Kənd itlərinin səs-küyü azalandan və çıraqlar öləziyib işıqlar seyrələndən sonra Həsən ağa qardaşı Şəmiddinin yanına getdi. Onlar hasara söykəndilər. Bir xeyli heç biri dinib-danışmadı.

Şəmiddin başa düşdü ki, qardaşı nəsə çox ağır bir məsələdən söz açmaq istəyir. Dinmədi. Gözlədi. Xeyli sonra onun titrək səsini eşitdi.

– Mən bu gecə getmək istəyirəm.

– Hara?

– O taya. Meşəyə. Ordan da qaçaqların yanına. Çox fikirləşmişəm. Bu gün də olmasa, sabah gecənin birində üstümüzü alacaqlar. Gəlmişəm, səninlə məsləhətləşəm.

Şəmiddin ağa xeyli susdu. Görünür fikrində dağı arana, aranı dağa köçürdü və qaranlıqda gözünü qardaşının üzünə zillədi.

– Bəs, ev-eşiyi, arvad-uşağı kimə tapşırırsan?

– Elə bilirəm, bir-iki il bir təhər dolanarlar. Onacan da aralar düzələr, qayıdıb gələrəm. Bəs sənin fikrin nədir?

Şəmiddin ağa dinmədi. Çiynindəki tüfəngin qayışını oynadaraq Həsən ağanı lal bir sükutla süzdü. Sonra sakitcə cavab verdi:

– Mən ev-eşiyi, arvad-uşağı başsız qoyub heç yana gedən deyiləm. İnsan anadan olanda alnına nə yazılıbsa, o da baş verəcək.

Həsən ağa qardaşından belə cavab gözləmədiyindən təəccübləndi.

– Mən gedəndən sonra elə bilirsən sənə rahatlıq verəcəklər? Gündə idarəyə çağırıb sorğu-suala tutacaqlar, mənim yerimi soruşacaqlar, al dilindən yanıma göndərəcəklər. O yan-bu yan olanda da atın döşünə salıb Şəkərin qalasına göndərəcəklər. Gəl mənim sözümə qulaq as, əl-ayağını yığışdır, arvad-uşağnan halallaş, elə bu gecə aradan çıxaq.

Bayaqdan sallağı oturub qardaşı ilə söhbət edən Şəmiddin ağa ayağa durdu. Həsən ağa da ayağa durdu.

– Yox, qardaş, sən gedəndən sonra bu arvad-uşağın içində bir başıpapaqlı qalmalıdır.

Onlar qucaqlaşdılar. Ay işığında bir-birinin üzünə baxdılar. Həsən ağa kövrəldi.

– Özün bilən məsləhətdi. Ancaq getsən, pis olmazdı, mən də tək qalmazdım, sən də.

Bir də qucaqlaşdılar. Səslərini içəri salıb hıçqırdılar. Sonra aralanıb hər kəs öz evinə getdi. Şəmiddin ağa eyvanda intizarla onun yolunu gözləyən arvadına heç nə demədi və dönüb qaranlıqda iki yanını basa-basa ləngər vuran qardaşına baxdı.

Həsən ağa anası Güllü xanımın yanında ayaq saxladı. Arvadın sərt və xırıltılı səsi eşidildi:

– Nə dedi?

– Getmədi.

– Bilirdim elə də olacaq. Arvadağızın biridir - Güllü xanım eyvanın yuxarı başında dayanıb kəndi dinşədi. Sakitlik idi. Əl-ayaq çoxdan yığşırılmışdı. Çıraqlar sönmüşdü. Ordan-burdan təkəm-seyrək işıq gəlirdi.

– Atın hardadı?

– Talvarın altında.

– Yəhər-yüyənini alma, uşaqlara demişəm xurcunu palaz-paltar və yemək şeyləri ilə doldurub atın tərkinə bağlayacaqlar. Sən də tüfəngini, tapançanı götür, daraqları güllə ilə doldur, qoltuqaltılarını əynindən çıxartma, özün də get uşaqların yanına bir az dincəl. Bir şey olsa, özüm xəbər verəcəm.

Həsən ağa anasının bu mehribanlığından kövrəldi. Oğlunun bu bərəkəti arvadı hirsləndirdi. Onun kəskin səsi eşidildi:

– Kişi ol. Arvad ha deyilsən, gözün yaşarır. Nə qədər canımda canım var, ev- eşiyə, arvad-uşağa qoymaram bir şey olsun.

Anasının bu sözlərindən sonra toxtayan Həsən ağa asta addımlarla öz otağına getdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

VIII fəsil, 3

Fətullayev dabanı üstə fırlandı və şura sədrinin sözünü ağzında qoydu:– Olmaz! Bir də bilmirsən o bağlamalarda nə var?

19955 dəq
VIII fəsil, 4

Qar ara vermişdi. Göyün üzündə gün işıldayırdı. Amma hava sazaq idi. Dünəndən kişilərinə çörək gətirən arvadlar evlərinə getməmişdilər. Onlar qonşu həyətlərdə, damların böyründə, çəpərlərin dibində büzüşüb oturmuşdular. Ümid edirdilər ki, böyüklərin ürəyinə insaf gələcək və kişilərin yemək üçün evlərdən gətirilən şeyləri qəbul edəcəklər. Damların üstü, çəpərlərin dibi, kənd yolları, evlər qarın altında qalmışdı. Başqa vaxt olsaydı, kənd adamları damların üstünü, həyət-bacaları qardan təmizləyər, mal-qaranı həyətə çıxardar, sonra da kürəyi götürüb yollarda cığır açardılar. Bacalarından tüstü qalxan evlərin belindəki qarı təmizləməyin ayrı ləzzəti var idi. Uşaqlar da, elə böyüklər də bundan ayrı zövq alardılar. Amma indi həyətlərdə nə malqara görünür, nə də qar təmizləyirdilər.Məsciddəki camaat soyuqdan titrəşirdi. Biryandan qar-şaxta, bir yandan da aclıq onları əldən salmışdı. Soyuqdan donmamaq üçün ayaqlarını yerə döyür, kürək-kürəyə verib bir təhər qızışırdılar, Qar adamın gözünü qamaşdırırdı.

19953 dəq
VIII fəsil, 5

Gün əyilmişdi. Yenidən sazaq başlayırdı. Kimsə hasarın dibinə yaxınlaşdı və tüfəngini gətirmək üçün icazə istədi. Onu iki rus əsgəri süngünün qabağına salıb evinə apardı. Oğlan tövlənin axurunda gizlətdiyi tüfəngi götürdü və əsgərlərə verdi. Onu buraxdılar. Bundan sonra camaat irdələndi, silahlarını gətirib təhvil verdilər. Axşam üstünə yaxın məscidin həyəti boşaldı.Uzun qılınclı atlı komandirlər qonşu kənddən gətirdikləri dustaqları məktəbin həyətindəki kalafaya doldurdular. Dustaqlar elə zənd etdilər ki, onları elə buradaca güllələyəcəklər. Amma onlara dəymədilər. Aradan bir az keçəndən sonra Qaymaqlı kəndinin sakinlərindən də bir dəstə gətirib onlara qatdılar.

19951 dəq
IX fəsil, 1

Qəza mərkəzindən yola düşən fayton Acı Dərəyə çatanda atlı milislər tüfənglərini çiyinlərindən götürdülər. Gülləni lüləyə verib faytondan qabağa keçdilər. Yarğana yaxınlaşıb, qaçaq-quldurun pusquda dayana biləcəyi yerləri tapmaq və yol kəsən varsa, qəfildən üstlərini almaq üçün hazır dayandılar. Bir xeyli səssiz-səmirsiz ətrafı dinşədilər. Nə gəlib- gedən vardı, nə də bir hənirti eşidilirdi. Təkcə dərənin dibi ilə axan su şırıldayırdı. Bir az da gözlədilər. Sonra milislərdən ikisi dərəyə enib, torpaq yolla aşağı düşdü. Qalanları isə barmaqları tətikdə qolpunlara, yarğanlara göz qoydular. Dərəyə enən atların əvvəl ayaq tappıltısı, sonra da nal şaqqıltısı eşidildi. Gözləyənlər başa düşdülər ki, yoldaşları dərənin dibinə çatdılar, çınqıllı- daşlı çayı keçdilər. Bir azdan isə yoxuşu qalxıb qarşıdakı dikdirdə görürdülər. Hamı: bəri üzdə keşik çəkən atlı milislər də, faytondakılar da nəfəslərini dərdilər. Yol salamatlıq idi. Əgər qaçaq-quldur olsaydı, çoxdan meydana çıxmışdılar.Faytonu əhatəyə aldılar. İki milis qabaqda, iki milis arxada, ikisi də yanda dərəyə endilər. Kələ-kötür yolda silkələnə-silkələnə, hər şıqqıltıdan diksinə- diksinə çayı keçdilər. Dikdirə qalxdılar və tezcə də sağa burulub xır yoluna çıxdılar.

19958 dəq

Başqa şairlərin şeirləri