10
Eyvanın dirəyinə söykənmiş Şahnaz, əlini qoynuna qoyub, başı üzərindən keçən qaranquşlara tamaşa edirdi. Bir həftəyə yaxın idi ki, bu quşlar onların eyvanında məskən salmışdı. Səhərdən axşama qədər civildəşə-civildəşə ağızlarında ot, palçıq gətirib yuva tikirdilər. İlk günlər Şahnazı cəlb edən bu göyçək quşlar, indi onu darıxdırırdı. Şahnaz onların qoşa dayanıb oxumalarını görəndə qəfəsə salınmış quş kimi çırpınır, qapı-bacada dura bilmirdi. "Quş quşluğu ilə tək yaşamır, qoşa gəzir. Bəs mən?.."
O tez-tez güzgü qabağında hərlənir, qaş-gözünə sığal verir, saçlarının ucunu burub sinəsinin üstündən sallayır, paltarının birini soyunub o birini geyinirdi. Bəzən dabanı üstündə fırlanır, güzgüdə ətli əndamına, nazik belinə, yoğun topuğuna baxır, gülümsəyərək öz-özünə göz vururdu: "Doğrudan da qəşəng qızam, mənim kimi gözəl də evdə oturar?"
Yaşının az olmasına baxmayaraq, Şahnaz çox oğlanlarla oturub-durmuşdu. Hətta bəzilərinin dərdini ürəyinə salmışdı. Lakin bu, uzun sürməmişdi. Ya oğlan ondan uzaqlaşmış, ya da Şahnaz özü onu yola salmışdı. Neçə ildən bəri onun dalınca sürünən şofer Məmməd belə ona təsir edə bilməmişdi. Ancaq İmran... Şahnaz durub-dincələ bilmirdi. O günkü əhvalatdan sonra elə zənn edirdi ki, hər şey düzələcək; İmran ona meyl edəcək, ancaq tərsinə oldu. İmranın soyuqluğu onu təşvişə salırdı. "İndiyə qədər bir başıpapaqlı mənim yanımdan düz keçə bilməyib, dalımca həsrətlə baxıblar. Amma bu..."
Şahnaz necə olur-olsun İmranın diqqətini cəlb etməyə çalışırdı. Tez-tez Gövhər qarının yanına qaçıb fala baxdırırdı. Qarı, qızın ürəyinə yatan şirin sözlər deyib, onunla İmranın birləşəcəklərini söyləyirdi. İndi o, eyvanda dayanıb bunları düşünür, düşündükcə də darıxırdı.
Kəndin üstünə axşam qaranlığı çökürdü. Yavaş-yavaş çıraqlar yanır, mal-qara örüşdən qayıdırdı.
Gövhər qarı sakitcə Şahnaza yaxınlaşıb dayandı.
– Bayramın mübarək, qızım, bu şər vaxtı boynunu niyə bükübsən?
Şahnaz köksünü oturdu:
Nə bayram, ay nənə?
– Bıy, başıma xeyir, ay qız, nə danışdığındır!
Bu gün ilin axır çərşənbəsi deyilmi? Bircə tez ol gedək tonqal qalayaq, üstündən atdan, günahların yox olsun.
Şahnaz oyuncaq tapmış uşaq kimi sevindi. Onlar küləş gətirib həyətin ortasında od vurdular. Qatı ağ tüstü burula-burula havaya qalxdı. Tonqal birdən-birə pırıltı ilə alovlandı. Qırmızı dilli alovlar göyə ucaldı. Qonşu uşaqları tökülüb gəldilər. Tonqalın ətrafında atılıb-düşməyə başladılar. Gövhər qarı ətəyini belinə sancdı. Qızlara göz eləyib irəli yeridi.
– Günahlarınızı təmizləyin, ay qızlar!
– Bizim nə günahımız var ki?
– Elə demə, qızım, allaha ağır gedir, tez ol atdan! Şahnaz şaqqıldayıb güldü və sıçrayıb tonqalın üstündən keçdi. Qızlar da ona qoşuldular. Qarı özü də geri çəkildi, gözlərini yumub, alovun üstündən atılmaq istədi. Ancaq birdən ayağı büdrədi, qorun içinə düşdü. Donquldanıb kənara sıçradı. Qırçınlı donunun uzun, gen ətəyi alışdı. Qarı özünü itirdi. Orada fırlanıb qışqırdı:
– Ay qız, qoymayın yandım!
Qızlar onun atılıb-düşməyinə baxıb gülüşdülər. Qarı isə əyilib donunun ətəyini döycləyə-döyəcləyə qızlan söydü:
– Ləçərlər, həyasızlar, nə hırıldaşırsınız...cin yosunlular, qoymayın...yanıram!.. Qarının ayağı nəyə isə ilişib yıxıldı. O, başı kəsilmiş toyuq kimi atılıb-düşdükcə, balaqlarından, belindən tüstü çıxırdı. Gözləri yaşarınca gülən Şahnaz qarının boğulduğunu görüb irəli yüyürdü.
Qarı çeçəyı-çeçəyı deyirdi:
– Hamısının baisi sənsən... Ayğır kimi nə kişnəyirsən?
Şahnaz qarının yanıb xal-xal olan donunu dartıb çıxardı. Tumanının alovunu söndürdü. Su gətirməyə qaçan qızlardan biri özünü yetirib vedrəni qarının üstünə boşaltdı. Gövhər qarı balıq kimi ağzını açıb-yumdu.
Onu ayağa qaldırdılar. Səs-küyə yığışan qonşular qarıya baxıb gülüşdülər.
– Günahların lap əməlli-başlı təmizləndi. Həm odda yandı, həm də suda yuyundu.
– Axı, ay kaftar, sənin nə işin var bu uşaq-muşağın içində?
– Lap suya basılmış toyuğa oxşayırsan.
– Yox, ay qız, quyruğu yolunmuş sağsağana oxşayır. Qızlar gülüşə-gülüşə onu evə gətirdilər. Şahnaz köhnə paltarlarından birini çıxarıb qarıya geyindirdi. O daha da gülməli oldu. Güzgüdə qarı özünü tanımadı. Ağlamsındı:
– Günü qaralar, niyə pıqqıldaşırsınız?
– Qiyamət yaraşır, ay nənə.
– Gedin özünüzə lağ eləyin, sel aparmışlar! Sayalı köhnə paltarlarından üç-dördünü gətirib verincəyə qədər qarının qaşqabağı açılmadı.
Tez birini geyindi. O birilərini də dəstələyib qoltuğuna vurdu:
– Evə dəyib gəlirəm, - deyə üzünü Şahnaza tutdu. Xörəkdən-zaddan bişirərik. Gərək, bu gecə sizə kef verəm.
Qarı başmaqlarını şıppıldada-şıppıldada evdən çıxdı. Şahnaz onun dalınca qışqırdı:
– Ay nənə, sən allah, tez gəl, evdə sənsiz darıxıram. Qızlardan rastına düşən olsa, çağır gəlsinlər...
Çox çəkmədi ki, Gövhər qarı qayıdıb bir neçə qızla içəri girdi. Şahnazın boynunu qucaqlayıb, üz-gözündən öpdü.
– Belə, dayının canı üçün, hər şey düzələcək. Heç ürəyini sıxma, hansı qapını pusdum, qulağıma yaxşı söz dəydi. Birində dedilər: "A qızım, dur qapını aç, içəri sərin hava gəlsin". Demək, qapı üzünə açılacaq...
Sonra getdim Tapdıq kişigilin qapısına. Mən çatan kimi içəridən səs gəldi: "Arvad, heybəni aç, uşaqlara şirindən-zaddan ver". Dedim bu da yaxşıdır. Şirinlik yeyəcəyik, ay Şahnaz! Özü də lap tezliklə!
– O, Şahnaza göz vurdu. - Daha nə istəyirsən? Görürsən ki, xeyir xəbərlə gəlmişəm. Görək Gövhər nənənə bir xələtlik alasan. Hə, indi siz oturun, mən də xörək hazırlayım. Sonra da iynəlik salarıq. Bu gecə hamınızın bəxtini sınayacam!
Qarı çıxandan sonra qızlardan biri güldü.
– Ay Şahnaz, sən də onun dediklərinə inanırsan?
– Niyə inanmıram? Dediyinin çoxu düz çıxır.
– Ay qız, bəsdir, sən allah, ətimizi tökmə, getdikcə lap ağlın azır.
Fal nədir? Elə bizi buna çağırtdırmısan?
Patefondan-zaddan qur oxusun, bir az kefimiz açılsın. Yoxsa Gövhər qarı bütün şeytanları, cinləri bura yığıb bizi dualıq eləyəcək. Molla-zad da yoxdur ki, tas qurduraq.
Onlar yenə şaqqıldayıb güldülər.
Şahnaz ürəyində qızlardan incisə də, heç nə demədi. Patefonu qurdu. Qızlar çalıb-oynamağa başladılar. Həyətdə eşələnən Gövhər qarı gecədən xeyli keçmiş xörəyi gətirdi. Qızlar onu dövrəyə aldılar. Gülüşə-gülüşə plov yedilər.
Süfrəni yığışdırandan sonra Gövhər qarı gəbənin üstündə bardaş qurub oturdu. Qabağına su ilə dolu bir kasa qoydu.
– Hərəniz bir sancaq çıxardın, atın suya.
Qızlar duruxdular. Şahnaz hamıdan qabaq sancağını çıxardıb suya atdı. Gövhər qarı bir-birinə göz vuran qızlara hirsləndi:
– Nə durubsunuz? Tez olun!
Onlar gülüşüb sancaq çıxartdılar. Qarı yerini rahatladı:
– Bax, mun bir mahnı oxuyacam. Siz də mənim səsimə səs verəcəksiniz. Mən əlimi salıb sudan bir sancaq çıxardacam. Sancaq kiminki olsa, demək, mahnı onun bəxtinədir. İndi başa düşdünüzmü? Hə, başlayırıq.
Qızlar oğrun-oğrun Şahnaza, qarıya baxıb şaqqıldadılar. Qarı qızların onu ələ salmağa hazır olduqlarını hiss etsə də, özünü o yerə qoymayıb oxumağa başladı:
Göydə ulduz ləng gedər,
Gah əylənər, gah gedər.
Qorxma, ürəksiz oğlan,
Üstüncə Allah gedər.
Qarı sancaqlardan birini çıxardıb Şahnaza göz vurdu.
– Qorxaq olsa da, gələcək. Sən işində ol, qorxaq olduğu yaxşıdır, hə indi dalına qulaq asın.
Aşağıdan gələn Eyibdimi?
Başına papaq geyibdimi?
Saqqalı bülbül yuvası,
Bığını siçan yeyibdimi?
Qızların qəhqəhəsi otağı bürüdü. Onlar bir-birini itələyə-itələyə suya baxdılar. "Görək bu kimdir?" deyə pıçıldaşdılar. Sudan çıxarılan sancaq yenə Şahnazın idi. Qızlar gözləri yaşarınca güldülər.
– Elə lap düzdür. Evinizin geri yanındakı o kosa oğlandır. Doğrudan da elə bil zalım oğlunun bığını siçan yeyib. Cəmi iki-üç tükü var. Ürəyini sıxma, elə yaxşıdır. Saqqalı üzünü dalamaz. Şahnaz qızların rişxəndindən inciyib sancağı yenə suya aldı.
– Sən də oxumağa söz tapdın! - deyə qarıya acıqlandı. Arvad:
– Heç nə olmaz, dərdin abm, dalma qulaq as.
Eləmi nə şüşəsən,
Lampada nə şüşəsən,
Saçım üzəngin olsun,
Atlananda düşəsən.
– Pəh-pəh, - qızlardan biri dilləndi, bu deyəsən qulluq adamına oxşayır.
– Dayan, dayan, bu yəqin ya maliyyə agentidir, ya da ki, cuvar.
– Yoxsa, ay qız, bizim briqadir Kazım olacaq?
– Sən də adam tapdın!
Qarı yenə oxudu:
A qızlar, qaçın oğul gəlir,
Qapını açın, oğul gəlir.
Məxmər döşək, gül yastıq,
Arasını açın, oğul gəlir.
– Hə, necədir? - deyə Gövhər qarı qaralmış mırıq dişlərini göstərdi və əlini salıb bir sancaq çıxartdı. Yaşıl kəlağayılı bir qız utanıb gülümsündü. Ürəyinə yatırmı? İndi dalına qulaq asın.
Ay gedir batan yerə,
Mələklər yatım yerə,
Sinəmi nişan qoyum,
Yar oxun atan yerə.
– Ay qarı, nə qayırdığındır, birçəyinin ağ vaxtında sinəni deşdirərsən, - deyə qızlardan biri ona sataşdı.
Qarı qıza gözünü ağartdı.
– Mənə nə var, ələyim ələnib, xəlbirim göydə fırlanır. Sizi qayğı götürsün ki, hələ başınıza çox işlər gələcək...
Gecədən keçirdi. Qızlardan bir neçəsi getmişdi. Bu illərin başçısı Gövhər qarı, qalan qızların da yorulduğunu, sözlərinin qurtardığını hiss edirdi. O, nə qədər çalışırdısa, istədiyinə nail ola bilmirdi. Şahnazın rəngi açılmırdı. Gövhər qarı bunu görürdü. Lakin o yenə işin altından çıxmağa çalışdı. İki iynə götürdü. Uclarına pambıq doladı.
– Hər kəs ürəyində istədiyi oğlanı tutsun, - dedi, mən bir-bir iynələri suya salacam, görək kim-kimə qovuşacaq. Çox sınamışam. Bu lap doğru faldır. Əvvəlcə kimdən başlayaq? Deyirəm Şahnaz yaxşıdır.
Bax, ay qız, bu sağ əlimdəki iynə sənsən, o biri də ürəyindəki kimdirsə odur. Tutdunmu? Amma elə adam olsun ki, biz də tanıyaq.
– Uzaqda nə işi var, yan-yörədə hərlənən aqranomdan-zaddan biri olar. Sən iynəni suya sal, görək.
Qarı iynələri suya saldı. Qızlar bir-birini dümsükləyib pıçıldaşdılar. İynələr suya düşən kimi fırlanıb hərəsi bir tərəfə getdi. Sonra bir-birini qovurmuş kimi, qabın içində fırlandı. Qızlar yenə pıçıldaşdılar: "Şahnaz dayandı, daha getmir". "Yox, gözləyir, bu saat oğlanın dalınca cumacaq". "Bax, bax, qaçdı, gör necə də gedir". "Hı, gözünə dönüm, qoyma. Aha, az qalıb. Yox, yenə aralandılar. İndi də qız qaçır".
Beləliklə, "oğlanla qız" bir-birini xeyli qovdu. Gövhər qarı gizlincə Şahnaza baxdı. Qızın rəngi kağız kimi ağarmışdı. Elə bil, bütün həyatı bir qab suyun içində hərlənən bu pambıqlı iynələrdən asılı idi. Gövhər qarı gözlərini qaba zilləyib aşağı əyildi, nəfəsini suya verdi. Suyun üzü xəfifcə titrədi. İynələr tərpənib yavaş-yavaş bir-birinə yaxınlaşdı. Qarı nəfəsini dərdi. Şahnazın rəngi özünə gəldi. Qızlar bir-birinə göz vurub gülüşdülər.
– Bax, bu fala söz olmaz. Daha işin düzəldi, ay Şahnaz. Gərək Gövhər qarıya xələt versin.
Şahnaz gülümsündü.
Kitabxana.az · https://kitabxana.az/works/ismayil-sixli-ayrilan-yollar-10
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Səhərə yaxın onların arabasını kiçik bir qəza dəmiryol stansiyasının ucqarında qatarlaşan qələmələrin kölgəsində, ehtiyat yolunda dayanmış vaqonların yanında saxladılar. Keşikçilər arabanın ətrafında fırlanaraq, içindəkilərə düşməyi əmr etdilər. Mürgüləşən uşaqlar, arvadlar oyandılar və bir xeyli harada olduqlarını başa düşmədilər.Bütün yolboyu gözünü qırpmayan Güllü xanım yuxusunu dağıtmaq üçün azacıq dikəlib gərnəşdi və arabadan yerə düşdü. Toz-torpaqlı yük vaqonları deyəsən çoxdan dolmuşdu. Güllü xanım hiss etdi ki, yaxın kəndlərdən sürgünə göndərilənləri erkəndən gətirmiş və vaqonlarda yerləşdirmişdilər. İndi qapıları kip bağlanmış vaqonların ağzında gəzişən tüfəngli keşikçilərdən başqa heç kəs yox idi.
IX fəsil, 4Qatar 3 gün, 3 gecə yol getdi. Vaqonun havası kəsifləşdi. Yolboyu içəridən qapını ha döydülər, ha xahiş etdilər, onu bir azca açsınlar, ancaq bayırdan bircə cavab eşitdilər: "Ne polojeno". Güllü xanım bu sərt sözlərdən başa düşdü ki, indi qatarı müşayiət edənlər züllə papaq əsgərlərdi. Onlar "Ne polojeno" deyə qışqırdıqları zaman vaqonların ağzında itlər səs-səsə verib hürüşüb taxtaları cırmaqlayırdılar. Qatar hərdənbir hardasa dayananda belə qapını açmayan əsgərlər hirslənib tüfəngin qundağı ilə qapını döyəcləyib hətta camaatı qorxutmaq üçün göyə atəş də açırdılar.Bir həftədən sonra Güllü xanımgil başa düşdülər ki, heç yerdə vaqonlar dayanmayacaq və abır-həya itəcəkdi.
IX fəsil, 5Onları meşə kənarındakı ucqar bir stansiyada vaqondan düşürdüb, dörd təkər arabalara doldurdular və meşənin dərinliyinə gətirdilər. Burada ətrafı tikanlı məftillərlə çəpərlənmiş daxmalar var idi. Gələnləri daxmalara bölüşdürdülər.
X fəsil, 1Kəsəmənlinin atlı dəstəsi Naltökən yaylağına qalxırdı. O bilirdi ki, bu il də kənd camaatı Noylu bulağın üstündə dəyələrini qurmuşlar. Onun məqsədi həmin dəyələrin həndəvərində dolaşan, bir təhlükə olan kimi qaçıb meşələrdə daldalanan qaçaqların başçısı Halay bəylə görüşmək idi. Halay bəy heç kəsə dəyib-toxunmadığından özündən arxayın idi və binələrin ətrafında başını girləyirdi. Kəsəmənli bu yaşlı və gözəl müəllimin nə üçün çöllərə düşdüyünü tam aydınlığı ilə anlaya bilmirdi. Qəzada qaçaqların sayı çoxalırdı. Belə getsə, kəndlərdə hörmətli adam qalmayacaq, hamısı meşələrə, dağlara çəkiləcəkdi.Kəsəmənli qərara almışdı ki, Halay bəyi üzə çıxartsın. Elə bu məqsədlə də yaylağa qalxırdı. Yollar qorxulu idi. Kəsəmənli öz dəstəsi ilə meşənin xəlvəti cığırları ilə irəliləyirdi. Yaylağa qalxdıqca hava təmizlənir və adam nəfəs almaqdan doymurdu. O, əvvəllər el yaylağa köçəndə dağa qalxar və ellə birlikdə arana dönərdi. Amma neçə il idi ki, bu tərəflərə ayaq basa bilmirdi.