22
Səhifə 2 / 2 · 50%
Kosaoğlu atını məktəbə sarı sürdü. Arvadın sözü ona bərk tutmuşdu. Kosaoğlu əsəbiləşir, nəyin hesabına olur-olsun, kolxozu əldən verməmək haqqında fikirləşirdi. "Kim qabağıma çıxsa, dəli inək buzovunu ayaqlayarı kimi ayaqlayacam. Kosaoğlu ölməyib. Əlimi qatmamışam deyə pambıq tökülüb qalıb..."
Kosaoğlunun atı kəndin ortasındakı dikdirə çatanda bərkdən kişnədi. Sədr atın başını çəkib saxladı. Gözünü ağaran çöllərə zillədi. Üfüqlərə qədər uzanıb gedən pambıq tarlaları aydınca görünürdü. Düşərgələrin qabağına, yolların kənarına sərilmiş pambıq ağarırdı. Görünür, səhər-səhər üstünə şeh düşmüş pambığı qurudurdular.
Kosaoğlu dərindən nəfəs alıb göyün üzünə baxdı. Gün xeyli qalxmışdı. Hava tərtəmiz və şəffaf idi. Ağacların başına toplaşan qarğaların qarıltısından başqa kəndin sükutunu heç nə pozmurdu.
Bir dəstə quş havalanıb lap yuxarı qalxmışdı. Birdən güyültü qopdu. Quşlar qanadlarını büküb yerə şığıdılar. Bu, Kosaoğluna ləzzət verdi. "Bax, belə lazımdır! - deyə düşündü. - Yuxarı qalx, sonra da aşağı şığı, qabağına kim keçsə, üstünə cum. Onda səni sayarlar".
O, atı mahımızladı. Yolda Kazıma rast gəldi. Briqadirlikdən çıxanlandan sonra Kazım heç bir işə getmək istəmirdi. O, Qurban qağasınm yeni vəzifə verəcəyini gözləyirdi.
Kazım Kosaoğlunu at belində görəndə:
– Uğur olsun, Qurban qağa, hara belə? - deyə soruşdu. - Bəs niyə at minibsən?
Kosaoğlu özünü sındırmadı:
– Ata minəndə adamın ürəyi tel-tel olur. Eşitməyibsən, at minən qocalmaz?!
– Elədir. Bir de, belə atı heç yüz maşına dəyişmərəm.
– Dalımca gəl! - deyə Kosaoğlu atı sürdü. Kazım onun dalınca yortdu.
Kosaoğlu atı məktəbin qabağında saxladı. Kəhər yüyəni çeynəyib kişnədi. Sədr əlindəki çubuqla müəllimlər otağının pəncərəsini döydü. Şüşələr az qaldı ovxalanıb tökülsün. Səs-küyə növbətçi müəllim bayıra çıxdı. Kosaoğlu salam vermədən, qəzəbli-qəzəbli soruşdu:
– Direktor hanı?
– Dərsdədir.
– Tez bura çağır.
– Beş dəqiqə gözləyin, tənəffüsə çaxacaq.
– Tez ol deyirəm sənə, nə tənəffüsbazlıqdır!
– Axı olmaz.
– Niyə?
– Dərsi poza bilmərəm.
– Mən dərs-zad qanmıram. Tez ol bəri çağır.
O, az qala atı məktəbin ortasına sürəcəkdi. Elə bu vaxt Kazım ləhləyə-ləhləyə özünü yetirdi.
– Nə olub, ay Qurban qağa?
– Get direktoru bura çağır!
Kazımın xırıltılı səsi məktəbi başına götürdü. O, sinif otaqlarının qapısını açıb-örtür və "direktor hanı?" - deyə bar-bar bağırırdı. Nəhayət, direktor bayıra çıxdı. Dırnaqları ilə yer eşən kəhər fınxırıb şahə qalxdı. Kosaoğlunun direktoru ayaqlatmaq istəyirmiş kimi, atı onun üstünə sürüb qışqırdı;
– Nə vaxtdan boyüyubsən?
– Nə olub?
– Adamın qabağına niyə çıxmırsan?!
Direktor gülümsündü.
– Yoldaş Kosaoğlu, ayda-ildə bir dəfə məktəbə gəlirsən, onda da dava ilə. Gəlibsən, atdan düş, gedək müəllimlər otağına.
– Heç yerə gedən deyiləm. Bu saat məktəbi bağla.
Direktor təəccüblə qaşlarını qaldırdı.
– Nə?..
– Uşaqları pambığa aparacam.
– Sizə bu ixtiyarı kim verib?
– Nə ixtiyarbazlıqdır! Kolxozun sədri mənəm. Məktəb də mənə tabedir. Tez ol uşaqları bəri tök!
– Bacarmaram. Sizin də buna haqqınız yoxdur.
– Mənim haqqım yoxdur, ə? Başına at təpib, nədir?
Ə, Kazım, tez ol uşaqları sinifdən çıxart, qat qabağına. Birbaş çölə! Bir buna bax, çöldə pambıq tökülüb qalacaq, bu da dərs keçəcək. Mənə sənin dərsin lazım deyil!
– Yoldaş Kosaoğlu, dərəbəylikdir-nədir, iki-üç gündür dərs başlayıb, sən nə ixtiyarla məktəbi dağıdırsan?
– Yaxşı eləyirəm, əlindən güləni beş qaba çək. Heç sənin böyüyünü də saymıram.
O, uşaqları bayıra çağıran Kazımın üstünə qışqırdı:
– Ə, belin qırılmayıb ha, tez olsana!
İçəridə hay-küy qalxdı...
İmran maşını Kosaoğlunun doqqazının qabağında, qoşa qoz ağacının altında saxladı. Ağacın başına toplaşıb qozları dimdikləyən qarğalar, maşının tırıltısından hürküb qırıldaşa-qırıldaşa ətrafa dağıldılar. Silkələnən budaqlardan tozlu yola dolu kimi qoz səpələndi.
Nəsib dayı yenicə tikan vurulmuş hündür çəpərli həyətə baxdı. Kosaoğlunun uşaqları eyvanda oynaşırdılar. Həyətdə toyuqlar eşələnirdi. Armud ağacının kölgəsində, ocağın üstündə yan-yana qazan asılmışdı. Bayaqdan bəri tövlənin qabağındakı çardağın kölgəsində yatan boz it, doqqazdan səs gəldiyini eşidib qulaqlarını şəklədi və birdən sıçrayıb ayağa qalxdı. Lakin o, axıra qədər qaça bilmədi. Ot tayalarının bərabərində zəncir dartıldı və boz it dal ayaqları üstünə qalxıb çırpındı. O yenidən geri qayıtdı, və bir neçə dəfə eyvanın qabağında o tərəf bu tərəfə qaçdı.
Nəsib dayı ilə yanaşı dayanan İmran, itin zəncirinin həyət boyu çəkilmiş yoğun məftilə keçirildiyini gördü. İt qaçdıqca, zəncir məftilin üstü ilə sürüşüb cingildəyirdi. İmran acı-acı gülümsündü: "Zalım oğlu gör nə fikirləşib, qapı-bacasını necə də güdür!"
Şahnaz səs-küyə bayıra çıxdı. Onun başı açıq idi. Əlindəki daraqla yoğun hörüklərinin ucunu düzəldirdi. O, itə acıqlandı, evə qayıdıb əyninə başqa paltar geymək istədi, lakin fikrindən daşındı.
İmran Şahnazın qəsdən ağır-ağır yeridiyini, tez-tez dayanıb ayağındakı qırmızı qotazlı atlas başmağı düzəltdiyini gördü. Qız yeridikcə Qəsdən ləngərlənir, qırmızı butalı nazik ipək xalatının yaxasının açılmasına fikir vermirdi.
Şahnaz salam vermədən onlarla üz-üzə dayandı, başını azacıq sol çiyni üstə əyib gözlərini süzdürdü. Saçlarının ucunu qoşaladı və hörüyunü çiyni üstündən geri atdı. Xalatının yaxası daha da açıldı. Ağ sinəsindən qızıl medalyonunun parıltısı İmranın gözünə düşdü. Bunu görən Şahnaz qaşını oynadıb yerində yırğalandı.
– Nə əcəb sizdən, yoldaş aqronom?
Nəsib dayı papirosunun kötüyünü yerə atdı. - Dayın evdədirmi? - Yoxdur, yoldaş partkom. - Hara gedib?
– Bilmirəm.
– Bəs bibin hardadır?
– Nəyinə lazımdır?
– Ay qız, - İmran dilləndi, - atan yaşda kişi səndən söz soruşur, niyə əməlli cavab vermirsən?
– Səndən öyrənmişəm.
Həyətdəki armud ağacının dibində, əli belində hərlənib, qulplu qazanlarda bəhməz bişirən Gövhər qarıya göstəriş verən Sayalı Şahnazı çağırdı.
– Ay qız, kimdir, nə istəyir?
– Partkomla aqronom İmrandır, səni çağırırlar.
– Onların mənnən nə işi?
– Bilmirəm, gəl özün danış.
Sayalı doqqazda dayananları çoxdan görmüşdü, onların Şahnazla nə danışdıqlarını da eşitmişdi. Ancaq özünü elə aparırdı ki, guya heç nədən xəbəri yoxdur.
O tələsmədi, qazanların yanında hərləndi, pıqqıldayıb qaynayan bəhməzə baxdı, kəfgirlə qarışdırdı. Gövhər qarıya nə isə dedi. Doqqaza doğru addımladı. Sonra geri qayıtdı.
Nəsib dayı əsəbiləşsə də, özünü saxlayırdı. Şahnaz gözünü İmrandan çəkmirdi. Özünü laqeyd aparan İmran da hərdənbir gözaltı qıza baxır, onun dəyişdiyini, daha da gözəlləşdiyini görürdü.
Sayalı asta-asta onlara yaxınlaşdı:
– Nə istəyirsiniz? - deyə qəzəblə soruşdu.
Nəsib dayı müqəddiməsiz başlamağı lazım bildi:
– İşə niyə getməyibsən?
Arvadın qaşları çatıldı:
– Nə? İş? Hansı iş?
– Kolxozun işi.
– Mən birdən-ikiyə işə getmişəm?
– Getməyibsən, ancaq getməlisən.
– Bircə onu görməyəcəksiniz!
– İşə getməsən, kolxozdan çıxaracağıq.
– Məni?
– Bəli, səni!
Sayalınm sinəsi qalxıb-endi. O, əlini belinə qoyub köksünü irəli verdi.
– Ə, Nəsib, hələ Kosaoğlu Qurban ölməyib ki, arvadı işə gedə.
Gözünü sil, mənə düz bax. Ağlın uşaq-muşağa getməsin.
– Bəs sənin əvəzinə kim pambıq yığacaq? Kolxozun üzvüsən, payına düşən pambığı yığmalısan, - deyə İmran söhbətə qarışdı.
– Sən o ağlı get anana ver,
– Sayalı, - Nəsib səsini ucaltdı, - bura çənə-bazar açmağın yeri, deyil. Bir saata kimi çöldə olmalısan, yoxsa axırı pis olacaq. Sənə də, güvəndiyin Kosaoğluna da.
Sayalı üzünü Şahnaza tutdu.
– Ay qız, get gör o it niyə zingildəyir, bəlkə zənciri dolaşıb.
Şahnaz bibisinin eyhamını başa düşüb bağa getdi. İmran yavaşca çəpərə yaxınlaşıb iri bir paya çıxartdı. Sayalı qışqırdı:
– Çəpəri niyə sökürsən?
Elə bu vaxt boz it Nəsib dayının üstünə atıldı. İmran ona imkan vermədi. Paya ilə itin biləyinə və ağzına döşədi. Boz it zingtldəyib yerə çökdü. Bir-iki dəfə hücuma keçmək istədisə də bacarmadı, quyruğunu qısıb zingildəyə-zingildəyə geri qaçdı. Sayalı hay-küy saldı:
– Gör sənin başına nə oyun açacam! İtin biləynıi niyə sındırırsan?
Kosaoğlu ölüb ki, onun qapısına basqın eləyirsən?
Canı boğazına yığılmış İmran özünü saxlaya bilmədi:
– Səsini kəs! İti açdırdığın yetmir, hələ bir danışırsan da! Ərin hardadır? Sayalı İmranın pörtmüş sifətinə, titrəyən barmaqlarına baxdı.
Cınqırını çıxartmadı.
– Sayalı! - deyə Nəsib dayı qətiyyətlə tapşırdı, - bu saat əl-ayağını yığışdır, işə get, Şahnazı da özünlə apar.
Onlar maşına oturdular. İmran hirslə pedalı basıb maşını işə saldı. "Pobeda" birdən irəli atıldı. Doqqazı toz bürüdü. Sayalı onların arxasınca baxıb donquldandı:
– Ciyəriyanmış gör necə havalanıb. Əliqurumuş itin biləyini sındırdı.
İmran maşını məktəbin həyətinə sürəndə, Kosaoğlu uşaqları yola çıxardırdı. Nəsib dayı maşını saxlatdı və təəccüblə Kosaoğluna baxdı.
– A Qurban, bu nə oyundur?
– Teatr çıxardıram!
Kosaoğlu atdan düşüb Nəsib dayı ilə üzbəüz dayandı.
– Nə istəyirsən?
– Bu uşaqları hara aparırsan?
– Pambığa.
– A kişi, sən dəli olubsan, nədir? Bu nə özbaşnalıqdır? Əvvəlcə kəndin arasında boş-boş gəzənləri, evdə oturan qohumlarını işə çıxart.
Pambığı yığa bilməsək, məktəb uşaqları özləri bizə köməyə gələcəkdir. Yoxsa bu nə zorakılıqdır, təşkilat-zad yoxdurmu?
– Təşkilat mən özüməm, heç kimi tanımıram.
– Təqsir bizdədir ki, indiyə kimi təşkilatı sənə yaxşı tanıtmamışıq.
Nəsib dayı çaşbaş qalan uşaqlara dedi:
– A bala, gedin dərsinizi oxuyun!
Uşaqlar qaçıb məktəbə doluşdular.
Kosaoğlu Nəsib dayının üzünə qabardı:
– Bəs pambığı kim yığacaq?!
– Kim yığacaq? Sənin arvadın Sayalı, qapıda-bacada gizlənən, şəhərdə alver edən qohumların.
– Arvad-uşaqla işin olmasın.
Nəsib dayı hövsələdən çıxmışdı:
– Məni başa sal görüm, sən özünü nə hesab edirsən? De görüm bir axı sən kimsən? Xalq işləyəcək, sənin arvadın da evdə piylənəcək? İti açıb gələnə qısqırdacaq? Yox, Kosaoğlu, mən indiyəcən səninlə mülayim danışmışam, səni adam hesab etmişəm, başa salmağa çalışmışam. Amma sən qanmadın. İndi mən səninlə ayrı cür danışacam.
– Nəsib, mənnən buynuzlaşa bilməzsən.
– Sənin kimi buynuzluları çox görmüşük. Bu saat get arvadını, bütün qohumlarını çölə göndər. Göndərməsən, axırı pis olacaq. - Ə, neyləyəcəksən? Göndərmirəm! Nəsib dayı mübahisə etməyi yersiz bildi.
– Göndərməsən, partiya biletinlə cavab verəcəksən.
– Nə? Partbilet?
– Bəli, partbilet! - deyə Nəsib dayı qayıdıb maşında oturdu. Kosaoğlu yerində mıxlanıb qaldı...
Kitabxana.az · https://kitabxana.az/works/ismayil-sixli-ayrilan-yollar-22
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Güllü xanımın qulağı almışdı ki, qonşu kəndlərdən adamları evli-eşikli, arvadlı-uşaqlı arabalara doldurub harasa göndərirlər. Onlara yorğan-döşək, paltar-palaz götürməyə də icazə vermirlər. Adambaşına cəmisi ikicə pud yük götürmək olardı. Güllü xanım gecələr səhərə qədər yerinin içində qıvrılır, hər şıqqıltıya diksinir, bir şey olan kimi ayağa durub otaqda gəzinirdi. Gəlinlərdən xəlvət yaxtanları açır, boxçaları yır-yığış edirdi. Vəzndən yüngül, qiymətdən ağır şeylərini ayrıca bir ehtiyatla paltarlarının ağıla gəlməz yerlərində gizlədirdi. Onun ürəyinə dammışdı ki, evlərinin başı üstdə qaranlıq var.İki gün bundan əvvəl isə Qaybalı kişi onların yanına gizlincə adam göndərmişdi. Özü ortaya çıxa bilmirdi. Kənddə min göz, min çuğul var idi. Camaatın yarısının bir ayağı Gepoda, bir ayağı da kənddə idi. Şənlikdə biri asqıran kimi şəhər xəbər tuturdu. O, göndərdiyi adamdan Güllü xanıma ismarlamışdı ki, hazırlıq görsün, deyəsən, uzaq səfərə çıxacaqlar. Qaybalı kişi bu evdə çoxlu duz-çörək kəsmişdi, haqqı-salamı itirmək istəmirdi. Güllü xanım gəlinləri yanına çağırdı.
IX fəsil, 3Səhərə yaxın onların arabasını kiçik bir qəza dəmiryol stansiyasının ucqarında qatarlaşan qələmələrin kölgəsində, ehtiyat yolunda dayanmış vaqonların yanında saxladılar. Keşikçilər arabanın ətrafında fırlanaraq, içindəkilərə düşməyi əmr etdilər. Mürgüləşən uşaqlar, arvadlar oyandılar və bir xeyli harada olduqlarını başa düşmədilər.Bütün yolboyu gözünü qırpmayan Güllü xanım yuxusunu dağıtmaq üçün azacıq dikəlib gərnəşdi və arabadan yerə düşdü. Toz-torpaqlı yük vaqonları deyəsən çoxdan dolmuşdu. Güllü xanım hiss etdi ki, yaxın kəndlərdən sürgünə göndərilənləri erkəndən gətirmiş və vaqonlarda yerləşdirmişdilər. İndi qapıları kip bağlanmış vaqonların ağzında gəzişən tüfəngli keşikçilərdən başqa heç kəs yox idi.
IX fəsil, 4Qatar 3 gün, 3 gecə yol getdi. Vaqonun havası kəsifləşdi. Yolboyu içəridən qapını ha döydülər, ha xahiş etdilər, onu bir azca açsınlar, ancaq bayırdan bircə cavab eşitdilər: "Ne polojeno". Güllü xanım bu sərt sözlərdən başa düşdü ki, indi qatarı müşayiət edənlər züllə papaq əsgərlərdi. Onlar "Ne polojeno" deyə qışqırdıqları zaman vaqonların ağzında itlər səs-səsə verib hürüşüb taxtaları cırmaqlayırdılar. Qatar hərdənbir hardasa dayananda belə qapını açmayan əsgərlər hirslənib tüfəngin qundağı ilə qapını döyəcləyib hətta camaatı qorxutmaq üçün göyə atəş də açırdılar.Bir həftədən sonra Güllü xanımgil başa düşdülər ki, heç yerdə vaqonlar dayanmayacaq və abır-həya itəcəkdi.
IX fəsil, 5Onları meşə kənarındakı ucqar bir stansiyada vaqondan düşürdüb, dörd təkər arabalara doldurdular və meşənin dərinliyinə gətirdilər. Burada ətrafı tikanlı məftillərlə çəpərlənmiş daxmalar var idi. Gələnləri daxmalara bölüşdürdülər.
Başqa şairlərin şeirləri
Gəl görüm, gəlişin nerdən, çeşmi siyah, nöycavan,Həsrətəm didarına, çəkirəm ah nöycavan,
Beşinci camın keyfiyyətiVer, Saqi, o Kövsər qarışan mey dolu camdanOl cam ki, behişt huriləri təşnədir ondan.
Gəraylı: Aşiqlik peşəsin qıldımAşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
Gəncə xanlarınaDəst pədərəm babat,Bürid və kərdə mat,