Səhifə 2 / 3 · 33%

– Nədən ötəri?

– Kürün qırağında səni qorxutdum.

– Tək məni qorxutmadın ki. Hamını hürkütdün. Adam atı yavaş sürər.

– Dalımızca çoxmu qarğadın?

Pakizənin yanaqları daha da qızardı. Gözlərində sevinc qığılcımı oynadı. Dodağını dişləyib yerində silkələndi:

– Olmaya mənim sözlərim xətrinə dəyib?

– Yox, elə-belə soruşuram.

– Mən küsməmişəm. Səni bilmirəm.

Pakizə ərkyana Əşrəfin gözünün içinə baxdi və qələbəsinə əmin olan adamlar kimi dabanı üstə fırlanıb, o biri qızın dalınca yüyürdü. Əşrəf heyrətlə onun arxasınca baxdı. Pakizə yoldaşına bərabərləşəndə qız onu məzəmmətə başladı. Əşrəf onların sözlərini aydınca eşitdi.

– Bizi niyə biabır elədin, a günü qara, indi Əşrəfin üzünə necə baxacaqsan?

– Nə eləyim, o su istədi, mən də olanımı verdim.

Salatın qardaşının yerindən tərpənmədiyini, qızları köçün bərabərinə qədər gözü ilə müşayiət etdiyini görəndə lap heyrətləndi. Əşrəfin bu halı onu hürkütdü. Yavaşca qardaşının qoluna toxundu:

– Sənə nə oldu?

– Hə... heç... nə... gedək.

Onlar bulağın üstündə də, geri qayıdanda da heç nə danışmadılar...

Axşam oldu. Göytəpəlilər düşərgədən tərpənmədilər. Onlar burada bir xeyli dincəlməyi qərara aldılar. Onsuz da yollar tutulmuşdu. Sürü ilə yaylağa qalxan qoyunların, qatarlaşan arabaların, ilxıların, atlı-piyada hərəkət edən aran adamlarının əlindən tərpənmək olmurdu, Yolların üstünü bulud kimi bürüyən toz axşama qədər yerə çökmür, sürülərin ardınca sürünə-sürünə yuxarılara qədər qalxırdı. Bir az gözləmək, heyvanlara da rahatlıq vermək lazım idi.

Arabaların yanında ocaq qaladılar. Dağların quru fıstıq odunu çatırdadı, qığılcımlar ətrafa sıçradı, alovlar dilim-dilim olub göyə qalxdı.

Ətrafda hərlənənlərin kölgəsi uzandı, çayın üstünə sərildi. Alovların işığı bir-birinə qarışdı. Qaranlıqda mürgüləyən dağların döşünə işıq düşdü, qıjıltı ilə axan çayın sinəsi parıldadı. Göyün üzündə şəfəq oynadı.

Cahandar ağa arabaların yanında ocaq qalamağa icazə vermədi. İşıqda hər şeyin nəzərə çarpacağından ehtiyat etdi. Onun nökərləri mal-qaranı bir az kənarda saxladılar, elə oradaca ocaq qaladılar.

Cahandar ağa palıd ağacının dibində oturdu. Əşrəf onun geri yanında əyləşdi. Sakitcə düşərgəyə baxdı. Ocaqlar olmasaydı, iki addımlıqda nələr baş verdiyini təyin etmək çətinləşərdi. Göyün üzünə ulduzların səpələnməsinə baxmayaraq, çayın vadisi qaranlıq idi. Dağlar o qədər uca idi ki, səmanın bir parçasından başqa heç nəyi görmək mümkün deyildi. Sıldırım qayaların və dağların qatı kölgəsi gecənin qaranlığını daha da tündləşdirirdi.

Axşamdan xeyli keçdi. Arabaların dal taxtasına bağlanan itləri açdılar. Uşaqlar və arvadlar dəyələrə doluşdular. Ocaqların alovları azaldı. Əl-ayaq yığışıldı. Gecə oyaq qalıb, növbə ilə keşik çəkəsi adamlardan başqa hamı rahatlandı. Əşrəf də arabaya gəldi.

Salatın yer salıb qardaşını gözləyirdi. Onlar yanaşı uzandılar. Xeyli sükut içində dayandılar. Suyun qıjıltısına, meşə quşlarının səsinə qulaq asdılar. Hərdənbir hardansa şaqqıltı gəlir, qayalar dığırlanıb çaya düşürdü. Görünür, mal-qaranın iyini duyan ayılar yaxınlarda dolaşırdı... Kimsə tütək çalmağa başladı. Əşrəf gözlərini yumub lap uşaqlıqdan sevə-sevə qulaq asdığı havaları dinlədi. Cəmi səkkiz deşiyi olan adi, nazik mis tütəyi dodaqlarına yaxınlaşdırıb çalan adamı gözlərinin qarşısında canlandırmağa çalışdı. Kənd arasında hamının şümşad adlandırdığı bu tütəyin səsində qəribə, ürəyə yol tapan va xəyalı uzaqlara aparan bir hüzn var idi.

Tütəkdə əvvəlcə çobanbayatı çaldılar, sonra da zarafata başladılar. Əşrəf tütək çalanların tütəklə adamlara çataşdıqlarını, qız-gəlinlərə söz atdıqlarını çox gözəl bilirdi. Nədənsə bu sadə və səmimi zarafatdan heç kəs incimirdi. Əşrəf uşaqların, yeniyetmələrin, hətta yaşlı kişilərin belə tütək çalanlara cavab verdiklərini, bir-iki baməzə söz dediklərini indi də xatırlayırdı. O, balacalıqdakı kimi diqqətlə tütəyə qulaq asdı və onun nə dediyini ürəyində təkrar etdi: "Ədə, ədə, o yolnan gedən oğlan, qurban olum telli bacına, qələm qaşlı, incə belli bacına".

Əşrəf arabanın boynuna doğru gəldi. Mütəkkəni sinəsinin altına qoyub ağzı üstə uzandı. Ocağın ətrafında toplaşanlar buradan aydın görünürdü. Salatın da onun yanına gəldi. Tütək çalan ara verdi. Ətrafdakılar gülüşdülər. Sonra da oyun havası çaldılar. Uşaqlardan birini ayağa qaldırıb ortaya saldılar, əl çalıb oynatdılar. Onların gülüşü, hay-harayı dalğa-dalğa olub çayyuxarı yayıldı, dərəni doldurdu. Salatın dirsəyi ilə Əşrəfə toxundu:

– Ay qağa, xoşuna gəlirmi?

– Yaman. Məni qınayan olmasaydı, bu saat qaçıb oynayanlara qoşulardım.

– Bu da bayaqkı deyil, bizi biabir eləmə.

– Niyə, oynayanda nə olar ki?

– Necə nə olar? Heç seminariyada oxuyan onlara qoşularmı?

– Niyə, mən onlardan artığam?

– Bə nə, heç onların tayısan?

– Bilirsən nə var, Salatın, Allah hamını bərabər yaradıb.

– Bircə kiri, kiri, axşam vaxtı Allahda-zadda işin olmasın. Qulaq as, mahnı oxuyurlar. Batmışın gör nə yaxşı səsi var.

Oturmuşdum bulaq üstə,

Qızlar gəlir dəstə-dəstə.

Qoy məni öldürsünlər,

Bir alagöz qız üstə.

Aman ovçu vurma məni,

Mən bu dağın maralıyam,

Yar əlindən yaralıyam.

Elə bil hamı susmuşdıı. Nəfəsini içəri çəkib bu həzin nəğməyə qulaq asırdı. Mahnı isə qayalarda əks-səda verib gecənin qaranlığında daha uzaqlara yayılırdı...

Bacı-qardaş düşərgədə səs-səmir kəsilənə qədər beləcə uzandılar. Tütək susandan sonra arabanın içinə çəkilib, yatmağa hazırlaşdılar. Arxası üstə yanaşı uzandılar. Hər ikisi gözünü dəyənin üstündəki keçəyə zilləyib susdu. Qaranlıqda bir-birinin üzünü görməsələr də, nəfəs almalarından yatıb-yatmadıqlarını bilirdilər. Salatın bulağın üstündəki hadisəni unuda bilmirdi. Pakizənin ayrılarkən Əşrəfin üzünə necə baxdığı yadından çıxmırdı. Qızın gülüşü, kirpiyini çaxması, Əşrəfi necə həvəslə süzməsi gözünün qabağından getmirdi. "Günü qara gəlmişin gözü elə bil ilan gözü kimi ovsunludur. Az qalmışdı bircə dəqiqənin içində gədənin dilini, ağzını bağlasın". Salatın Pakizənin qonur gözlərinin necə süzüldüyünü və gözlənilmədən adama necə qıyqacı baxdığını yadına saldı. Onun dodaqlarından silinməyən gülüşü, sol yanağının azacıq çökəltdiyini nəzərində canlandırdı. Pakizənin titrək səsini belə eşidən kimi oldu. Özü də hiss etmədən köksünü ötürdü. "Qardaşım neyləsin, mən qızlığımla ölmüşə baxa bilmirəm. Gözü qayır-qayır oynayır. Qımışanda adamın tüstüsünü təpəsindən çıxardır. Bəxtəvərin qızının sümükləri şırt-şırt şırtlayır. Batmış elə bil qaraçı gözəlidir, qaş-gözü adamı yandırır, beli də ki, üzükdən keçər. Özü də deyəsən qağandan kəsir. Ürəyində şıltaqlıq olmasaydı, onun qabağında məm kimi əriyib axmazdı. Salatının ürəyində birdən-birə qardaşının boyuna qovalanan bir bacının iftixarı baş qaldırdı. O, kəndin ən gözəl qızlarından birinin Əşrəfdən ötəri qovrulub yandığına sevindi. "Qoy ağzının suyu axsın, qoy qardaşımın dalınca sürünsün, boyuna qurban olduğumun boyuna vurulsun, – deyə xəyalından keçirdi. – Hə, deyəsən ürəyin tökülür, hələ harasıdır, çoxlarınız qardaşımın dalınca sürünəcəksiniz, dilinizi bir qarış çıxardıb mənə yalvaracaqsınız, dörd yanımda şırvanacaqsınız ki, məni alın, mən sizin gəlininiz olmaq istəyirəm. Amma onu görməyəcəksiniz. Hamınıza dağ çəkəcəm. Qardaşımın boyuna qurban olum, hələ çox qızlar onun ayağına döşənəcək".

Lakin bu fərəhli düşüncələrin dalınca gələn başqa fikirlər onu sarsıdırdı, onun sevincini sel kimi yuyub özü ilə aparırdı.

Salatın bir anlığa bibisinin ölümünü gözünün qarşısına gətirdi. Onun müsibətini yadına saldı. "Onun qanlısı Molla Sadıqdır, – deyə düşündü. – Əgər onun fitnəsi olmasaydı, bibim nə müridlərin meyxanasına gedərdi, nə də başına bu iş gələrdi. Dədəm bu dərdi heç unudarmı? Elə bundan əvvəl də onların sözü düz gəlmirdi. Dədəmin Molla Sadıqdan zəndeyi-zəhləsi gedir, həmişə ona "dınqıra süzən qurumsaq" deyir, indi də onlar lap xəncər-bıçaqdadırlar. Heç belə işə dədəm qol qoyarmı? Yoxsa Pakizə ilə Əşrəfin elə əvvəldən him-cimi var, bizim xəbərimiz yoxdur? Belə olmasaydı xısın-xısın danışmazdılar. Onların bir-birinə üstü örtülü dedikləri nəydi? Yoxsa Əşrəf də dədəmin sözündən çıxacaq? Razılıq almadan gedib özbaşına evlənəcək? Yoxsa bu qardaşımın da toyunu görməyəcəm?"

Salatın lap darıxdı. Düşüncələrinə ara verib, qardaşının nəfəsinə qulaq asdı.

– Ay qağa, yatmayıbsan ki?

– Yuxum gəlmir.

– Mənim də.

Yenə susdular. Hər ikisi bir-birinin necə nəfəs almasını eşitdi.

– Pakizə ilə üstüörtülü danışdığın nəydi?

Əşrəf dönüb Salatının üzünə baxdı. Qaranlıqda onun nətər düşündüyünü sifətindən oxumağa çalışdı.

– Elə buna görə yuxun qaçıb? Gözünü yum, yıxıl yat.

– Deməsən əl çəkən deyiləm.

Əşrəf bacısının doğrudan da həyəcan keçirdiyini duydu və onu şakitləşdirmək məqsədi ilə Kürün sahilində Pakizə ilə necə rastlaşdıqlarını ona danışdı. Salatın azacıq rahatlansa da, Pakizənin hərəkətini bağışlaya bilmədi.

Aradan xeyli keçdi. Düşərgəyə tam sükut çökdü. Ocaqların közü sönüb kül oldu. Çayın qıjıltısı çoxaldı.

– Ay qağa?

– A günü qara, yatmamısan?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

X fəsil, 3

Yazı masasının böyründə divardan asılmış telefon cingildədi. Kəsəmənli dəstəyi götürdü. Tanış və mehriban səs eşidib gülümsündü.– Salam, Abdal qağa, sabahın xeyir. Qulaq asıram.

19954 dəq
Epiloq

Dünyaya çox buynuzlu-buynuzsuz cahangirlər gəldi. Biri özündən əvvəlkini bəyənmədi, o biri sonrakını. Biri dünyanı qana çalxaladı, o biri əmin-amanlığa çağırdı. Biri bəşər övladının min illər boyu yaratdığı qayda-qanunları zor ilə tapdaladı və ortalığa yeni həyat tərzi atdı. Yer kürəsini əlində fırladıb qan çanağına çevirən Hitler meydana çıxdı. Onun qarşısında Stalin dayandı, Ruzvelt, Çörçil, Mao-Tsze-Dun və De Qoll siyasəti dünyada baş alıb yeridi. Biri o birinin əleyhinə, biri o birinin tərsinə. Hamısı da ədalətdən, vicdandan dəm vurdu. Bütöv xalqlar tayqalara, Sibirə sürgün edildi. Başqa birisi hakimiyyətə gələrkən bu cəza alanları günahsız müqəssirlər adlandırdı, salamat qalanları yerlərinə- yurdlarına qaytardı. Onlara kömək etdilər.Sibir meşələrində qohumlarını və nənəsi Güllü xanımı itirdikdən sonra qürbətdə tək qalan Söhrab sarsılmadı. Meşəlikdə, kəndin kənarında, balaca bir təpənin döşündə, nəhəng şam ağacının dibində dəfn edilmiş Güllü xanımın hər gün qəbri üstünə gedib ağlayar və and içərdi ki, oxumağından qalmayacaq. Gündüzlər meşəyə, böyüklərlə birlikdə ağac doğramağa gedər, gecələr isə axşam məktəbində oxuyardı.

19956 dəq
Birinci hissə, 1

Göytəpə kəndinin yastı qazma daxmaları Kürün sahilinə qədər səpələnmişdi. Bu il yağınlıq olduğundan, o otlar vaxtından əvvəl göyərmiş, yazın ilıq nəfəsini duyandan sonra isə püskürüb qalxmışdı. Hələ aprel sona çatmamış bu çal-çəpərsiz kəndin həyətləri, xırman yerləri, tövlə və samanlıqların üstü, hətta evlərin damları da yaşıllaşmışdı. Həyətləri birləşdirib torpaq yola çıxan, sonra da sahildəki çəmənliyi çalın-çarpaz doğrayıb Kürə enən cığırları ot basmış, kəndin üst tərəfindəki ləpələrin rəngi dəyişmişdi. İl quraqlıq keçəndə bahar gəlməmiş saralıb-solan dəmyələr bu il gül-çiçəyə qərq olmuşdu. Yalnız kəndin yaxınından ötüb Tiflisə doğru uzanan xır yolu əvvəlki kimi ağarır, bəzi yerlərdə daşların arasından ot cücərsə də təbiətin bu ümumi ahənginə tabe olmaq istəmir, dərəli-təpəli yamacları aşıb üfüqdə gözdən itirdi. Hər şey əvvəlki kimi idi. Həyat-bacalarda ocaq tüstülənir, mallar haylanıb Kürə tökülür, qız-gəlinlər suya enirdilər. Haçaquyruq qaranquşlar süzüb sinələrini çiçəklərə toxundurur, Kürə baş vurub su götürür, sonra da civildəşə-civildəşə balalarının yanına qayıdırdılar. Torpaqdan güclə seçilən qara damların arasında təkəm-seyrək gözə dəyən daş evlərin kirəmitli damındakı sığırçınlar yenə əvvəlki kimi dimdiklərini şaqqıldadıb oxuyurdular.Zərnigar xanım bunların heç birini görmürdü. O, başını göy məhəccərli eyvanın dirəyinə söykəyib için-için ağlayırdı. Tez-tez kəlağayısının ucu ilə gözünün yaşını silir, "mən bu dərdə necə dözüm, kimdən imdad istəyim?" - deyə inildəyirdi.

195714 dəq
Birinci hissə, 2

Şamxal birbaş sahilə endi.Göyün üzü tərtəmiz idi. Yalnız o tayda, meşədən uzaqlarda, üfüqlə birləşmiş kimi görünən boz dağların başı üstündə topa-topa ağ buludlar dolaşırdı. Laylanmış buludların qalın kölgələri boz təpələrin, dərələrin üzərində qanadını gırmış nəhəng bir quş kimi sürünürdü. Bu kölgələr uzanıb bərilərə, meşənin ətəklərinə qədər gəlirdi.

19576 dəq

Başqa şairlərin şeirləri