Sevinc haqqında
Həkimlərdən, psixologiya alimlərindən, ictimaiyyətçilərdən soruşursan:
– Sevinc?
Bu suala hərə bir cavab verir, cavablar da bir-birinə az oxşayır.
Hamıya məlumdur ki, bütün başqa haləti-ruhiyyələr kimi, sevinc də cürbəcür olur, müəyyən hadisələrdən doğur, yeni şəraitdə sönür. Çoxdan ayrıldığın əzizini birdən görəndə sevinirsən. İllərlə həsrətini çəkdiyin istəklinin qəlbini ələ gətirəndə, böyük intizardan qurtaranda, xəstəlikdən sağalanda, ana məhəbbətinə, övlad səadətinə, dost sədaqətinə nail olanda... Xülasə, dünyada kədər oyadan təsadüflər kimi, sevinc doğuran hadisələr də çoxdur, mürəkkəbdir, əlvandır, saymaqla qurtarmaz. Bu haqda harada, nə vaxt, kimlə söhbət salsan, maraq, ixtilaf, tərəddüd görəcəksən...
Göygöldə yəqin ki, olmusunuz. O bahar, dağlar qızının füsunkar hüsnünə, tükənməz məlahətinə vurulmuşunuz, içərinizdə görməyənlər varsa, hamısına qismət olsun, bu müqəddəs ziyarətdən doymaq olmaz.
Bahar fəslinin ilk günlərindən biridir, belə xoş günləri insan, hətta, təbiət özü də unutmur. O günlərin qışı, sərt soyuqları ötüb, baharın mülayim nəfəsi kainata yayılıb, ancaq güclü günəş qızğın pərdəsini həla yer üzünə sərməyib, üfüqdən boylanan günəş şüaları təbiəti yenicə tərpədib oyadır, bənövşələr, lalələr, yarpızlar, yemliklər, zanbaqlar, nərgizlər zümrüd gözlərini açıb bahar fəslini salamlayırlar, quşlar səs-səsə verirlər.
Belə günlərin bir günortasında istirahət saatlarını təbiət döşündə keçirmək istəyən cavan müəllimlərin bir dəstəsi maşınla Göygöl sahillərinə səyahətə gəlmişdi. Var olsun memar, mühəndis, inşaatçılarımız, Göygölü tam abad etməsələr də, unutmamışlar da!
Orada sanatoriya, mehmanxana, düşərgə, istirahət evi tədbiri görüblər. Həmin saatlarda müəllimlər, yamacda xəzəllər, yaşıllıqlar üzərində, kabab süfrəsi ətrafında əyləşib, mavi gölün göz yaşı kimi duru suyunu, zərif ləpələrini, lacivərd səmanın, haraya isə süzən ala bulud karvanının suda əksinə baxırdılar. Dərin bir maraqla təbiəti seyr edir, odlu bir ehtirasla təbiətdən danışırdılar.
İnsanın təbiətində iki ümdə xasiyyət qoyulubdur: sevinc və kədər, sevinc əlaməti fərəh, kədər əlaməti qəm... Böyük ədibin bu sözlərini təkrar edən Şahid müəllimə yoldaşları sual yağdırdılar:
– Sevinc nədən doğur?
– Adam nəyə, nə zaman sevinir?
– İnsan haçan daha çox sevinir?
– Mənim qarnım tox, əynim qalın, cibim dolu olanda sevinirəm.
– Qabağımda erkək ətinin kababı, yanında da beşulduz!
– Bu şərtlə ki, şair demişkən, "cinsi" lətif həmdəmin ola!
Şahid müəllim sözə qarışdı:
– Mən ali məktəbi qurtaran ildəki sevincimi heç vaxt unutmaram!
– Mən təzə mənzilə köçəndə uçmağa qanad axtarırdım!
– Qardaş, mən ilk övladım olanda!..
– Mən Moskvanı görəndə...
– Mən Parisə gedəndə...
Əyləşənlərin hamısı söhbətə qarışır, səmimi sözünü deyir, ürəyini boşaldırdı.
Altun Dağlı qara, qıvrım saçını ovcuna alıb, dirsəklənmişdi. Deyilənləri sükut və diqqətlə dinləyirdi. Kənardakılar güman edərdilər ki, o, bu söhbətlərlə az maraqlanır, nə isə düşünür, məşğuldur, ya təbiətin seyrəngahı ona indiki söhbəti unutdurmuşdur.
Müəllim yoldaşların biri kəsir, o biri başlayırdı. Biri ehtirasla, biri mülavim, biri zarafatla, biri ciddi, biri təfsilatla, biri müxtəsər sözünü deyir, əl çəkirdi.
Altun Dağlı vurğun vurmuş kimi, birdən ayağa qalxıb, ucadan müraciət etdi:
– Ay yoldaşlar! Ay uşaqlar!
Hamı susdu. Güman etdilər ki, Altun Dağlı özünə xas bir ciddiyyət, bir qədər də hirslə hamıva aid, hamını cəlb edən bir iş haqqında nəsə demək, bəlkə də əmr eləmək istəyir. O, üzünü sahil seyrindən məclisə, əyləşən yoldaşlara tərəf döndərdi, addımının birini irəliyə qoydu. Yenə dirsəyinə söykəndi. Bu dəfə dirsəyini torpağa yox, sol dizinə söykədi, sağ əlini ələm kimi havaya qaldırıb, ilk sözünü təkrar etdi:
– Ay yoldaşlar, ay uşaqlar! Sevinc doğuran hadisələr məni də düşündürüb, məşğul edib, bu dəfə yox, həmişə! Hər anın bir niyyəti, görüşü! – Mənim də sevincli dəqiqələrim, saatlarım olur. Ən xoşbəxt saatlar! Bunlar nə qarnım, nə cibim, nə kefim, nə vəzifəm, nə rütbəmlə bağlıdır, qətiyyən! Mən o zaman ki, bir şey yaradıram, məsələn, bir az yazıram, uzun fikirlər, hisslər, ehtiraslar, iztirablar, ağrılar, sızıltılar keçəndən sonra, nəhayət, başladığım bir əsərin son fəslini başa vururam, tarixini qoyuram, onda sinəmdə bir pələng gücü duyuram. Dünyanın bütün sevinci qəlbimi qaynadır, güman edirəm ki, kainatda məndən güclüsü yoxdur. Böyük bir qala fəth etmişəm. Bütün xalq bir dağdan qalxan ordu kimi, alqış deyib əlimi sıxır, kainat mənə qızılgül bağı kimi görünür. Məncə, bu, yaratmaq sevincidir. Quşların, suların, göylərin həyat ahəngini yaratmaq sevinci!
Yaratmaq, xalqa layiq bir iş görmək sevincidir, qəlbimlə duyuram!
Məncə, bundan böyük sevinc yoxdur.
Gəlin həmişə bu sevincin həsrətini çəkək, ürək döyündükcə bu sevincdən ayrılmayaq!
Yoldaşları ayağa qalxdılar. Altun Dağlının əlini sıxdılar, yaradıcı intizar və ehtirasın şirin təfəkkür-təxəyyülünə daldılar.
Göygöl füsunkar duruşu, məbhut, mənalı baxışı ilə gölə gələn ziyalı qonaqlarının sükutla yamacları tərk etmələrinə heyrət və sevinclə baxırdı. Bir müntəzir gəlin kimi baxırdı, qonaq sevən ana kimi fəxr edirdi.
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-sevinc-haqqinda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Otuzuncu illə r- Böyük Vətən müharibəsi ərəfəsində yazıçı briqadaları bütün rayonlara, o cümlədən Gəncəyə tez-tez gedirdi... Orada mahud, çit, yağ-sabun istehsalı müəssisələrində işləyən fəhlələrin sürətlə çoxalması, şəhərin respublikada ikinci sənaye mərkəzi kimi şöhrət tapması, fəhlə sinfi milli tərkibinin mürəkkəbliyi, beynəlmiləl tərbiyə işinin güclənməsi, cavanların sosializm quruluşuna sürət və vüsətlə cəlb olunması, ziyalılar arasında aparılan mədəni-siyasi işin həm şəkil, həm məzmunca dərinləşməsi bu gözəl, yaraşıqlı şəhərin ictimai həyatını coşqun bir çay məcrasına çevirmişdi. Burada tez-tez ictimai-mədəni yığıncaqlar, tədbirlər keçirilir və ədəbiyyat-sənət məclisləri təşkil olunurdu.Hələ iyirminci - otuzuncu illərin əvvəlində ədəbiyyat, mətbuat həyatı canlanır, diqqəti cəlb edir, gənc şairlərin, Səməd Vurğunun, Əhməd Cəmilin ilk şeirləri bu şəhərin qəzet, jurnallarında, almanaxlarında çap olunub yayılırdı. Həmin illərdə Gəncədə geniş maarif-məktəb şəbəkəsi, güclü müəllim ordusu, kamil darülmüəllimin, sənaye-ziraət texnikumu, kənd təsərrüfatı, suvarma institutları kimi təhsil ocaqları fəaliyyət göstərirdi.
İmtahan– Düzünü deyirsən?– Lap düzü belədir.
Möhür və məhəbbətIBəri başdan deyim ki, hörmətli oxucular bu söhbəti Şərq ədəbiyyatında görüb oxuduqları mehr və məhəbbətlə qarışıq salmasınlar. Çünki o yazılarda lirika, burada isə yumor, orada səmimiyyət, burada isə məharət, orada birlik, burada isə ayrılıq... təsvir olunur. Xülasə, təfavüt çoxdur və qabarıqdır.
İki dəfə doğulanlarDədə-babadan görmüşük ki, insan bir dəfə doğular, bir dəfə də ölər. Şah olsun, hambal olsun. Varlı, ya kasıb olsun. Adam bir dəfə doğular.Amma indi görürsən ki, bir dəfə nədir, elə adamlar var ki, iki dəfə, ya bir neçə dəfə doğulurlar. Özü də beləsi bir deyil, iki deyil, çoxdur. Uzağa getməyək, lap bizim qapıbir qonşumuz montyor Qələndər!
Başqa şairlərin şeirləri
Sənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,
Gəraylı: Şükür olsun ol XudayaŞükür olsun ol Xudaya,Yenicə yazlar gələyir,
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,
Təcnis: Ey sülatin, nə xəşmlü baxırsanEy sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm