Səhifə 1 / 3

Partkom katibi Zahid Vəliyev məzuniyyətə gedəndən sonra hər həftə Gəldiyev iclas eləyir, boynuna götürdüyü məsuliyyətin öhdəsindən gəlmək istəyirdi. Axı o, Zahidi Pyatiqorskiyə yola salanda kişiyə söz vermişdi. Gəldiyevin fikrincə, Zahid iş sarıdan bir az vasvası adamdır. Hələm-hələm adama etibar eləmirdi. Ancaq azar yazığı salmışdı. Həkimlər demişdilər ki, özünü mədən sularına yetirməsən, xəstəliyin qabağını almasan, peşman olacaqsan. Müalicə komisyonundan qayıdan kimi Zahid büro çağırıb katibliyi müvəqqəti Gəldiyevə həvalə etmişdi.

On beş gün keçməmiş xəbər gəldi ki, Zahidin xəstəliyi bərkdir, cərrahlıq işi var. Gəldiyev indi partkomun işlərinə daha müvəqqəti yox, həmişəlik, iş sahibi kimi baxırdı.

İki aylıq iş planını stolun üstünə, şüşənin altına qoydu. Cərgə ilə vəzifələrin hərəsinə iclas sərf edir, onları bir-bir guya həll edirdi. Ancaq, işdir, plana baxmır, bir də görürsən gözləmədiyin halda böyürdən beş məsələ çıxdı, özü də hamısı təcili. İctimaiyyət müəlliminin sözü həmişə Gəldiyevin yadında idi. "Biz bolşeviklər çətinlikdə gərək özümüzü itirməyək".

Gəldiyev də belə zamanlarda cəld tərpəşir, özünü möhkəm saxlayır, iclasları dalbadal çağırır, birini bağlayıb, o birini açır, yorulmaq bilmirdi. Bakı komitəsi inşaat institutundan beş nəfər məruzəçi istəyirdisə, Gəldiyev dərhal məsələni qoyur, siyahını tutur, on beş nəfər ayırır, əllərinə kağız verib göndərirdi. Buna da planı "artıqlaması ilə ödəmək" adı verirdi. Əlüstü həll olunan məsələni plana yazmağı artıq bilirdi. Ancaq bir yerdə hesab verəcəyindən, öz fəaliyyəti heç, büronun əməyi hədər getməsin, görülən işlər qələmdən düşməsin, unudulmasın deyə, cib dəftərinin qulağına yazıb yadda saxlayırdı. Bu məsələlərin hamısına da "cari" ad qoyurdu.

İclas olmazdı ki, "cari"siz keçsin. Çox zaman birinci, ikinci məsələlər yarım saat vaxt alanda, cari məsələ iki saat uzanırdı. Bunun nəticəsində cari kəlməsi qeyri-cari bir məna almışdı. Əsil məsələlərə nisbətən carilərin uzanmasına səbəb bu idi ki, əsil məsələləri çox vaxt yuxarılardan, rəhbər təşkilatlardan tapşırırdılar. Bunların həlli asan idi.

Gəldiyev soruşur, öyrənir, iclasa hazır gəlirdi. Beş-on kəlmə izah edir, sonra: "Mənimcə, bu qərara gələk" - deyə, səsə qoyurdu. Carilər belə deyil. Bunlar institutun özündə, ayrı-ayrı adamların vasitəsilə doğan fərdi ixtilaflar idi. Bir tələbə qıza məktub yazıb, biri divar qəzetinə şəkil çəkməkdən boyun qaçırıb, bir başqası imza edib iclasa gəlməyib, daha birisi Gəldiyev ilə sözləşib... Belə məsələlərin həlli uzun çəkirdi. Bu məsələlərdən biri də ayın 27-də Rübabə haqqında iclasa qoyulan məsələ idi.

Bunun partkom iclasına gəlib çıxmasının uzunca bir tarixi var.

Anası Semaşko xəstəxanasında yatanda Rübabə bəzən dərsini buraxmalı, xəstənin yanına, həkim və ya xörək dalınca qaçmalı olurdu. Bir dəfə Gəldiyev evə zəng edib, onu iclasa çağırdı. Rübabə gələ bilməyəcəyini deyəndə Gəldiyev tələb elədi:

– Mütləq gəlməlisən!

