«Sağlığında qiymət verin insanlara»Cabir NOVRUZ

Göz yaşını tök sinəmə – dəfn elə,Ağlayırsan – sağlığımda ağla sən.Qəhrin varsa, sağlığımda qəhr elə,Ağlayırsan – sağlığımda ağla sən.

Varmı indi ahdan yanan Kərəmlər,Odu odla söndürəcək Sənəmlər?Bir də çətin ələ düşə bu dəmlər...Ağlayırsan – sağlığımda ağla sən.

Gedən gedər, qəmi qalar bir içim,Fərqi yoxdu: ya üç mini, ya üçü...Məzar üstə çoxu ağlar görk üçün,Ağlayırsan – sağlığımda ağla sən.

Qorx ki, sabah qəbirlər də çapıla,«İnciləşən» göz yaşları qapıla,Göz yaşları alverçisi tapıla,Ağlayırsan – sağlığımda ağla sən.

Ölüm odur – başda oturt, baş olmur,Sağlıq odur – təriflərə aş olmur.Daşa da bük, daşı da bük– daş olmur,Ağlayırsan – sağlığımda ağla sən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Ölüm