Yenə gözün dolu, ürəyin dolu,Təsəlli sənindir, gileylər mənim.Vallah, öz içimdə öz dərdim donur,Vallah, bu gileylər kül eylər məni.

Gözündən ovcuna arx açdın, yetər,Əl atsan, çiçəklər solar, quruyar.Üzünün yanğısı ocaqdan betər,Buludlar quruyar, sular quruyar.

Mən nədən yapışım, nədən barınım,Gözlərin varisi göz yaşlarıdır.Qadın ziynətinin, qadın varınınUcuz mirvarisi göz yaşlarıdır.

Hələ dostlarım var – əli qolumda,Bir dərdə itiyəm, bir dərdə tuşam.Gecədən gündüzə gedən yolumdaBu göz yaşlarına çox uduzmuşam.

Gördüm gülüşündən gülab yağanı,Bir gözü qızıldı, bir gözü gümüş!Duydum bir məqamda o ağlağanı,Gözü ağlayanda qəlbi gülürmüş!..

Dərdiylə, qəmiylə qoşa yatdığımO necə qəfəsdi, o necə səsdi.Büdrəyib aşanda əl uzatdığımDikəlib qalxanda əlimi kəsdi.

Yıxıldım, yıxana qəhmər durdular,O göz yaşlarına inandıqlarım.Gözümdə hörümçək toru qurdular,O göz yaşlarına inandıqlarım.

Qoy belə nə odum, nə közüm olsun,Ayıl bu tənəli söz daşlarından.Götür gözlərimi, dörd gözün olsun,Ağlama, qorxuram göz yaşlarından.

Hələ dostlarım var – əli qolumda,Bir dərddən uzağam, bir dərdə tuşam.Gecədən gündüzə gedən yolumdaBu göz yaşlarına çox uduzmuşam...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri