Üçüncü hissə, 4
Səhifə 1 / 2
Əşrəf meşənin qurtaracağında atın cilovunu çəkdi. Kürün lil qoxusu verən sərin havası onun üzünə vurdu. At bərkdən kişnədi. Tapdıq da yüyəni dartdı.
Kürün sahili köçərilərin düşərgəsinə çevrilmişdi. Arabalar bölük-bölük dayanmışdı. Yulğunluqların içi mal-qara ilə dolmuşdu. Uşaqlar dana-buzovları, sığırçılar isə malları bir-birinə qarışmağa qoymurdular. Yuxarılara yağan yağışdan sonra hava bürkülənmişdi. Nəfəs almaq olmurdu. Tələm-tələsik ocaq qalayıb qazan asan arvadların, arabaların yanında qaçışan tumançaq uşaqların, heyvanları sulayaıb sığırçıların səsi bir-birinə qarışmışdı. Milçəklər, göyöyünlər mallara dinclik vermirdi.
Tapdıq dərindən nəfəs aldı:
– Deyəsən yenə Kürün dəliliyi tutub.
– Yəni deyirsən, gəmi işləmir?
– İşləsəydi, suyun qırağında bu qədər adam olmazdı.
Arabalar gəlib çatdı. Cahandar ağa iri qovaq ağacının kölgəsində dayandı. Əlini gözünün üstünə qoyub, ağız-ağıza qovuşan sulara baxdı, sonra işarə etdi ki, arabaları açsınlar, özü də atdan endi. Tapdıq yüyəni onun əlindən almaq istədikdə, mane oldu:
– Get, öyrən gör, çoxmu dayanasıyıq.
Tapdıqla Əşrəf lil basmış cığırla, yulğun kollarının arası ilə irəlilədilər. Onlar tez-tez başlarını aşağı əyir, şaxları əlləri ilə kənar edirdilər.
Açıqlığa çıxan kimi Əşrəf atını mahmızladı və keçidin yuxarı tərəfinə doğru irəlilədi. Keçidin aşağı tərəfində, suyun yayılıb dayazlaşdığı yerdə, bir dəstə cavan heyvanları şığayıb suya tökür, qorxub geri qayıtmaq istəyən inəkləri, danaları daşa basırdılar. Onlar malları hay-küylə ürəkləndirib o üzə keçirməyə çalışırdılar...
Kürün balaca bir qolu Əşrəfgilin yolunu kəsdi. Tapdıq bələdçilik etmək məqsədi ilə atını qabağa sürüb suya saldı. Əşrəf ondan geri qalmaq istəməyib, qamçını havada oynatdı. Atlar qoşalaşdı. Boz-bulanıq sular ətrafa sıçradı. Onlar çaparaq şuyu keçdilər və cığıra çıxdılar. Yenə ötüşdülər. Döngəni burulmaq istərkən bir dəstə qızla qabaqlaşdılar. Dördnala çapan atların cilovunu nə qədər yığdılarsa da, yelini ala bilmədilər. Qızlar təlaşla qışqırışıb ətrafa dağıldılar. Onlardan biri az qaldı atın ayaqları altına düşsün. Əlindəki saxsı cürdəyi salıb sındırdı. Əşrəf acıqlı bir səs eşitdi:
– Ciyəri yanmışlar.
O, yəhərin üstündən qanrılıb geri baxdı. Qırmızı atlaz donunun sinəsindəki pullar və belindəki kəmərin toqqası parıldayan bir qız qaş-bağını töküb onların arxasınca baxırdı. Saxsı qabın qırıqları cığırın ortasına səpələnmişdi. Əşrəf atın cilovunu dartıb dayandı. Qızı başdanayağa süzdü. O da yerindən tərpənmədi. Bir az əvvəl baş vermiş hadisəni unutmuş kimi atlı oğlana baxdı. Əşrəf qızın çatma qaşlarının ortasındakı düyünün açıldığını, uşaq ədası ilə büzüb salladığı dodaqlarının tərpəndiyini, gözlərindəki qəzəbin yox olub, ərkəsöyün bir məzəmmətə çevrildiyini gördü. Qız ani şaşqınlıqdan sonra hirsdən çox küskünlüyü andıran bir çevikliklə dabanı üstündə fırlandı və geri döndü. Onun hörükləri yellənib çiyinlərini öpdü və kürəyinin ortasında dayandı. Qız qaça-qaça Kürün balaca qolu üstə sərilib körpünü əvəz edən iri qovaq ağacının üstünə çıxdı. Suyu o üzə keçən qızların arxasından çatmağa tələsdi. Əşrəf onun yalın ayağının qabığı soyulmuş ağacın gövdəsinə saldığı izləri belə gördü. Qız körpünün ortasında dayandı. Əşrəfin hələ də onun arxasınca baxdığını görəndə qaşlarını çatıb dodaqlarını büzdü və birdən onu tanıdı:
– Bıy, dilim qurusun, bu, Əşrəf imiş ki.
Qız dabanı üstə fırlanıb körpünü keçdi və qızların arxasından çatdı. Əşrəf də atın başını çevirib Tapdıqla bərabərləşdi:
– O qız kim idi?
– Hansı qız?
– Bizə qarğıyan.
– Tanımadınmı? Pakizə idi.
– Hansı Pakizə?
– Molla Sadığın qızı.
Əşrəf onu yenidən görmək istəyirmiş kimi arxaya boylandı:
– O ki, lap balacaydı.
– Eh, qıza nə var. Gözünü yumub-açınca bir qaraçı boyda uzanırlar.
– Salatın da böyüyüb?
– Maşallah, yekə qız olub.
Əşrəf yenidən susdu. Atlar addım-addım irəliləyir, bəzən lilli gölməçələrdən keçir, bəzən də ağızlarını uzadıb, ağacların yarpağını qoparırdı.
Sahilə çatdılar. Atlar ləpəli, boz-bulanıq suyun köpüklü sinəsini görən kimi dayandı. Qulaqlarını diklədib kişnədi. Əşrəf dodaqucu gülümsündü:
– Yazıq qız az qalırdı ağlasın.
– Hatısı qız, ağa?
– Pakizəni deyirəm. Qabını sındırdıq. Suyu da dağıldı.
– O da əvəzində bizə qarğıyıb, ürəyini boşaltdı. Daha nə istəyir?
– Heç... elə-belə sözdü, dedim.
– Olmaya qızdan xoşun gəldi, ağa?
Əşrəf diksinib təəccüblə Tapdığın üzünə baxdı. O isə Əşrəfin qulaqlarının ucuna qədər qızardığını, həyadan alnına tər belə gəldiyini gördü. Zarafatyana başladığı söhbəti ciddiyyətlə qurtardı:
– Elə şeyi olmaya-olmaya ağlına gətirəsən, ağa. Molla Sadıqla atan bu saat xəncər-bıçaqdır.
– Niyə, nə olub ki?
– Bir-iki dəfə sözləri çəpləşib, az qalıb araya qan düşsün.
– Axı nəyin üstündə?
Tapdıq söhbətin gözlənilməyən bir istiqamət aldığını anladı. Vəziyyətdən çıxmaq üçün atını mahmızlayıb suyun yaxasıboyu sürdü.
Qoca kişi şalvarını dizinə qədər çirməmişdi. Gəminin dal tərəfində dayanıb vedrə ilə suyu boşaldırdı. Yağış, suyu gəminin ortasından idi. Gəmi yarıya qədər aşağı çökmüşdü. Ləpələr onu tərpətdikcə ləngərlənir, bəzən sahilə toxunub burnu ilə xırdaca daşları xışildadıb şaqqıldadırdı.
Əşrəf atdan düşdü. Bir xeyli gəmiçiyə, sahildə korun-korun yanan ocağa baxdı. Cilovu Tapdığa verib Qoca kişiyə yaxınlaşdı;
– Xoş gördük, ay Qoca dayı.
Kişi belini düzəldib dikəldi. Sahildə, yarğanın qaşında, iki-üç addımlıqda dayanan oğlana baxdı. Əşrəfi tanıyan kimi dodaqları qaçdı. Adəti üzrə ona şuxluqla cavab vermək istədi. Ancaq birdən-birə tutuldu. Qaşqabağını sallayıb könülsüzcəsinə dilləndi:
– Xoş gördük.
Əşrəf kişinin sifətindəki dəyişikliyi sezmədi. Yenə əvvəlki kimi gülə-gülə gəmiçiyə sataşdı:
– Qızlarla aran necədir?
Gəmiçi gözünü qıyıb diqqətlə Əşrəfin üzünə baxdı və hiss etdi ki, onun kənddə baş verən hadisələrdən xəbəri yoxdur. Qoca kişi bir an tərəddüd içində dayandı, sonra dodaqları qaçdı:
– Deyəsən kefin kökdür, ay nişanlısı göyçək?
– Niyə kök olmasın, ay qızı göyçək.
– Qızımda işin olmasın, sonra xalana söyərəm.
– Peşkəşdi. Qoca dayı, təki məni o üzə keçirəsən.
– Elə zarafat yoxdur.
– Niyə?
– Hələ canımdan bezməmişəm.
– Sudan qorxursan?
– Görmürsən?
– Görürəm. Burda nə var ki? Sən ki, çox belə sellər-sular yola salmısan.
– Sən indidən danış.
– Yoxsa qocalıbsan? Daha əlinin arxasını yerə qoyursan?
Qoca kişi qanrılıb qarşı tərəfdəki sahilə, hündür yarğanı döyəcləyən burulğanlı sulara baxdı:
– Düz deyirsən, bala, qollarım taqətdən düşüb. Daha gəmi sözümə baxmır.
Kişi köksünü ötürüb, gəminin arxa hissəsindəki taxtanın üstündə olurdu. Əşrəf onun boynunun qırış-qırış olmuş dərisinə, islaq köynəyinin yaxasından gorünən dördkünc duaya baxdı. Gəmiçinin əllərindəki göy damarlar şişmişdi. Barmaqları xəfifcə titrəyirdi. Doğrudan da onun baxışlarından həyatdan usanmış bir adamın yorğunluğu tökülürdü. O, gözünü suya zilləmişdi. Ləpələr bir-birini qova-qova qarşıdakı sahilə qədər gedirdi. Kürün kükrəyən suyu eşim-eşim eşilir, lilli çiləkənlərin yanındakı iri burulğanlara qədər aparırdı. Orada isə qəzəblənmiş kimi hər şeyi basmarlayıb altına atır və yalnız bundan sonar ürəyi sakitləşmiş təki lal sükutla axırdı.
Əşrəf yüngülcə gəmiyə atıldı:
– Qoca dayı, sən böyük olarsan, yoxsa bu gəmi?
Kişi gözünü sulardan çəkib müsahibinin üzünə baxdı. Bir xeyli haraya isə, lap uzaqlara gedən fikrini toplamağa çalışdı. Bir-iki dəfə udqunduqdan sonra astaca dilləndi:
Bu gəmi məndən çox böyükdür, bala, atam deyərdi ki, mənə də babamdan qalıb.
– Atan da gəmiçi idi'?
Biz dədə-babadan gəmiçi olmuşuq. Kəndimizin binəsi burda qoyulandan bizim nəslimiz gəmiçilik eləyib.
– Çərkəz də gəmiçi olacaq?
Kişi bir xeyli dinmədi. Solğun gözlərini Əşrəfin üzünə zilləyib dayandı:
– Bilmirəm. Məndən olsa, gəmiçilik eləməz.
– Niyə ki?
– Su sənəyi suda sınar, bala, gəmiçini ya sel aparar, ya da suda böğular. Bu gəmi babamı yola salıb, atamı yola saldı, bu gün-sabah da, növbə mənimdir.
Qocanın sözləri Əşrəfi kədərləndirdi. O, bir anlığa Çəkəzi, onların qara damını gözünün qabağına gətirdi:
– Bəs fikrin nədir, Qoca dayı?
– Nə bilim, beş-altı tağarlıq yerimiz olsaydı, heç olmasa əkin-biçin eləyərdik. Allahın vergisindən o da yoxdur.
Əşrəf hiss etdi ki, Qoca kişi tamamilə ümidini itirmiş adamlar kimi səsi titrəyə-titrəyə danışır. Onu sakitləşdirmək, yeri gəlsə qocaya yardım etməyi belə xəyalından keçirdi. "Doğrudan da atama desəm, bu yazığa bir az torpaq verməzmi?" - deyə düşündü.
– Tapılar, Qoca dayı, fikir eləmə.
– Hardan tapılar, ay bala?
– Nə çoxdur Allahın torpağı?
– Allahın torpağını bəndələr çoxdan qamarlaşdırıblar. Ölsələrdə əllərindən bir tikə verməzlər.
– Verərlər.
Kişi qarşısında dayanan bu yeniyetmə oğlanın sifətinin ciddiləşdiyini gördü. Ürəyində onun hələ dünya işlərindən bixəbər olduğuna güldü:
Kitabxana.az · https://kitabxana.az/works/ismayil-sixli-deli-kur-ucuncu-hisse-4
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Kosaoğln kürkünü çiyninə salıb anbara tərəf getdi. Neçə gündən bəri rayon mərkəzində olan anbardar yenicə qayıtmışdı. Onun yolunu gözləyən kolxozçular qapının ağzında dayanmışdılar. Kərim kişi ucadan gileylənirdi. Kosaoğlu ayaq saxlayıb qulaq verdi.– A bala, camaatın halalca haqqını niyə qarın ağrısı ilə verirsən?
13İmran bir yerdə durub dincəlmirdi. Neçə gündən bəri ata da rahatlıq vermirdi. Özü də sınıxmışdı. Anasının deyınməsinə baxmayaraq üç gecə idi ki, evə getmirdi. Gündüzlər sahələri gəzib səpinə nəzarət edir, axşamlar tarla düşərgələrindən birində, traktorçuların yanında qalırdı.O, traktorçuların qaladığı ocağın qırağında oturur, onlarla çörək yeyir, gecə yarıya qədər söhbət etdikdən sonra, yalxı palaz üstündə şirin yuxuya gedirdi. Dünən axşam o, Kazımın briqadasında gecələmişdi. Səpin şər qarışana qədər davam etmişdi. Səpilməmiş təkcə Zeynəbin manqasının yeri idi.
14Yaz aylarında Tükəzban xala həmişə ağac dibində gəbə salıb süfrə açmaqdan ləzzət alardı. Onun xoşu gələrdi ki, ürəyi istədiyi adamlar evinə qonaq gəlsinlər, döşəkcənin üstündə oturub mütəkkəyə dirsəklənsinlər, xoruzquyruğu çay içib söhbət eləsinlər. Qohum-əqrəbanın söhbəti uzandıqca, stəkanlardakı məxməri çay buğlanıb qaysaqlandıqca, Tükəzban xalanın ürəyi də sərinləyirdi. İmran da yazda həmişə çöldə, ağac dibində çörək yeməyi xoşlayırdı.Tükəzban xala Nərgiz müəllimi də buna öyrətmişdi. Neçə gün idi ki, onlar bağda nahar eləyirdilər. Nərgiz müəllimə dərsdən gələndə hər şeyi hazır görürdü. Tükəzban xala ona ağzını açmağa imkan vermirdi.
15Nəsib dayı sahələri gəzməkdən qayıdırdı. At bürküdən və yorğunluqdan ağır-ağır yeriyirdi. Yəhərdə oturmaqdan bəzən Nəsib dayı yorğun nəzərlərlə ətrafa göz gəzdirdi. O gah Ermənistana doğru uzanan yollara, gah Dəlidağa, gah da yaşıl çöllərə baxırdı.Dalğalanmağa başlayan taxıl zəmilərinin içində quşlar səkirdi. Bəzən qulaqlarını qoşalaşdırıb yolun kənarında oturan dovşan gözə dəyirdi.
Başqa şairlərin şeirləri
Yenə fitnə alıb meydan,Müftinlər sürür dövran.
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Hər kim ki, hicri-yar ilə düşsə dimağdənHər kim ki, hicri-yar ilə düşsə dimağdən,Heç açılırmı könlü onun seyri-bağdən?