Müftə şöhrət
İki qəbil söhbət dünyada vardır: biri – müftə şöhrət, biri-qiymətli şöhrət.
Qiymətli şöhrət elə bir şöhrətdir ki, onu qazanmaq üçün gərək zəhmət və qeyrət sərf edəsən, ya bir qabiliyyət göstərəsən.
Müftə şöhrət də odur ki, boşboğazın biri qəzet idarəsinə bir gurultulu yalan xəbər gətirə, sən də ona inanıb çap edəsən və beləliklə, dünyaya gurultu salasan və müftəcə şöhrət qazanasan.
Keçən iyun ayının 26-da “Vışka” qəzetində Xalq Maliyyə Komissarlığı barəsində yazılan gurultulu məqaləni oxuyanda yəqin eləmək olardı ki, Xalq Maliyyə Komissarının və onun müavinlərinin də dəxi işi bitdi. Çünki həmin qəzetdə yazılmışdı ki, aparat dağılmaqdadır, vergi idarəsi ilə xüsusi alverçilər arasında rabitə təşkil olunub və müvəhhəş kabinədə komsomol qızlar zorlanır və qeyri.
Amma indi nə məlum olur? Məlum olur ki, mərkəzi kontrol komissionu tərəfindən aparılan və bir aya qədər davam edən təhqiqat nəticəsində səlahiyyətdar firqə orqanlarımız müəyyən etmişdirlər ki, Xalq Maliyyə Komissarlığının vergi işləri aparatı vergi alınması işinə dair yürütdüyü siyasətində düzgün sinfi xətti-hərəkət götürmüş, vergi qalıqlarını toplamaq işində lazımi qədər çalışmış, maliyyə siyasətimizə dair bütün direktivləri həyata keçirmiş və ümumiyyətlə, iş, fəaliyyət nöqteyi-nəzərincə böyük bir müvəffəqiyyətlə çalışmışdılar və qız zorlamaq söhbətləri də yalan imiş.
Qəzetlər bu barədə yazıb xəbər verirlər ki, mərkəzi kontrol komissionun qərarını işçilər böyük razılıqla alqışlayacaqlar. Səbəb budur ki, komissionun bu qərarı dövlət aparatımızın mühüm bir cəhətini təşkil edən və maliyyə işlərimizin düzgün bir surətdə də getməsinə çalışan Xalq Maliyyə Komissarlığının fəaliyyətini çox doğru olaraq göstərir.
Amma qəzetlər bunu da yazırlar ki, düşmənlər də məyus bir vəziyyət içərisində qalacaqlar.
Doğrusu, burada bir nöqtə var ki, mən onu yaxşıca düşünə bilmirəm.
Əlbəttə, düşmənlər ki, var Şura hökumətinin hər bir nöqsanına və əskikliyinə şad olacaqlar və habelə hər bir müvəffəqiyyətinə naşad və məyus olacaqlar, çünki onların da təklifi budur.
Amma bir şey də var ki, “Vışka” qəzetində dərc olunan gurultulu məlumatın nəticədə əsilsiz çıxmağı axır bir adamı da məyus bir vəziyyətdə qoya ki, o da ibarət olsun qəzetə bu əsilsiz məlumatı yetirən Kunitsin yoldaşdan. İndi mən burada bilmək istəyirəm ki, Kunitsin yoldaş həqiqətdə məyus olacaq, ya yox? Mənim bu sualımı siz səhl saymayasınız gərək, səbəbi budur ki, qəzetlər deyirlər ki, komissionun qərardadı bizim düşmənlərimizi məyus edəcəkdir. Əgər burada vaqeən Kunitsin yoldaş da məyus olacaqdır, onda biz onu da düşmənlərimizin cərgəsinə daxil edək. Amma belə də deyil, valliahi-ələm.
Amma doğurdan da, iyun ayının 26-da zalım oğlu dünyaya yaman gurultu salmışdı. Elə bilirdim ki, dəxi Maliyyə Komissarlığının pilləkanının baş pilləsindən aşağı pilləsinə kimi hamısının dəxi işi bitəcək.
Allah hər işin axırını xeyir eləsin, necə ki, başıbəlalı Maliyyə Komissarlığımızın işinin axırını xeyir elədi.
Molla Nəsrəddin
“Molla Nəsrəddin” 2 avqust 1928, №31
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-mufte-sohret
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Atalar yaxşı deyiblər ki, qənaət kimyadır; hər bir şey çox işlənsə, əlbəttə tez qurtarar. Götürək Nuxa cavanlarını ki, bir-birilə müsəlmanca danışanda müsəlman sözlərinə qənaət eləyib, aralığa rus sözləri qatırlar. Və yaxşı da eləyirlər; əgər belə eləməsələr, yəni əgər müsəlman sözlərini çox işlətsələr, əlbət ki, yavaş-yavaş qurtarar; çünki bir şey çox sərf olunsa, tez də qurtarar.Xüsusən, pul.
Qurddan çoban“İttifaq” qəzetəsinin 112-ci nömrəsində “Qurddan çoban” adlı məqaləsini uzaqdan görən kimi öz-özümə dedim ki, vallah, bu qəzetələr bilmirəm bu mollalardan nə istəyirlər, nə daraşıblar bu axund və əfəndi və şeyx və müftilərin canına? Başdan bir-iki sətir oxuyub gördüm ki, söhbət Türküstan vilayətindən başlanıb və mən o saat yəqin elədim ki, məqalə sahibi Səmərqənd müftisi Məhəmməd Bəqa xasəyə qurddan çoban ad qoymaq istiyir. Bir az da məqalədən oxudum gördüm “Türküstan vilayəti qəzetəsi”nin də söhbəti aralığa gəldi və indi dəxi lap yəqin elədim ki, bəli, biçarə Məhəmməd Bəqanın evi yıxıldı. Yəqin elədim ki, məqalə sahibi axırda mətləbi bu yerə yetirəcək ki, Səmərqənd müftisinin başına özgə bir qəzetə qəhətdir ki, Ostroumov kimi bir misyonerin qəzetəsində uzun-uzun felyetonlar yazır.Hərçənd məqalədə Məhəmməd Bəqa xacənin adı yoxdur, amma vallah, bu bijliklər keçməz. Xacə əfəndini belə fəndlər ilə tovlamaq olmaz. Bu ona oxşuyur ki, “qızım, sənə deyirəm, gəlinim, sən eşit”. Əgər həqiqətdə Ostroumov özünü qoyub misyonerliyə və öz qəzetəsi vasitəsilə öz murdar fikrini Türküstan vilayətinin ikiayaqlı heyvanlarına soxmaq xəyalındadır, - elədə bəs Səmərqənd müftisi niyə öz qələmi ilə bu qəzetəyə şərakət edir? Dadaşım, əgər Ostroumov misyonerdi, elədə Məhəmməd Bəqa əfəndi də oldu onun qardaşı və yoldaşı. Əgər sən sübuta yetirsən ki, xeyr, Səmərqənd müftisi misyonerə yoldaş ola bilməz, o vədə mən də səndən təvəqqə edirəm ki, Məhəmməd Bəqa əfəndiyə də bir ad qoyasan.
Qəzetlərdən“Bəyanül-həq” qəzetinin müxbiri molla Əbdülrəşid İbrahimov Yaponiyanın Tokio şəhərindən İstambulda çıxan “Sıratül-müstəqim” məcmuəsinə yazır ki, “mən Yaponiyada hər məclisdə hər gün nitqlər söyləyirəm. Və Yaponiya üləmasına mənim nitqlərim elə təsir bağışlayır ki, gündə bir neçəsi özündən gedir”.Bu xəbəri möhtərəm “Tərcüman” qəzeti yazıb, axırda soruşur ki, aya, görən, molla Əbdülrəşid bu nitqləri ingilis dilində söyləyir, yainki yapon dilində?
Üsuli-cədidBu üsuli-cədid çox qəribə şeydir. Əvvəllər uşağı bir il oxudardılar, yazıb-oxumaq bilməz idi. Amma indi iki-üç ayın içində basavad olur.Nuxada bu üsuli-cədidin tərəqqisi dəxi də artıqdır. Məsələn, keçən həftə Salahlı kəndindən iki ayağı çarıqlı, bisavad kəndli gəlmişdilər Nuxaya ki, bir həftənin içində “üsuli-cədid” vasitəsi ilə mollalığa imtahan tutub şəhadətnamə alıb getsinlər.