Hansısa uğursuz bir tale bədbəxt Gürcüstanı təqib edir. Onun gözəl və cavan qüvvələri, öz müqəddəs torpaqlarından uzaqlarda, geniş Rusiyanın sərhədlərində vətən uğrunda canlarını qurban verdikləri bir zamanda, o burada, öz evində də taleyin ağır zərbələrinin acısını duyur. Elm, mədəniyyət və ədəbiyyat nümayəndələri bir-birinin ardınca əbədi olaraq dünyanı tərk edirlər.

İndi də Qori şəhərindəki Müəllimlər seminariyasının müəllimi, gürcü yazıçısı və pedaqoqu N. O. Lomourinin ölümü haqqında kədərli bir xəbər alınmışdır.

Hələ bir az bundan əvvəl yerli gürcü şairi Akaki Seretelinin cənazəsini Qoriyə yola salarkən Nikolay Osifoviç gözləri yaşarmış halda aşağıdakı sözləri dedi: "Şvidobit[1], şvidobit, əziz və unudulmaz dost! Tezliklə başqa, gözəl bir dünyada görüşərik…".

[1] Şvidobit — əlvida.

Onun peyğəmbəranə dediyi sözlər düz çıxdı. O öz dost və müəlliminin ayrılığına uzun müddət dözə bilmədi və ardınca ora, gedər-gəlməzlər dünyasına getdi.

Nikolay Osifoviç Xarkovda Ruhanilər akademiyasını qurtardıqdan sonra Tiflis dvoryan gimnaziyasında işləməyə başladı, lakin orada o uzun müddət xidmət etmədi. 1884-cü ildə o, Zaqafqaziya müəllimlər seminariyasında gürcü dili müəllimi vəzifəsinə təyin olundu və ömrünün sonuna kimi bu vəzifədə işlədi.

N. O. Lomouri gürcü dilinin gözəl bilicisi və belletrist sayılırdı. O öz povest və romanları ilə gürcü ədəbiyyatını bəzəyib zənginləşdirmişdir. Heç kəs gürcü qadınlarının kədərli taleyini, kəndli təbəqələrinin qəm və əzablarını N. O. Lomouri kimi sənətkarlıqla təsvir etmir.

Nikolay Osifoviç bir tərbiyəçi və ustad kimi uşaq qəlbini gözəl bilən təcrübəli bir müəllim idi, şagirdlərə ata məhəbbəti bəsləyirdi. Onun gənclərin tərbiyəsinə olan münasibətinin əsasını, şüurlu tələbkarlıq və ciddiliklə dolu insanpərvərlik təşkil edirdi. Razikaşvili qardaşları: Vaca Pşaveli, Baçana və başqaları kimi gözəl xalq maarifpərvərləri və istedadlı yazıçı və şairlər N. O. Lomourinin tələbələridir. O, seminariya şagirdlərinin hamısına eyni münasibət bəsləyir və gürcülərlə gürcü olmayanlar arasında fərq qoymurdu. Belə bir münasibətə görə, seminariyanın Azərbaycan şöbəsinin şagirdləri onu xristian pansionunun şagirdlərindən az sevmirdilər. Bir yoldaş kimi Nikolay Osifoviç səmimi insan idi: diqqətli, qayğıkeş və xeyirxah bir insan kimi o, yoldaşın və dostun səadəti üçün öz mənafeyini qurban verməyə hazır idi. Seminariya müəllimləri arasında ümumi hörmət və məhəbbət qazanmışdı. Heç kəs gənc nəslə Nikolay Osifoviç kimi təsəlli verməyi, yaxşı məsləhətlər etməyi bacarmırdı.

Əziz dost və unudulmaz yoldaş, sənə rəhmət olsun. Rəhmdil allah böyük kədər içərisində olan ailənə və saysız-hesabsız tələbələrinə səbr versin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Redaksiyaya məktub

C. Redaktor! Xahiş edirəm qəzetinizin yaxın nömrələrindən birində mənim bu məktubuma yer verəsiniz.Martın 10-da mən mərhum Qabriel Sundukyansdan aşağıdakı məzmunda bir məktub almışam: "Hörmətli cənab Firidunbəy! İcazə verin sizi bir xahişimlə narahat edim: Zəhmət çəkib mənə xəbər verin görüm, şair Mirzə Şəfi haqqında sizə bir şey məlumdurmu? Onun poeziyasından çap olunmuş kitablar varmı? Varsa o kitabları haradan tapmaq olar? Bu məlumatı Parisdən professor Makler təkidlə istəyir. Ümidvaram ki, mənim bu xahişim yerinə yetiriləcəkdir və mən də Sizə dərindən minnətdar olacağam. Sizə həqiqi hörmət bəsləyən və minnətdar olan bəndeyi-həqiriniz Qabriel Sundukyans".

19121 dəq
Sabir haqqında

"Molla Nəsrəddin"in 15-ci və "Kaspi" ruznaməsinin 90-cı nömrələrində milli şairimiz Mirzə Ələkbər Sabirin ağır halda xəstəliyi və maddi cəhətincə ziyadə ehtiyacda olmaqlığı yazılmışdı.Bu xəbər bizi xeyli pərişan edib, dərin fikrə saldı. Sabir əsrimizin ən müqtədir və xoştəb şairlərindən birisidir. Onun sabiqdə bəzi müstəar adlar ilə imzalanmış abdar, xoşməzmun və mövzun kəlamları "Molla Nəsrəddin"in səhifələrində dərc olunub, oxucuları bir yandan güldürüb, bir yandan ağladırdı. Onun yazdığı şerlərin çoxu açıq və sadə ana dilində olub, mənşətimizin eynini göstərdiyinə görə əzbər öyrənilirdi.

19111 dəq
Soltan Məcid Qənizadə

İyirmi beş il maarifi nəşr stmək kimi çətin bir əmri yerinə yetirməkdə sabitqədəm durmaq böyük hünərdir. Bizim maarif qədri bilməyən avam camaat arasında bu əmri əmələ gətirmək daha böyük hünərdir.Çox müəllimlərimizin müəllimlik sənətindən qaçmasına, bir tərəfdən, bu sənətin ağırlığı və qiymətsizliyi, o biri tərəfdən də camaatımızın bu müqəddəs sənətə alçaq bir nəzərlə baxması səbəb olur.

19125 dəq
Təzə kitab

Türk dilində, Azərbaycan şivəsində təzə bir kitabın ədəbiyyat xəzinəmizə daxil olmasını kəmali-iftixar ilə izhar edirik. Məzkur kitabın Avropa ədəbiyyatının ən müqtədirlərindən bulunan ingilis şairi-məşhuru Şekspirin asari-ədidəyi-məqbuləsindən "Otello"nun qisseyi-pürqüssəsinin tərcüməsidir. Mütərcimi Haşımbəy Vəzirovdur ki, ərbabi-qələmimizdən hesab olunub, onun "Evlənmək — su içmək deyil" adında yazılan komediyası neçə dəfə Qarabağda oynanıb, tamaşaçıların təhsin və tərifini cəlb etmişdir. Şekspir kimi böyük şair və tragediya (faciə) yazmaqda ədibi-binəzirin əsərini bizim kasıb və rəkik dilimizə tərcümə etmək filhəqiqə böyük hünərdir və biz kəmali-cürət ilə deyə bilərik ki, cənab Vəzirov öz öhdəsinə götürdüyü mühüm əmri layiqincə yerinə yetiribdir. Məzkur tragediyanın məzmunu ilə hörmətli "Şərqi-Rus"un oxucularını aşna etməyi burada müvafiq görürük.Qədim əsrdə indiki İtaliya dövlətinin təhti-idarəsində olan Venetsiya şəhəri məxsusi bir dövlət olub, cəmi dünyada öz şöhrət və ticarəti ilə məşhur idi. Venetsiyanın işlərini senat dolandırırdı, padşahı yoxdu. Senat isə ibarət idi alinəsəb, dövlətmənd, ağıllı və insaflı əşxasın icmaindən. Bunların sədrnişini "doj" ləqəbi ilə məşhur idi. Dojun özünün artıq ixtiyarı yoxdu, ancaq senat qət eləyən işləri təsdiq edirdi. O vaxtlarda Venetsiya hər yerin adamları ilə alış-veriş edib, Şərq ilə Qərb arasında böyük bir ticarət mərkəzi hesab olunurdu və bu dövlət əksər övqat ətrafda sükunət edən əqvam və miləl ilə dava edərdi. O cəhətdən hər yerdə rəşid və qoçaq adamlar var idisə və hər kəs nam, şöhrət və dövlət təmənnasına düşürdüsə, Venetsiyaya cəm olunurdu. Bu vaxtlar Otello dəxi gəlib həmin şəhərə çıxdı. Otellonun əsli ərəbdir, Afrika qitəsinin şimal səmtində sükunət edən Marokko tayfasındandır. Bu tayfa indi də öz rəşadət və şücaəti ilə məşhuri-cahandır. Otello öz hünər və rəşadəti sayəsindən Venetsiya dövlətinə böyük qulluqlar və bimisl xidmətlər göstərmişdi və bunun əvəzində ona böyük mənsəb verilmişdi və hər yerdə onun hörməti və izzəti artıq idi. Amma bununla belə Venetsiya əhli, xüsusən əyan və əşraf bunu dəxi unutmazdılar ki, Otello əcnəbi millətdəndir, o nə qədər qoçaq və rəşid olsa, yenə onlar ilə bərabər ola bilməz — o qara ərəbdir…. Senatın üzvü vəzir Brabansionun Dezdemona adında bir qızı var idi ki, vəcihəyi-zaman və cəmiləyi-dövran, əql və ismətdə misl və bərabəri yox idi. Dezdemona Otelloya təəşşüq yetirir və onun eşq və məhəbbətinə səbəb Otellonun zahiri sifəti olmayıb, rəşadət və zirəkliyi olur. Belə ki, Otello tez-tez Brabansionun evinə gəlirmiş. Vəzir özü onun söhbətini çox sevərmiş. Otello başına gələn qəza-qədəri, pürxəta səfərlərini, dərya və quruda ittifaq düşən cəngləri, düşmənin əlinə əsir düşməsini və ondan xilasını fəsahətlə söylədikcə Dezdemona hər bir şüğlünü unudub huşi-guş ilə onun söhbətinə qulaq asardı. Axırda Dezdemona Otellodan təvəqqe eləyir ki, bu söhbətləri ona məxsusi və müfəssəl nəql eləsin və Otello başına gələn xatalı hekayətləri söyləyəndə, az ittifaq düşürdü ki, Dezdemonanın ahu gözlərində yaş görünməyə idi və həmişə nağıl tamam olanda dərin ah çəkib deyərdi: "Kaş allah məni də belə yaratmış olaydı" və Otellodan razılıq edib bunu da artırardı: "Hərgah sənin bir dostun bu tövr işləri tutmuş olsa idi, mən onu canü dildən sevərdim". Bu minval nazik və zərif ima və işarələr ilə öz məhəbbətini Otelloya izhar edərdi və Otello dəxi o aşiq olmağını bildirib, bir-birinə saf-dildən məhəbbət bağladılar.

19048 dəq

Başqa şairlərin şeirləri