Teatr konfransı
Keçən bazar ertəsi günü firqə klubunda teatr konfransı çağrılmışdı. Konfrans bəzi səbəblərə görə təxirə düşdü və dübarə üzümüzə gələn bazar ertəsinə təyin olundu.
Mən bir qoca kişiyəm və teatr işlərindən də o qədər xəbərdarlığım yoxdur. Onunçün də konfrans söhbətini qəzetlərdə oxuyanda, heç bilmədim, bu nə konfransdır və orada nə danışacaqlar, teatrın hansı bir nöqsanını göstərəcəklər və hansı mühəssənatını təsdiq edəcəklər.
Mən ki özüm teatr işlərindən bu saat razıyam: “Bu saat” deyəndə bunun, əlbəttə, bir mənası var: mənası budur ki, keçmiş vaxtlarda teatr işlərimiz və teatr nümayişlərimiz məni o qədər məmnun və xoşnud eləməzdi, nə qədər ki, indi eləyir.
Bunun da ümdə səbəbi budur ki, hər bir şey dünyada tərəqqi eləyən kimi, teatrımız da, şəkk yox, tərəqqi edə gərək, necə də ki, edibdir.
Qeyrilərini bilmirəm, mən indi, keçmişlərə nisbətən hər dəfə teatrdan evimizə şad və xürrəm gedirəm və evə gedib çıxandan sonra da səhnədə gördüyüm mənzərə və tamaşalar gəlib durur gözümün qabağında və hətta bəzən yuxuma da girir.
Vaqeən insan bu beş günlük dünyada ömrünü dil-xoşluqla keçirməlidir. Bu barədə teatrlarımızın xidməti müntəhasızdır. O ikiüç saat ki, orada əyləşib tamaşaya cumursan, dünyada ziqiymət olan, cahan hökmranları arzu etdikləri, quranın iman əhlinə vədə verdikləri hallar, yaranmışlar, nemətlər, ləzzətlər... xülasə...
Keçmiş belə deyil idi. Eşitdiyimə görə, Şekspir və Şiller, Qoqollar və Mirzə Fətəlilər bəlkə bu nöqtəni, necə ki lazımdır, düşünməyiblər. Buna mənim aydın dəlilim budur ki, xah “Hamlet” və “Quldurlar” və xah “Revizor” və “Hacı Qara”lar, ya “Məstəli şah” ilə “Kimyagər”lər
– bunlar mən aciz bəndəyə o qədər təsir bağışlamayıblar, o qədər mənə ləzzət verməyiblər, nə qədər ki, indiki əsrimizin pyes və nümayişləri verir.
Hətta keçən həftə rusca işçi teatrına getmişdim: camaatın əlindən daxil olmaq mümkün deyildi. Ancaq yenə daxil olduq. Qəribə burasıdır ki, tamaşaçıların əksəri – cavanlarla mən tək qocalar idi. Bunun da bəlkə bir sirri var. Bununla işim yoxdur. Amma tamaşa əsnasında Allahtaalanın mən tək asi bəndəsi də tamam bir nəşə içində idi: cavanlar da dama və divara dırmaşırdılar. Gurultular, alqışlar... Qiyamət bərpa olmuşdu.
Bu əsnada həzz uyqusundan ayıldım və düşündüm ki, səhnə dolusu qadınlar rəqs oynadıqları yerdə elə məharət göstərirdilər ki, nəinki “övrətləri”, bəlkə “övrəteynləri” də tamaşaçıların gözünün qabağında idi. Çünki bu şivələr və hərəkətlər nəfis sənətin tələbatı qəbilindən hesab olunur. O səbəbdən ki, Mirzə Fətəlilər, molyerlər, şekspirlər, ostrovskilər bu qiymətli nöqtəni düşünməyiblər, onunçün də indiki pyes yazanlarımız əsərlərinə yersiz balet dəstəsi və rəqs məclislərini yapışdırmağa məcbur olurlar; əks surətdə nə cavanlar o teatra gələcəklər və nə də mənim kimi qocalar gələcəklər.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 10 fevral 1928, №6
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-teatr-konfransi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Farslar deyirlər: hərdən bizim bağdan təzə-təzə meyvələr gəlir.Bizim də Azərbaycan bağımızdan təzə-təzə qış xəbərləri gəlir.
Oruc tutanlar və oruc tutmayanların hesabıAmerikada Şərqi öyrənən cəmiyyətin axır vaxtlarda bir risaləsi çapdan çıxıb nəşr olunmaqdadır. Nyu-Yorkda təb olunan “Pusferton” qəzeti bu kitabçanın bir neçə maraqlı məlumatını öz qəzetində dərc eləyibdir və bu məlumatı Moskvada Şərqi öyrənən cəmiyyətin məcəlləsindən əxz edib, biz də burada oxucularımızın nəzərinə verməyi əhəmiyyətdən xali görmürük.Amerika cəmiyyətinin üç nəfər üzvü – ki, adlarını burada zikr etməyi artıq hesab edirik – keçən il İrandan Bakıya da gəlmişlər ki, bizim onlardan xəbərimiz olmayıb. Onlar bizim məclislərimizin bir neçəsində rəməzan ayında olublar və idarədə oruc yeyənlərin və oruc tutanların əhvalını və miqdarını öyrəniblər və siyahi ediblər. Məzkur müsafirlər gördüklərini öz dəftərçələrində birbəbir təfsilən qeyd ediblər.
Allah vardırVarmıdır Allah?Bu qəbil sözlər axır vaxtlarda tez-tez danışılır.
Növbə gözləməkNövbə gözləməyə indi hər kəsin qulağı qızışıbdır, hamı adətkərdə olubdur.Axşam vaxtı saat yeddi keçəndən sonra hər məhəllədə tək bircə dənə açıq olan kooperativ dükanından bir qutu spiçka almaq üçün on beş dəqiqə növbə gözləmək lazımdır. Habelə indi rəməzan münasibəti ilə məscidlərə daxil olmaq və başmaqları çıxarandan sonra onları ağzıoruc oğrulardan qorumaq...
Başqa şairlərin şeirləri · Satira
Deyirler, çıxdı bir gün Tura Musa,Minacat etdi: “Ey məbudi-yekta,
Çəpər çəkməsinZəmanəmiz Nuşirəvan əsridir,De bağbana, bağa çəpər çəkməsin!
Ramazan ayı qurtardıBitmiş ramazan, bərhəm olur məclisi-ehsan,Nəqdin verərək, nisyə behişt aldı müsəlman,
OlmasınArif odur ki, dəhrdə əhli-ədalət olmasın,Sahibi-əğlü mərifət, kani-səxavət olmasın!