Heykəl açılışı
Bu noyabrın 17-də böyük bayram günü Azərbaycan türklərinin sevgili şairi Sabirə dikəlmiş heykəlin açılı oldu.
Şəhərimizin anlaqlılarının çoxusu orada görsənirdilər.
Maarif Komissarı Şahbazi öz nitqində yeni yazıçılarımızı və cavanlarımızı Sabirin ruhu ilə ruhlandırmağa çağırdı. İkinci danışan Nəriman Nərimanov yoldaş olub, söylədi:
“Sabir Nikolay hökumətinin ən qorxulu günlərində heç kəsdən qorxmayıb, özünün kəndli və fəhlə tərəfdarı olduğunu hamıya bildirdi: öz şerləri və yazıları ilə kəndlilərin və fəhlələrin haqlarını müdafiə edirdi: zalımların bunlara etdikləri zülmlərini açıqca üzlərinə söyləyirdi. Buna görə heç kəs təəccüb etməsin ki, ilk dəfə Sabiri yad edən və ona yadlıq (heykəl) dikəldən biz kəndli və fəhlə tərəfdarları olduq”. Nitqinin axırını indiki və gələcəkdəki türk şairlərimizin Sabir kimi olmaları arzusu ilə qurtardı.
Üçüncü danışan, Ağamalı oğlu, Sabirin şair kimi meydana çıxması ilə Azərbaycan türkləri üçün yeni bir dövrə başlanmasını, bu dövrənin bərəkətindən kəndli və fəhlələrimizin ayılmalarını, bunların tərəfdarlarının çoxalıb, inqilab yapmalarını və müvəffəqiyyət qazanmalarını söylədi.
Nitq söyləyənlərin və hazırda olanların hamısının əksi alındı.
Bu yığıncaqda gözə çarpan bircə əskiklik var idi: o da bu idi ki, Sabirin təbinin atının iti qaçışına gözəl və geniş meydan hazırlayan Molla Nəsrəddin orada görsənmirdi, çünki bu açlışın nə vaxt olması xəbərini ona heç bildirməmişdilər.
Yeni əlifbaçı
“Yeni yol”, 25 noyabr 1922, № 10
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-heykel-acilisi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mənim Manyanın bacısına yüz manat borcum var. Neçə il bundan qabaq məvacibi qalıb, qəbz vermişəm. Qəbzin tarixi 7 iyun 1907-ci ildir. İndi borcunu istəyir. Abunə pullarından haman qıza yüz manata kimi düzəlt ver. Verəndə qəbz al ki, filan tarixdə olan borcu babətindən filan qədər pul yetişib. Əgər birdən versən, qəbzi al saxla.Faiq əfəndi yəqin ki, gedib. Getməmiş olsa, salam söylə. Manyaya, Əbilə və Əziz ilə Əhmədə de ki, mənə kağız yazsınlar.
Əzizim Məmmədəli! (1 mart 1911)Dünən ittifaqən Həmidədən bildim ki, mən Tiflisdən buraya gələndən sonra jurnalı litoqrafiyada tək-tək çap etdirmisən, nəinki iki nömrəni bir daşda. Guya material olmamağı buna bais olub. Heyf ki, mənə bu əhvalatı heç yazmıyıbsan. Əgər bilsəydim, razı olmazdım, çünki belədə çap baha oturur. Bu xüsusda mənə müfəssəl yaz görüm əhval nə cürdür və nə səbəbə mətbəə buna razı olub, görə-görə ki, belədə çox təfavütü var. Bundan sonra nə qayda üzrə qabaqlarda idi, helə də çap etdir ki, iki nömrə birdən çap olunsun.Sabirin əhvalından mənə hər dəfə yaz.
Əzizim Məmmədəli! (14 may 1911)Yüz manat çatıbdır. Bu gün açıq kağızın da çatdı. Amma təəccüb ki, Rəştdən Həsən Ağa Həriri giley yazır, çünki onun jurnalı ləng gedir.Sən hesabları çox yubadırsan. Bunun hər bir zərərindən savayı, bir böyük zərəri də budur ki, beləlikdə mən heç bilə bilmirəm ki, məsələn, nə qədər jurnal göndərim. Çünki belə məlum olur ki, sən (jurnalın) satıla bilməyib qalmağına və geri gəlməyinə əhəmiyyət vermirsən. Bir surətdə ki, kağızın indiki bahalığı əsrində bunun ziyanı küllidir. Odur ki, hər həftə açıq kağızla yaz ki, filan qədər satılıb və filan qədər qalıb ki, ona görə də mən Bakı üçün jurnal çap elətdirim. Hesabları da iki həftədən uzağa heç qoyma. Amma indi yeddinci nömrədən başlamış sabah on ikinci nömrə çap olunur ki, hesabını sən mənə göndərməlisən. Bunun vəchindən mənə çatıb 50 və dünən 100 manat.
Həmidə! (10 oktyabr 1911)Yadımdan çıxdı sənə xatırladım ki, dəmir yolu ilə gələndə yumşaq vaqona bilet alasan, çünki xəstəsən, gərək yolu rahat gələsən.Cəlil