V fəsil, 3
Keçəl Xondnlu öz silahlı dəstəsi ilə şura idarəsinin həyətinə toplaşmışdı. O, qəza mərkəzindən xüsusi tapşırıq almışdı. Bu gecə Həsən ağa tutulmalı idi. Kəndə tam sakitlik çökdükdən sonra Keçəl Xondulu atın belinə qalxdı. Yoldaşları da atlandılar. Xondulu yarım pıçıltılı səslə onları başa saldı.
– Yarınız Alqazax uşağının evinin alt tərəfini, yarınız da üst tərəfini kəsərsiniz. Elə edərsiniz ki, aradan bir quş da çıxa bilməsin. Həmləni uzaqdan götürün ki, başa düşən olmasın. Evə yaxınlaşanda da,saymazyana yaxınlaşarsınız. Onların üstünü beyqafıldan, yatdıqları yerdə almasaq, ələ keçirə bilməyəcəyik.
Sakitcə üç yerə bölündülər və Alqazaxlılar tərəfə yola düşdülər.
Otuzluq çırağın işığını aşağı çəkib öz otağında döşəkcə üstündə oturan Güllü xanım kəndin yuxarı başında hürüşüb susan itlərin səsini dinşədi və astaca addımlarla eyvana çıxdı. Atların ayaq tappıltısından başa düşdü ki, onlar tərəfə gələn var. Həsən ağanın qapısını taqqıldatdı. Oğlu anasının çağırışını dərhal başa düşdü və yapıncılı- çuxalı eyvana çıxdı. Güllü xanımın titrək səsi eşidildi:
– Əlli tərpən, bala, deyəsən gələn var.
Güllü xanım oğlunun yanında ömründə ilk dəfə kövrəlib boynunu qucaqladı.
Həsən ağa eyvandan tullanıb talvarın altına getdi. Yəhərə qalxıb atın üzünü Kürə tərəf çevirdi. İtlər evin ətrafını kəsən atlılara hücuma keçdilər. Tüfəng şaqqıltısı, qamçı səsi eşidildi. Hay-küyə arvad-uşaq ayıldı. Şəmiddini oyadıb tələm-tələsik geyindirdilər. Qönçə xanımın çığırtısına fikir vermədilər. Sonra Həsən ağagilin eyvanına çıxdılar. Güllü xanım bu haylı-küylü basqına fikir vermədən eyvanda dayanıb Kürü dinşəyirdi.
Keçəl Xondulu onun üstünə acıqlandı:
– Oğlun hardadı?
Güllü xanım əsasına söykənib ayağa durdu və atın döşünə salınmış Şəmiddini göstərdi.
Həsən ağa suvadağdan Kürə enmək istədikdə, atın böyründə dayanan Alanı gördü. Cilovu çəkdi. İt bunu hiss edib qabaq ayaqlarını yəhərin üzəngisinə qoydu və ağlayırmış kimi için-için zingildədi.
Həsən ağa aşağı əyilib Alanın üz-gözündən öpdü, başını sığalladı və kövrək, titrək səslə dilləndi:
– Salamat qal, Alan, buraları sənə tapşırıb gedirəm. Ev-eşikdən muğayat ol. Ya qismət, bir də görüşəcəyikmi?! Allah bilir!..
İt zingildədi və onun əlini yaladı. Həsən ağa atın başını qanırıb Kürə endi. Alan isə onun qaraltısı gözdən itincəyə qədər dalınca baxdı.
– Bəs bu kimdi, oğlum deyil?
Keçəl Xondulu səsini ucaltdı:
– Onu demirəm, Həsən ağa hanı?
Elə bu vaxt Kürün o üzündən dalbadal atılan güllə səsi və Alanın acı ulartısı eşidildi. Güllü xanımın bayaqdan azca əyilmiş beli düzəldi, elə bil boyu da ucaldı.
– Güllə səsini eşitmirsənmi? O tayda - meşədədi, bacarırsınız, gedin tutun. Keçəl Xondulu sərt bir söyüş söyüb eyvandan düşdü və atın belinə qalxdı.
– Bu dəfə də aradan çıxdı, amma harada olsa, onu tapacam. – Üzünü yoldaşlarına çevirdi. - Tez olun, tərpənin.
Atlı dəstə kənd itlərini və yuxuya getmiş camaatı oyadaraq Alqazaxlılar tərəfdən yola düşdü.
Kitabxana.az · https://kitabxana.az/works/ismayil-sixli-olen-dunyam-v-fesil-3
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Cahandar ağa səhər tezdən atın örüyünü dəyişdirmək üçün dəyədən çıxdı. Tüfəngini əlinə alıb, binələrin aşağı tərəfindəki çəmənliyə getdi. Çisəkləyirdi. Hər yeri duman bürümüşdü. Beş-on addımlıqdakı qaraltılar güclə seçilirdi. Otlar yuyulub sürüşkənləşmişdi. Havanın soyuqluğunu adam nəfəs aldıqca ciyərlərində hiss edirdi. Dəyələrin ətrafında dolaşan itlər tənbəl-tənbəl hürürdü, xalxaldakı dana-buzov mələşirdi. Binə mürgüləyirdi.Cahandar ağa səksəkəli idi. Axşam, əl-ayaq yığışdırılandan sonra itlərin arasına çaxnaşma düşmüşdü. Sığırçılar kimi isə qıya basmışdılar. İtlər binələrin üstündəki yola qədər getmişdi. Nökərlər hər yeri, arxacı, xalxalı dönə-dönə yoxlamış, atın örüyünü dəyişmiş, hər şeyin yerində olduğunu söyləmişdilər. "Yəqin yol adamları imiş", – deyə kişini sakit etmişdilər.
Dördüncü hissə, 1Axşam qaranlığı qatı bir kölgə kimi Qorinin üzərinə çökmüşdü. Yarımca saat bundan əvvəl zirvəsində günəşin son sarılıqlarını əks etdirən dağlar boyun-boyuna verib mürgüləyirdi. Buranın təbiəti şimala bənzəmirdi, nə bəyaz gecələr, nə də uzun sürən yay axşamları var idi. Birdən-birə zil qaranlıq çökür, birdən-birə də dan yerində şəfəqlər oynaşırdı.Semyonov artıq bunlara vərdiş etmişdi. Əvvəllər Peterburqun bəyaz gecələrinə vurğun olan Dmitri Dmitriyeviç indi də cənub axşamlarına məftunluq göstərirdi. O hər axşam pəncərə qabağında dayanıb qüruba tamaşa etməyi sevirdi. Bu gün də adəti üzrə, həmişəki yerində durub üfüqlərə baxırdı, bağ-bağat içində itən Qorinin kiçik daxmalarında yanan çıraqlar qaranlıqda parıldayan yalqız qurdları kimi işıldayırdı.
Dördüncü hissə, 2Damların və çardaqların üstündə axşamdan təzək yandırmışdılar. Gecədən xeyli keçməsinə baxmayaraq, hava durğun olduğundan kəsif tüstü layları kəndin üstünə çökmüşdü. Bir yarpaq, bir ot belə tərpənmirdi. Ağcaqanad sürüsünün vızıltısı bir-birinə qarışıb kəndə züy tuturdu. Hər şey susmuşdu. Anası Osmana axşamdan damın üstündə yer salmışdı. O, yatıb yuxuya qalmamaq üçün tezdən yorğan-döşəyə girmişdi, ancaq gözünə yuxu getmirdi.Mina xala oğlunun yanında oturmuşdu. Arvad Osmanın köynəyini dizinin üstünə qoyub yamayırdı. Düz üç gün hər yeri gəzmiş, qonum-qonşuya ağız açmış, hətta şəhərə gedənlərə yalvarmışdı ki, ona beş-altı metr parça alsınlar, sonra əlinə pul düşən kimi borcu qaytarar. Ona əl tutan olmamışdı. Axırda hər yerdən əlacı kəsildiyindən, oğlundan xəlvət qapılarındakı yeganə xoruzu tutmuş, qonşu kənddəki dükana gedib parça istəmişdi. Dükançı bir arşından artıq parça verə bilməyəcəyini söylədikdə isə "ağrım ürəyinə, xoruzu sənə verməkdənsə, kəsərəm, uşağım yeyər" – demiş və birbaş evə qayıtmışdı. O, oğlunun əynini təzələməyə çalışmış, yoldaşlarının yanında Osmanın utanmasını istəməmişdi. İstəmişdi ki, Osman qərib yerə ürəyi sınqın, əyni çılpaq getməsin. Ancaq nə edəsən ki, yoxdan Allah da bezardır.
Dördüncü hissə, 3Aleksey Osipoviç yastığa dirsəklənərək qonşu çarpayıda şirin yuxuya getmiş arvadına tamaşa edirdi. Vera əlinin ikisini də cütləyib başının altına qoymuş, dizlərini qarnına doğru azacıq qatlayıb yatmışdı. Yorğan sürüşüb düşdüyündən, çiyninin bir hissəsi və sinəsi açılmışdı. Nəfəsi ipək köynəyinin yaxasındakı tülü yelləndirirdı. Çırağın işığı aşağı çəkilmiş olsa da, arvadın saçlarına düşəndən aydınca görünürdü. Qırışlar onun alnına iz salmışdı. Gözlərinin altı kölgələnmiş, buxağında, sinəsində nazik zehlər əmələ gəlmişdi. Halbuki, beş-altı il bundan əvvəl yanağı, buxağı, elə sinəsi də qəşəng və sığallı idi. Saçları gur və dalğalı idi. Köksü qabarıq olsa da, bədəni nazik və oynaq idi. Hərəkətləri çevik, yerişi quş kimi yüngül idi. Ancaq indi ətə dolub ağırlaşmışdı. Hiss olunurdu ki, Vera yaşlaşmışdı.Onlar on ildən çox idi ki, evlənmişdilər. Çətin günlərdə bir-birinə həyan olmuş, evdə bir azca soyuqluq hiss edəndə nəfəsləri ilə onu isitmiş, qəribliyə düşəndə bir-birinə sığınmışdılar: ürəklərindən keçənləri gözlərindən oxumuşdular. Aleksey Osipoviç hələ indiyə qədər Veradan narazılıq, azacıq da olsa bir şikayət eşitməmiş, özü də arvadının könlünə toxuna biləcək bir hərəkət etməmişdi. Onlar bir-birini çox istəyirdilər. Uşaq vaxtı Şamaxı tərəfdə, Çuxuryurd yaylaqlarında bir yerdə böyümüşdülər. Vera ağ bənizli, qırmızı yanaqlı malakan qızları ilə bir yerdə ot biçininə gedəndə, bulaq üstə enəndə, ya da ayaqyalın çəmənlikdə qaçanda, Aleksey onu gözaltı süzərdi. Axşamlar isə tez-tez kəndin ortasına toplaşıb qarmon çalar, səhərə qədər oynayıb-oxuyar dan qızarana yaxın evlərə dağılışardılar. Aleksey Veranı tez-tez rəqsə çağırar, sonra da kölgəli küçələrlə evlərinə ötürərdi. Onlar belə hallarda kəndin arasındakı yolla asta-asta addımlayar, aylı gecələrdə qoşalaşan kölgələrinə tamaşa etməkdən doymazdılar. Onların kölgələri gah dağın döşünə sərilər, gah dərəni aşar, gah da yenicə ağardılmış kənd evlərinin divarında baş-başa verərdi. Aleksey Veranı ilk dəfə evlərinin yanında, məhz belə aylı gecələrin birində öpmüşdü. Vera onun hərəkətinə əvvəlcə təəccüb etmiş, xeyli Alekseyin üzünə baxmış, sonra özü də bilmədən onun boynunu bərk-bərk qucaqlamışdı. Kəndin alt tərəfindəki çəmənliyin otu biçilmişdi. Tayalar cərgələnmişdi. Vera baş yaylığını açaraq çəmənliyə qaçmışdı. Onlar qurumuş çiçək və otun ətrindən məst olaraq, tayaların birinin kölgəsində gizlənmişdilər.
Başqa şairlərin şeirləri
Uzun illər arzusun çəkdiyim,Getmə, bəri gəl, başına döndüyüm,
VarOl gündən lənət olsun şeytana,Ondan ötrü çoxlu fitnə-feli var,
ƏlvidaEy könül, fikrin nədi, çün gəldi hicran, əlvida!Ölməyim xoşdur, gərəkməz cismi-bican, əlvida!
BiləAbbasdan Heydərə şikayətim var,Göyüş təsdiq edə, hər mahal bilə.