Sən də köçərisən, mən də, bilirik,Deyən yox özünə: «yazıq köçəri».Göyün dilmancıyıq, yerin diliyik,Hazır yır-yığışı, hazır köçəri!

Haqqa ağ olana ağ olmaq azdı,Vaxtsız həkimləri qayadan asdı.Ölümün qəbrini ölümə qazdır,Desinlər yolunu azıb köçəri!

«Başına ələdik dürr» – deməsinlər,«Nə səmtə hür desək – hür» deməsinlərHər nə desələr də, bir deməsinlər:Qəbrini ölməmiş qazıb köçəri!

Qucaqlar dünyanı, dünyanı duymaz,Tamahı, qərəzi, qəsdi uyumaz.Ərzi yığ gözünə, ay gözüdoymaz,Əlləri dünyaya açıq köçəri!

Araz and içməyi bacarmayana,Arazı keçməyi bacarmayana,Bir qəlbə köçməyi bacarmayana,Bir kəlmə söz yazıb,Yazıb: «Köçəri»...

24 iyul 1986

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Ölüm