On üçüncü şəkil
Bəhramın sarayında Reyhanın otağı, Reyhan və Qaratel çox qəmgindirlər.
Qaratel udda çalır və oxuyur.
Qaratel
Ay bu dağların Reyhanı,
Bəs sənin yarın də hanı?
Gözləri yolda qalan yar,
Yar həsrətilə solan yar.
Mənim sevdiyim yar gələr,
Könlüm onunla dincələr.
Qonaq gələndə bizə yar.
Güllər-çiçəklər açılar.
Mahnı oxunanda mənim könlüm həmişə sınıq bir ney kimi inildəyir. Sən nə üçün belə kədərlisən?
Reyhan
Bax, ay da doğur, amma o hələ də gəlib çıxmadı... Hər gün, hər gecə gözlə dedi... Məni intizar oduna yandırdı. Bax, budur, gözləyirəm... O isə gəlmir...
Qaratel
Hamı yatır, hər tərəf səssizlik içində boğulur.
Reyhan
O nə üçün gəlməsin? O, əhdi-peymanını unuda bilərmi?
Qaratel
Kim bilir, bəlkə də bir fəlakət üz vermişdir.
Reyhan
Yox... Yox, Qaratel, Elçinə bir şey olsa, mən özümü Arazın dalğalarına ataram...
Qaratel
Ah... Reyhan, əzizim, bu fikirləri başından çıxart. Oğlan üçün özünü öldürən qızlara mən heç ağıllı deməram... O olmasın, bir başqası olsun... Nə çoxdur gözəl qamətli oğlanlar. Mən birini sevirdim, xasiyyətini bəyənmədim, dedim bir daha gözümə görünmə. İndi bir başaqasını sevirəm... O da xoşuma gəlməsə, üçüncü bir namizədim var... Oğlan nədir ki, onun üçün özümü öldürüm...
Reyhan
Sən nə danışırsan, əzizim. Mən ona vəfasızlıq edə bilərəmmi? Yox, Qaratel, yox... Vəfalı ürəklər yalnız bir dəfə, yalnız birini sevə bilər...
Qaratel
Yalnız birini? Bu nə sözdür? Sevgi iştahadır. Gündə bir növ xörək istəyir. Mən öz iştahamı küsdürə bilmərəm...
Reyhan
O gəlmədi...
Qaratel
Axı, onlar birdən gəlməsə...
Reyhan
Sən nəyi isə məndən gizlədirsən... Söylə görüm ürəyini belə rahatsız edən nədir?
Qaratel
Heç... heç...
Reyhan
Səni and verirəm ulu göylərə, əgər bir şey bilirsənsə, məndən gizlətmə... Onsuz da mənim taleyim küskündür...
Qaratel
İnan ki, bu xəbəri eşidəndə elə bil ürəyim yerindən qopdu... Mən səhərdən bəri hər şeyi səndən gizlədirdim... Atanla anan mənə tapşırıblar ki, sənə bir kəlmə deməyim...
Reyhan
Aman Allah, yoxsa Elçinin başında bir bəla var...
Qaratel
Yox, mənim ondan xəbərim yoxdur... Sərkərdə Cavanşirin atlıları üstümüzə axışıb gəlir. Bu saat o yanlarda bərk vuruşmadır. Atan bütün əsgərlərini davaya göndərdi. Dedi, ölərəm, bir addım geri çəkilmərəm...
Reyhan
Demək hər şey... Hər şey alt-üst oldu... Nə üçün? Yer üzü insan qanı ilə ləkələnməsəydi nə olardı? Elçin... Elçin, indi sən nə qədər uzaqdasan... Yox, o gələcək... mütləq gələcək. Bax elə bil bu anda mən onun xəfif təbəssümünü, məhəbbətlə titrəyən dodaqlarını görürəm. O gələcək. Qaratel, o mənim bu kimsəsiz könlümü sevindirəcək.
Qaratel
İndi nizələr, qılınclar yer üzünü qara bir bulud kimi sarmışdır. Oralarda insan canavardan belə yırtıcıdır. Onları yarıb keçməyə Elçinin gücü çatarmı? Minlərcə insan üz-üzə gələn yerdən insan nədir, şir də, pələng də sağ-salamat keçə bilməz, Reyhan...
Reyhan
Şir də keçə bilməz, pələng də, amma mənim Elçinim keçər...
Qaratel
Eh... Mənim də ürəyim od tutub yanır... Səni istədiyimdən bu sözləri deyirəm...
Reyhan
Yox... Yox... Gözəllik timsalı olan ayın üzü ləkə götürsə də, Elçin öz qəlbini vəfasızlıq damğası ilə ləkələməz. Onun şirin sözləri, mehriban baxışları bir duman olub havaya uçmaz... O mənə yazmışdı ki, məni səndən yalnız ölüm ayıra bilər... Sən də məndən köməyini əsirgəmə, Qaratel...
Qaratel
Mən nə edə bilərəm? Yollar tutulmuş, şəhərin qapıları hər tərəfdən bağlanmışdır. İndi onu sənin yanına kim buraxar. Hər tərəfə keşikçilər qoyulmuşdur...
Reyhan
Nə üçün? Məgər Elçinin buraya gəlməsini bilirlər?
Qaratel
Yox, bilmirlər... Bu gün axşam Zibeydə xatunu əsir tutub gətirdilər... Keşikçilər də görünür onu qoruyurlar. Deyirlər ki, birdən Cavanşirin adamları basqın edər. Onu əsirlikdən qurtarıb geri aparar.
Reyhan
Kimi dedin, kimi?
Qaratel
Elçinin anası, sərkərdə Cavanşirin istəkli arvadı...
Reyhan
Yox, bu ola bilməz. Atam bu rəzalətə heç vaxt razı ola bilməz... Yəqin bu işdən onun xəbəri yoxdur... Əzizim, sən nəyi isə dolaşıq salırsan.
Qaratel
Atanı o qədər də rəhmdil bilmə... Zibeydə xatunu o özü oğurlatdırmışdır... Keçən gecə bizim adamlar Firuzəabada hücum edib Cavanşirin yay sarayını halqa içərisinə almış, keşikçiləri bir-bir qılıncdan keçirmişlər... Özünü diri tutub gətirmişlər.
Reyhan
İndi o haradadır?
Qaratel
Neçə adamdan xəbər aldımsa, yerini deyən olmadı...
Reyhan
Elçinin anası, köməksiz bir qadın zindanlarda dustaq olsun...
Qaratel
Onun yerini öyrən, Reyhan, sən Elçinin xatirinə ona kömək et...
Reyhan
Ah, ata... Sən necə zalımsan...
Qaratel
O, Cavanşirdən qisas alır. İstəyir ki, Cavanşir qorxub hücum fikrindən daşınsın. Amma o daha da qəzəblənib, qabağına keçən adamları ot kimi biçib tökür... Hələ qorxuram bu gecə Cavanşirin qoşunları şəhərə dolsun...
Reyhan
Gedək, Qaratel, səbr edə bilmirəm...
Qaratel
Hara gedirsən, ehtiyatlı ol. Qaş düzəltdiyin yerdə vurub göz çıxardarsan...
Reyhan
Yox, atam məni tikə-tikə doğrasa da, onu tapıb dustaqdan buraxdıracağam...
Qaratel
Onun yerini sənə deməzlər. Atan Bəhramın qorxusundan göydə quşlar belə qanad salar...
Reyhan
Mən atama yalvaracağam, insafa gəlməsə, mən ondan üz döndərəcəyəm...
Qaratel
O burada deyildir, əzizim. İndi onun nərəsindən yer-göy titrəyir. Get bir az dincəl, axşamın xeyrindən sabahın şəri yaxşıdır...
Reyhan
Ulu Tanrım, nədir mənim günahım, sevən ürəklərin həmdəmi olmaqdan nə üçün düşməni olursan?
Elçin daxil olur. Qaratel yan otağa keçir.
Elçin
Ah... Reyhan, mənim əzizim...
Reyhan
Elçin, sən buraya necə gəldin?
Elçin
Qılıncların, nizələrin ucsuz-bucaqsız dənizlərindən keçərək gəldim...
Reyhan
Səni tutsaydılar öldürə bilərdilər, Elçin...
Elçin
Məni parça-parça doğrasalar da, son nəfəsimdə yenə Reyhan... Reyhan deyə inləməyə qüvvətim çatar...
Reyhan
Of... Elçin, bu fəlakət səni də, məni də məhv edəcək...
Elçin
Ağlama, Reyhan... Ağlama... Məni də, atam Cavanşiri də bu qanlı müharibələrə sövq edən saf bir məhəbbətdir... Odlu qılınclar yer üzünü qan dəryasına qərq etsə də, bu məhəbbət heç bir zaman məhv olmayacaqdır... Odlar yurdunun səadəti sənin, mənim səadətimdir...
Reyhan
Get... Səni and verirəm eşqimizin qüdsiyyətinə, get...
Elçin
Əgər sən bu eşqin ən ağır əzablarına belə qatlaşa bilərsənsə, söylə... Hardadır mənim anam?
Reyhan
Mən özüm də onun yerini bilmirəm... Onu haradasa gizlədib yerini heç kəsə demirlər...
Bəhram gizlindən pərdənin dalında söhbətə qulaq asır.
Elçin
Reyhan, mən onu tapacağam... Anamın namusunu tapdalamaq istəyən o cəlladdan bir intiqam alacağam... Əgər onun üçün həyatımı qurban vermək lazım gəlsə də, bir an belə tərəddüd etmərəm... Söylə, haradadır mənim anam?
Reyhan
Eşidirsənmi, sənin gəlişindən xəbər tutdular.
Elçin
Demək, bilmirsən? Sən ürəyini sıxma, əzizim... Bu qanlı vuruşmalar tezliklə qurtaracaq, insanların əbədi səadəti, bizim taleyimiz güləcək... İntiqam alovu ilə yanan ürəklərimizdə yalnız məhəbbət duyğuları çırpınacaq...
Reyhan
İnan, Elçin, mən onu səbirsizliklə axtaracağam.
Söhrab
Elçin... Elçin, tez ol, gələn var...
