I

Hələ gün çıxmamışdı. Təkdənbir əsən meh, həyətdəki badam ağacının xırdaca yarpaqlarını tərpədirdi və bu yarpaqlar tərpəndikcə, elə bil iki sevgili haradasa gizlənib yavaşcadan pıçıldaşırdı.

Bir az bundan əvvəl samovara od salıb yan tərəfdə oturmuş Əminə xala, yarpaqların pıçıltısını eşidirsə də, buna əhəmiyyət vermirdi: onun gözləri yol çəkirdi.

“...Ana! Dünən çox vuruşduq. Qabağımızdakı faşistlərin sayı bizdən beş dəfə çox olardı. Onların pulemyotları yağış kimi güllə yağdırırdı. Mən komandirimizin sol tərəfində durmuşdum. O bərk yaralandığına baxmayaraq, həmişə bizə ürək-dirək verirdi. Mənə də tez-tez, – Qorxma, Salman, – deyirdi, – gözlə, lap yaxına gələndə atarsan.

Mən əlimdəki qumbaranı hazır tutub düşmənin daha da yaxınlaşmasını gözləyirdim. Onlar sürünə-sürünə qabaqkı dikdirə çıxdılar. Mən az qala nəfəs almayıb komandirin əmrini gözləyirdim. Komandir əli ilə “Səbr elə!” işarəsini verə-verə, gözlərini düşmən gələn tərəfdən çəkmirdi. Birdən faşistlər ayağa qalxıb üstümüzə şığıdılar. Mən əlimdəki qumbaranı atdım. Bilmirəm dördümü, beşimi toz-torpağa qarışıb qaldı.

Ana! Mənim gülləm qurtarmışdı. Süngü davası başlandı. Gərək özün burada olub görəydin. Yalan olmasın, hərəmiz bir aslana dönmüşdük. Vuruşurduq, nə vuruşurduq... Faşistlər zərbəmizə dözməyib geri qaçdılar. Ax, ana, bu vaxt pulemyotumun bircə daraq patronu olaydı, gör onda heç bir faşist də sağ qaçıb qurtula bilərdimi!..”

Əminə xalanın gözləri yol çəkirdi. Oğlunun məktubunu azı yeddi-səkkiz adama oxutdurub tamam əzbərlədiyi halda, bir də təzədən oxutmağa bir adam axtarmaq fikrinə düşdü. Onun xəyalında ancaq bu sözlər dolanırdı: “Bircə daraq patron... Neyləyim?.. Bu iş əlimdən gəlmir, oğul... Yoxsa, bir daraq nədir, lap yüz daraq yollardım. Qalın corab deyil ki, gündə üç cüt toxuyam. Neyləyim?..”

Əminə xala samovarın səsinə fikrindən ayrıldı, tez durub samovarın qapağını götürdü, yanaqlarına dəyən isti buğdan üzü, alnı tərlədi. “Neyləyim, oğul, samovar deyil ki, o dəqiqə çayını dəmləyib hazır eləyim!”

Ananın xəyalından qəribə bir fikir keçdi: “Yox, sənə patron yollamayacağam. Onu hökumətimiz verər. O, heç vaxt sənin darda qalmağına razı olmaz. Mən səndən ötrü qiymətli bir şey saxlamışam. Var-dövlətdən kasıb da olsam, dar gündə düşmənə möhtac olmaram”.

Əminə xala tez çaynikə su aldı, samovarın qapağını yerinə basdı, “sonra yadımdan çıxar” deyə fikirləşib evə girdi.

Divar şkafının lap yuxarı gözündən alabəzək bir boğça çıxarıb döşəməyə qoydu; əli titrəyə-titrəyə boğçanı açdı. Burada hər nə desən vardı: ipək, şal, müxtəlif rəngdə qadın corabları, krep-deşin... Hamısını oğlunun nişanlısı üçün saxlamışdı. Boğçadakı şeyləri Əminə xala düz on ildə alıb yığmışdı. Hər dəfə açıb baxanda, ürəyi tel-tel olurdu. Ölməyib o günü görsəydi, heç dərdi olmazdı.

Əminə xala parçaların arasından nə isə götürüb yaylığa bükdü, qoynunda gizlətdi, sonra gəlib samovarı mizin üstünə qoydu. Uşaqlarını səslədi.

– Qalxın, bu qədər də yatmaq olar?

Yayın isti gecəsindən sonra bir qədər sərinləşən havada uşaqlar rahat nəfəs ala-ala yatırdılar. Əminə xalanın zil səsi, onların halına təfavüt etmirdi. Yalnız sonbeşiyi ağzını marçıldatdı, üzünü divara sarı çevirdi. Əminə xala onları çox istəsə də, uşaqlarını ərköyün böyüdən analardan deyildi. Elə-belə çağırıb oyada bilməyəcəyini görəndə, cəld onlara yanaşdı, hərəsinə bir dürtmə ilişdirdi; əlbəttə, bərkdən yox, yavaşcadan. Uşaqlar qalxıb geyindilər. Bir dəqiqədə sual-cavab başlandı:

– Ana, dünən samovarı aparıb fonda vermədin?

– Ana, mis qazanı aparmadın?

– Uşaqsınız oturun yerinizdə... Onu mən billəm.

– Özün demədin aparacağam?

– Dedim, amma aparmıram.

– Niyə ki, ana?

Bu suallar verilənə qədər bir az hirsli olan ana xeyli yumşaldı. Əvvəlcə balacalardan biri soruşdu, amma indi ikisi də gözünü ona dirəyib kirpiklərini qırpmadan cavab gözləyirdi.

– Samovardan nə olacaq? Soruşdum, dedilər, ondan cəmi-cümlətanı üç-dörd top gülləsi çıxar. Azdır də... Ayıb deyilmi?.. Nə var, nə var, Əminə arvad fonda dörd top gülləsi verib... Yox aparmıram...

– Eh, ay ana, sən bizi yoldaşlarımızın yanında niyə utandırırsan... Dünən bütün aləmə dedik axı...

Əminə xala yenə hirsləndi:

– Deməyəydiniz...

II

Əminə xalanın işlədiyi corab arteli fəhlələrinin yığıncağı uzun çəkdi. Çıxışlar qurtarandan sonra kim isə xəbər aldı.

– Bəs Əminə xala müdafiə fonduna bir şey vermir?

Ağız əyənlər oldu:

– Əşi, kasıb arvaddır nə verəcək...

Ömründə söz alıb danışmayan Əminə xala, elə bil bunu gözləyirdi. O, yerindən partladı.

– Niyə, nə olub, kasıbın qeyrəti olmaz?!. – Başladı, nə başladı.

– Mənim toxuduğum corablar həmişə birinci sorta düşüb... Daha mükafat almaqdan yorulmuşam... Kasıb niyə oluram?

– Niyə hirslənirsən, Əminə xala?..

– Hirslənirəm, ona görə ki, haqqım var... Adam danışanda, bir az fikirləşsə, yaxşı olar!..

O bu sözləri deyə-deyə, əlini qoynuna saldı. Oradan səhər yaylığa bükdüyü şeyi çıxartdı, hələ açıb göstərməmiş, sözünü deyib qurtarmağa çalışdı:

– Dava qurtaranatan hər ay beş günlük məvacibim, bir mis qazan, bir mis samovar... Yaz da, nə durmusan, üzümə niyə baxırsan? Bir də ki... – Yaylıq açıldı.

– Bir də ki, bu üzük... Oğlumun nişan üzüyü... Üç min manat vermişəm... Yaz!

Əminə xalanı yaxşı tanıyan müdir razı olmadı:

– Yox, onu saxla, ağır olar. Axı o, sənin ən qiymətli şeyindir, xala.

İndi artelin bütün fəhlələri bu savadsız, az danışan, yalnız işini görüb o dəqiqə evinə qayıdan, sadə qadına baxırdı, ondan cavab gözləyirdi...

Əminə xala duruxdu, müdirə sərt cavab vermək istəmədi:

– Deyirsən ən qiymətli şey?.. Yox, bundan da qiymətli şeyim var...

– O nədir, xala?

Əminə arvadın səsi birdən titrədi, o indi bir ana kimi cavab verdi:

– Oğlum... Ona patron lazımdır... Bildin?..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri