Birinci hissə, səkkizinci fəsil
Səhifə 2 / 3 · 33%
– Mən köhnəlik kəndlilərin avamlığına deyirəm. Avamlıq ilə səadət barışmamışdır, barışmayacaq da.
Rübabə Sadıq kişinin alçaq, daş hasarlı həyətinə girəndə ürəyi döyündü. Nabələdliyindən necə hərəkət etmək lazım olduğunu, bu saat qabağına çıxacaq adamlara nə cavab verməli olduğunu kəsdirə bilmirdi. Ürəyində arzuladı: "Sadıq kişi özü çıxaydı!". Vahidin qolunu buraxmamışdı, sanki ondan kömək istəyirdi. Xəyalına gəldi ki, "kənd yeridir, söz eləyərlər". Tez əlini çəkdi, yavaş və müntəzir addımlarla həyətin bir tərəfində təmiz, şüşə pəncərələri ilə onlara baxan, qoşa sütunlu eyvanını qucaq kimi açıb çağıran, ikimərtəbəli evə doğru yeridi. Alt otağın böyük qapısı cırıltı ilə açıldı. Bir dəstə arvad-uşaq şadyanalıq ilə səslənib, gələnlərin qabağına çıxdılar. Onlar Vahidin əmisi qızı Dilara, qonşu qız Gülab, Gülabın uzaq qohumu Bədirnisə arvad və məhəllə uşaqları idilər. Balaca, uzunsaç, uzuntuman, başmağını sürütləyən bir qız uşağı Vahidin boynuna atıldı.
– Qağam gəldi, ay ana!
Qabağa çıxanların arasında ortaboy, enlisifət bir qadın vardı. Görən kimi Rübabə tanıdı: "Odur, anasıdır".
Qadın ağır-ağır yeriyib, Vahidin boynunu qucaqladı. Sonra Rübabəyə döndü. Onu diqqətlə süzdü, evə gələn bir səadət kimi, sevinc və ürəkaçıqlığı ilə qarşıladı:
– Çox xoş gəlmisən, qızım! Evim-eşiyim sənə qurbandır.
Rübabə onun ehtiramına bircə "sağ olun!" dedi. Bunun az olduğunu hiss edib soruşdu:
– Bəs Sadıq əmi hanı?
Qonum-qonşu Rübabə ilə Fatmanın danışığına diqqət yetirirdilər. Xüsusilə qızlar, nabələd quş kimi geyimi, gəlişi, duruşu və danışığı ilə təzə görünən Rübabənin tamaşasına durmuşdular, maraqla ona baxıb pıçıldaşırdılar, pıçıldaşıb baxırdılar.
Fatma qonaqlara kürsü çəkdi:
– Əyləşin! Oxuyanlar dünən, srağagündən gəliblər. Biz də nigaran qalmışıq. Pirolmuş, əl boyda kağız yazmır, demir, ata-anadır, gözü yoldadır axı?
Vahid əl-üzünü yuyurdu, dəhlizdən qışqırdı:
– Ay ana, qonağın yanında az danla məni!
– Qonaq niyə olur, Rübabə özümüzünküdür. Sənə nə?
– Özümüzünkü yaxşı bilir ki, mən tez-tez kağız yazıram.
Rubabə təsdiq elədi:
– Doğrudur, yazır.
– Yazmağına sözüm yox, amma bir bizə də yazsın da.
Rübabə qızaran kimi oldu, lakin qadının söhbəti göstərirdi ki, o ayrı şeydən danışır.
– Bir çamadan dəftər gətirir. Görürəm, tifıl onları bir-bir əli ilə yazır. Deyirəm, ay bala, barmaqların qabar olar, bu nədir? Bakı dərsi də ağırdı. Amma əl boyda kağıza nə var. Arada yazarsan.
Vahid bacısını yanına çağırdı:
– Necəsən, maral bacım. Böyümüsən, yaxın gəl görüm! Sənə şəkilli kitab gətirmişəm.
Fatma arvad o biri otaqda çay-çörək hazırlayırdı. Gümüş stəkanaltılarını, qaşıqlarını tələsə-tələsə dolabdan çıxarır, mürəbbə, gülab tədarük edirdi. O, qonağının, bəlkə də gələcək gəlininin gəlişinə son dərəcə şad idi, ürəyində deyirdi: "Həyalı balamdır, qapıya gələn inək südlü-bərəkətli olar! Yazın sığırçını kimi uçub gəlib, qədəmi xoş olsun, ilahü".
Vahidin başladığı iş ata-anası üçün, xüsusilə anası üçün qorxulu bir iş idi. Fatma çox görmüşdü, oğlan özgə vilayətlərdə biri ilə danışır. Əvvəllər sözləri bir-birinə xoş gəlir, uyuşurlar, ata-ananın yanına gəlirlər. İki ay keçməmiş evdə mərəkə qalxır, qohum-əqrəba bir-birinə dəyir, gəlin - həyasız qız isə xanimanı dağıdası olur.
Vahidin gətirdiyi qız özünə bab idi. Sadıq kişi Bakıdan qayıdanda "Bir xanəndə qızının bənd olduğunu, Vahidin də, deyəsən rəy verdiyini" söyləmişdi. Hətta onların evinə getdiyini, atasının nəcib adam olduğunu, ondan çox hörmət gördüyünü demişdi.
Bu xəbər ana iftixarı ilə sevinən Fatmanı bir yandan da təşvişə salmışdı. "Zamana qızlarını tanımaq olmur. Quzu kimi uşağını lotuya rast gələr. Uzaq olsun! Başı pozulandan sonra Allah görsətməsin, yığışdırmaq olmaz..."
Kişidən hey soruşdu. Qızın əsil-nəslindən, "cəld-əbasından" tutmuş gün- güzəranına, ev-eşiyinə, boy-buxununa, pal-paltarına, əndamına qədər, duruşuna, oturuşuna, dərsinə, mərifətinə, sözünə-söhbətinə, yar-yoldaşına, tay-tuşuna qədər hər şeyi xəbər alırdı.
Ancaq Bakıda beş günün qonağı olan Sadıq kişi bunları bilə bilməzdi. Bilsə də onda hövsələ nə gəzir, qıçını qıçının üstünə qatlasın, "arvad ilə arvad söhbəti" başlasın.
– Nə bilim, a rəhmətliyin qızı, adamdır də, pis olsa, gedə yaxın getməz. Zamana işlərini o səndən, məndən yaxşı bilir. Xeyir olar inşallah!
İndi daha Fatmanın nə süala-sifarişə, nə də Sadıq kişinin izahına ehtiyacı qalmışdı. Bacasından ay düşmüş - gəlini öz ayağı ilə gəlib çıxmışdı. Fatma Rübabənin gözəlliyinə sevindi, çünki o, qız üçün gözəlliyi şərt sayan analardan idi. Oğlunu evləndirmək fikirlərilə uğraşanda bu etiqadı daha da bərkimişdi. El arasında gözəlliyə uymağı pis sifət sayırlar, misallar çəkirlər.
Amma Fatma ağıllı olsa da, çirkin qızların çoxunu ocaq başında qalan görmüşdü. Fatma arvad da öz gəlini haqqında tələbkar olacaqdı, kamal cəhətinə bəlkə də güzəştə gedərdi, amma çirkinliyinə yox. "Kamalı qazanmaq olur. Sovet hökuməti məktəblər açıb, çobanları dağdan aparıb, dörd-beş ildə oxumuş eləyir, yola salır. Qız uşağını da öyrətmək, isinişdirmək olar. Amma çirkinin əlacı yoxdur, hökumət də düzəldə bilmir.
Göz-qaşını min bəzə,
Biməzəsən, biməzə!
Bir də zəmanə qızları açıqdırlar: "Bacı, - deyirdi, - oğlan ki, yastıq yoldaşını kifir gördü, gözü qıraqda olacaq. Qırağa baxan göz də çaş bitər. Axırı düzəlməz. Brilyant kimi qız olmasa Vahidi adaxlamaram. Qoy ayı qucağında görsün, ulduza baxanda gözü qamaşmasın".
Rübabə bu tələblərə münasib idi. Ucaboy, qaraqaş, alagöz, güləş-qabaq, gərdənli, durna kimi!
Bu təsvir Fatmanın xəyalından keçəndə ixtiyarsız dili tərpəndi. Səs ilə dedi. Vahid ona yanaşıb pıçıltı ilə soruşdu: "Ana, durna kimə deyirsən?".
Fatma oğlunun üzünə baxdı, hər ikisi gülümsədi.
Göyün bir yeri top düşmüş dam kimi sökülmüşdü. Ağ, seyrək buludları aralayaraq, günorta günəşi oradan düz Sadıq kişinin eyvanına, əlində güllü çaynik dayanıb dəmləyən Fatmaya baxırdı. Fatma çayniki samovarın başına qoyub dayandı, üstünə tikmə dəsmal saldı. Gözünü göylərə dikdi. O, fəzada günəşi yox, arıçı evinə gəlin gələn Rübabəni görürdü. Rubabə sanki qəsdən eyvanın qənşərində dayanıb gülümsəyir, salam verirdi. Fatma sükutu ilə, müntəzir duruşu ilə işıqdan və təbəssümdən kiçilən gözləri ilə ona xoşgəldin edib içəri qayıdır, analıq sandığını onun "mübarək qədəmlərinə" tökmək istəyirdi... Bu sandıqda Fatma arvadın nəyi yoxdur...
Hələ oğlu bir yaşa çatmamış, sünnət toyunda kirvənin gətirdiyi töhfələrdən tutmuş bu günə qədər əlinə keçən qiymətli, əziz nə varsa hamısınm üstünə sanki qızıl su ilə "Vahid" yazılmışdı. Belə əziz-girami oğulun nişanlısı quru evə gəlməməli idi. Bunun üçün Fatmanın hər tədarükü var idi. Ağır sandıq seçmə parçalarla dolu idi. Bacı mənə bax, qayçıkəsməz, gendədur, şəmsiqəmər, qaymağıxara, gülməxmər, naz-naz örpək, tirməkürdü, güləbətin, zərxara...
Körpəsini əlində oynadan zamanlar Fatma nəzərində Vahidi böyüdüb gənc bir oğlan eləyər, həmin parçaları geyinən yaraşıqlı bir gəlini onun qabağında, fərş döşənmiş zalda süzdürərdi. Qızın qızıl ətəklikləri xoş və xəfif gülüş kimi səslənər, döşündə babaxanası parıldar, təsəkqabağı yenicə doğmuş ay kimi cilvələnərdi. Oğlan buxara papağını çıxarıb mıxdan asar, qollarını dala əyib, çuxasını soyundurmağı tələb edər, qızüzəncirli saatını taxçaya qoyar, arxalığının ögənini qatlayar, bardaş qurub oturar, əl suyu istərdi...
Bunlar indi Fatmaya nə qədər köhnə gəlirdi. Utandığından bu arzularını dilinə gətirmirdi. Vahid indi komsomol oğlandır. Mühəndislik oxuyur. Qələmi, ağlı-kamalı ilə tanınır. Adaxlısı da özü kimi, "Arıçı oğlu Vahid incinar". Fatma bu xəyaldan sonra dayanar, ürəyində deyərdi: "Belə də olarmış!.. Nişanlısı da özü kimi!.."
Fatmaya heç kəs dərs verməmişdi. Heç kəs sandıqdakı parçaları, təsək- məsəyi, çadra-çarşabı pisləməmişdi. Ancaq nədənsə bunların hamısı onun gözündən düşmüşdü. Gəncliyində, qocalıq günlərinin şadlığı, dincliyi üçün yığdığı bu şeyləri xəyalına gətirəndə məyus və narahat olurdu, övladı üçün elə bir aqibət hazırladığına xəcalət çəkirdi.
Rübabə gələndən sonra Fatmanın sevinci, təlaşı daha da artmışdı. Uzun illərdən bəri gözlədiyi oğul toyu, gəlin gətirmək mərasimi çatmışdı. Xəyal, arzu yox, həqiqət olmuşdu. Öz-özünə deyirdi: "Hanı sənin tədarükün, incinar oğula layiq işlərin hanı? Rübabəyə paltolar gərəkdir, sən çaşıb saxlamısan. Kostyumlar əvəzinə kürdü almısan. Ağır sandıqların, yüngül mücrülərin nəyə lazımdır?.. Kitab şkafları, yazı cihazları, stullar, bufet, patefon, belə-belə şeylər gərək..."
