İrs
İrs iki qismdir. Yaxşı, ali imarət, gözəl bağ içində növ-növ meyvə ağacları, evin içində hər qism əşya. Və belə də ola bilər ki, birisinin atası ölən gündən üç gün sonra borc sahibləri gəlib deyələr ki, “çıx evdən, buranı atan bizə satıb”.
İranı indi biz o halda görürük ki, borc sahibləri gəlib durublar iranlıların başının üstündə və deyirlər: “çıxın buradan, buranı atalarınız bizə satıblar”.
Allah cəmi vəfat edib gedən atalara rəhmət eləsin! Amma söz burasındadır ki, lazımdır atalara təfavüt qoymaq: bəzi atalar ki, övladlarının fikrinə qalırlar, – bunlara bir cür rəhmət oxumaq lazımdır; bəzi atalar da ki, deyirlər: “Övladın canı cəhənnəmə!” –bunlara da bir cür rəhmət oxumaq lazımdır. Amma təfavüt gərək olsun.
Bu məsələyə, necə ki, lazımdır, diqqət eləmirik. İranlılar yapışıblar Molla Nəsrəddinin yaxasından və elə bilirlər ki, Molla Nəsrəddin olmasa idi ingilis hökuməti İrana bac verəcək idi; ta demirlər ki, xeyr, baba, vallah, tallah, belə deyil. İran çoxdan satılıb. Əgər hirsiniz cuşə gəlib, axtarın mərhumların qəbirlərini tapın və bir balaca daş yerdən götürün, durun qəbrin baş daşının üstündə və səkkiz dəfə tıqqıldadıb Hafizin bu şeirini Bayatı-Şiraz havası ilə oxuyun.
Dərdü qəm on kəsi ki, mərdi-üqul,
Nə berahü nə şiveyi, nə üdul.
Bamədadan ki, mah həfti-həsar
Nə zəli, tısbağa, çalar səni mar.
Yəni ey rəhmətliklər, siz ki, burada qəbrin dəriçəsindən indi huri və qılmanlar ilə zəbərcəd danələrini sayırsınız, nə rəvadır ki, borc sahibləri bizi vətəndən çıxardalar? Allah izə “rəhmət” eləsin.
Hünər hünər üçündür, hünər bir Allah üçündür. Bir də o kəs üçündür ki, İranı satan atalarımızın qəbrini nişan verə. Vallah, bir az fikir eləmək lazımdır.
Biz Məhəmməd Əlidən inciyirik ki, niyə Təbrizdə göyçək uşaqlara qara geydirib, məhərrəmlikdə göndərdi məscidə ki, şam yandırıb düzsünlər taxçalara; məgər məscid mütrüb yeridir?
Yox, yox, Məhəmməd Əlidən nahaq yerə inciyirik: vətən çoxdan satılmışdır və Məhəmməd Əli olmasaydı, Napalyon gələydi, – bir çarə tapa bilməyəcək idi.
İndi heç bir şey qalmayıb, məgər ki, adam olaq və papağımızı qabağımıza qoyub, görək kimdir iranlıları yetim qoyanlar?
İranı əcnəbilərə satan o kəslərdir ki, biz onlara həmişə rəhmət oxuyuruq. Bir tərəfdən padşahlar məmləkəti xərcləməyə məşğul olublar, bir tərəfdən də “üləmayi-giram”ımız “şəri” məsələlərlə bütün ömrümüzü məşğul edib, dünyamızı əlimizdən alıblar və ancaq behiştə daxil olmağa nisyə bilet veriblər. Bunlar da keçə, ya keçməyə. Allahü ələm.
Təmsil üçün götürək Buxara şəhərini. Elə bil ki, bura bir İrandır, məsələn, Əmir həzrətləri bir saatlığa İran padşahı, məsələn, Nəsrəddin ya Müzəffərəddin şah. Bəli, indi gələk üləmaya: əlşeyxəl Fazil əl müfti molla Əbdürrəzaq şah həzrət cənab aliləri də olsun Nəcəfüləşrəf müctəhidimiz. İndi mən müsəlman qəzetlərindən bircə bunu soruşacağam (amma, mən ölüm, insafla cavab verin):
Sual:
Nəsrəddinlər, müzəffərəddinlər vətəni yavaş-yavaş torqa qoyanda nə vaxt üləmamız tərəfindən avam camaata işarə olundu ki, “ey yazıqlar, huşyar olun! Vətən əldən gedir”?
Həmçinin Büxara üləması. Müsəlmanlar elə hər yerdə bir cürdür.
Mən sözümü qurtarıram. Məşədi qardaşlar mənə güllə yağdırınca yaxşı olardı ki, bir yarım saat mənim xatirim üçün fikrə gedəydilər; yoxsa Rüstəm pəhlivan kimi qollarını çirməyib, düşürlər meydana və qoca Molla Nəsrəddini davaya çağırıb meydan sulayırlar, – necə ki, “Şahnamə”də də yazılıb:
Mənəm pəhlivan, eylərəm nərə, mən,
Nə Cavid şair, çərən, ya pərən.
Bu laməzhəbin, Mollanın jurnalı,
Vurun, öldürün, ay gədə, Səbzalı!
Sağlıq olsa yenə danışarıq.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 7 mart 1910, №10
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-irs
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir vaxt var idi ki, türk cavanları öz doğma ataları adlarının quyruğuna ”ski” sözünü yapışdırmağı özləri üçün fəxr hesab edirdilər.Bir vaxt vardı ki, ”Naxçıvanski”lər, ”Yerevanski”lər, və ”Qadcinski”lərə desəydin gəl adını ”Naxçıvanlı” elə – onu hörmətsiz eləmiş kimi olardın.
Gəncə qiraətxanasıİnsanın bəxtindən çox şey asılıdır. Əgər bəxti var – xoşbəxt olacaq. Əgər bəxti yoxsa, bədbəxt olacaq. Şübhəsizdir.Bu da adamın özü ilə deyil. Hər nə ki, insanın alnına yazılıb, o da olacaq. Əgər yaxşı yazılıb – yaxşı olacaq. Yaxşı yazılmayıb – yaxşı olmayacaq.
İki dilbərHeşəstçəm-be miyan...Mənim evim rus kilsəsi ilə Təzəpir məscidinin ortalığındadır. Onun üçün ki, dünyada məndən də xoşbəxt bir insan gərək olmasın. Kilsənin zəngi vurulanda evimizdə danışmaq mümkün deyil. Çünki bir danışan o biri danışanın səsini eşitməz.
Savad məktəbləriMən bu məqaləni o qəsd ilə yazmıram ki, savad məktəblərinə əmələ və kəndlilərimiz həvəs göstərsinlər və həmin məktəblərə şövq ilə doluşub savad öyrənsinlər.Niyə o qəsd ilə yazmıram?
Başqa şairlərin şeirləri · Satira
Özgələr dərs oxuyur, alimi-ferzane olur,Özünə, millətinə qövli-həkimanə olur,
İranlı dedi – bildimİranlıların mən hamın həmmal sanıram,Tacirlərə bir kan imiş Iran, nə bilim mən.
Orucluğun proqrammasıGəldi yenə orucluqMeydanə, ay can, ay can!
Dad çəkməkdənƏ.Müznib əfəndiyə nəzirə*Tükəndi ömrümüz millət yolunda dad çəkməkdən,