– Gələ bilməyəcəyəm, ağır xəstəm var.

– Gəlməsəniz, məsələnizə baxarıq!

– Nə məsələmə?

– Komsomolda qalıb-qalmamaq məsələsinə!

– Axı

Atası hirslənib telefonu əlinə almışdı:

– Kimdir danışan?

– Partkomdan danışırlar.

– Bağışlaym, Rübabənin anası ağır xəstədir. Evdə də kömək yoxdur, heç yerə tərpəşə bilmir.

Gəldiyev danışanın Səttarzadə olduğunu bilib sözünə daha rəsmi bir ifadə vermişdi:

– O, hər şeydən əvvəl bir komsomolçudur.

Səttarzadə dedi:

– O, bir ananın övladıdır.

– Başqaları beş ananın övladı deyil ki, hərə bir ananın övladıdır.

– Anası pis vəziyyətdədir, necə qoysun gəlsin?

– Siz ki yanındasınız, anası tək deyil ha...

– Mən ayrı. Qızdır, anadır.

– Yaxşı, iclasda məsələsini qoyarıq, görək, onun üçün təşkilatın intizamı fərzdir, yoxsa anası!

Səttarzadənin lap acığı tutmuşdu:

– Bura baxın, yoldaş, adınızı da bilmirəm, gedin məsələni harda qoyursunuz qoyun, qız mənimdir, iclasa qoymuram!

– Sizin kimi köhnə mövhumat tör-töküntülərini yerində oturtmağı bacarırıq.

– Köhnəliyimə baxma, sənin kimi boşboğaza dov gəlməyə taqətim çatar!

– Görərsiniz!

– Baxarıq!

– Baxarsınız!

– Görərik!

Səttarzadə telefon dəstəyini yerə qoyub Rübabəyə döndü:

– Bu kimdir?

– Gəldiyev.

– Sağ gəlməsin elə Gəldiyevi! Adam tapılmır, bunu katib yerində qoyurlar?


Anasının vəfatından beş gün keçənə qədər Rübabəyə bir söz deyən olmadı. Altıncı gün istirahət axşamı axırıncı dərsə zəng vurulanda qızlardan biri Rübabəyə dedi:

– Gəldiyev səni axtarır.

Dərsdən sonra Rübabə partkom otağına getdi. Geldiyev stolun gözlərini bağlayıb geyindi, "gedək" deyə Rübabənin yanına düşdü, küçəyə çıxanda mehriban bir səslə qızın kefini soruşdu:

– Bağışla, - dedi, - evinizə gələ bilmədim. İşdən göz açmaq olmur. Başın sağ olsun, anan sarıdan. - Sonra Rübabənin "xüsusi kefi ilə" maraqlandı: - Rübabə, yaxşı deyiblər ki, oğul atadan, qız anadan yetim olar. Sən komsomolçu qızsan, gərək belə şeylərdən pozulmayasan. Ancaq bir yoldaş, bir tələbə, bir Rübabə yox, bir komsomolçu olaraq səndən inciyirəm.

– Pis komsomolçuyam ona görəmi?

– Yox, mən sənə pis deyə bilmərəm, pis komsomolçu da deyilsən.

Ancaq səndə bir qapalılıq var. Təşkilat üzvü üçün qapalılıq, dərdi ürəyində saxlamaq nöqsandır. Axı biz ictimai adamlarıq...

Rübabə başa düşmədi:

– Nə barədə deyirsiniz?

– O barədə ki, biz oxumuş komsomolçular gərək hamıya nümunə olaq. Yadındadırmı. Səriyyə Xəlilovanın faciəsi?

– Bu faciənin söhbətə nə dəxli.

– Dəxli çoxdur. Demək istəyirəm ki, bizim həyatımızda köhnəliklə yeniliyin mübarizəsi hələ bitməyib, sinfi mübarizə kəskinləşib və biz irəli getdikcə də kəskinləşəcək. Yeni mübarizə formaları çıxıb. Bu mübarizənin qorxulu cəhəti odur ki, cəbhələrdə, açıq meydanlarda, səngərlərdə getmir, bizim həyatımızın ən dərin, kölgəli yerlərində, məişətimizdə, lap öz qəlbimizin içində gedir. Qolçomaq ilə mübarizə aşkardır. Bərkə qalanda tutub basırsan dama. Amma, köhnəliyi özündə, öz evində görəndə ona qarşı durmağı bacarmırsan. Bunun üçün qəhrəmanlıq, cəsarət istər. Cəsarət çatmayanda da evin yıxılır.

Səriyyənin gününə düşürsən. Bu söhbətlər kimin barəsindədir?

Əvvəla özümüzün, bir komsomolçu kimi hamımızın barəsində. İkinci də, konkret, şəxsən sənin ailəndən bəzi şeylər eşidirik...

– Mənim ailəm indi müsibət içindədir. Fəryaddan başqa nə eşidə bilərsiniz?

– Bax lap bu cavabın özü! Bəyəm bu söz komsomolçunun sözüdür?

Öz aramızdır, burada özgə adam yoxdur, sən bunu başqasına desən yaxşı olmaz. Burjua pessimizmidir. Biz göz yaşı olan dünyanı çoxdan yıxıb dağıtmışıq. Komsomol gərək ağlamaya, gülə! Gərək lap ağır vəziyyətdə də sən gülüb, komsomol olmağını düşmənə sübut edəsən?

– Görünür, mənim ağzımdan söz qapmaq istəyənlər var.

– Rübabə, inan ki, mənim indiki söhbətim tamam səmimi bir yoldaş söhbətidir. Bilirəm, anan ölüb, qəlbin zədəlidir. Mən istəmirəm, ictimai cəhətdən də sənə ləkə gəlsin. Təşkilata çatdırıblar: guya ölünün üstündə Quran oxuyan olub. Bunu da bağlayırlar sənin atan ilə, ictimai mənşəyin ilə, nə bilim bəzi-bəzi sözlər.

Rubabənin gözlərində qığılcım oynadı. Gəldiyevə baxdı, nə isə demək istədi. Gəldiyev davam etdi:

– Qulaq as, belə şeylərə məna vermə. Nə qədər ki, mən buradayam. Çox da atan, anan, filan, heç vaxt razı olmaram, təşkilat da razı olmaz ki, sənin atan ilə, ya başqası ilə bağlayalar. Sən hər halda komsomolsan.

– Məni atam ilə bağlamaq lazım deyil? Atadan artıq insan kim ilə bağlı ola bilər?

– Məfkurə məsələsi! Ancaq sənin bir şeyindən narazıyam. Atandır, ya hər kəsindir, inkişafına mane olursa cavab verməlisən. Komsomol cavabı, reşitelni!

– Mən atamdan elə şey görməmişəm.

– Görməmisən?

– Xeyr!

– Atanda heç köhnəlik hissi duymursan özünə qarşı?

– Atam mənə həmişə mehriban olmuşdur.

– Komsomol odur ki, bu mehribanlığın özünə ziddiyyəti, köhnəliyi hiss eləsin.

– Burada nə köhnəlik ola bilər?

– Siz qəbir üstə getmişsiniz! Bilirsiniz bu nə deməkdir?

– Qəbir üstə getmək deməkdir.

– Bu, həyatdan üz döndərmək, məzarlardan təsəlli almaq meyli, burjua pessimizmi deməkdir. Proletariata yaraşmayan... Bədbinlik, çürük psixologiya!

– Proletariatın adamı ölməz? Proletariat qəbir üstünə getməz?

İkinci də proletariat qəbri geridə qoyar. Proletariat bu cür işlərə qarşı mübarizə aparmışdır və aparacaqdır! Proletariat qəbiristanlığa yox, həyata doğru gedib, gedir, gedəcək və qalib də gələcək! Bildinmi?

Siyasi savad lazımdır, yoldaş!


– Bu məktəbin rəhbər işçiləri harda oturur?

– Səttarzadənin qapıçıya verdiyi suala Gəldiyev otaqdan çıxdı:

– Bağışlayın, kimi görmək istəyirsiniz?

– Direktoru.

– Direktor sekaya gedib.

– Partkom necə?

– Buyura bilərsiniz!

Gəldiyev öz otağını göstərib, Səttarzadəni qabağa saldı. İçəri girib stol başına keçdi:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri