Hacı Əbülhəsən Raci
Səhifə 3 / 3 · 67%
Əgər iradü etiraf olunsa ki, kədər ilə səfa və qəm ilə sürur və yaş ilə nur bir yerdə ola bilməz, bunlar bir-biri ilə zidd olduğu halda uyuşmaz, onda deyə bilərik, bəli, İmam Hüseyn müsibətində bu feyz vardır, bir yandan ağladır, bir yandan nuraniyyət bəxş edib şad qılır; bir yandan qəmləndirir, bir yandan qəmü qüssədən azad edir. Bir yandan şikəstəvü pərişanhal edir, bir yandan uca məqamlarda dövr etməyə pərü bal verir. Bu feyzü bərəkət, bu qeyri-adi halət və xüsusiyyət ancaq seyyidüş-şühəda müsibətü əzasına müxtəsdir, ancaq mahi-məhərrəmdə tərtib olunan təziyələrdə hiss olunur. Raci isə bu təziyələrin rövnəqi və matəmlərin şəfəqidir. Azərbaycan şüərasından Dəxildən sonra Raci Kərbəla gülşəninin ən fəsih bülbüli-xoşəlhanı və neynəva dəştinin ən suznak növhəxanı hesab olunur. Racinin növhələrində olan təsir çox rövzəxanların mərsiyələrindən artıqdır. Əzbəs ki, rövzəxanların əksəri oxuduqları əhvalatda bəzi kərə o qədər mübaliğə edirlər ki, o qədər fəhmü idraka sığışmayan və ağıl qəbul etməyən sözlər və hekayə söyləyirlər ki, əhli-məclis onlara inanmayıb, bir növ qövllərindən ikrah edirlər. Oxuduqları mərsiyəyə meylü rəğbət göstərmirlər. Raci Kərbəla faciəsinin hansı bir qissəsini rişteyi-nəzmə çəkibsə, tamamında böyük məharət büruz edibdir, əhvalatı eyni ilə, sərapa, şairanə elə gözəl tərzdə nəql edir ki, cümlənin huşü diqqətini cəlb edir.
Məsələn, İmam Hüseyn əleyhissəlamın əziz və istəkli qızı cənab Səkinə Şamda cümleyi-əhli-beytlə əsirvar olduğu zamanda bir gecə yuxuda babası seyyidüş-şühədanı görüb, ona şərhi-hal etməsini, yainki ali-əbanın Kərbəla diyarına yetişdikdə möhnətü qəm qubarına batmaqlarını və seyyidüş-şühədanın övladü ənsarının hər birinin vəsfi-halını və yainki əhli-beytin Şamdan Mədinəyə müraciət etməsini və əhli-Mədinənin şurişü nəvaya gəlməsini və mərizə Fatimənin hali-pürməlalını və bu qisim çox-çox Kərbəla əhvalatını Raci əleyhirrəhmə elə bir fəsahət və məharətlə təhrir qılıbdır [ki], hər kəs onları diqqət ilə oxusa, məyusü məlulü feyzyab olmaqla əhvalatdan dəxi filcümlə xəbərdar olar. Kərbəla şəhidlərinin müsibətinə şüru etməkdən qabaq şair həqq dərgahına münacat edib, ondan tövfiqü mərhəmət diləyir və səhni-çəməni-Neynəvada pərvaz etmək üçün balü pər istəyir və nəfsi-şumun əlindən xilas olub, həqiqi aşiqlər məsləkinə daxil olmağa və vadiyi-heyrətdən qurtarıb nicat bulmağa lütf kimi bir dadrəsü rəhbər tələb edir:
Can bülbülü olmuş zəğəni-nəfsə giriftar,
Daim qəfəsi-sinədə eylər ona azar.
Bu, layiqi-firdovs, o, niyranə səzavar,
Ülvitələbi-süfldə ol hiyləgər istər.
Tövfiqini, ya rəb, bizə həmvarə rəfiq et,
Dəvayi-təvalayi-hüseynidə sədiq et,
Lütfün bu rəhi-eşqdə həmrahi-təriq et,
Dil vadiyi-heyrətdədi, bu rahbər istər.
Hər kimsənə istər ola aşiqliyə layiq,
Əlbəttə, xəlayiqdən edər qəti-əlayiq,
Qəti-nəzər ondan da gərək aşiqi-sadiq,
Hər mamələkindən edə qəti-nəzər istər.
Racinin növhələri məlum isə də, onlardan birini nümunə üçün burada yazırıq. Bu növhədə İmam Hüseyn həmşirəsi olan vəfa kanı və dəyanətü sədaqət mənbəyi Zeynəbi-qəmpərvərdə öz cananı ilə, yəni xaliqi-ləmyəzəl ilə ruzi-əzəldə elədiyi əhdləri bəyan edib, kamali-cürətü fəxarət ilə deyir ki, həqq yolunda və eşq aləmində nə qədər ağır cəfalara və böyük bəlalara giriftar olsam, mənə eyni-səadətdir və yüz belə zəhmətlərə öz canımla dözərəm. Cənab Zeynəb isə qardaşına təsəlli verib hər növ bəlalara təhəmmül etməsini təsdiq edib deyir ki, ya Hüseyn, ruzi-cəzada səninlə başlar əlində şühəda həşrə gələn zamanı mən də üsəranı başıma cəm edib, bu zülfi-pərişanımla siz ilə müttəfiq cümlə [ümmətə] şəfaətçi olaram. Haman növhə budur:
Belə əhd eyləmişəm, ey bacı, cananım ilən,
Ərseyi-Kərbübəladə boyanım qanım ilən.
Çünki bu cami-əcəldə şəkərü şəhdim var,
Bu səbəbdən susuz ölməkliyə çox cəhdim var,
Aləmi-zərrdə canan ilə bir əhdim var,
Varam öz eylədiyim əhd ilə, peymanım ilən.
Bacı, əhdim budu bu çöldə gərək qanə batam,
Qanımı Əkbərimin qanına şövq ilə qatam,
Can verib təşnə, gərək isti qum üstündə yatam,
Cismi-məcruhim ilə, sineyi-suzanım ilən.
Qan içində eləyim həqq ilə bir razü niyaz,
Budur əhdim ki, quram burda gərək məclisi-raz,
Can verən vəqtdə meydanda qılam, bacı, namaz,
Dəstəmazım ola bu şərt ilə öz qanım ilən.
Düşdü İbrahim əgər şövqi-həvayi-eşqə,
Etmədi tab, vəli dərdü bəlayi-eşqə,
Bircə qurban ilə gəldi o, Minayi-eşqə,
Gəlmişəm mən bura yetmiş iki qurbanım ilən.
Çəkmərəm dəm, dəmi-şəmşirdə, şəmşir nədir,
Xəncərü tiğ nədir, nizə nədir, tir nədir,
Məclisi-vəslə qədəm qoymağa təxir nədir,
Mən bu bəzmə gedirəm başım ilə, canım ilən.
Zövrəqi-cismimə var lücceyi-xun içrə nicat,
Təşneyi-eşqə verir suzi-ətəş abi-həyat,
İçmərəm gər tuta dünya üzünü abi-Fərat,
Bəzmi-vəslə gedirəm bu ləbi-ətşanım ilən.
Həq yolunda susuz ölmək demə zəhmətdi mənə,
Gözümə ox dəyə gər, eyni-məhəbbətdi mənə,
Aləmi-eşqdə hər zəhməti rahətdi mənə,
Dözərəm yüz belə zəhmətlərə bir canım ilən.
Çəkmərəm minnət ədudən, çəkərəm bu ətəşi,
Bacı, eşq aləminin çoxdu belə keşməkeşi,
Səni bazarə çəkərlər çü əsiri-həbəşi,
Şami-şum içrə əyali-şəhi-mərdanım ilən.
Əhli-Kufə yetirir zülmünü itmamə, bacı,
Bədənimdə dəxi qoymazla qala camə, bacı,
Nizələrdə apararlar başımı Şamə, bacı,
Bədənim yerdə qalar peykəri-üryanım ilən.
Şamdə məclisi-işrət qurular, söz demərəm,
Kuçəvu bamdə səf-səf duralar, söz demərəm,
Xeyzüran çubu nə qədri vuralar, söz demərəm,
Bəzmi-əğyardə mən bu ləbü dəndanım ilən.
Zeynəb ərz eylədi:--Qardaş, bilirəm ruzi-cəza
Sən ilə həşrə gəlir başlar əlində şühəda,
Üsəranı başıma cəm edərəm mən də, əxa,
Gələrəm məhşərə bu zülfi-pərişanım ilən.
Ümmətə cümlə şəfaət edərəm mən sən ilə,
Kərbəladə bulaşan qanına pirahən ilə,
Şimri-dunun yaxasından tutaram şivən ilə,
İstərəm qanını bu çaki-gəribanım ilən.
Ya hüseyn, hövli-qiyamətdə yetiş imdadə,
Raciyəm, bircə ümidim sənə var üqbadə,
Ağlaram, olsa həyatım nə qədər dünyadə,
Gecə-gündüz sənə bu dideyi-giryanım ilən.
Kitabxana.az · https://kitabxana.az/works/kocerli-azerbaycan-edebiyyati-f-kocerli-ii-cild-haci-ebulhesen-raci
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Azərbaycan türklərinin müqtədir şairlərindən birisi də mərhum Seyid Əbülqasım "Nəbati" təxəllüsdür. Seyid Əbülqasımın vətəni Qaracadağda Üştibin, yaxud Üçdibin qəryəsidir ki, İran dövlətinə mütəəlliqdir və Muğan səhrasına yaxındır. Bu qəryənii abhavası mötədil və torpağı münbitdir. Əhalisi salamat və kargüzar olduğu üçün mürəffəhhal yaşayırlar. Vəli zəmanənin övzavü iqtizasından bixəbər və elmdən bibəhrədirlər, necə ki, dövləti-əliyyənin rəiyyətləri və rəncbərləri təmamən bu hal üzrə yaşamaqdadırlar.Seyid Əbülqasım təvəllüd edibdir tarixi-hicriyyənin on üçüncü əsrinin ibtidasında--Nəsrəddin şahın atası Məhəmməd şahın zəmani-səltənətində681. Bir qəsidəsində məzkur şahı belə tərif eləyir:
Şeyx İbrahim Qüdsi GəncəviYuxarıda adları zikr olunan Şamaxı və Şirvan şairlərinin müasirlərindən Gəncə şəhərində məşhur olanları Şeyx İbrahim Qüdsi və Ağaismayıl Zəbih hesab olunur. Hər birinin tərcümeyi-halından burada məlumat verilir.Mərhum Şeyx İbrahim Şeyx Həsən oğlu Şeyxzamanov Gəncə şairlərinin məşhurundandır. Təvəllüd edibdir Gəncədə hicrətin 1231-ci tarixində, yüz sənə bundan müqəddəm. Şeyx İbrahim təlim alıbdır Gəncə pişnamazı mərhum axund Molla Hüseyndən. Məlum ola ki, mərhum Mirzə Fətəli Axundov da həmin bu müdərrisdən təlim almışdır.
Sabit ŞəqaqiBu şairin dəxi Aciz, Qövsi, Nişat və qeyriləri kimi ismi və əsl-nəsəbi məlum deyil. "Sabit" şairin təxəllüsüdür. Anadan təvəllüd etdiyi məhəllin ismi də yəqin ki, Şəqaqdır ki, onunla müləqqəb olmuş--Şəqaqi adlanır. Çox ehtimal var ki, onun adı Mehdi olsun. Çünki aşağıda yazılan bir qafiyəsində Sabit əvəzinə Mehdi yazılmışdır. Onun əsərlərindən Mirzə Yusif Qarabağinin məcmuəsinə daxil olan ancaq bir qəzəl ilə bir mürəbbeatıdır ki, hər ikisi burada dərc olunur.Qəzəli-Sabit:
Şəkər ŞirvaniBu şairin kəlamından müfti əfəndinin "Məcmuə"sində ancaq bir müxəmməs tapdıq ki, eyni ilə burada dərc olunur.MƏKTUBA XİTAB