Ömrüm payız ilə, qış arasında,Yol saldım dağ ilə, daş arasında.Ömrüm deyil gözlə qaş arasında,Mənim arzularım, ümidlərimdir.

Yağış sevdasıyla dolan buludlar,O hünər yazılı ünvanlar, adlar,Torpağın köksündə cücərən otlar,Mənim arzularım, ümidlərimdir.

Aylara, illərə həmsəfər olan,Aylara, illərə körpülər salan,İlhamı, şəfqəti ellərdən alanMənim arzularım, ümidlərimdir.

Bir gəlin ananın sevgi dünyası,Bir körpə balanın şirin röyası,Bəhərli bağların payız xonçasıMənim arzularım, ümidlərimdir.

Vətənin çağlayan buz bulaqları,Vətənin bal dadan öz bulaqları,Vətənin tükənməz söz bulaqlarıMənim arzularım, ümidlərimdir.

Göylərin ulduzlu, aylı aləmi,Yerdə yaşıl tarla, kəhrəba zəmi,Dalğalar qoynundan yol açan gəmiMənim arzularım, ümidlərimdir.

Ömrümün tufanlı, yağışlı yolu,Narahat günlərdən naxışlı yolu,Ömrün daşlı yolu, yoxuşlu yoluMənim arzularım, ümidlərimdir.

Nanəli, mərzəli, reyhanlı ləklər,Qövsi-qüzehlərdən süzülən rənglər,Vətən göylərində çaxan şimşəklərMənim arzularım, ümidlərimdir.

Güllərin üstündə şehlərdən inci,O uca dağlara qalxan el köçü,Bir həsrət ürəyin vüsal sevinciMənim arzularım, ümidlərimdir.

Çöllərin, düzlərin zümrüd paltarı,İnsanın insana əhdi, ilqarı,Quşların vətənə dönən qatarıMənim arzularım, ümidlərimdir.

Üzümə açılan hər aydın səhər,Nəğməmə nur çilər, qol-qanad verər.Saçıma tökülən bu ağ çiçəklərMənim arzularım, ümidlərimdir.

Ömrüm payız ilə, qış arasında,Yol saldım dağ ilə, daş arasında.Ömrüm deyil gözlə qaş arasında,Mənim arzularım, ümidlərimdir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar