta, pomidor, xiyar, holland pendiri, bir şüşə konyak balaca stolun üstünə güclə yerləşdi. Bələdçi qaçaqaça gedib dörd dənə də qalın stəkan gətirdi.

Dadaşov, Fətullanı dümsüklədi:

– Süz görək.

Fətulla stəkanın üçünə konyak süzdü, boş stəkanı qırağa qoydu. Dadaşov öz stəkanını götürüb, üzünü Sabit Mirzəyə tutdu. Sabit Mirzə arxasını arakəsməyə söykədi.

– Mən gecələr içmirəm, – dedi.

Dadaşov üzünü Qasım kişiyə tutdu. Qasım kişinin incikliyi hələ sovuşmamışdı, elə incik-incik:

– Mən onun daşını çoxdan atmışam, – dedi.

Dadaşov üzünü Fətullaya tutdu. Fətulla əlini boş stəkanın ağzına qoydu.

– Mənim mədəm xəstədir, – dedi. – Hər il Yesentukiyə gedirəm... müalicəyə...

Dadaşov qalın qaşlarını çatdı:

– Mənim sözümü yerə salırsan?

Fətulla əlini boş stəkanın ağzından götürüb sinəsinə qoydu.

– Üzr istəyirəm, – dedi. – Onca qram içsəm, ölərəm.

Dadaşov başının işarəsiylə qapını göstərdi:

– Onda çıx burdan, mənim məclisimdə oturma!

Fətulla əvvəlcə elə bildi Dadaşov zarafat eləyir, sonra gördü ki, yox, Dadaşovun gözləri alacalanıb, Dadaşov ciddi danışır. Fətulla pərtliyini büruzə verməmək üçün gülümsədi.

Dadaşov üzünü qapının yanında dayanmış bələdçiyə tutdu. Bələdçi, deyəsən, içmək istəyirdi, amma ürək eləmirdi, birdən Dadaşov onu sınayar? Bələdçi dirənə-dirənə:

– Olmaz, – dedi, – iş başında...

Dadaşov ona da qapını göstərdi:

– Xoş getdin!

Bələdçi, ilan ağzından qurtarmış qurbağa təkin aradan çıxdı.

Dadaşov stəkanını butulkanın yanına qoyub köks ötürdü.

– Yəni bu boyda vaqonda bir kişi tapılmayacaq?! – dedi.

Qasım kişi yerində qurcuxdu. Sabit Mirzə ürəyində: “Lənət sənə, kor şeytan” – dedi.

Dadaşov süfrəyə baxıb başını buladı.

– Bircə şey çatmır: şampanski! Konyakın üstündən şampanski ləzzət verir... adamın yanğısını söndürür. – Qapıya tərəf boylandı. – O oğlan hara getdi? Göndərim, bir-iki butulka şampanski alsın. – Çağırdı. – Vəzir! Vəzir!

Bələdçi gəldi.

– O uzunsaç oğlanı çağırırsınız? – dedi. – Getdi. Çamadanını götürüb keçdi ayrı vaqona. Dedi, day gəlməyəcəm.

Dadaşov gözlərini qıydı.

– Demək, mənnən qaçdı? Neynək!

Bələdçi pəncələri üstə uzaqlaşdı. Bir müddət heç kim danışmadı. Təkcə təkərlərin yeknəsəq taqqıltısı eşidildi. Dadaşov handan-hana başını döndərib, sınayıcı nəzərlərlə Qasım kişiyə baxdı.

– Bəlkə şampanski almağa sən gedəsən? – dedi.

Bayaqdan Qasım kişinin sinəsində yığılıb düyün bağlamış acıq partlayıb çıxdı ortalığa. Kişi boğazının damarları şişə-şişə:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Oğul

– Görəsən bu uşaq harada qaldı?Arvad cavab əvəzinə köksünü ötürdü. Fərrux yorğanı üstündən atıb dikəldi. Ayaqlarını çarpayıdan salladı. Xeyli sükutdan sonra üzünü yanında uzanmış arvadına tutdu:

19644 dəq
Duz

Seymur paltosunu geyinib qapının ağzında dayandı. Anası balaca qara çamadanı və içi dolu həsir zənbili gətirib onun qarşısına qoydu. Oğlan şeylərə tərəf baxmadı. Gözlərini anasının yanına sallanmış damarlı, quru əllərinə zillədi. Sonra onu umacaqlı baxışla süzdü. Firuzə oğlunun fikrini anlayıb gülümsədi. Əlini dirsəkdən ilməsi qaçmış sarımtıl, nimdaş jaketinin cibinə saldı.– Al, hələlik bunu xərclə...

19685 dəq
Talisman

Ağarəhim Borçalıda cəmi-cümlətani bircə gecə qaldı. Bu da işdir sən allah, dünən gəl, bu gün qayıt. Gərək, heç olmasa, üç-dörd gün gəzəydi burda, üç-dörd gün Bakının basabasından səs-küyündən uzaq olaydı. Borcalının “qaymaq” havasından udaydı, “bal” suyundan içəydi. Ağarəhim könülsüz-könülsüz “Jiquli”yə oturanda qayınanası yalvardı ki, “qal, getmə”. Ağarəhimin əvəzinə arvadı Pərvanə cavab verdi: “Getməlidi, – dedi, gərək ponidelnik işdə olsun”. Ağarəhim ürəyində: “Tüpürüm ponidelnikə”, – deyib maşını tərpətdi, amma başa düşdü ki, “ponidelnikə” tüpürə bilməz, çünki “ponidelnik” institutda olmalıdı, axşam şöbəsinin tələbələrindən imtahan götürməlidi...Sağ-solunda yastı, bomboz təpələr görəndə Ağarəhim anladı ki, maşında tək-tənha uzaq yol getmək müsibətdir. Gələndə arvad-uşağı yanında idi və onda elə bil buralar belə bozumtul, belə qərib deyildi, yol belə əyri-üyrü, dolanbac deyildi, asfalt adamın gözünün toyşunu aparmırdı. Gələndə təkərlərin səsi eşidilmirdi, amma indi şırıltıya qulaq as; elə bil şəlalə şırıltısıdı, adama layla çalır, mürgü gətirir. Ağarəhim fikirləşəndə ki, hələ qabaqda dörd yüz kilometrdən çox yol var, başladı darıxmağa, təntiməyə və o dəqiqə də başa düşdü ki, bu qədər yolu darıxa-darıxa getmək olmaz – adamın bağrı partlayar, vallah. Özünə ürək-dirək verdi, toxtaq olmağa çalışdı. Cəhənnəm olsun yolun ağlığı da, uzaqlığı da. Təptəzə “Jiquli”nin əlində dörd yüz kilometr yol nədir ki? Qaldı təklik məsələsi – onun da çarəsi var. Radioqəbuledicini aç, səsi gəlsin, ya da maqnitofonu işə sal, kefin nə qədər istəyir, oxusun səninçün. Bəs maqnitofonu nədən ötrü almısan, atam-qardaşım, Yapon maqnitofonu üçün alverçiyə min manatı niyə vermisən?

198032 dəq
Şehli çəmənlərin işığı

Altmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?

198526 dəq

Başqa şairlərin şeirləri