Əlim çatmaz, ünüm yetməz
Bir də gəldim, bir də gördüm dağları:Əlim çatmaz, ünüm yetməz...Gündən-günə yüz nərdivan qurarsam –Əlim çatmaz,Ünüm yetməz.
O zirvədə qar buluddu, bulud – qar,O zirvəyə biçilməyə bulud – dar,Əl eləsəm, əlcək olan buludlar –Əlim çatmaz,Ünüm yetməz...
Suda sınıb su sənəyi, deyəsən,Kimsə qırıb bir ürəyi, deyəsən...Havalandı dağ küləyi, deyəsən,Əlim çatmaz,Ünüm yetməz...
Harayladım – qovuşmadı dağ-dağa,Daşdan-daşa qol atmadı dağdağan.İnnən belə şah vüqara –Şahdağa,Əlim çatmaz,Ünüm yetməz...
Yaş artdımı – yağış artır, qar artır,Xan Kərəməm, son mənzilim qar altı...Məmməd Araz Arazda son qaraltı –Əlim çatmaz,Ünüm yetməz...
27 iyul 1986
Kitabxana.az · https://kitabxana.az/works/memmed-araz-elim-catmaz-unum-yetmez
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Uzaqdan-uzağa xoşuna gəlsəm,Məni dindirməyə tələsmə hələ.
Nobel mükafatıNobel mükafatı.... Yazdı qəzetlər,Ucaldı bu adla kiminsə adı.
Şair ömrüFikirli oluram, tutqun oluram,Qanı soyuq bilir dost-tanış məni.
Əlvida, dağlar!Bəlkə bu yerlərə bir də gəlmədim,Duman, salamat qal, dağ, salamat qal.