Gəzir
Bilirsənmi, könlüm, yar səndən ayrı,Necə miskin-miskin, natəvan gəzir.Düşüb səhralara şeydalar kimi,Sübhü şam bilməz, hər zaman gəzir,
Bir dilbəri-əla, çeşmi məstanə,Qüssəsindən könül oldu viranə,Bilmirəm ki, neynəmişəm cananə,Hər görəndə məndən belə yan gəzir.
Bu dili-divanə, ey şuxi-ali,Canü dildən sevib ol xəttü xali,Kakili mişkinə aşiq olali,Başın üçün daim sərkərdan gəzir.
Firqətindən qara bağrım olub su,Alıbdır qərarım o zülfü keysu,Mən ölmüşəm löli-ləbindən ayru,Deyirlər ki, cismində bəs can gəzir.
Genə Aşiq unudubdur hər karı,Sevibdir bir şuxi, çeşmi-xunxarı,Ol yanağı mahi, lalə rüxsarı,Necə qıyır, zülfi-pərişan gəzir.
Kitabxana.az · https://kitabxana.az/works/mehemmed-bey-asiq-gezir
← → düymələri ilə keçid, R — təsadüfi şeir