Səhifə 4 / 4 · 75%

Aşiq olmaqlıq məhz Kərbəla şəhidi, dodaqları ətəşdən parçalanmış İmam Hüseyn əleyhissəlamın işidir ki, ona eşq yolunda, din və həqqaniyyət uğrunda nə qədər xəncər, ox və nizə vururdularsa, yenə də o, suzicigərlə deyirdi: Vurun! Sizin zəxminizdən canım zində olur. Kaş yüz canım ola idi ki, canan yolunda onları fəda edəydim.

Mərhum Hacı Abbasqulu ağa təlif etdiyi əsərlərdən "Nəsihətnamə"yə gəldikdə, onların məalından mərhumun fazil, alim və həkim bir şəxs olduğu görünür.

Bu kitab 102 həkimanə nəsihətlərdən ibarətdir ki, mərhum Qüdsi onları təlimi-ətfal üçün tərqim etmişdir. Ziyadə sadə və açıq dildə [olan] bu nəsihətləri böyüklər də gərəkdir dərguş edib, onlara əməl etsinlər, ta ki, özləri üçün nicat və səadət yolunu bulsunlar.

"Kitabi-nəsihət"i mərhum Qüdsi cənab həqqə həmdü səna edib və rəsuli-əkrəmimizə səlatü səlam göndərdikdən sonra belə başlayır: "Günahkarlığa və acizliyə iqraredici bəndə Abbasqulu İkinci Mirzə Məhəmməd xanın oğlu Bakui (allah onların hər ikisinə cənnət ilə nicat versin!) hərçənd uşaqlara təlim verməkdən ötrü axtardım, aralıqda bir nüsxə görmədim ki, ləfzdə və mənada asan olub, onların xülqlərinin göyçəkliyinə dəlalət eləsin.

Danışılmış və yazılmış nüsxələrin bəzisi ibarətdə və bəzisi mənada bir növ qarışıqdır ki, çox təlim edənlər özləri onları anlamırlar və bir parasında dəxi mətləblər elə uzun və pərişandır ki, onu zəbt etmək və anlamaq müşkül görünür. Bu səbəbdən bu sözün mənasından ki, "Əlelmu fissuğri kənnəqşi filhəcəri" yəni uşaqlıqda elm öyrənmək daşda nəqş salan kimidir, qəflət vaqe olmasın, xülğün göyçəkliyini istəyən gərəkdir uşaqlıqda dərs versin. Çünki sonradan pis olan xasiyyət və adətlər bərqərarlıq səbəbilə təbiətdə qərar tutsa, elmü ədəb insana müşkül əsər eylər. Bəs buna görə, tarixi-islamiyyənin 1252-ci ilində bir müxtəsər kitab--ki, ibarat və mənada asan və aşikardır, "Nəsihət" adı ilə adlanmış olsun,--təlif etdim. Belə ki, minnətləri bağışlayan allahın mərhəmətinə ümid tuturam ki, onun faydası uşaqlara artıqraq olsun.

Uşaqlara xitabdır: "Mənim əzizim, sən insansan. Allah-taala insanı aləmdə hamı şeydən yaxşıraq yaradıbdır. Görmürsən ki, heyvanlar o qədər güc və böyüklük ilə insanın əlində giriftardırlar?! Bu, ancaq işlərin tərzini bilmək səbəbindəndir. Bu insan tayfasının arasında dəxi hər kəs iş bilən və yaxşı işlidir, həmişə hörmətli olur. Bəs, yaxşı işləməyin və iş bilməyin tərzini öyrənmək lazımdır o adamlardan ki, yaxşı-yamanı təhqiq və təcrübə ilə məlum ediblər, onların sözləri bizdən ötrü nəsihətdir". Bundan sonra nəsihətlərin yazmağına şüru edir ki, cümləsinin buraya küncayişi yoxdur.

Bu müqəddimədən möhtərəm oxucularımız görürlər ki, mərhum Qüdsi nə qədər alim və fazil bir şəxs imişsə də, yazısında sadəliyi və güşadəliyi qəliz və dolaşıq ibarələrə tərcih verirmiş.

Böyük ədiblərin yazısı həmişə belə açıq və sadə olur. Mirzə Fətəli Axundovun, Qasım bəy Zakirin, Həsən bəy Məlikzadənin asari-qələmiyyələri bizim bu qövlümüzə şahiddir. Rus şüəra və ədiblərindən ən məşhurları--Puşkin, Nekrasov, Turgenev, Tolstoy və Çexov öz əsərlərini belə açıq, sadə və rəvan dildə yazıblar.

Qəliz, çətin və dolaşıq dildə yazan ədiblərin fikirləri də dolaşıq olur; onların əsərləri çətin və ağır oxunulur və insana fərəh əvəzinə qəm və kədər gətirir.

"Kitabi-nəsihət"dən bir neçə nəsihətlər

Əxlaqü adab və xəlayiqlə hüsni-müamilə və müaşirət etmək babında yazır:

  1. Hər kəsə ki, yetişdin, salam ver. Əgər sənə söz desə, ona ədəb və hörmət ilə cavab ver, ta hamı səni dost və əziz tutsun.

  2. Elə kimsələr ilə yoldaşlıq elə ki, böyüklər onlara yaxşı desinlər. Əclaf və hərzəgu adamlardan uzaq ol, ta sən dəxi onlar kimi olmayasan.

  3. Çün bir adamı möhtac gördün, hər nə qədər mümkün olsa, ona kömək eləməkdə müzayiqə eləmə, tainki özgələr dəxi ehtiyac vaxtında sənə kömək eləsinlər.

  4. Heç kəsin yamanlığını bir şəxsin yanında danışma, çünki o adam əgər dostdur, sənin haqqında bədgüman olar, əgər düşməndir, sənin dediyini o kəsə yetirər.

  5. Yalan deməkdən özünü saxla. Çün bir kimsənə bu xasiyyəti səndə bilsə, sənin doğru sözünə dəxi bavər etməz.

  6. Bir şəxs ki, gəlib özgənin eybini sənin yanında desə, ondan uzaq ol ki, sənin də eybini özgələrə deyər.

  7. Qəzəb vaxtı insanın halı pərişan olur. Özünü o halda hamı şeydən qırağa tut. Bir işi ki, eləmək istədin, qəzəbin sakit olandan sonra elə.

  8. Bikarlıqdan qorx ki, hamı eyiblərdən pisdir. Bunu bilməlisən ki, heç bir şey aləmdə bikar deyil.

  9. Hamı şeyi allah-taala öz aləminin nizamından ötrü səbəblər yaradıbdır ki, birisi o birisiz qaim olmaz. Sən də onlardan birisən. Əgər bikar oturarsan, daş və palçıq səndən yaxşıraq olar, çünki onlar təmirat işlərinə gərəkdir.

  10. Elm və kəmalın təhsilini hamı işlərdən əzizraq say. Ondan ötrü ki, hamı şeylər onların vasitəsilə müyəssər olar.

  11. Şuxluğu və zarafatı özünə adət eləmə. Ondan ötrü ki, nəzərlərdə xəfif görünərsən; rişxənd səbəbi ilə özgələr səndən inciyərlər. Hətta ehtimal var ki, yamanlığa dəxi qəsd eləsinlər.

  12. Mübahisədə əgər bir kimsəyə qalib oldun, elə etmə ki, onun nadanlığı hazırda olanlara məlum olsun, tainki bu səbəbdən sənin ədavətin onun ürəyində məqam tutsun və o şəxs dəxi səndən intiqam almaqdan ötrü fürsət vaxtını gözləsin.

  13. Danışıq vaxtı göftügu fürsətini özgələrə ver. Ehtimal vardır ki, hiyləgər şəxs səhv edib müddəanın həqiqətini bəyan eləsin. Əgər sən çox danışsan, xətavü nöqsan sənin tərəfində olur.

  14. Çün bir müsibətə giriftar oldun, səbr elə və öz müsibətini xalqın yanında izhar eləmə ki, əgər düşməndirlər, sənin müsibətin onların təninə səbəb və qüvvətlərinin artıq olmağına bais olacaqdır və əgər biganədirlər, onların nəzərində həqir olmuş olarsan və əgər dostdurlar, onların qəmgin olmağına və sənin müsibətinin təzələnməyinə bais olur.

  15. Pakdamənliyi, yəni təmizxasiyyətliyi özünə adət elə. Hər kəsi ki, fəsad işlərə mürtəkib olar, onun dini və həyası gedər və xalq içində tez biabru və rüsvay olar.

  16. Nə qədər ki, yaxşılıq ehtimalı var, özgələri yamanlığa həml eləmə. Bəlkə o yaxşı işdir, ancaq sən onun məsləhətini bilmirsən.

  17. O şey ki, özünə görə yaman sayırsan, özgənin haqqında rəva görmə, tainki onun cəzası özgədən sənə qayıtmasın.

  18. Heç bir kəsin zərərinə razı olma. Alış-verişdə pakhesab ol. Əmanətə xəyanət eləmə, tainki allah-taalanın qəzəbinə gəlməyəsən və xəlayiqin mərdudu olmayasan.

  19. Öz qonşularının və həmşəhər adamlarının yaxşılığına çalış, ta onlar da sənin ilə həmin şivədə rəftar və müraat eləsinlər. Sən bir nəfərsən, onlar çoxdur. Bir nəfərin ehtiyacı çoxa olmaq aşikardır.

  20. Bir kəsin ədavətinə ürəyində yer vermə ki, sənin dininin və ürəyinin rahatlığını bərhəm edər.

  21. Yaman işi ki, edərsən, onun faydası səndən ötrü qalmaz, amma onun günahı və bədnamlığı sənə baqi qalar.

  22. Yaxşı əməldən iki dəfə ləzzət apararsan. Birisini o işi edən vaxtda, birisini də o işin səmərəsi sənə yetişən zamanda.

  23. Çün hamı şey üçün aləmdə zail olmaq ehtimalı vardır, özünü heç zada elə bağlama ki, məbada bir gün o şey zaval tapsa, sənin zindəganlığın müşkül olsun.

  24. Fəqirlikdən və bədbəxtlikdən şikayət eləmə ki, aləmdə səndən fəqir və biçarəraq çox vardır. Onlar əgər sənin halında olsa idilər, çox şadlıq edərdilər.

  25. Bədbəxt o şəxsdir ki, bir kəsin haqqında yaxşılıq etmək fürsəti olduqda, etmir. Bavücudi-in ki, insan üçün şükr eləmək vacibdir ki, o özü kimi bir adama vəliyyün-nemə olubdur.

Burada bu qədər yazılana iktifa etdik. Cümləsi gözəl nəsihətlərdir ki, onları dərguş edənlər bəxtiyar kimsələrdir. Mümaileyhin yazdığı nəsihətlər bir-birinə bağlıdır və yek-digərini şərhü bəyan edir. Və lakin biz burada yazdığımız insanın müxtəlif halü xasiyyətlərinə və xəlayiqlə hüsni-müaşirətinə şamil olanlardır.

Bilmək gərəkdir, mərhum Abbasqulu ağanın qızı Tuğra xanım dəxi şairə imiş. Aşağıda yazılan şer onun kəlamındandır:

Tuğra xanımam, aləm ara çünki əzizəm,
Abasqulu ağa qızı, Zəhrayə kənizəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Ana dili

Otuz il bundan əvvəl Bakıda türk dilinin Azərbaycan ləhcəsində nəşr olunmağa başlayan "Əkinçi" birinci müsəlman qəzeti idi. Bu qəzetin banisi keçmiş müsəlman pedaqoqu və hazırda məşhur ictimai xadim olan Həsənbəy Məlikov idi. Qayğısız və heç şeyin fikrini çəkməyən, "xoş keçmişin" ənənələri əsasında tərbiyə alan, hər cür yeniliyə qarşı fanatik münasibət bəsləyən Zaqafqaziyada yaşayan azərbaycanlıların o zamankı geri vəziyyətini nəzərə alaraq, əlbəttə, "Əkinçi" qəzetinin böyük müvəffəqiyyət qazanacağını gözləmək olmazdı. Həqiqətən, qəzet ilk nömrələrindən soyuq və qeyri-səmimi qarşılandı. Cəmiyyətin bəzi təbəqələri isə qəzetə güclü düşmən müqaviməti göstərdi. Redaktorun işgüzar və məzmunlu məqalələri, istedadlı şair Hacı Seyid Əzim Şirvaninin müsəlmanları fəal və mənalı həyata səsləyən gözəl şerləri ucsuz-bucaqsız səhrada yüksələn fəryadı xatırladırdı, cavabsız qalan bir çağırış idi. Bundan əlavə, cənab Məlikov ehtiyatsızlıq edərək öz qəzetində vaxtsız olaraq dini şəbehlər (şaxsey-vaxsey) məsələsinə toxundu və bununla da şiəlik tərəfdarlarının qızğın hiddətinə səbəb oldu. Hər tərəfdən redaktorun üstünə məzəmmət və biabırçı həcvlər yazılmağa başlandı. Şuşa şairləri həcvlər yazan başqa şairləri bu cəhətdən xeyli geridə qoydular. Hadiyül-Müzəllin adlı birisi Qarabağdan redaksiyaya redaktorun adına biabırçı söyüşlər göndərdi. Cənab Məlikov bir qədər ixtisarla bu həcvi "Əkinçi"də dərc etdirərək ona diqqəti cəlb edən aşağıdakı qeydi verir: "Cənab Hadiyül-Müzəllin Qarabağinin aşağıda zikr olunan həcvini onların xahişinə müvafiq tamam çap elətməyə izn olmadı…. Amma o cənab və onu fitləyən əşxaslar məyus olmasınlar ki, belə kamallı söz pünhan qalacaq. Fikrim budur ki, bizim Zərdab kəndində, Qarabağın sərhəddində bir daş qoydurub, onun üstə zikr olan həcvi tamam qazdıram ki, gələcəkdə bizim evladlar o yadigara baxıb bilsinlər ki, mən bu zəhmət ilə milləti-islamı qəflətdən ayıltmaq istəyən vaxtda necə nadanlara rast gəlmişəm".Üç il ərzində qəzetdə dərc edilmiş mühüm materiallardan görünür ki, onun əsas məqsədi faydalı kənd təsərrüfatı biliklərini həm nəzəri, həm də əməli cəhətdən ölkənin əhalisi arasında yaymaqdan ibarət olmuşdur. Aqronomiya sahəsində yaxşı mütəxəssis olan və sadə xalqın dilini bilən Həsənbəy Məlikov qəzetin hər nüsxəsində kənd təsərrüfatının müxtəlif sahələrinə dair çox maraqlı və faydalı məqalələr dərc etdirirdi. O, eyni zamanda, elmi məlumatları asan bir şəkildə, sadə və anlaşıqlı bir dildə oxuculara çatdırmaqda yüksək məharət göstərirdi. Bizim fikrimizə görə, bu məqalələr indi də öz əhəmiyyətini itirməmişdir. Əgər onlar müəyyən bir sistem halına salınıb, Azərbaycan dilində nəşr edilən dövri jurnallarda çap olunarsa, kəndlilərə fayda verə bilər.

19069 dəq
Azərbaycan komediyaları

Mirzə Fətəli Axundovun komediyaları Zaqafqaziya müsəlmanlarının 40 və 50-ci illərdəki həyatını əks etdirən bir reflektora bənzəyir. İstedadlı bir dramaturq olan və xalqı yaxşı tanıyan Axundov xalq məişətinin müxtəlif tərəflərini kifayət qədər düzgün və sənətkarlıqla əks etdirmişdir.Hər əsərində, bütün komediyalarında Axundov xalqın həyatına yaxşı bələd olan nadir psixoloq və sənətkardır, onun yaradıcılıq istedadı, həyat təcrübəsi və hərtərəfli biliklə zəngin zəkası özünü hər yerdə göstərir. Biz bunu fransız nəbatat aliminin sadəlövh və qonaqpərvər Təklə-Muğanlı Hatəmxan ağa ilə ağıllı söhbətinin təsvirində görürük: Hatəmxan ağa öz qardaşı oğlunu inandırmağa çalışır ki, parislilərin adətləri ilə çox asanlıqla tanış olub başa düşmək olar ki, o xalqın adətləri tamamilə bizim adətlərin əksinədir (məsələn, biz əlimizə həna qoyuruq, onlar qoymurlar, biz başımızı qırxırıq, onlar saçlarını uzadırlar, biz əlimiz ilə xörək yeyirik, onlar çəngəl ilə yeyirlər, biz hər şeyə inanırıq, onlar heç bir şeyə inanmırlar, bizim arvadlarımız gödək paltar geyir, onların arvadları isə uzun paltar geyir, bizdə çox arvad almaq dəbdədir, Parisdə çox ər almaq və i.a.); yaxud biz bunu bir-birini sevən iki gəncin — gözəl Pərzadla cavan və igid Bayramın arasındakı təsirli məhəbbət səhnəsinin təsvirində də görürük: Pərzadın tamahkar əmisi qızın ilxısını və inəklərini ələ keçirmək xatirinə Pərzadı öz oğlu Tarverdiyə almaq istəyir, halbuki Tarverdi igidlikdə hələ heç bir ad çıxarmamışdır, o hələ bir dayça da oğurlamamışdır; yaxud, biz bunu rəhmsiz qoca — xəsis Hacı Qaranın mənəvi aləmindəki nifrət oyadan cəhətlərin açılmasında da görürük: bu qoca xəsis üçün dünyada puldan başqa heç bir müqəddəs şey yoxdur; Hacı Qara, öz dostu Heydər bəyin qoçaqlığını tərifləyən Əsgər bəyə etinasızlıqla deyir ki, bizim zəmanəmizdə qoçaq olmaqdansa, cibin pulla dolu olsa min dəfə yaxşıdır.

189512 dəq
Dünyada bəla nədən törəyir?

Qraf L. Tolstoyun təlimi-ətfal üçün tərtib etdiyi əlifba kitabçasında sadə dil ilə yazılmış bir xeyli pürməzmun hekayələr vardır. Onlardan bəzi şeyx Sədinin "Gülüstan"ında nağıl olunan hekayələrə bənzəyir. Cümləsi hikmət və təcrübə üzüylə yazılmış əsərlərdir. Məzkur hekayələrdən birisində bəlanın yer üzündə nədən törəyib nəşət etməsindən rəvayət olunur. Qissənin müxtəsərən məzmunu budur:Bir abidi-xoşsirət tərki-dünya qılıb, vaxtını adamlardan kənar bir meşədə ibadətlə keçirirmiş. Meşənin heyvanları ondan qorxmayıb, başına cəm olarlarmış. Abid onların dilini, onlar da abidin dilini anlarmış. Bir kərə abid bir ağacın dibində uzanıbmış. Qəzadan haman ağacın altında axşamlamağa qarğa, göyərçin, ilan və maral cəm olur və öz aralarında başlayırlar söhbət etməyə ki, aya, yer üzündə bəla və günah haradan törəyir?

19095 dəq
Dost və müəllim N.O.Lomourinin xatirəsi

Hansısa uğursuz bir tale bədbəxt Gürcüstanı təqib edir. Onun gözəl və cavan qüvvələri, öz müqəddəs torpaqlarından uzaqlarda, geniş Rusiyanın sərhədlərində vətən uğrunda canlarını qurban verdikləri bir zamanda, o burada, öz evində də taleyin ağır zərbələrinin acısını duyur. Elm, mədəniyyət və ədəbiyyat nümayəndələri bir-birinin ardınca əbədi olaraq dünyanı tərk edirlər.İndi də Qori şəhərindəki Müəllimlər seminariyasının müəllimi, gürcü yazıçısı və pedaqoqu N. O. Lomourinin ölümü haqqında kədərli bir xəbər alınmışdır.

19152 dəq

Başqa şairlərin şeirləri