İkinci məclis
Səhifə 1 / 2
Ikinci məclis vaqe olur Fazil Məhəmməd ibn Yəqubun evində. Oturub Fazilin övrəti M ə ş ə d i Z e y n ə b, başı aşağı, qəmgin; yanında beş-altı yaşında oğlu H e y d ə r öz-özünə oxuyur. Uzaqdan küçə uşaqlarının qiylü qalı eşidilir və küçə qapısını daşa basırlar. Daxil olurlar dəli M o l l a A b b a s və dəli övrəti P ı r p ı z S o n a. Bunları küçə uşaqları daşa basa-basa qovurlar içəri. Məşədi Zeynəb bunları görcək tez durur ayağa və yerdən başmaq tayını götürüb, atır dəlilərin üstə. Dəlilər ağlamsınırlar və bir tərəfdən küçə uşaqlarından qorxurlar, bir tərəfdən də Məşədi Zeynəbin başmaq atmağından özlərini qoruyurlar.
M ə ş ə d i Z e y n ə b (acıqlı). Itilin cəhənnəmə buradan!
P ı r p ı z S o n a. Buy, buy, buna bax, sən allah! Biz niyə cəhənnəmə itilək? (Molla Abbasa) Molla Abbas, sən allah biz cəhənnəmə gedəcəyik? (istəyir ağlaya). Molla Abbas, sən allah qoyma məni cəhənnəmə aparsınlar; mən cəhənnəmdən qorxuram (qorxusundan titrəyir).
M o l l a A b b a s (Sonaya acıqlı). Kəs səsini, bihəya qızı bihəya! (Bir qədər acıqlı baxır Sonanın üzünə). Çəpik çal, oynuyum. (Pırpız
Sona çəpik çalır, Molla Abbas düşür oynamağa).
M ə ş ə d i Z e y n ə b (acıqlı və ucadan). Cəhənnəm olun buradan, yoxsa vallah bu daşnan vurub başınızı yararam! (Əlində bir şey
tutub istəyir ata dəlilərə. Onlar istəyir qaçalar çölə, amma uşaqların qorxusundan qapıdan yenə evə qayıdırlar).
M o l l a A b b a s (az qalır ağlasın). Axı mən hara gedim? Uşaqlar məni daşa basır.
(Sona əyri-əyri baxır. Məşədi Zeynəbin üzünə və birdən onun üstünə hücum çəkib itələyir, Zeynəb ona bir-iki yumruq vurur).
M o l l a A b b a s (ağlaya-ağlaya). Ay arvadlar, siz allah dalaşmayın.
F a z i l M ə h ə m m ə d (daxil olub, başmaqlarını çıxardır). Genə bu nə qiylü qaldı? (Molla Abbasa). Genə bu küçə uşaqlarını niyə bura yığmısan? Nə istəyirsən bunlardan?
Min dəfə sənə demişəm bu colma-çocuğa qoşulma. (Sonaya) Hə, Sona, kefin necədi, qızım?
(Sona da, Molla Abbas da ikiqat baş yendirirlər və bir söz demirlər).
F a z i l [M ə h ə m m ə d] (Molla Abbasa) Abbas, genə səndən yana giley-güzar eşidirəm; genə səndən şikayətlər qulağıma çatır. Bir az özünə toxtaxlıq ver; axı eyibdir. Sən mənim ata bir, ana bir qardaşımsan; sən camaatı üstünə güldürəndə, mən xəcalətimdən küçəyə çıxa bilmirəm. Vallah biabır olmuşam. Bir də bu qədər küfr, nasəza danışmağı tərgit: allah ilə, peyğəmbər ilə işin olmasın, yoxsa camaat səni səngsar elər.
Dəlilər ikisi də Fazilə təzim edirlər, Zeynəb də oturub qulaq verir.
F a z i l [M ə h ə m m ə d] (Molla Abbasa). De, de, de, görüm axı nə vaxtadək dəlilik eləyəcəksən? Axı bir söz de görüm nə deyirsən?
M o l l a A b b a s (Fazilə). Dadaş, izin ver oynuyum.
P ı r p ı z S o n a (Fazilə). Fazil dadaş, izin ver mən də oynuyum.
F a z i l [M ə h ə m m ə d] (acıqlı). Siz gərək mənnən zarafat eləməyəsiniz; mən Faziləm, mənə hörmət lazımdı. Tutax ki, mən izin verdim; siz mənim yanımda nə tövr cürət edib oynarsınız?
M o l l a A b b a s (guya bir şey tapıb). Buy, dadaş, vallah oynaram. Istəyirsən oynuyum? (əllərini qalxızır ki, oynasın).
F a z i l (çığırır). Sarsaqlama!
Molla Abbas qorxub qaçır çölə.
[ P ı r p ı z ] S o n a. Fazil dadaş, gör mən nə yaxşı oynuyuram (Sona əllərini qalxızır ki, oynasın, görür ki, Fazil dinmir; başlayır süzüb oynamağa. Saçları çiyninə tökülmüş halda süzə-süzə dolanır, gəlir Fazilin qabağından keçir).
F a z i l [M ə h ə m m ə d] (bir qədər mat-mat tamaşa edəndən sonra üzünü kənara tutub). Lənət şeytana!
P ı r p ı z S o n a. (Məşədi Zeynəbə). Zeynəb, ay qız, dur sən də oyna! (Zeynəb Sonanı itələyir kənara, Molla Abbas oynaya-oynaya
girir içəri).
F a z i l [M ə h ə m m ə d] (Molla Abbasa). Cəhənnəm ol buradan!
M o l l a A b b a s. Dadaş, əgər oynamağıma razı deyilsən, izin ver mayallaq aşım (mayallaq aşır).
F a z i l [M ə h ə m m ə d] (durur Molla Abbası evdən qovur). Cəhənnəm ol! Çıx get! Yoxsa, vallah, bilmirəm ki, nə elərəm! (Molla Abbas
və Sona qaçırlar çölə, ara bir qədər sakit olur).
F a z i l [M ə h ə m m ə ə d] (Zeynəbə). Zeynəb, sənə bir söz deyəcəyəm. (Zeynəb dinmir, qulaq asır). Qulaq as gör nə deyirəm. Şəriətdə belə yazılıb ki, bir kişi ki, dəli oldu, onun övrəti ondan boşdu, onların talağı oxunmuş kimidi; bu mənim bədbəxt qardaşım Molla Abbasın dəli övrəti Pırpız Sonadır ki, mənim qabağımda qol-qıçı açıq gəzir və mən də ona xahi-nəxahi nəzər etməyə məcbur oluram, buna şəriət sahibi bəhər hal razı ola bilməz.
M ə ş ə d i Z e y n ə b (Fazilə). Bəs nə eləmək istəyirsən?
F a z i l [Mə h ə m m ə d] (bir qədər dinmir). Vallah, mən özüm də məəttəl qalmışam; çünki o dəli övrətdən də deyəsən bir haray yoxdu.
(Bir qədər dinmir). Xub, dur gör Sona hara qaçdı getdi? Onu bir çağır gəlsin danışdırım. (Zeynəb çıxır, uşaq da onun dalınca qaçır. Fazil başını aşağı salıb, fikrə gedir, Zeynəb Sonanın əlindən yapışıb çəkə-çəkə gətirir. Fazil başını qalxızıb Sonanı görür). Sona, yavuq gəl, sənə söz deyəcəyəm. (Sona təzim edir). Sona, gəl razı ol, səni yaxşıca geyindirim, bəzəndirim, yuyundurum, səliqələndirim; amma bu
şərtnən ki, ağıllanasan, dəxi üzü-gözü açıq küçələrə düşüb, dəlilik eləməyəsən.
[P ı r p ı z] S o n a (qorxur, az qalır ağlaya). Fazil dadaş, mən səndən qorxuram.
F a z i l [M ə h ə m m ə d] (yumşaqlıqnan). Niyə məndən qorxursan, qızım?
[P ı r p ı z] S o n a. Qorxuram məni döyəsən.
F a z i l [M ə h ə m m ə d] (mehriban). Qorxma, qızım, döymənəm; niyə döyüm? (yavuq gedir).
[P ı r p ı z] S o n a. Axı mən sənin yanında oynadım, qorxuram acığın tuta.
F a z i l [M ə h ə m m ə d] Yox qızım, acığım tutmur. Istəyirsən genə oyna. (Sona əllarini qalxızır, istəyir oynasın, o tərəf-bu tərəfə baxıb, istəyir gedə çölə).
[P ı r p ı z[ S o n a. Qoy gedim Molla Abbası çağırım.
F a z i l [M ə h ə m m ə d] (qabağını kəsir). Yox, getmə, getmə, dayan, dayan, gör nə deyirəm. (Sona Fazilə baxmayıb qaçır, çöl qapının ağzında durub, qorxa-qorxa Fazilə tərəf baxır. Fazil bir qədər Sonaya baxandan sonra) Ay qız, bizə yazığın gəlsin; əgər o bədbəxt Molla Abbasa yazığın gəlmirsə, barı mənə yazığın gəlsin, ağlını yığ başına. Axı bir mənə de görüm, sən nə deyirsən, nə istəyirsən və özünü bu günə salmaqda xəyalın nədir?
[P ı r p ı z] S o n a. Fazil dadaş, mən imamı axtarıram.
F a z i l [M ə h ə m m ə d]. Necə imamı axtarırsan?[P ı r p ı z] S o n a. Mən imam sahibbəzzəmanı axtarıram.
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-deli-yigincagi-ikinci-meclis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
“Ölülər” faciəsinin tamaşasında əyləşən müsəlman xanımları tərəfindən bəndəyə bir töhfə göndərilmiş ki, ibarət olsun bir səccadədən. Səccadənin üstündə əlvan ipək ilə çiçəklər toxunmuş və gözəl xətt ilə: “Sübhanə rəbbiəl-əla” ibarəsi yazılmışdır. Səccadə ilə bərabər göndərilən məktubda xanım bacılar bəndəni təsirli ibarələrlə alqışlayırlar.Məni yad edənlərə möhtərəm qəzetiniz vasitəsilə izhari-təşəkkürdən əlavə, öz ixlasımı təqdim edirəm və səmimi–qəlbdən deyirəm ki, həmin töhfə gələcək ömrümdə bəndə üçün bir qiymətli yadigar hesab olunacaq.
Həmidə! (12 iyul 1916)Bu gün iyulun 12-də Həştərxandan gəmi ilə Petrovska yola düşürəm. Oradan Vladiqafqaza da dəyəcəyəm. Avqustun əvvəli üçün Şuşaya gəlmək fikrindəyəm. Ev üçün bərk darıxıram.Sənin, uşaqların və Ələkbərin kefi necədir? Mənə Vladiqafqaza, İran səfirliyinin adresinə kağız yaz.
Əzizim Məmmədəli! (10 fevral 1917)Kağızın mənə bu gün çatdı və haman saat poçt banderolu ilə “Sovqat” idarəsinə sənin adına yüz dənə jurnal göndərdim...Bə hər hal bu dəfə belə oldu. Gələn həftə sənə üç yüz göndərərəm.
Məmmədəli! (23 ya 24 fevral 1917)Bakıdan Məhəmmədəli Rəsulzadə, Abdulla Heydərzadə, Abdullayev – ki, Vrangelski küçədə olur – və bir də “Sabir kitabxanası” sahibi Abbasov məndən teleqrafla jurnal istəyirlər satmağa. Bəlkə sən onlarla yollaşasan ki, onlar da sənə kömək edələr. Və bir də mənim balaxanılı dostlarımın adresini mənə yaz, onlara jurnal göndərim; Xeyrulla və yoldaşını deyirəm və Əmirhacıyan dostumuzu.“Sabir kitabxanası” əlli manat göndərmişdi qabaqca. Bu gün geri göndərirəm pulunu.
Başqa şairlərin şeirləri
Bir əldə göz yaşım, birində namə,Zikr edirəm bir ağanı dilimnən.
Edər hər qəmzədən məqtul yüz canı qara gözlərEdər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.
نیکنامی نباشد، از ره عجبخنگ آز و هوس همی راندن
Vəh, necə kəc gərdiş eylər cərxi-kəcrəftar kəcVəh, necə kəc gərdiş eylər cərxi-kəcrəftar kəc!Əsr gəcdir, dovr gəc, dovrani-bədkirdar kəc.