Sadıq kişi Məşədi Qasımla gəldi. Xoş-beşdən, Səttarzadə haqqında əhval soruşandan sonra oğluna döndü:
– Sizin dalınızca çıxmışdım. Son maşın da gəldi, yəqin elədim ki, sabaha qaldınız.
Vahid nəqliyyat ittifaqının maşını ilə yox, ayrı maşınla gəldiklərini dedi. Sadıq kişi həmişəki kimi Bakıdan, qəzetlərdən soruşmamış özü söhbətə başladı:
– Məşədi ilə aşağı düşmüşdük. Bakıdan gələn vardı. Nağıl hazırlığına.
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-aciq-kitab-birinci-hisse-sekkizinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
– Kərim, sən hayanda olursan?– Necə bəyəm?
Sevinc haqqındaHəkimlərdən, psixologiya alimlərindən, ictimaiyyətçilərdən soruşursan:– Sevinc?
Şəfəqdən qalxanlarQızım Ədibəyə*Gecənin zülməti kainatdan çəkiləndə, üfüqdə ilk şüa əlamətləri görünəndə müəyyən etmək olmur ki, gecədir, ya gündüz, qaranlıqdır, ya işıq. Nəinki zaman, hətta məkan və şərait də məchul bir pərdə arxasında, sükunət içində görünür. Gecənin bu vaxtını yəqin ki, az adam izləyir, müşahidə edir. Bu, yuxunun ən şirin vaxtıdır, məxluq yatmış oluı. Ağır, üzücü işdən yorulan, əvvəl axşamın əsəbi, intizarlı saatlarından, fikir-xəyaldan yorulub sağa-sola dönən, çətinliklə yuxuya gedən adamları top səsi də oyada bilməz. Dünyanın ən xoş xəbəri, ən dəhşətli hadisələri, ən cazibəli tamaşası, ən vacib işləri də ağır yatanı oyada bilməz. Amma dünyada yarasına duz basılan elə nigaran adamlar da olur ki, ən şirin yuxunu özlərinə haram edir, müntəzir saat və dəqiqələri həsrətlə izləyir, gözləyirlər.
Mühazirəçi yoldaşımMüharibədən sonra bizim səfərlərimiz çoxalmışdır. Sovet mütəxəssisləri tez-tez müxtəlif ölkələrə çağırılırlar. Təkcə demokratik ölkələrə, müstəmləkə zəncirindən təzə qurtulmuş zəif respublikalara yox, Avropanın handa bir kapitalist mərkəzlərinə, handa bir elmi, texniki, nəzəri məsələlərin həllində məsləhətləşməyə, rəy eşitməyə, qonaqlığa, konsertə, lap müəllimliyə çağırırlar.Paris Sorbonn universitetindən dəvətnamə alanda mən güman etmişdim ki, yəqin fransız tələbələri bizdə ictimai elmlərin, marksizm-leninizm elmlərinin səviyyə və şöhrətini, bizim sahələr üzrə çalışan alimləri görüb-eşitmək istəyirlər. Bu da çox təbii arzu idi. Razılıq verməli idik. Yoldaşım Cavadzadə dəvətnaməsini mənə göstərəndə gördüm yox, fransız yoldaşlar yalnız ictimaiyyət yox, təbiət elmləri sahəsindəki nailiyyətlərimizlə də maraqlanırlar. Dahi sovet alimi akademik Pavlovun şərti reflekslər haqqındakı cahanşümul nəzəriyyəsi bühın dünyada ümumi maraq oyadıb və yarım əsrə yaxındır ki, hakim mövqe tutmuşdur.
Başqa şairlərin şeirləri
Nagah mənə urcah oldun,ay qaşları qara,gəlin.
Qəsidə: Ey mənə tənə vuran Mustafa xan ŞirvanEy mənə tənə vuran Mustafa xan Şirvan,Bax bu dibacə məzmunum, eşit ərzimə qan
Baş qoyub dərgahına pabusdən etdi mültəməsBaş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.
GəlinGecə-gündüz istəyirəm mən səni,Hamı dünyanın malınca gəlin.