Elçin
Gəlirəm, Söhrab, gəlirəm... Reyhan, Zibeydə xatunun oğurlanması bütün Ağvanı ayağa qaldırmışdır. Qoy bilsinlər ki, Zibeydə xatuna toxunan əlləri dibindən kəsib atmaq üçün Ceyran düzündən Qartal kimi atlılarımız üstünə şığıyıb gəlir... Əlvida, əzizim... Gün doğanda məni də, atam Cavanşiri də burada gözlə (Elçin gedir)
Reyhan
Ata... Ata... Sən onu – ipək ürəkli Elçini də qəzəbləndirdin... Nə üçün?
Bəhram daxil olur.
Bəhram
Sənə nə olmuşdur, qızım, niyə çığırdın?
Reyhan
Nə üçün ata, nə üçün?
Bəhram
Səndəki bu həyəcanın səbəbi nədir, qızım? Əgər düşmənin hücumundan qorxursansa, arxayın ol, mən vuruşma meydanından gəlirəm... Cavanşir məğlub olur, geri çəkilir. Kayan ordularının qələbə bayrağı Ağvan dağlarının zirvəsində dalğalanır...
Reyhan
Onun anası, yox... yox bu rəzalətdir ata...
Bəhram
Rəzalət, bu nə sözdür? Söylə görüm səni qəzəbləndirən nədir?
Reyhan
Elçin... Elçin...
Bəhram
O kimdir, qızım?
Reyhan
Atacan, yalvarıram sənə, onu məndən soruşma...
Bəhram
Bu sirmidir, Reyhan? Sən heç bir şeyi öz doğma atandan gizlətmə, qızım. Mən səni kiçik yaşlarından qollarımın üstündə böyütmüşəm. Sənə özüm lay-lay demişəm. Mən sənin səadətin üçün hər bir fədakarlığa hazıram. De, qızım, nə olmuşdur?
Reyhan
Əgər səndə zərrə qədər məhəbbət varsa söylə ata, Zibeydə xatun hanı?
Bəhram
Zibeydə xatun? Sən hara, Zibeydə xatun hara?..
Reyhan
Mən Cavanşirin oğlunu...
Bəhram
Susma, qızım, söylə, nədən qorxursan? De qızım, mən sənə – bir balamın qara gözlərinə and içirəm ki, sənin hər bir arzuna əməl edəcəyəm. De qızım, dərdin, istəyin nədir?
Reyhan
Mən onu... Elçini sevirəm...
Bəhram
Sevirsən?
Reyhan
Dünyalar qədər...
Bəhram
Mənim qızım, mənim qan düşmənimin oğlunu sevir... Bəlkə mən yanlış eşitdim. Bəlkə qulaqlarım məni aldadır...
Reyhan
Yox, atacan, Elçini sevirəm, ölüm belə onun məhəbbətini mənim qəlbimdən çıxarda bilməz. Yalvarıram sənə, ata, Zibeydə xatunun yerini mənə de, Elçin kimi bir oğulun anası bu rəftara layiq deyil...
Bəhram
Yoxsa səni o quduz canavarların balası yoldan çıxarmışdır?
Reyhan
Ona toxunma, ata. Onun qəlbi büllurdan belə safdır. Onun anası Zibeydə xatun...
Bəhram
Mən Zibeydə xatunun qanını içməyə belə hazıram... Mən...
Reyhan
Qadından intiqam almaq? Yox, ata, bu sənin, bütün nəslimizin şəninə ləkə vurar. Yalnız düşmənlərimiz deyil, dostlarımız da, elimiz-obamız da sənə nifrət edər. Hamı sənə lənət oxuyar. Ulu Hürmüzə and olsun ki, Zibeydə xatunun başından bir tük belə əskik olarsa, mən özümü həlak edərəm...
Bəhram
Bəlkə sən düşmənə satılmısan? Mən Zibeydə xatunu odlara atıb külə döndərəcəyəm...
Reyhan
Yox, yox, heç vaxt. Sən yalnız mənim cənazəm üstündən keçib bu cinayətə əl ata bilərsən... Ah... ata...
Bəhram
Suss... Mən şüurumu itirirəm...
Reyhan
Vur... öldür...
Bəhram
Rədd ol qəlbimdən, bala məhəbbəti...
Reyhan
Vur...
Bəhram
Bəsdir, daha mənim səbrim tükəndi...
Reyhan
Nə üçün dayandın, vur...
Bəhram
Rədd ol...
Reyhan
Vur, cəllad ata...
Bəhram
Reyhan...
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/mehdi-huseyn-cavansir-on-ucuncu-sekil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
QafiyəEy dörd hərfli, salamımı qəbul et,
Gəraylı: Ala gözlü nazlı yardanAla gözlü nazlı yardanMən dönərəm, könül dönməz,
Oldı hüsnün dəftəri bu gönlümə ümmül-kitabOldı hüsnün dəftəri bu gönlümə ümmül-kitab,Aləmə andan açıldı rahi-iman fəthi-bab.
Yeddi tuman, yeddisi də zəncirəYeddi tuman, yeddisi də zəncirə,Qorxum budu dal qapıdan xan girə.