Qədim şəhərim
Yenə yolum düşdü Gəncəbasara,
Meh əsdi, güllərin dodağı qaçdı.
Bu yer söz mülkünü alıb hasara,
“Xəmsə”ni, qürurla önümdə açdı.
Göy kaşı gümbəzlər, boz minarələr,
Kərpici xınalı qalın divarlar,
Hər saray ölməyən canlı bir əsər
Burda Məhsətinin söz incisi var.
İncəlik həmişə incədə qalır,
Tarix də qocalıb Gəncədə qalır.
Baxıram, aranlı-yaylaqlı şəhər
Gah düzə çağırır, gah dağa məni.
Qəlbimdə çırpınan bu döyüntülər
Elə bil səsləyir uçmağa məni.
Qoşqara qalxımmı, dəli Qoşqara,
Yolum “Xaçbulağa” düşsünmü bir də?
Mən sadiq şairəm əhdə, ilqara,
Gəzirəm Ələsgər gəzdiyi yerdə.
Gözüm min qızılı qönçədə qalır,
İlhamım yurd salıb Gəncədə qalır.
Hacıkənd yolları burum-burumdur,
Hər dolay başında bir ocaq yanır.
Meşələr çətrimdir, dağ qürurumdur,
Burda qanad çalıb xəyal dayanır.
Ellər tunc zirvəyə qartal deyibdir,
Bu yerin Kəpəz tək bir qartalı var.
Bir şair Göygölə maral deyibdir,
İndi Göygölümün öz maralı var.
Bu eşq qocaya da, gəncə də qalır,
Gözəllik çələngi Gəncədə qalır...
Şəhərə qayıtdım çoxaldı dərdim,
Min işıq karvanı qəlbimə axdı.
Bakım olmasaydı, qalxıb deyərdim:
– Gəncədir yurdumun qədim paytaxtı!
Məni qınamasın sevimli dostlar,
Şairəm, şerimin söz meydanıdır.
Bu yerdə Əcəmi naxışları var,
Bura göy çinarlar xiyabanıdır,
Çünki sənət evi Gəncədə qalır.
Nizami Gəncəvi Gəncədə qalır.
Kitabxana.az · https://kitabxana.az/works/islam-seferli-qedim-seherim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Anası bilinmir, dədəsi dörddü,Bumunun kölgəsi tutar dünyanı.
ÇəkirlərBir yandan pristav, bir yandan koxa,Biçarə rəiyyəti dara çəkirlər.
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
Halın necədirAy Baba, söylə görüm, indiki halın necədir?Millətin halı üçün fikrü xəyalın necədir?